Nuhla bağlı əfsanələr
...Naxçıvan və
ətraf bölgələrdə daha çox yayılıb
I yazı
Azərbaycanın dərin bədii-fəlsəfi məzmun
və zərif poetik formaya malik xalq ədəbiyatı –
folkloru var. Xalqın gerçəkliyə münasibətinin
poetik məhsulu olan bu nümunələrdə azərbaycanlıların
minilləri əhatə edən fiziki və mənəvi
yaşam tarixi, etnopoetik düşüncə təcrübəsi
inikas olunub. Bu folklor yaradıcılığının epik, lirik
və dramatik növləri çoxsaylı nümunələrlə
təmsil olunur. Onlar içərisində «Kitabi-Dədə
Qorqud» və «Koroğlu» eposları (qəhrəmanlıq
dastanları), «Əsli və Kərəm», «Tahir və Zöhrə»,
«Aşıq Qərib» və s. kimi romanik eposlar (məhəbbət
dastanları) türk-oğuz kosmosunun hüdudlarını
aşaraq, fərqli etnik-mədəni areallarda yayılıb və
Azərbaycanı bütün dünyada tanıtmış
transmilli mədəniyyət abidələridir.
Zəngin və mürəkkəb janr tərkibinə
malik Azərbaycan folklorunun epik fondunda əfsanələr
xüsusi çəkiyə malikdir. Maraqlı məzmuna
malik olan bu mətnlərin əsas keyfiyyətlərindən
biri onlarda arxaik təsəvvürlərin qorunub
qalmasıdır. Əsasən dağ, daş qaya, bulaq,
çay, dəniz kimi təbii-coğrafi obyektlərin, bitkilər
və heyvanlar aləminin, Ay və Günəş kimi astral
cisimlərin, qala, dəyirman, körpü kimi mədəni
obyektlərin necə yaranmasından bəhs edən bu əfsanələr
mənşəyinə görə birbaşa qədim türk
kosmoqonik mifləri ilə əlaqədardır.
Maraqlıdır ki, sözügedən əfsanələr
özündə təkcə Azərbaycan-türk etnosunun
yaranış haqqındakı ilkin fəlsəfi-kosmoqonik
konsepsiyasını yox, eyni zamanda bütün dünyanın
yaranış ssenarisini əks etdirir. Bütün səmavi dinlərin və
dünya mifologiyalarının universal personajları olan Nuh
(Noy), Süleyman (Solomon), Davud, Xızır, İlyas (İlya)
və s. kimi peyğəmbərlərlə bağlı əfsanələr
Azərbaycan folklor təfəkkürünün bədii-coğrafi
hüdudlarının genişliyini, tematik zənginliyini,
etnokosmik universalizmini göstərməklə bərabər, qədim
türk epik düşüncəsinin dünya epos
yaradıcılığının bir qolu olduğunu da təsdiq
edir.
Nuh peyğəmbər
dünya mifoloji-epik ənənəsində
Nuh peyğəmbərin obrazı dünyanın ən
müxtəlif xalqlarının miflərində, folklorunda,
dini görüşlərində, o cümlədən səmavi
dinlərində vahid süjet kompleksi daxilində son dərəcə
geniş yayılıb. Bu mətnlərdə onunla bağlı
dünya daşqını, Nuhun bu daşqında canlı aləmin
bütün növlərini xilas etməsi xırda dəyişikliklərlə
özünü vahid süjet şəklində qoruyur.
C.C.Frezerin tədqiqatından məlum olur ki, Nuhun tufanı
haqqında «Bibliya»nın («İncil»in) qədim variantı olan
«Əhdi-Ətiq»dəki («Köhnə əhd»dəki) teokosmik
məlumat qədim babillilərin, yəhudilərin, qədim
yunanların, qədim hindlərin, Şərqi
Asiyalıların, Malay arxipelaqı adaları sakinlərinin,
Avstraliya aborigenlərinin, Yeni Qvineya və Melaneziya yerlilərinin,
Polineziya və Mikroneziya xalqlarının, Cənubi Afrika
aborigenlərinin, Mərkəzi Amerika və Meksika
xalqlarının, Şimali Afrika xalqlarının mifoloji-dini ənənəsində
də mövcuddur.
Nuh
haqqındakı məlumatların fərqli qitələrdə,
biri-birindən zaman və məkanca uzaqda yaşayan
xalqların mifoloji-dini mətnlərində, o cümlədən
səmavi dinlərin «Tövrat», «İncil», «Quran» kimi müqəddəs
kitablarının yayılma areallarından tamamilə kənarda
qalmış etnoqrafik qrupların, cəngəlləliklərdə
yaşayan qəbilə və tayfaların folklorunda heyrətamiz
dərəcədə oxşar, yaxud eyni olmasının səbəbləri
haqqında alimlər müxtəlif izahlar, nəzəriyyələr
irəli sürsələr də, həmin izahlar harada və
hansı zamanda yaşamasından asılı olmayaraq,
dünyadakı bütün insanların vahid genetik struktura
malik antropoloji varlıq olması kontekstində, hələ ki,
məntiqi görünmür.
M.Məmmədova görə, kosmik qəza ilə
bağlı ümumi sxem qədim türk, Avesta və islamla
bağlı mifoloji mətnlərdə də öz əksini
tapıb. Tufan haqqında miflərdən biri Erlik və
Ülgen ilə bağlıdırsa, altayların tufan ilə
bağlı başqa bir əfsanəsinin əsasını
müsəlman və xristian qaynaqlarından gələn «Nuh»
tufanı rəvayətindəki ünsürlər təşkil
edir. ...Zərdüştiliyin müqəddəs
kitabı olan «Avesta»da ümumdünya daşqınına
oxşar mif də mövcuddur.
Nuh
peyğəmbər səmavi dinlərdə
Dünya folklorunda Nuh haqqındakı məlumatın əsas
mənbəyi həm də səmavi dinlərlə
bağlı kitablardır. S.S.Averinçev
dünya mifoloji-dini ənənəsindəki Nuh
obrazlarını araşdıraraq yazır ki, o, iudaizm və
xristian rəvayətlərində dünya daşqını
haqqındakı mətnlərin qəhrəmanı,
daşqından xilas olmuş mömin və gəmini düzəldəndir.
Şumer-Akkad ənənəsindəki Ziisudra,
Atraxasis, Ut-Napişti, yunan ənənəsindəki Devkalion
kimi personajlarla müqayisə olunur. Heyvanların
və quşların xilaskarı, öz oğlanları Sim, Ham
və Yafətdən başlanmaqla daşqınsonrası
bütün bəşəriyyətin əcdadıdır.
«Quran»da bütün səmavi dinlərdə adı
keçən məşhur peyğəmbərlərdən, o
cümlədən Nuh peyğəmbərdən geniş bəhs
olunur. Ayrıca olaraq «Hud» surəsinin 25-49-cu ayələrində,
o cümlədən «Nuh» surəsində dünya
daşqını təsvir olunur. «Hud» surəsində
göstərilir ki, Allah təktanrılığı təbliğ
etmək üçün Nuhu öz xalqına peyğəmbər
olaraq göndərir. Lakin çox az
adam onu eşidir. Əksəriyyət insanlar onu
yalançı sayırlar. Nuh onları
Allahın əzabının gələcəyi ilə xəbərdar
edir. «Hud» surəsində deyilir:
«36. Nuha
belə vəyh olundu: «Əvvəlcə iman gətirənlərdən
başqa, tayfandan daha heç kəs iman gətirməyəcək.
Onların etdikləri əməllərə görə kədərlənmə!
37. Nəzarətimiz
altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz
kimi) gəmini düzəlt, zülm edənlər barədə
mənə müraciət etmə. Çünki
onlar suda boğulacaqlar».
Nuh bütün canlılardan biri erkək və biri
dişi olmaqla bir cüt, insanlardan və ailə üzvlərindən
isə iman gətirənləri gəmiyə mindirir. Onun Kənan
adlı oğlu iman gətirmədiyi üçün gəmiyə
minmir və bir dağa sığınır. Bütün iman gətirməyən insanlar suda
boğulub məhv olurlar. Nuh oğlunun
bağışlanmasından ötrü Allaha dua etsə də,
qəbul olunmur. Torpaq Allahın əmri ilə
suyu udur. Su çəkiləndə Nuhun gəmisi
Cudi dağının üzərinə oturur. İnsanlar da daxil olmaqla bütün bəşəriyyətin
yeni başlanğıcı gəmidən enən insan və
heyvanlarla başlanır.
Nuh
peyğəmbər qədim oğuz-türk epik ənənəsində
Qədim
oğuz eposu «Oğuznamə»nin müxtəlif
variantlarında Nuh peyğəmbərin oğuz-türk milli
etnik düşüncəsindəki yeri insanlığın
ilahi yaradılışının universal sxemi daxilində təqdim
olunur. Bu sxemlərdə Nuh peyğəmbər
daşqınsonrası tarixin başlanğıcı olaraq
götürülür. XIV əsr
tarixçisi Fəzlullah Rəşidəddinin «Oğuznamə»sində
oğuzların nəsil şəcərəsi Nuh peyğəmbərlə
başlayır. Oğuz xan bu şəcərədə
Yafət, Dib Yavku xan və Qara xandan sonrakı pilləni təşkil
edir. XVII əsr tarixçisi
Əbülqazi Bahadır xanın «Oğuznamə»sində isə
ilk insan Adəm peyğəmbərdən sonra 10-cu pillədə
Nuh peyğəmbər, 12-ci pillədə Türk, 19-cu pillədə
Oğuz xan gəlir. Beləliklə, bu
xronikalarda azərbaycanlıların ulu babaları olan Türk
və Oğuz xan birbaşa Nuh peyğəmbərə
bağlanır. Bu yanaşma Nuh peyğəmbərin
oğuz-türk mifoloji-epik ənənəsinin üzvi struktur
elementinə çevrilməsinin əsasında durur.
Nuh
peyğəmbər haqqında əfsanələr
Nuh haqqında «Quran»da və digər səmavi kitablarda
olan obraz və motivləri dəyişik şəkillərlə
Azərbaycan əfsanələrində müşahidə
edirik. M.Məmmədova
görə, Azərbaycan folklorunda Nuhun tufanı
haqqındakı əfsanələrin əsas mənbəyi islam dininin müqəddəs kitabı «Qurani-Kərim»dir:
«Ümumiyyətlə, Azərbaycan mifologiyasında Kosmik qəza,
Tufan, Ümumdünya daşqını ilə bağlı miflər
İslam dininin təsiri altında formalaşıb. Türk xalqlarının mifologiyasında bu
mövzuda miflərin Nuh peyğəmbərin adı ilə
bağlanması qədim tarixi ənənədir».
Lakin bu əfsanələri təkcə «Quran» hekayələrinin
folklorlaşmış variantı hesab etmək doğru olmaz. Çünki
əfsanələrdə Nuh haqqında dini məlumatlarla qədim
türk komoqonik (yaradılış) və esxatoloji
(dünyanın sonu) təsəvvürlərinin sintezini
açıq şəkildə müşahidə edirik.
A.Babək bu fərqə diqqət çəkərək
yazır ki, Nuhun tufanı haqqında məlumat «Quran»dan əvvəlki
müqəddəs kitablarda da var. Lakin maraqlı olan budur ki,
dini kitablarda Nuhun tufanındakı sel-su yaradıcı
ünsür, yaradıcı stixiya kimi göstərilmir. Ancaq xalq arasında Nuhun tufanı haqqındakı əfsanələrdə
su yaradılışla bağlıdır». Sözügedən əfsanələrin tədqiqi
göstərir ki, onlarda arxaik mifoloji görüşlərlə
dini görüşlər biri-birinə qarışaraq vahid
poetik forma halına gəlib.
Nuh haqqında əfsanələrin yayılma sahələri
Nuh peyğəmbər haqqında əfsanələrə Azərbaycanın bütün folklor mühitlərində rast gəlinir. Lakin onlar Azərbaycanın qədim diyarı Naxçıvan və onun ətrafındakı bölgələrdə daha çox yayılıb. Naxçıvan folklor mətnlərində Nuh adı çox məşhurdur. Bölgənin yer-yurd adları, dağları, müxtəlif təbii-coğrafi obyektlərinin bir çoxu Nuhu yada salır. Nuh peyğəmbərin adı burada, ümumiyyətlə, Naxçıvan torpağının yaranması ilə əlaqələndirilir. Heç təsadüfi deyil ki, M.Cəfərli bölgənin xalq yaradıcılığını «Nuhdan və mifdən başlanan Naxçıvan folkloru» kimi səciyyələndirib.
Nuhla bağlı Azərbaycan əfsanələrini ümumiləşdirdikdə onların vahid obraz-süjet kompleksini təşkil etdiyini görürük. Əfsanələr üçün səciyyəvi olan obrazlar aşağıdakılardır:
İnsanlar: Nuh peyğəmbər, Nuhun oğlu, qızı, qarı.
Dini
varlıqlar: şeytan
Heyvanlar:
ilan, it, eşşək, siçan, kəsəyən.
Quşlar:
qaranquş, göyəçin, qarğa, ağ
quzğun, boz sərçə, toyuq.
Həşəratlar:
mozalan.
Təbiət
obyektləri: Ağrı dağı, Gəmiqaya,
İnandağ (İlandağ) Kəmki dağı,
Qısırdağ, Baladağ, Qaranquş yaylağı,
Nuhdaban.
Əşyalar:
gəmi, cəhrə, təndir.
Stixiyalar:
sel, su, daşqın, tufan.
Sözü
gedən əfsanələrin süjeti aşağıdakı
motivlərdən təşkil olunur: daşqın haqqında xəbər;
gəmininin düzəldilməsi; qarının yaddan
çıxması; gəmidəki macəralar; torpaq
axtarışı; nuhun ad verdiyi Naxçıvan
dağları; yeni həyatın başlanğıcı.
Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2015.- 5 noyabr.-
S.14.