Azərbaycanda hüquq və
azadlıqların məhkəmə təminatı
I yazı
Azərbaycan
Respublukasının insan hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi və müdafiəsinin
vəziyyəti haqqında 2013-cü il
üzrə illik məruzəsində bildirilir ki, daxil olmuş
müraciətlər təhlil edilib, zəruri
araşdırmalar aparılıb və vətəndaşların
hüquqlarının təmin edilməsi məqsədilə tədbirlər
görülüb. Dövlət qurumları, habelə idarə,
müəssisə və təşkilatlar tərəfindən
vətəndaşların müraciət etmək hüququnun
təmin edilməsi sahəsində müsbət dəyişikliklər
diqqəti cəlb edib: “Bununla belə, ölkə
Konstitusiyası ilə vətəndaşlara verilmiş istənilən
hüququn və ya azadlığın pozulması ilə
bağlı müraciət hüququndan istifadə edərək,
səlahiyyətli dövlət qurumlarına, yerli icra
strukturlarına, idarə, müəssisə və təşkilatlara
müraciət edən insanların bu hüququnun həmin
orqanlar tərəfindən təmin edilməməsi onların
digər hüquqlarının da pozulmasına səbəb
olur. Belə ki, hüquq pozuntusunun
qarşısının alınmasında və ya pozulan
hüququn bərpa edilməsində ciddi maneələr
yaranır. Sözügedən ildə müraciət etmək
hüququ ilə bağlı daxil olmuş 1246 müraciət
üzrə araşdırmalar aparılıb, məsələlər
üzrə təxirəsalınmaz, təcili və ya
planlı tədbirlər görülüb, ərizəçiləri
narahat edən məsələlərə aydınlıq gətirilib,
məlumatlandırma və izahat işləri aparılıb,
bununla da vətəndaşların pozulmuş hüquqları
bərpa edilib, bəzi hallarda başqa hüquq
pozuntularının qarşısı alınıb. Başqa hüquqlardan istifadə edilməsində
böyük əhəmiyyət daşıyan bu hüququn
pozulması ilə bağlı müraciətlərdə
sosial, mülkiyyət, mənzil, kommunal, torpaq, aqrar və digər
problemlər öz əksini tapıb”.
Müvafiq
dövlət qurumlarına və ya icra strukturlarına
ünvanlanmış müraciətləri cavabsız qalan və
ya qaneedici cavab almayan bir sıra vətəndaşlar Müvəkkilə
müraciət edib, hüquqlarının müdafiəsində
köməklik göstərilməsini xahiş ediblər:
“Yerli icra hakimiyyəti orqanları ilə bağlı 1085
müraciət daxil olub. Təhlillər göstərir ki, vətəndaş
narazılıqlarının qarşısının
alınması və pozulmuş insan hüquqlarının bərpa
edilməsi, ümumiyyətlə, insan hüquqlarının təmin
edilməsi məqsədilə yerli icra hakimiyyəti
başçıları və mərkəzi icra hakimiyyəti
orqanlarının yerli strukturları tərəfindən əhali
ilə mütəmadi görüşlərin keçirilməsi,
onların problemlərinin yerində öyrənilməsi
işinin təkmilləşdirilməsi davamlı prosesdir. Bəzi vəzifəli şəxslər tərəfindən
vətəndaşların qəbul edilməməsi, müraciətlərə
cavab verilməməsi və ya cavabın gecikdirilməsi, formal
və əsaslandırılmamış cavablarla kifayətlənmək,
yaxud cavabın yazılı qaydada verilməməsi, xüsusilə
də süründürməçilik hallarına yol verilməsi
müraciət etmək hüququnun pozulmasına səbəb
olub. Elektron xidmətlərin həyata
keçirilməsi ilə bağlı vətəndaşların
müraciət etmək imkanlarının artırılması
məqsədilə rayon və şəhərlərdə
elektron müraciət terminallarının yaradılması
işinin sürətləndirilməsi və onlara bu
terminallardan istifadənin öyrədilməsi məqsədəmüvafiqdir”.
Məhkəmə
sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı
islahatlar davam etdirilib, ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasında məhkəmə infrastrukturunun
müasirləşdirilməsinin rolu nəzərə
alınaraq bu sahədə irimiqyaslı işlər
görülüb, məhkəmə hakimiyyətinin yüksək
statusuna uyğun olan yeni məhkəmə binaları tikilib,
istifadəyə verilib: “Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi,
İnsan hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun öyrənilməsi və tətbiqi,
peşəkarlığın artırılması, habelə
icra və əmək intizamına ciddi əməl olunması,
vətəndaşların haqlı narazılığına səbəb
olan qanun pozuntularının, korrupsiyaya şərait yaradan və
digər neqativ halların qətiyyətlə aradan
qaldırılması üzrə tədbirlər mühüm əhəmiyyət
daşıyıb. Hakimlərin səmərəli
seçimi prosesi çərçivəsində çoxmərhələli
imtahanları, habelə uzunmüddətli təlim
kurslarını müvəffəqiyyətlə başa
vurmuş 72 nəfər hüquqşünas hakim vəzifəsinə
təyin edilib. Məhkəmə-Hüquq Şurasında
səlahiyyət müddəti bitən və fəaliyyəti
müsbət dəyərləndirilən 32 hakimin yuxarı
instansiya məhkəmələrinə irəli çəkilməsi
qeyd edilib, 64 hakimin müxtəlif birinci instansiya məhkəmələrinə,
həmçinin sədr vəzifələrinə təyinatı,
bir qrup hakimin iş yerinin dəyişdirilməsi barədə
təkliflər verilib. Məlumatlara əsasən, son illər
hakim ştatlarının sayının 2 dəfə, məhkəmə
aparatı işçilərinin sayının isə 75%
artırılması, 12 yeni regional məhkəmənin
yaradılması və məhkəmə infrastrukturunun
yaxşılaşdırılması məhkəmə işlərinin
keyfiyyətinə də təsir göstərib. Müvəkkil təsisatı ilə Ədliyyə
Akademiyası arasında qarşılıqlı səmərəli
əməkdaşlıq əlaqələri davam etdirilib,
aparatın əməkdaşları müxtəlif vaxtlarda həmin
akademiyanın dinləyiciləri, o cümlədən hakimliyə
namizədlər qarşısında məruzələrlə
çıxış ediblər.
Hüquq və azadlıqların məhkəmə təminatı
ilə bağlı Müvəkkilin ünvanına 1501
müraciət daxil olub. Müraciətlərin ümumiləşdirilmiş
təhlili göstərir ki, bu sahədə bəzi problemlər
hələ də qalmaqdadır. Belə ki, müraciətlər,
əsas etibarilə, bəzi hakimlər tərəfindən məhkəmədə
işə baxılma vaxtı və yeri haqqında məhkəmə
prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın
(bildirişin) göndərilməməsi və ya gec göndərilməsi,
tərəflərin bərabərliyinə və çəkişmə
prinsipinə əməl edilməməsi, məhkəmə
proseslərinin təyin edilən vaxtda başlanmaması,
müdafiə hüququnun real təmin olunmasına şəraitin
yaradılmaması, məhkəmə iclası zamanı tərəflərin
vəsatətlərinə və sübut kimi təqdim etdikləri
sənədlərə əhəmiyyət verilməməsi, təqdim
edilmiş sənədlərin itirilməsi və ya işə
əlavə edilməməsi, vətəndaşlarla kobud rəftar
hallarına yol verilməsi, məhkəmə qərarlarının
surətinin tərəflərə verilməməsi və ya
vaxtında göndərilməməsi, məhkəmə qərarlarında
texniki səhvlərə və qərar hissəsində
natamamlığa yol verilməsi, apellyasiya və kassasiya
şikayətlərinin aidiyyəti üzrə vaxtında
göndərilməməsi, apellyasiya və ya kassasiya şikayətlərinin
aidiyyəti üzrə yuxarı instansiya məhkəməsinə
göndərilməməsi, gec göndərilməsi, qəbul
edilməsindən imtina edilməsi haqqında tərəflərin
məlumatlandırılmaması, iddia ərizələrinin əsaslandırılmadan
qaytarılması, süründürməçilik
halları, qərarların icraya vaxtında yönəldilməməsi,
hakimlərin məhkəmə qərarlarının
icrasına nəzarət etməməsi və ya icra məmurlarının
təqdimatlarına vaxtında baxmaması, icra işində
süründürməçiliyə yol verilməsi ilə
bağlı olub. Bir sıra hallarda məhkəmə
qərarı işdə iştirak edən şəxslərə
vaxtında göndərilmir ki, bu da həmin qərardan
yuxarı instansiya məhkəməsinə müraciət etmək
hüququnun pozulması ilə nəticələnir. Məhkəmə qərarlarının verilməməsi
ilə bağlı şikayətlər üzrə
araşdırmalar zamanı verilmiş cavablarda qərarların
ərizəçiyə vaxtında, hətta təkrarən
göndərildiyi bildirilsə də, bəzi hallarda bunun həqiqəti
əks etdirmədiyi məlum olub”.
Məhkəmələrdə
süründürməçilik hallarına yol verilməsi ilə
bağlı müraciətlər üzrə də səlahiyyətlər
çərçivəsində tədbirlər
görülüb, habelə məhkəmələrdə
işlərə baxılması ilə bağlı
narazılıq yaratmış digər hallar üzrə də
araşdırmalar aparılıb və qanunamüvafiq qaydada nəticələndirilib:
“Qeyd edilən hallar bir daha təsdiq edir ki, məhkəmə qərarlarının
qəbul edilməsi zamanı ədalət prinsiplərinə və
qanunçuluğa ciddi əməl edilməsi, vətəndaş-məmur
münasibətlərinə böyük diqqət verilməsi,
məhkəmələrdə ictimai monitorinqlərin
aparılması və nəticələrinin ictimailəşdirilməsi,
İnsan hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun hakimlər tərəfindən öyrənilməsi
və tətbiq edilməsi, peşəkarlığın
artırılması, əmək və icra intizamının
möhkəmləndirilməsi, vətəndaşların
müraciətlərinə yüksək həssaslıqla və
qayğı ilə yanaşılması, korrupsiya
hüquqpozmalarına yol verilməməsi vətəndaşların
hüquq və azadlıqlarının məhkəmə təminatı
hüququnun səmərəli təmin edilməsində vacib
şərtlərdəndir.
Müvəkkil
aparılmış təhlillərin nəticəsi olaraq,
hakimlər tərəfindən etik davranış
qaydalarına ciddi riayət olunmasını, vəzifədən
sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməməsini,
vətəndaş müraciətlərinin vaxtında və dəqiq
araşdırılmasını, hakimlərin və məhkəmə
aparatı işçilərinin maddi və sosial təminatının
yaxşılaşdırılmasını, əhaliyə
göstərilən hüquqi yardımın təkmilləşdirilməsi
üzrə əlavə mexanizmlərin müəyyən
olunmasını tövsiyə edib”.
Aparatın
əməkdaşları prokurorluq orqanlarına ilk dəfə
qulluğa qəbul olunmuş şəxslər
üçün Ədliyyə Akademiyasında təşkil
edilmiş icbari təlim kurslarında “Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsində Ombudsmanın rolu”, “Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun insan
hüquqlarının müdafiəsində rolu” və “Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı və prokurorluq orqanları
qarşısında duran vəzifələr” və başqa
mövzularda mühazirələr oxuyublar: “Pozulmuş
hüquqların bərpası sahəsində Müvəkkilin
prokurorluq orqanları ilə əməkdaşlığı
da də səmərəli olub. Müvəkkilin
ünvanına prokurorluq orqanları ilə bağlı 663
müraciət daxil olub. Həmin müraciətlərin
bir çoxu Azərbaycan Respublikasının Baş
Prokurorluğu ilə səmərəli əməkdaşlıq
şəraitində araşdırılıb, pozulmuş insan
hüquqları istiqamətində zəruri tədbirlər
görülməklə bərpa olunub. Həmin müraciətlər
üzrə prokurorluq orqanlarına ümumilikdə 1016, o
cümlədən Baş Prokurorluğa və onun baş idarələrinə
697, yerli prokurorluq orqanlarına 287, hərbi prokurorluq
orqanlarına isə 34 sorğu göndərilib, müvafiq
yoxlama tapşırıqları verilib, araşdırmalar
aparılıb”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 3 noyabr.-
S.13.