İnsan hüquqlarının müdafiəsi
sahəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq
II yazı
Azərbaycan
Respublukasının insan hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi və müdafiəsinin
vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində
bildirilir ki, Müvəkkilin istintaqın qeyri-obyektiv
aparılmasına dair daxil olmuş bir sıra digər
şikayətlər üzrə də Baş Prokurorluğa
müraciətləri ilə bağlı müvafiq yoxlamalar
aparılıb: “İşin əməli və düzgün təşkili,
o cümlədən istintaqın və ibtidai araşdırmaya
prossessual rəhbərliyin keyfiyyətinin
yaxşılaşdırılması, vətəndaşların
müraciətlərinə baxılması və onların qəbul
olunması işinin daha da təkmilləşdirilməsi,
aşkarlığın təmin edilməsi istiqamətində
həyata keçirilən tədbirlərin davam etdirilməsi
prokurorluq orqanları tərəfindən insan
hüquqlarının və azadlıqlarının daha səmərəli
təmin edilməsi və etibarlı müdafiəsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Müvəkkil təsisatı ilə Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyası arasında qarşılıqlı
səmərəli əməkdaşlıq əlaqələri
davam etdirilib, icbari təlim kurslarının məşğələlərində
dinləyicilər qarşısında mütəmadi olaraq,
Müvəkkil və aparatın əməkdaşları “Milli
Fəaliyyət Proqramının insan hüquqlarının
müdafiəsində rolu”, “Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsində
Ombudsmanın rolu” və “Ombudsman institutu insan hüquq və
azadlıqlarının etibarlı müdafiəsinə xidmət
edir” kimi mövzularda mühazirələr oxuyublar. Müvəkkilin
ünvanına daxil olmuş bəzi şikayətlərdə
notariat və icra məmurlarının, habelə bələdiyyələrin
fəaliyyətindən narazılıq, o cümlədən vətəndaşa
məxsus torpaq sahəsinin və ya onun bir hissəsinin
başqa çəxsə satılması, fərdi ev tikintisi üçün torpaq sahəsinin
ayrılmaması, süründürməçilik halları
da öz əksini tapıb. Qeyd edilən
şikayətlər üzrə aparılmış
araşdırmalar nəticəsində bir sıra hallarda vətəndaşların
pozulmuş hüquqları bərpa edilib.
2013-cü ildə məhkəmə qərarlarının
icra edilməməsi ilə bağlı Müvəkkilin
ünvanına 697 müraciət daxil olub. Müraciətlərdə
məhkəmə qərarlarının icra edilməməsi,
süründürməçiliyə yol verilməsi, icra məmurları
tərəfindən vətəndaşlarla münasibətdə
kobud rəftar, etik davranış qaydalarının
pozulması kimi hallar öz əksini tapıb. İcra məmurlarının qanunla onlara verilmiş
səlahiyyətlərdən yetərincə istifadə etmədiyi,
borclunun axtarışı ilə bağlı tədbirlər
görmədən, işi icra edilmədən məhkəməyə
qaytardığı hallar da hüquqların pozulmasına səbəb
olub. Müraciətlər üzrə zəruri
araşdırma işi aparılmış və əsasən
həmin qərarların icrasına tam və ya qismən nail
olunub, nəticədə bir çox vətəndaşların
pozulmuş hüquqları bərpa edilib. Ümumiyyətlə,
aliment və əmlak tələbinə, borcun
qaytarılmasına dair məhkəmə qərarları
üzrə icra işləri bu sahədə çoxluq təşkil
edib. Övladını təkbaşına
böyüdən anaların, habelə uşaqların
hüquqlarının müdafiəsinə xüsusi önəm
verən Müvəkkil hər bir şikayəti xüsusi nəzarətdə
saxlamış və təmin edilməsi üzrə tədbirlər
görülüb.
Aliment tələbinə
dair məhkəmə qərarlarının icra edilməməsi
ilə bağlı daxil olmuş 268 müraciət üzrə
aparılmış araşdırmalar nəticəsində bir
çox hallarda aliment üzrə borcların ödənilməsi
təmin edilib. Alimentin ödənilməsi
üzrə müraciətlərin araşdırılması
prosesində tələbin təmin edilməsi məqsədilə
həmin tələb borclunun əmək haqqına yönəldilib
və icra edilib”.
Hesabatda
daha sonra bildirilir: “Təhlillər göstərib ki, aliment tələbinə
dair məhkəmə qərarlarının icrası bir
sıra səbəblərdən təmin edilmir, nəticədə
isə uşağını təkbaşına böyüdən
tənha ana maddi-mənəvi çətinliklərlə üzləşir.
Tələbin yönəldilə biləcəyi
əmlak və gəlirlərin aşkar edilməməsi,
borclunun heç bir yerdə rəsmi işləməməsi,
məcburi və ya ümumi səbəbdən ağır xəstəliklə
əlaqədar müalicədə olması, cəzaçəkmə
müəssisəsində cəza çəkməsi, faktiki
yaşayış yerinin müəyyən edilə bilməməsi
və ya tapılmaması, yaxud da ölkə
hüdudlarından kənarda olması, həmçinin
borclunun axtarılması üzrə tədbirlərin nəticə
verməməsi aliment tələbi üzrə məhkəmə
qərarlarının icra edilməsində çətinliklər
törədir. Müvəkkilin bir sıra
şikayətlərdə əks etdirilmiş halların
yoxlanılması ilə bağlı Ədliyyə Nazirliyinə
müraciətindən sonra bəzi məhkəmə qərarları
üzrə borclular barəsində məcburi tədbirlər
görülüb, o cümlədən borclu barədə
axtarış haqqında qərar qəbul edilib, ölkədən
getmək hüququ müvəqqəti məhdudlaşdırılıb
və ya inzibati qaydada həbs edilib.
Boşanmaların
sayının artmasını, buna məruz qalan anaların əksər
hissəsinin işləməyən, himayəsində
azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi
kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu,
habelə alimentin borclu tərəfindən ödənilməsi
ilə bağlı çoxsaylı problemləri nəzərə
alaraq, Müvəkkil dəfələrlə «Aliment Fondu»nun
yaradılmasını təklif edib. Müvəkkil
bu məqsədlə alimentin sonradan borcludan məcburi qaydada
alınması şərti ilə müvafiq mərkəzi icra
hakimiyyəti orqanı (və ya dövlət büdcəsindən
maliyyələşdirilən «Aliment Fondu») tərəfindən
ödənilməsi mexanizminin yaradılmasını və tətbiq
edilməsini zəruri hesab edib. Məhkəmə
qərarlarının müvafiq borclu dövlət qurumları
tərəfindən icra edilməməsi və ya
icrasının gecikdirilməsi, icra məmurları tərəfindən
vətəndaşlara qarşı kobud hərəkətlərə
yol verilməsi halları da haqlı narazılıqlara səbəb
olub.
Milli Fəaliyyət
Proqramının respublikamızın regionlarında təbliği
və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin
seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi
məqsədilə ölkənin hər bir şəhər və
rayonunda Müvəkkil tərəfindən keçirilən
ictimai dinləmələr zamanı rayon (şəhər)
polis şöbələrinin (idarələrinin) rəhbərliyi
və şəxsi heyəti ilə görüşlər keçirilib,
hüquqi maarifləndirmə işi aparılıb, bu sahədə
Polis Akademiyası ilə əməkdaşlıq davam etdirilib.
2013-cü ildə polis orqanları ilə
bağlı 1840 müraciət daxil olub. Həmin
müraciətlər əsasən polis idarə və
şöbələrinin təhqiqat və istintaq bölmələrində
ibtidai araşdırmanın qeyri-obyektiv aparılması,
müraciət hüququnun pozulması, polis əməkdaşlarının
vətəndaşlarla münasibətdə kobud rəftara yol
verməsi ilə bağlı olub.
Qeyd edilən
müraciətlər üzrə daxili işlər
orqanlarına ümumilikdə 521, o cümlədən Daxili
İşlər Nazirliyinə və onun baş idarələrinə
347, onun tabeli və yerli orqanlarına 174 sorğu göndərilib,
müvafiq yoxlama tapşırıqları verilib,
araşdırmalar aparılıb. Bu müraciətlərin
araşdırılması prosesində bir sıra hallarda polis
orqanlarının müvafiq vəzifəli və səlahiyyətli
şəxsləri tərəfindən əsassız olaraq
cinayət işinin başlanmasının rədd edilməsi,
cinayət işi üzrə icraatın
dayandırılması və ya cinayət işi üzrə
icraata xitam verilməsi haqqında qərarların qəbul
edilməsi kimi hallar müəyyən edilib.
Müraciətlərdə
polis orqanlarına müraciətlərin tam
araşdırılmaması, qeyri-obyektivliyə yol verilməsi
ilə bağlı halların yoxlanılması məqsədilə
Müvəkkilin prokurorluq orqanlarına müraciətindən
sonra aparılmış araşdırmalar zamanı bir sıra
hallarda vətəndaşların şikayətləri üzrə
toplanmış materialın tam, hərtərəfli və
obyektiv araşdırılmadan cinayət işinin
başlanmasının rədd edilməsi haqqında qərarın
əsassız qəbul edildiyi müəyyən edilib,
müvafiq prokurorluq tərəfindən ləğv edilərək
əlavə araşdırma aparılması üçün
polis orqanına göndərilib. Müvəkkilin
həyata keçirdiyi yoxlamalar zamanı vətəndaşın
eyni şikayəti ilə bağlı toplanmış təhqiqat
materialı üzrə bir neçə dəfə cinayət
işinin başlanmasının rədd edilməsi haqqında
qərarın qəbul edildiyi müəyyən edilib. Təhqiqatçı və müstəntiq tərəfindən
hərtərəfli, tam və obyektiv araşdırma
aparılmadan qəbul edilmiş əsassız qərarlar vətəndaşların
yuxarı orqanlara şikayətlərinə və
süründürməçilik hallarına səbəb olub,
bununla da fakta görə cinayət işi vaxtında
başlanılmayıb.
Müvəkkilin prokurorluğa müraciətindən
sonra material öyrənilib, toplanılmış material
istintaq orqanına göndərilmiş və cinayət işi
başlanılıb. Həmçinin şikayətlərdə göstərilmiş
halların yoxlanılması məqsədilə Müvəkkilin
prokurorluq orqanlarına müraciəti zamanı cinayət
işi üzrə qəbul edilmiş qərarın əsaslılığı
öyrənilərkən bəzən əlavə istintaq
zamanı müstəntiq tərəfindən iş üzrə
qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin
tam icra olunmadığı müəyyən edildiyindən
işin icraatına xitam verilməsi barədə müvafiq qərar
ləğv olunaraq cinayət işi əlavə istintaq
aparılması üçün istintaq orqanına
qaytarılıb”.
Yol hərəkəti qaydalarına və hərəkətin
təhlükəsizliyinə riayət olunmasına nəzarət
etmək, habelə vətəndaşların, o cümlədən
sürücülərin təhlükəsiz və sərbəst
hərəkətini təmin etmək polisin, xüsusilə
dövlət yol polisinin əsas vəzifələrindəndir.
2013-cü
il dövlət yol polisinin əməkdaşları ilə
bağlı daxil olmuş 134 müraciətdə bəzi əməkdaşlar
tərəfindən sürücülərlə kobud rəftar
halları, onlara qarşı qeyri-etik münasibət, qanun
pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi,
rüşvət halları öz əksini tapıb və
Müvəkkil tərəfindən bu müraciətlər
üzrə müvafiq tədbirlər görülüb.
Müvəkkilin
müraciətinə əsasən aparılmış
araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna
xələl gətirən hərəkətlərə yol
vermiş, vətəndaşlarla münasibətdə etik
davranış qaydalarına əməl etməyən, o
cümlədən "Daxili işlər orqanları əməkdaşlarının
etik davranış Kodeksi"nin tələblərini
pozmuş, vətəndaşlara hörmətsizlik
nümayiş etdirmiş, xidməti səlahiyyətlərini
aşmış polis əməkdaşlarına, o cümlədən
sürücülərlə münasibətdə etik
normaları pozan və nöqsanlara yol verən əməkdaşlara
qarşı intizam cəzaları da tətbiq edilib, mövcud
sahədə işin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər görülüb.
Daxili
İşlər Nazirliyinin məlumatına görə, Müvəkkil
tərəfindən həmin nazirliyə göndərilmiş
203 müraciətin araşdırılması nəticəsində
təsdiq olunmuş faktlar üzrə vətəndaşlara
qarşı qəbahətlərə yol verdiklərinə,
kobud rəftara, polisə əsassız gətirməyə,
qanunda nəzərdə tutulmuş müddətdən
artıq polisdə saxlamaya və istintaq orqanına vaxtında
təhvil verməməyə görə 25 əməkdaş
intizam məsuliyyətinə cəlb edilib, o cümlədən
4 əməkdaş daxili işlər orqanlarından xaric
edilib, 4-ü tutduğu vəzifədən azad olunub, 17-si barədə
isə digər intizam tənbehi tətbiq edilib.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 4 noyabr.-S.13.