Qaracaoğlan: sehrli sazı və sözü

 

350 ildir onun türküləri dodaqdan-dodağa qonub könüllərə sevgi paylayır

 

 

Görkəmli ədib Yaşar Kamalın Anadoludan topladığı “Qaracaoğlan” əfsanəsində deyilir: “...Dəli Hasanla Qaracaoğlan qan qardaşı olduqdan sonra bir bəy köçünə qoşulub gedirlər. Yolda bəy qızının dəvəsi yerə oturur. Dəli Hasan deyir: “Dəvə inadı tutub da otursa, bir daha ölüncəyə qədər qalxmaz yerindən. İndi bu da yerindən qalxmayacaq. Zəif düşəcək. Öləcək. Qurdlar, quşlar pay edəcək onu”. Dəvə doğrudan da, yerindən tərpənmir, köç camaatının qanı qaralır, bəyin qızı kədərlənir, onlar əlacsız qalıb dəvəni tənha buraxıb yollarına davam edirlər. Dəli Hasanın bu kimsəsiz heyvana yazığı gəlir, hər vasitə ilə ona kömək etməyə çalışır. O, Qaracaoğlana deyir: “Sənin səsin dağa, daşa, cümlə məxluqata kar edər. Oxu, bəlkə sazın, türkülərin ona təsir etdi”. Qaracaoğlan isə “Türküylə dəvəmi qalxar?” - deyir. Dəli Hasan isə onun oxumasını, türkülər söyləməsini xahiş edir. Aşıq telli sazını əlinə alıb yanıqlı-yanıqlı oxumağa başlayır. Onun səsi dağlara, meşələrə, çəmənlərə yayılır. Dəvə yavaş-yavaş yerindən qalxmağa başlayır. Dəli Hasanla Qaracaoğlan özləri də dəvənin yerindən qalxdığını görüncə çaşır və telli sazın bu ecazkar təsirinə heyran qalırlar. Dəli Hasan bu xəbəri qabaqda gedən köçün camaatına yetirir. Əvvəl nə bəy, nə də köçün adamları bu xəbərə inanmırlar. Lakin onlar bunun bir həqiqət olduğunu görəndə Qaracaoğlana, onun səsinə, sazına əhsən deyirlər...

XVII yüzilin bu qüdrətli saz və söz ustadı haqqında onlarla belə əfsanələr və rəvayətlər yaranıb, yayılıb və onu bütün türkdilli xalqlar arasında şöhrətlədirib. Qaracaoğlanın sazı, sözü, söhbəti, şirin, dadlı, duzlu türküləri üç əsr yarımdır ki, özü kimi yurddan-yurda ayaq açıb dodaqlardan-dodaqlara qonub, könülləri oxşayır.

Bir çiynində həbgə, o biri çiynində cürəsi (səfərlərdə gəzdirmək üçün kiçik saz) oba-oba, oymaq-oymaq gəzərgi həyat keçirən Qaracaoğlan heyrətamiz nəğmələrini söyləyib, ürəkləri fəth edib, qəmli könüllərə işıq salıb. Anadolu elatı yaylaqlara köç başlayanda yurdun qızları, oğlanları Qaracaoğlanın türkülərindən avazla deyib, beləcə deyişə-deyişə təzə yurda qonublar. Üç yüz əlli ildir ki, Qaracaoğlan türküləri odaqdan-dodağa qonub könüllərə təbəssüm çiləyə-çiləyə yaşayır. Yaşadıqca da tamlanır, şirinləşir...

Qaracaoğlanın həyatını araşdıranların fikrincə o, 1606-cı ildə Muş elinin Çukur obasında doğulub. Qaracaoğlan bu obada tanınmış, sayılmış Sayıloğlu nəslindəndir. O, kiçik yaşlarından yayı Anadolu yaylaqlarında, qışı köylərdə (kəndlərdə) keçirib, elata bağlanıb, onların güzəranı ilə nəfəs alıb. Qaracaoğlan Anadolunun savadlı adamlarından yazıb-oxumağı da öyrənib, müəyyən bilik qazanıb. Bununla belə o, gəzərgi həyat keçirib, Balkan ölkələrini, Şərq vilayətlərini, Azərbaycanı, İranı gəzib, şeirlərində də bu yerlərdən bəhs edib. Əlbəttə, onun oba-oba gəzdiyi yerlər ən çox Türkiyə diyarları olub. Konya, Qaraman, İçel, Hama, Hələb, Misir, Tokat, Bor, Ankara, Aydın, Adana, Diyarbəkr, İstanbul, Bursa, Sivas, Ərzurum... və b. yerləri gəzə-gəzə vəsf edib, lakin ən çox Şərqi Anadoluya və Çuxurobaya bağlanıb. Bu yerlərin qızlarını, gəlinlərini, dağlarını, bulaqlarını, yaylaqlarını, bu oymaqların dürlü-dürlü güllərini, çiçəklərini, tərəkəmə elatının xasiyyət və davranışını, adətlərini, zövqünü, saza-sözə bağlılığını türkülərində bircə-bircə incələyib. Bu romantik həyatdan lirik və epik dastanlar, rəvayətlər yaranıb, Anadolu obalarına yayılıb. Qaracaoğlan haraları gəzib dolaşsa da, yenə doğulduğu Çuxurobaya qayıdıb, təxminən 1679-cu ildə vəfat edib və indi Qaracaoğlan deyilən təpədə basdırılıb. “Qaracaoğlan öz adı ilə adlanan bir təpənin üzərində, sevgilisi Qaracaqız da lap yanındakı ikinci təpənin üzərindəki yataqdadır”.

Türk Daxili İşlər Nazirliyinin əmrilə Çuxuroba Qaracaoğlan kəndi adlanır. Burada həmin il Qaracaoğlanın şərəfinə bir neçə gün davam edən geniş mərasim keçirilib və indi də keçirilir. Qaracaoğlanın ikinci vətəni Azərbaycan olub. Hətta onun Gədəbəydən olması, Göyçə obalarında yaşaması haqqında rəvayətlər indi də yaşamaqdadır. Bəlkə də bunun üçündür ki, Aşıq Alının, Ələsgərin gəraylı və qoşmalarında Qaracaoğlan ruhu aydın duyulur.

Xatırladaq ki, el arasından çıxan, el sözlərindən mayalanan və el şeirinin biçimində şeirlər yazan sənətkarlar təzkirəçiləri çox nadir hallarda cəlb edib, cünglərdə onların adını təsadüfi hallarda xatırlayıblar. Belə bir təsadüf Qaracaoğlana da nəsib olub. Türk aşıq məktəbinin araşdırıcısı Ə.Kərimov Azərbaycan EA Əlyazmalar İnstitutunda saxlanan cünglərdən Qaracaoğlanın bir neçə şeirini əldə edib. Bunlardan birincisi – yəni 1636-cı ildə qələmə alınan şeir çox bəsitdir və həm də Qaracaoğlan ruhuna bənzəmir. Lakin XIX yüzildə yazıya alınmış “Bir-birinə”, “Mən handa”, “Demədimmi?” qoşmaları həqiqətən Qaracaoğlanındır. 1721-ci ildə Təbrizli İlyasın Azərbaycana cüngdən köçürdüyü “Nəğmələr” dəftərində Qaracaoğlanın da şeirlərində təsadüf olunur. Artıq bizim yüzilliyin 20-ci illərindən başlayaraq S.Mümtazın, H.Əlizadənin topladığı el şairləri və aşıqların şeirləri içərisində Qaracaoğlanın da qoşma və gəraylılarına rast gəlirik. S.Mümtazın 1927-1928-ci illərdə nəşr edirdiyi ikicildlik “El şairləri” kitabında “Gəlməyir” və “Demədimmi?” şeirləri çap olunub, H.Əlizadə isə “Aşıqlar” (1936) kitabında Qaracaoğlanın aşıqların daha çox ifa etdikləri şeirləri verib. Ə.Axundov “Telli saz ustadları” kitabına Qaracaoğlanın da şeirlərini daxil edib.

Bütün bunlar Qaracaoğlanın məşhur el şairləri və aşıqları arasında araşdırılıb tədqiq edilməsi üçün geniş imkan yaradıb. 70-ci illərdən başlayaraq Azəraycanda Qaracaoğlan ədəbi irsinin öyrənilməsinə maraq daha da artdı. M.Aslan, R.Zəka Xəndan qəzet və jurnal səhifələrində Qaracaoğlan haqqında yazılar dərc edib şeirlərindən nümunələr veriblər. 1984-cü ildə IV Aşıqlar qurultayının çağırılması münasibətilə on məşhur aşığın şeirlər kitabı bu sətirlərin müəllifinin ön sözü ilə çap olundu. Onların arasında Qaracaoğlan da var idi. R.Zəkanın “Qaracaoğlan” məqaləsi və bizim ön sözümüzlə çap olunan bu kitabdakı şeirləri V.Qafarov tərcümə edib. 1983-cü ildə Moskvada çap olunan (“Turetskaya aşıkskaya poeziya”) Türk aşıq şeiri kitabının tərtibçisi və ön sözün müəllifi X.Koroğlu Yunus İmrə, Qayğusuz Abdal, Pir Sultan Adal, Aşıq Ömər, Dərtli, Əmrah, Ruhsəti və Aşıq Veysəllə yanaşı, Qaracaoğlanın da şeirlərindən nümunələr verib.

Qaracaoğlanın həyatı, taleyi, poetik üslubu, deyim və ifadə tərzi XVI əsrdən sonrakı aşıq şeiri ilə nəinki səsləşir, hətta bir ağacın meyvəsi kimi eyni tamı verir. Başqa tərəfdən XIV-XVI yüzillərdə yaşamış Kərəm, Sarı Aşıq, Koroğlu, Qərib və Qurbaninin təsiri Qaracaoğlanda aydın duyulduğu kimi, XVII yüzildə və sonrakı aşıq şeirində də Qaracaoğlanın nəfəsi duyulmaqdadır. Bu xüsusiyyət Qaracaoğlan şeirində tədqiqata ehtiyacı olan mühüm bir problemdir. Təkcə onu demək kifayətdir ki, “Əsli-Kərəm” dastanındakı bəzi şeirlər kiçik fərqlərlə C.Öztellinin toplayıb tərtib etdiyi “Qaracaoğlan” kitabında da verilib. Kərəmin “Bu dünyada üçcə şeydən qorxum var: bir ayrılıq, bir yoxsulluq, bir ölüm” beytilə başlayan şeiri ilə Qaracaoğlanın eyni misra ilə tamamlanan şeirdən iki bəndə diqqət edək:

Kərəm:

 

Qəribin boyuna kəfən biçilməz,

Əcəl camı çox acıdı, içilməz.

Üç dərdim var, bir-birindən seçilməz,

Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

 

Qaracaoğlan:

 

Qaracaoğlun der: qondum köçülməz,

Acıdır, əcəl şərəti içilməz.

Üç dərdim var, bir-birindən seçilməz,

Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

 

Yaxud Kərəm:

 

Hey ağalar necə olur,

Halı yardan ayrılanın?

Axır düşər qürbət elə,

Yolu yardan ayrılanın.

 

Qaracaoğlan:

 

Ey ağalar, öyləmi olur,

Halı yardan ayrılanın?

Enər ümmana tökülür,

Seli yardan ayrılanın.

 

Kərəm:

 

Şahinlər göyə çəkilir,

Durnalar gölə tökülür,

On beş yaşında bükülür,

Beli yardan ayrılanın.

 

Qaracaoğlan:

 

Göydən durnalar çəkilir,

Enir, yerlərə tökülür.

On beş yaşında bükülür,

Beli yardan ayrılanın.

 

Qaracaoğlanın şeirlərilə Kərəm şeirlərinin bənzərliyi az qala təkrara aparıb çıxarır. Hətta onların bir çox şeirləri eyni şeirin ağızlarda dürlü-dürlü variantlarıdır. Bəs bütün bunların sirri nədədir?

Bu, bir həqiqətdir ki, Azərbaycan dili ilə Anadolu türklərinin dili demək olar, eyni dildir. Bu səbəbdən orta yüzillərdə saz şairlərinin qoşmaları hər iki regionda aran-yaylaq elatı arasında yayılıb ağızdan-ağıza keçdikcə müəlliflər qarışdırılıb, birinin şeiri başqasının adına söylənib. Bu qarışma daha çox Kərəmlə Qaracaoğlanın taleyində baş verib. Hətta onları eyniləşdirənlər də olub. Qəribə burasındadır ki, Kərəmlə bağlı rəvayətlər daha qədim (hətta Kərəmin Harun əl Rəşidin oğlu olması rəvayəti) qatlara getdiyi kimi, Qaracaoğlanın da səsi-sorağı XVI yüzildən gəlməkdədir.

Hətta dastanlarımızda da Qaracaoğlan surətinə rast gəlirik. Folklorşünas R.Rüstəmzadənin 1974-cü ildə Tovuz rayonunun Alakol kəndində Məsim Məsməliyevdən yazıya aldığı “Mahmud-Nigar” dastanında Qaracaoğlan bağban kimi iştirak edir. Burada geniş müqayisə aparmadan yalnız iki məsələyə diqqəti yönəltmək istərdik. Rza Mollovun yazıya aldığı Qaracaoğlan haqqında “Xan Mahmud” əfsanəsindəki adla “Mahmud-Nigar” dastanındakı adların eyniliyi və dastandakı şeirlərin bir qisminin Qaracaoğlana məxsus olması ehtimal da olsa, deyə bilərik ki, “Mahmud-Nigar” dastanı Qaracaoğlan tərəfindən yaradılıb. Adın eyniliyi, şeirlərin Qaracaoğlana məxsusluğu, nəhayət, Anadoludan toplanmış rəvayətlərdə Qaracaoğlanın bəylərə bağban olması dəlilləri də bu ehtimalı doğruldur:

 

 

Qaracaoğlan der ki, çökdüm, oturdum,

Bağ-bağça tikdim də, meyvə yetirdim.

Alnı top pərçəmli yavru yetirdim,

Bir köşəndə qaldı gümanım, dağlar.

 

 

Qaracaoğlanın Qaracaqızla bağlı rəvayəti isə M.Aslanın qeyd etdiyi kimi, Sarı Aşıqla Yaxşı rəvayətinin demək olar, eynidir. Qaracaoğlan öz həyat taleyi ilə Sarı Aşığa (bəzən ona Sarıca da deyilib) nə qədər bənzəyirsə, poetik oxşarlıqda Kərəmə, Qəribə və Koroğluya daha çox yaxınlaşır. Bütün bu bənzəyiş və oxşarlıqlar isə arının min bir çiçəkdən şirə çəkib bir şana süzdüyü bal kimi xalq təfəkküründən süzülüb təzə dada verən şərbətə çevrilib.

 

 

Qara Namazov

professor

Xalq Cəbhəsi.- 2015.- 3 noyabr.- S.14.