“Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb”

 

İlyas Babayev: “Ermənilər Qarabağa yalnız rus işğalından sonra gəliblər”

 

“Albaniya e.ə. IV əsrdə yaranıb. Əvvəllər bu ərazi Əhəmənilər imperiyasının tərkibində idi. Əhəmənilər İmperiyası qərbdə Misir daxil olmaqla şimal-şərqi Afrikadan, şərqdə Hindistanın Hind çayı vadisinə, cənubda İran körfəzi və Hind okeanından şimalda Böyük Qafqaz dağlarına qədər geniş ərazini əhatə edirdi. O vaxta qədər dünyada bu böyüklükdə imperiya yaranmamışdı”. Bu fikirləri tanınmış tarixçi-arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev səsləndirib.

Onun sözlərinə görə, Makedoniyalı İsgəndər e.ə. 336-cı ildə Əhəmənilərə qarşı hücum edir: “E.ə. 331-ci ildə həlledici döyüş olan Qavqamel döyüşündə bizim bu yerli əhalinin – albanların adı çəkilir. Onlardan əvvəl isə bu ərazilərdə kaspilər yaşayırdılar. Biz hesab edirik ki, kaspilərin içərisinə albanlar da daxil idi. Beləliklə, Albaniya dövlətinin yaranması üçün sosial-iqtisadi baza e.ə. I minilliyin II rübündə artıq formalaşmışdı. 1959-cu ildən Albaniyanın baş şəhəri olan Qəbələ şəhərində arxeoloji qazıntılar aparıram. Mən fürsətdən istifadə edərək Qəbələdə qazıntılar aparan böyük alimlərimiz Saleh Qazıyev və Qara Əhmədovun adlarını çəkmək istərdim. 2006-cı ildən almanlar, gürcülər və ruslar da bu ekspedisiyada iştirak edib. Mənim doktorluq dissertesiyam qədim şəhərlərin yaranması ilə bağlıdır. Şəhərin mövcudluğu artıq dövlətin olması, dövlətin olması isə hüquq sisteminin mövcudluğudur. Bu şərait artıq e.ə. I minilliyin ortalarında yaranmışdı. Əhəmənilərin dövründə artıq bu ərazidə yaşayan tayfaların konsolidasiyası başa çatmışdı. Strabon bu ərazidə yaşayan 26 tayfanın adını çəkir. Hər tayfanın başında isə öz basilevsi dururdu. Bizə bunlardan yalnız üçünün adı məlumdur. Albanların mərkəz şəhəri Qəbələ idi. Bəzi yazılı mənbələrdə də albanlar haqqında məlumatlar var. Lakin bəzən həmin mənbələr gerçəkliyi düzgün əks etdirmir. Məsələn, Strabon qeyd edirdi ki, albanlar ticarətə meyilli deyillər, ticarəti mübadilə üsulu ilə aparırlar. Yəni guya ki, pulu tanımırmışlar. Amma qeyd edim ki, biz qazıntılar zamanı böyük dəfinələr tapmışıq. Məlum oldu ki, Strabonun yaşadığı dövrdən 300 il əvvəl albanlar külli miqdarda pul kəsiblər. Qeyd edim ki, bu pulları Makedoniyalı İsgəndərin pullarına bənzədirdilər. Mən bütün bu məlumatları 1971-ci ildə Moskvada çap etdirmişəm. E.ə. IV əsrdə ellinizm dövrü başlayır. Artıq bu dövrdə ticarət dünya ticarətinə çevrilir. E.ə. II əsrdə Böyük İpək yolu meydana gəlir. Böyük İpək yolu dünya ticarət yolları sistemi idi. Onun bir neçə qolu da Albaniyadan keçirdi. Roma sərkərdəsi Pompeyin yürüşü zamanı Alban hökmdarı Aroysun 60 000 piyada, 22 000 min atlısı var idi. Bu təbii ki, böyük rəqəmdir. Belə ki, Makedoniyalı İsgəndərin Şərq yürüşü zamanı 30 min piyadası, 5 min süvarisi vardı. Bu rəqəm həm də ölkənin əhalisinin sayının çox olduğunu göstərir. Həmçinin qeyd edim ki, e.ə II əsrdə Ptolomey Albaniyanın 29 şəhərinin adını qeyd edir. Hərçənd bunların bir neçəsi iri yaşayış məskəni idi. Bu şəhərlərin sayı təxminən qəbilələrin sayına bərabərdir. Bütün bunlar ölkənin miqyası haqqında aydın təsəvvürlər yaradır”.

O, həmçinin əlavə edib ki, Qəbələdə aparılan qazıntılar zamanı o qədər qiymətli tapıntılar əldə olunub ki, bunlar yalnız Azərbaycanın deyil, həmçinin bütün Qafqazın, Yaxın Şərqin tarixini öyrənməyə əsas verir: “Albaniya Şimali Azərbaycan ərazisində yaranmış birinci müstəqil dövlətdir. Əlbəttə, cənubda Manna və s. dövlətlər var idi. Qəbələnin adı e.ə. I əsrdə çəkilir. Qəbələ haqqında Böyük Plini yazıb. Plininin adını çəkdiyi Qəbələnin harada yerləşdiyini 1967-ci ildə tapdım. Son iki ildə apardığım qazıntılarda məlum olub ki, burada daha qədim yaşayış sahələri varmış. İlk dəmir dövrünə aid boyük taxıl anbarları, onların dibində isə yanmış arpa tapmışdım. Bu göstərir ki, sosial-iqtisadi məsələlərə yenidən baxmaq lazımdır. Yəni e.ə. 7-6-cı əsrlərdə böyük şəhərin yaranması üçün mühüm baza var imiş. Qəbələ b.e. V əsrinin ortalarına qədər Albaniyanın paytaxtı kimi qalır. Əhəmənilərin tərkibində olanda onlar burada adət və dinlərini yaymayıblar. Yunanlar yazırlar ki, albanlar Zevsə, Heliosa, Selenaya inanırmışlar. Ən çox inandıqları isə Ay Allahı idi. Ay allahının baş kahini ölkədə padşahdan sonra ən nüfuzlu biri sayılırdı. Adətən, şəhər yarananda yazı da olmalıdır. Pompeylə Albaniya hökmdarının məktublaşdığı haqqında məlumatlar var. Amma bizdə yazılı abidələr azdır. E.ə V əsrdə Albaniyanın özünəməxsus hərfi yazısı var idi. XV-XVI əsrin əlyazmalarında əlifbası, yazısı olan xalqların adı qeyd olunub. Burada albanların da adı çəkilir. Albanların 53 işarədən ibarət əlifbası vardı. Bu işarələrin hamısı səsləri ifadə edirdi”.

İlyas Babayevin fikrincə, müharibədən sonrakı illərdə, Mingəçevir Su Elektrik Stansiyası tikilən zaman, aparılan qazıntılarda daşlar üzərində bəzi yazılar tapılıb: “Amma kitablar yox idi. Alban yazısı Mesrop Maştosun adı ilə əlaqələndirilir. O, Albaniyaya gəlib və alban hökmdarı tərəfindən hörmətlə qarşılanıb. Alban hökmdarı ona Beniamin adlı tərcüməçi verib. Mesrop Maştos qarqar ləhcəsində, boğaz səsləri ilə zəngin olan əlifbanı yaradıb desələr də, əslində qaydaya salıb, təkmilləşdirib (təkrar edirəm yaratmayıb). Son illərdə Zaza Aleksidze Şimal-Şərqi Misirdə bir manuskript tapıb. Burada 160 səhifədə alban dilində mətn var. Zaza Aleksidze bu kitabı Qafqaz dilləri əsasında oxuyurdu. Mən ondan neçə işarə olduğunu soruşanda, o mənə 52-54 işarə olduğunu dedi. O, həmçinin bu kitabın leksonari olduğunu bildirdi – yəni mövcud kitablar konspektləşdirilib. Deməli, bu dildə daha öncə də xeyli kitablar olub.

Bir sözlə, Qafqaz Albaniyası sözün bütün mənalarında Azərbaycan dövlətidir. Dövlətin mərkəzi təxminən 800 ilə yaxın Qəbələ şəhəri olub. Albanlar bizim əcdadlarımızdır. Amma bir şeyi qeyd edim ki, Albaniya adının haradan götürüldüyü bəlli deyil. Bəzi mənbələrdə Albaniyanın “Albus” (latınca “ağ”) sözündən götürüldüyü deyilir. Görünür, bu söz burada yaşayan hündürboy, sarışın, ağdərili adamlara işarədir. Hərçənd İtaliyada, Meksikada, bu gün Avropada müstəqil dövləıt olan Albaniyanın adında da alban sözünə rast gəlinir”.

O, həmçinin əlavə edib ki, mənbələrə görə, Moisey Kalankatuklu qeyd edir ki, bizim kilsəmiz ermənilərdən əvvəl yaranıb: “Eramızın I əsrinin axırları, II əsrin əvvəlləri missoner Yegişeni dini yaymağa göndərirlər. Ola bilsin ki, həmin dövrdə bizdə artıq xristian icmaları var idi. Xristian dini yarananda Qədim Romada təqib olunurdu. Hətta Neron Roma şəhərini yandıranda günahı xristianların üstünə atmışdı. Xristianları Kolizeydə vəhşi heyvanların qabağına atırdılar. Ona görə də I əsrdə kilsə axtarmaq əbəsdir. Lakin müəyyən ibadətgahlar, ibadət evləri ola bilərdi. Yalnız 312-ci ildə Konstantin xristianlığı azad din elan etdi. 325-cı ildə Türkiyə ərazisində Mixey şəhərində ilk xristianların dünya forumu çağırıldı. IV əsrin birinci yarısında albanlar artıq xristian dinini qəbul etmişdilər. Bizim ərazinin həm Bizans üçün, həm də Sasanilər üçün strateji əhəmiyyəti vardı. İki dövlət arasında gedən müharibədə Albaniya xristian dövləti kimi Bizansın tərəfini tuturdu. Lakin o zaman Sasanilərin asılılığında olduğumuzdan, bizim yerli əhalini Zərdüşt dinini qəbul etməyə məcbur edirdilər. Amma yerli əhali zərdüştiliyi qəbul etməmişdi. 450-ci ildə Sasani hökmdarı albanları, gürcüləri, erməniləri çağıraraq bildirir ki, siz Zərdüştiliyi qəbul etməlisiniz. Onlar Sasanilərə qalib gələ bilməyəcəyini düşünərək, Zərdüşt dinini qəbul etmiş kimi özlərini göstərirlər. Sasanilər Zərdüşt kahinlərinin 300 nəfərini dini yaymaq üçün Albaniyaya yollayır. Xalq zərdüştiliyə etiraz etdiyindən üsyan qaldırır və həmin kahinləri qovurlar. Sasanilər bu dəfə ordu ilə Albaniyaya gəlir və alban hökmdarı Vaçe dilə tutulmasına rəğmən, hakimiyyətdən əl çəkir. Və adi monax olur. 30 il ərzində Sasanilər hökuməti canişinləri vasitəsilə idarə edirlər. Elə o dövrdə paytaxt Qəbələdən Bərdəyə köçür. Bu qərar qəbul edilərkən, Qəbələnin dağa yaxın olması və tez-tez dağlı tayfaların hücumuna məruz qalması əsas rol oynayır. Daha sonra ərəblərin gəlişi ilə Zərdüştiliyin yayılmasına son qoyulur. Sasanilərin hakimiyyəti 651-ci ildə II Yezdəgirdin dövründə süqut edir. Sasanilərin süqutu ilə biz ərəb xilafətinin tərkibinə daxil olduq. Bizim Xristian dinimizdə məzhəblər müxtəlif olub. VII əsrin sonu VIII əsrin əvvəlində bizim kilsəmizi ərəblərin köməyilə monofizit edirlər. Ermənilər də monofizitdilər. Amma bizdə diafizitlər də mövcud idi. Məsələn, Nic udinləri qriqorian, Oğuz udinləri pravoslavdılar. Albanların ayrıca katalikosluğu var idi və Qanzasar katalikosluğun mərkəzi idi. Mixitar Qoş alban katolikosun tapşırığı ilə bir qanunnamə yaratmışdı. Mixitar Qoş qanunnaməni yazarkən həm xristian qanunlarından, həm də islam şəriətindən istifadə etmişdi. Bizim kilsəmiz VIII əsrin əvvəlindən ərəblərin təsiri ilə erməni kilsəsi ilə eyni olur. Ərazimizdə xeyli xristian dini abidələri var. Bu abidələrin tədqiqi strateji əhəmiyyət daşıyır. 1987-ci ildə sonuncu dəfə İrəvanda elmi şuranın iclasında iştirak etmişəm. Ermənilərin Yaremyan soyadlı məşhur bir alimləri var. Yeremyan mənimlə söhbətləri zamanı danışırdı ki, Ermənistanda onu sevmirlər. Mən çox təəccübləndim, çünki həqiqətən böyük alim idi. Səbəbini soruşanda bildirdi ki, çünki o, Qarabağda ermənilərin yox, albanların yaşadığını bildirir. Mən bildirdim ki, axı bunu yalnız siz yox, çoxları, o cümlədən də akademik Orbeli də yazır. Bu, artıq sübut olunmuş faktdır. Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb. Ermənilər Qarabağa yalnız rus işğalından sonra gəliblər. Həmin dövrdə aparılmış siyahıyalmalar da bunu sübut edir. Hələ XX əsrin əvvəllərində çap olunmuş hərbi xəritələrə də baxsaq, görərik ki, coğrafi toponimlərin 90 faizindən çoxu Azərbaycan dilindədir”.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 30 may.- S.13.