Sazdakı Dilqəmi pərdəsi, Dilqəmi kökü...

 

Həzin möhtəşəmDilqəmimüəllifinin ilk sevgisi rus qızı olub

 

Ötən saylarımızdan birində Yəhya bəy Dilqəmlə bağlı birinci yazını təqdim etmişdik. Mərhum professor S.P.Pirsultanlının araşdırmasında maraqlı məqamların olduğu vurğulanırdı. Araşdırmadan məlum olur ki, Qazax-Şəmkir Qarabağ mühitində aşıq sənətinin inkişafında böyük xidmətləri olan M.V.Vidadinin, M.P.Vaqifin, Kazım ağa Salikin, Ağqızoğlu Pirinin qohumluqları, yazışmaları hər an tədqiqatçının harayına çatır: “Biz Ağqızoğlu Pirinin M.P.Vaqiflə, M.V.Vidadi ilə, hətta Q.B.Zakirlə əlaqəsi barədə mətbuatda öz sözümüzü demişik. S.Mümtaz yazır ki, Vaqifin anasının adı Ağqızdır. Piri M.P.Vaqifin anasının adını özünə təxəllüs seçib. Hətta M.V.Vidadi Ağqızoğlu Pirini Vaqifin ən yaxın qohumu kimi qiymətləndirir. Lakin M.V.Vidadi M.P.Vaqiflə Kazımağa Salikin daha böyük qohumluq əlaqələri olduğunu diqqət mərkəzinə çəkir. M.V.Vidadinin, Yəhya bəy Dilqəmin qəbirlərinin yerini bilən də, onların yaradıcılığından bəhs edən də, onlar haqqında maddeyi-tarixlər qoyub gedən də Kazım ağa Salikdir. Hətta K.A.Salikin şeirləri Dilqəmin şeirlərini yada salır. Elə bil ki, bu şeirlər eyni qaynaqdan axıb gəlir. K.A.Salikin dördbəndlik qoşmasının bircə bəndini nümunə verməklə fikrimizi əyaniləşdirə bilərik:

 

 

Bir tuba baxışın yıxdı aləmi,

Xumar gözün yenə qiyamət eylər.

Kəbəyi-kuyunu görəndən bəri,

Haçan Qibləni bir ziyarət eylər.

 

 

Adını yuxarıda çəkdiyim şəxslər bir-birilə qohum, yaradıcılıq əlaqələri olan şəxslər kimi tarixdə məşhurdurlar”.

Araşdırmadan o da bilinir ki, Qazax-Şəmkir mühitinin ən böyük şair-aşığı olan Şəmkirli Aşıq Hüseyn M.P.Vaqifin bacısı Tükəzbanın oğludur: “Şəmkirli Hüseyn 17 il Şərqdə yüksək təhsil alıb. Belə deyirlər ki, o, məclislərə gedərkən bir çiynindən saz, bir çiynindən tüfəng asarmış. Bunun səbəbi nə imiş? Başlıca səbəb Şuşada Ağa Məhəmməd şah Qacarın öldürülməsi olub. Bu səbəbdən Qacarın ölümündən sonra qorxusundan qohumları onu özlərinə qohum çıxmamışlar. Şəmkirli Hüseynin ata nəsli Qazax bölgəsinin Dağkəsəmən kəndindəki Sarılar nəslinə mənsub idi. Şəmkirli Hüseynin ailəsi Dağkəsəməndə qala bilməyib, əvvəlcə Şəmkirin Qapanlı kəndinə gəlib, orada da qohumu Zeynalabdin İsa və Musa tərəfindən öldürüldüyü üçün həmin bölgənin Qaracaəmirli kəndinə köçüb gəlib. Şəmkirli Hüseyn toy günü öldürülmüş Zeynalabdinin ölümü münasibətilə “ Zeynalabdin Dubeytisi” (ikinci adı “Qazax dubeytisi”dir) havasını aşağıdakı gəraylı əsasında bəstələyib:

 

 

Tülək-tərlan quş balası,

Heyif sənə, Zeynalabdin.

Qoç igidin qoç balası,

Heyif sənə, Zeynalabdin.

 

 

1961-1968-ci illərdə Hallavar-Pəmbəkdə, Maymaq dağında, Qazağın yaylaq qəbristanlığında Sarılar nəslinə məxsus çox sayda məzar daşlarına rast gəldik. Aşıq Hüseynin Naxçıvana Ağkeşişin yox Ağ Aşığın qızı Reyhanın görüşünə getməsi, gözəl dilimizin zər-zivər sözləri ilə deyişmələri kimi məsələlər Azərbaycan folklorunda, onun aşıq yaradıcılığı qolunda bizi işıq tutmağa çağırır”.

Yəhya bəy Dilqəmin nəinki həyatı, poeziyası öyrənilməyib, hətta “Dilqəm və Dostu xanım” və ya “Dilqəm və Telli xanım” adlı dastanın özü, eləcə də, variantları təhlilə cəlb olunmayıb. Bu, mərhum folklorşünasın fikridir: “Çap olunmuş “Dilqəm və Dostu xanım” dastanından kağızda qalmış elə məqamlar var ki, onları bilmədən Yəhya bəyin həyatını və yaradıcılığını dəqiq öyrənmək olmaz. O elə məqamlardır ki, onlar Yəhya bəyin həyat və yaradıcılığına işıq tutur.

Yəhya bəylə Telli xanımın aralanmalarına təsadüfi bir hadisə səbəb olur.

Yəhya bəyin camışı doğur, onun balağını (balasını) tikanlı çəpərin içərisinə salırlar. Naxırdan qayıdan camış balasına cumur, tikanlar camışın bədənini al qana qatır. Bu mənzərəni müşahidə edən Yəhya bəy deyir: “A Telli, a Telli, camış gör balasından ötrü nə etdi? Bala necə şirin şey imiş”. Əslində Yəhya bəydən uşaq olmurdu. Bunu Telli də bilirdi.

Telli xanım dilləndi:

-Yəhya bəy, övladsızlığı mən də bu andan qəbul etməyəcəyəm.

Bundan sonra Telli xanım küsüb gedir. Bu ayrılıq, bu həsrət ən çox Yəhya bəyin atına təsir edir. At göz yaşını saxlaya bilmir. Yəhya bəy bu atın adını Dilqəm qoymuşdu. Həmin gündən etibarən atın adını özünə təxəllüs qəbul etmişdi.

 

 

O qızılgülləri dərməyən Dilqəm,

Dərib pünhan yerə sərməyən Dilqəm.

Bu dünyada yarı görməyən Dilqəm,

Yarəb, o dünyada görüşərmola?

 

 

Bu qəmi, kədəri yerə-göyə sığmayan qoşması ilə bağlı Yəhya bəy “Dilqəmi” saz havasını yaradır. Bəziləri belə deyirlər ki, Dilqəm aşıqlıq etməyib. Onun bu “Dilqəmi” havası da başqaları tərəfindən bəstələnib. Saza, sazın kök və pərdələrinə, səs qatarına bələd olmayan bir sənətkar belə mükəmməl, melodik saz havası yarada bilməzdi. Dilqəm nəinki kədərli saz havası yaratmayıb, hətta “Kərəmi” havalarından daha kədərli, motivə bağlı, sazda şeirin formasını müəyyənləşdirən, sazın qolunda Dilqəmi pərdəsi, sazın melodik məzmununu ifadə edən Dilqəmi kökünü müəyyənləşdirə bilməzdi. Sazda yeddi danışan pərdədən biri sazın qolunda Dilqəmi pərdəsidir. Sazdakı altı saz kökündən biri Dilqəmi köküdür. “Dilqəmi” saz havası çalınanda Dilqəmi pərdəsiylə Dilqəmi kökü əlaqəli şəkildə və vəhdətdə bu melodiyanın emosiyasını, məzmununu, ahəngini meydana çıxarır. Sazda pərdə formanı, kök isə məzmunu ifadə edir.

“Dilqəmi” havasının ikinci adı “Doşanquluoğlu” adlanır. Çünki bu havanı Şəmkirdə öyrənən Borçalı aşığı “Dilqəmi” havasını özünəməxsus bir şəkildə ifa edib. Bu gün də Borçalıda, Doşanquluoğlunun çaldığı “Dilqəmi”ni çal” deyirlər. Yazılı mənbələrdən aydın olduğu kimi, Tovuz Çeşməlisinin Güvəndik tayfasına məxsus, burada yaşayıb-yaratmış Güvəndikli Əhməd Yəhya bəy Dilqəmlə möhkəm dost olub və onunla yaradıcılıq əlaqəsi saxlayıb. Onların eyni dövrdə yaranmış “Dağlar” şeirləri aşıqların dilinin əzbəridir. Düşmənlər tərəfindən Güvəndikli Əhməd öldürülüb, lakin onun nişanlısı Yamən xanım pusquda dayanaraq Əhmədin qatillərini məhv edib. Əhmədin anası Yəhya bəy Dilqəmi məcbur edib ki, “Güvəndikli Əhməd və Yamən xanım” adlı bir dastan yaratsın. Bu dastanı Şəmkirin Alabaşlı kəndindən olan aşıq Hümbət bilirdi. Aşıq Hümbət onu da qeyd edirdi ki, Azərbaycanda, xüsusilə Borçalıda “Güvəndikli Əhməd və Yamən xanım” adlı dastanla bağlı yaranmış “Əhmədi-Kərəm” havası mövcuddur. Nə üçün bu hava “Əhmədi-Kərəm” adlanır? Ona görə ki, Kərəmi havaları ilə “Dilqəmi” havası eyni qaynaqdan, qəm-kədər çeşməsindən su içiblər. Dilqəmin və Güvəndikli Əhmədin havalarını bir-birindən fərqləndirmək üçün bu havanı musiqi melodiyasına uyğun olaraq “Əhmədi-Kərəm” adlandırıblar. Lakin Dilqəmin şeirləri “Dilqəmi” üstündə kökləndiyi kimi, Güvəndikli Əhmədin şeirləri də “Əhmədi-Kərəm” havası üstündə köklənib. Heyif ki, Güvəndikli Əhmədin şeirlərini və dastanını toplayıb küll halında çap etdirə bilməmişik”.

S.Paşa İllər öncə el şairi Alqayıtın dilindən bu dastanı eşitdiyini yazır: “Lakin Alqayıtın yazılı şəkildə və ya yaddaşında bu dastanı yaşadıb-yaşatmadığını bilmirəm. Yəhya bəy Dilqəmlə Güvəndikli Əhmədin poetik və melodik yaradıcılıqlarını bir-birindən ayırmaq olmaz. Biz burada bir məsələni də xüsusi vurğulamalıyıq. İndiyə kimi Yəhya bəy Dilqəmə və onun “Dilqəmi” saz havasına həsr olunmuş yüzə yaxın aşığın və el şairinin şeirlərini yazıya almışam. Yəqin ki, həmin şeirlər Dilqəmə, onun “Dilqəmi” saz havasına, şair-aşığa həsr olunmuş monoqrafiyada xüsusi bölmədə işıq üzü görəcək. Xalq şairi Hüseyn Arif də Dilqəmə, onun saz havasına ayrıca bir poema həsr edib.

“Dilqəmi” saz havasını “Ədalətin sazında” adlı şeirində Bəhmən Vətənoğlu poetik bir dillə qələmə alıb. Hər bir “Dilqəmi” havası aşıq poeziyasında və musiqisində bir obraza çevrilib. Adlarını çəkdiyimiz və çəkmədiyimiz şairlərdən əvvəl Dilqəmin qardaşının nəvəsi Əli Qaraoğlu 1924-cü ildə anadan olub, Politexnik İnstitutunun axırıncı kursunda oxuyarkən Krasnodara təcrübəyə gedib və suda boğulub ölüb. O, ölümündən əvvəl, 1950-ci ildə “Dilqəm” adlı qoşmasını yazıb. Əli Xəzani təxəllüsü ilə ədəbiyyatda tanınan bu istedadlı şair həmin şeirinin son iki bəndində deyir:

 

 

Şirinsiz Fərhadtək üz üstə çökdü,

Leylini itirdi, Məcnuna döndü.

Gecələr alışdı, gündüzlər söndü,

Hey, cövrü-cəfadan dəm alan Dilqəm.

 

Əli Xəzaniyəm, Dilqəmə zamın,

Doğma əmisidir ana babamın.

Əl üzdü dünyadan, unutdu kamın,

Dövrü-bivəfadan qəm alan Dilqəm.

 

 

Təbrizli aşıq-şair qardaşımız Rəhim Nəzəri “Dilqəmi” saz havasına öz münasibətini belə bildirir:

 

 

Bir ahəngdi Yəhya bəydən yadigar,

Dərdin-qəmin qardaşıdı “Dilqəmi”.

Saf sevgidən, məhəbbətdən söz açar,

Demək olmaz göz yaşıdı “Dilqəmi”.

 

 

Şairə qızımız Süsən Tağıyeva isə Dilqəmə həsr etdiyi şeirində yazır:

 

 

Öz “Dilqəmi”si ilə qoşadı Dilqəm,

Məcnuna, Sənana oxşadı Dilqəm.

Bir pərvanə ömrü yaşadı Dilqəm,

Dilqəm çalıb “Dilqəmi”ni, ay aşıq,

İnsaf eylə, “Dilqəmi”ni bir də çal!”

 

 

Bu da mərhum S.P.Pirsultanlının bitməyən arzularından birisi: “Yəqin ki, yaxın zamanlarda Dilqəmə və “Dilqəmi”yə həsr olunmuş şeirlər toplusunu nəşr etdirəcəyik. Orada əlvan-əlvan, rəngarəng, zəngin poetik çalarlara malik fikirlərə rast gələcəyik. Bu bir həqiqətdir ki, Yəhya bəy Dilqəmə el-oba məhəbbəti çox güclüdür”.

Məlum olur ki, Yəhya bəy Dilqəm həqiqətən Moskvada təhsil alıb: “Rus qızı Nataşaya bənd olub, Nataşanın knyaz atası qızının Yəhya bəyə ərə getməsinə icazə verməyib. Qız 1804-cü ildə Bakı-Gəncə dəmiryolunun çəkilməsinə başçılıq edib, Yəhya bəy Nataşanı faytona bənzər karetada gəzdirib. Yəhya bəy Nataşadan ayrıldıqdan sonra Telli xanımla evlənsə də, onun övladı olmayıb. Yəhya bəy Moskvanın Nataşa adlı gözəlinə neçə variantda şeir yazıb. Həmin şeirlər bu gün də Gəncəbasar aşıqlarının ifasında yaşamaqdadır.

Aşıqların ifasında nəinki Dilqəmin həyatı, hətta şeirləri belə bir-birinə bənzəməz şəkildə dildə-ağızda gəzir. Qazaxda, Borçalıda, Tovuzda, Şəmkirdə aylarla-günlərlə gəzməliyik, yazılı mənbələrə baş vurmalıyıq, bu yolla Dilqəmin həyat və yaradıcılığını öyrənməliyik. Dilqəmin həzin və möhtəşəm poeziyası sayılan, seçilən, bənzərsiz, yüksək mövqeyə malik, zəngin ədəbi bir irsdir. Yəhya bəy Dilqəmin bu füsunkar poeziyasına biganə qalmaq olmaz”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 26 may.- S.15.