İqtisadi və sosial hüquqların
müdafiəsi
III
yazı
Azərbaycan
Respublukasının insan hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanının) Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi və müdafiəsinin
vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində
bildirilir ki, əmək hüquqlarının pozulması ilə
bağlı məsələlər sırasında əmək
haqqının və son haqq-hesabın ödənilməməsi,
işə bərpadan və istehsalatda alınmış xəsarətə
görə dəymiş zərərin ödənilməsindən
imtina, əmək müqaviləsinin bağlanılmaması və
ya ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə
əməl edilməməsi, ezamiyyət üzrə ödəmələrin
aparılmaması, işdən azad edilərkən əmək
kitabçasının və əmrin surətinin verilməməsi
kimi hallar müşahidə olunub: “Əmək hüquqları
ilə bağlı 2013-cü ildə 709 müraciət daxil
olub. Müvəkkilin həyata keçirdiyi tədbirlər,
o cümlədən aparılmış araşdırmalar nəticəsində
bir sıra hallarda işçilərin pozulmuş
hüquqları bərpa olunub. Müvəkkilin
ünvanına daxil olmuş şikayətlərin təhlili
göstərib ki, əmək hüquqlarının
pozulması sırasında əmək haqqının verilməməsi
və ya ödənilməsinin gecikdirilməsi, əmək
müqaviləsi bağlanılmadan işə cəlb etmə,
uzunmüddətli ödənişsiz məzuniyyətə
göndərilmə və işdən azadetmə halları
xüsusi yer tutur. İşəgötürənlər
tərəfindən əmək qanunvericiliyi ilə müəyyən
edilmiş zəruri əmək şəraitinin
yaradılması sahəsində də problemlər var. Qeyd
edilməlidir ki, əmək qanunvericiliyinin tələblərinin
pozulması, o cümlədən əmək haqqının
verilməməsi halları ilə bağlı şikayətlər
əsasən özəl müəssisələrlə
bağlı olub. İşdən azadetmə ilə
bağlı hüquq pozuntuları sırasında
işçilərin öz iş yerini itirməməsi naminə
işəgötürənlər tərəfindən əmək
qanunvericiliyi ilə malik olduqları bir sıra digər
hüquqlardan məhrum edilmələrinə göz yummaq,
düşdükləri durumla razılaşmaq məcburiyyətində
qaldığı hallar da olub.
İşçinin hüquqlarının
pozulmasının ən ağır halı onun əmək
qanunvericiliyinin tələblərinə zidd olaraq işdən
azad edilməsidir. Ötən dövrdə belə şikayətlər
əsasən işçilərin sayının və ya
ştatların ixtisarı ilə izah olunub. Təbii ki, əmək münasibətlərinə
işəgötürənin təşəbbüsü ilə
bu qaydada son verilməsi qanuni olsa da, bu zaman qanunun tələblərinə
ciddi əməl edilməlidir. İşə bərpa olunmaqda
köməklik edilməsi ilə bağlı daxil olmuş
müraciətlər üzrə aparılmış
araşdırmalar zamanı da vətəndaşların
pozulmuş əmək hüquqlarının bərpa edilməsinə,
bir qayda olaraq, nail olunub.
Əmək
müqaviləsinə xitam verildiyi hallarda işəgötürənin
son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə
görə pul əvəzi, işçiyə ödənilməli
əmək haqqı və digər ödəmələr) ilə
yanaşı, əmək müqaviləsinə xitam verilməsi
barədə işəgötürənin əmrinin (sərəncamının,
qərarının) surəti və işçinin əmək
kitabçası sonuncu iş günü işçiyə
verilməlidir. Müvəkkilin səlahiyyətli
qurumlara müraciətindən, habelə aidiyyəti üzrə
araşdırmalardan sonra əmək hüquqlarının
pozulması ilə bağlı belə şikayətlər təmin
edilməklə bir çox hallarda vətəndaşların
hüquqları müdafiə olunub”.
2013-cü
ildə Müvəkkilin ünvanına sosial təminat
hüququ ilə bağlı daxil olmuş 1118, o cümlədən
pensiya təminatı ilə bağlı 234, ünvanlı
dövlət sosial yardımı ilə bağlı 542
müraciətin araşdırılması və təmin edilməsi
istiqamətində tədbirlər görülüb, bir
çox hallarda bu sahədə aşkar edilmiş nöqsanlar
aradan qaldırılıb və pozulmuş hüquqlar bərpa
edilib. Bəzi şikayətlərdə təyin olunmuş
pensiyanın düzgün hesablanmaması, o cümlədən
pensiya hesablanarkən iş stajının müəyyən
dövrünün nəzərə alınmaması, əmək
pensiyasına əlavələrin hesablanmaması kimi hallar
göstərilib ki, Müvəkkilin aidiyyəti üzrə
müdaxiləsindən sonra məsələ öz həllini
tapıb. Müvəkkilin aidiyyəti üzrə
müraciətlərindən sonra pensiya üzrə vətəndaşlara
olan qalıq borc hesablanaraq ödənilməsi təmin edilib.
Şikayətlərin araşdırılması
prosesində Müvəkkilin aidiyyəti üzrə müraciətləri
ilə bağlı aparılmış araşdırmalardan
sonra vətəndaşların sosial təminat hüququ sahəsində
digər problemləri də öz həllini tapmış,
pozulmuş hüquqlar bərpa edilib.
Ünvanlı
dövlət sosial yardımlarının təyin edilməsi
ilə bağlı Müvəkkilin ünvanına 542
müraciət daxil olub: “Əhalinin sosial müdafiəsi mərkəzlərinin
müvafiq vəzifəli şəxsləri tərəfindən
bir sıra hallarda ailəyə təyin edilən müavinətin
müəyyən məbləğinin mənimsənilməsi,
müvafiq yerli bölmələr tərəfindən
süründürməçiliyə yol verilməsi, sənədlərin
qəbul edilməməsi, yardımın təyin edilməsi
haqqında məlumatın vətəndaşlara bildirilməməsi,
vəsaitin köçürüldüyü plastik kartın
vaxtında verilməməsi müraciətlərdə öz əksini
tapıb. Müraciətlərin təhlili
göstərir ki, mövcud sahədə vaxtilə bir çox
nöqsanlara yol verilib, müraciətlərin
araşdırılması zamanı narahatlıq yaradan
çatışmazlıqlar müəyyən edilib.
Qeyd edilən
müraciətlərlə yanaşı, ünvanlı dövlət
sosial yardımının təyin edilməsi məqsədilə
aidiyyəti orqanlara müraciətlərin nəticəsiz
qalması ilə bağlı şikayətlər üzrə
araşdırmalar aparılıb və onların ailələrinə
qanunvericiliklə nəzərdə tutulmuş qaydada bir il müddətinə ünvanlı sosial
yardımın təyin olunması təmin edilib. Vətəndaşların ünvanlı
yardımın təyin edilməsi ilə bağlı
müraciətlərinə rayon və kəndlər üzrə
müəyyən edilmiş vəsait limitinin bitməsi səbəbindən
təyinatın mümkün olmaması ilə bağlı
müvafiq yerli şöbələr tərəfindən
verilmiş şifahi cavablar da şikayətlərə səbəb
olub. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi tərəfindən
qeyri-etik hərəkətlərə yol vermiş 145 dövlət
qulluqçusu barəsində müvafiq intizam tənbehi tədbirləri
görülüb. Müvəkkilin təklifləri
nəzərə alınaraq, ötən dövrdə
qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində
ünvanlı yardımın təyin edilməsi qaydaları təkmilləşib,
həmçinin əvvəlki illik məruzələrdə
qaydalara yenidən baxılması və təyinat prosesinin
mexanizminin sadələşdirilməsi təklif edilib”.
Müvəkkilin ünvanına sağlam ətraf
mühitdə yaşamaq hüququnun pozulması ilə
bağlı daxil olan müraciətlər digər hüquqlar
sırasında azlıq təşkil etsə də,
qaldırılmış problemlər təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsini tələb edir. Bu müraciətlər
araşdırılıb, pozulmuş hüquqlar bərpa edilib:
“Vətəndaşların sağlam ətraf mühitdə
yaşamaq hüququnun səmərəli təmin edilməsi məqsədilə
müxtəlif vaxtlarda səlahiyyətli qurumlara təkliflər
göndərilib. Müvəkkil təbii sərvətlərdən
istifadə zamanı qanunvericiliyə ciddi əməl edilməsini
zəruri hesab edərək, torpaqların və daş karxanalarının
istismarına nəzarətin gücləndirilməsini təklif
edib. Ölkənin regionlarında ağac
emalı və mebel sənayesi üçün qiymətli,
habelə məişət tələbatı üçün
müxtəlif nadir növlərdən olan ağacların
qırılması nəticəsində meşə
zolaqlarının məhv edilməsinin qarşısının
alınması üzrə ciddi tədbirlərin həyata
keçirilməsi zəruridir. Bu zaman
müvafiq cərimələrin məbləğlərinin
artırılması və vurulmuş ziyana uyğun müəyyən
edilməsi zəruridir.
Məlum olduğu kimi, ildən-ilə ölkədə
avtomobillərin sayı daha sürətlə artmaqdadır. Benzin və
dizel mühərriklərlə çalışan avtomobillərdən
yanma prosesi məhsullarının atmosferə tullanması da
artmaqdadır. Bu da ətraf mühitin
çirklənməsinə və ekoloji problemlərin baş
verməsinə səbəb olur. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən korrupsiya hallarının
qarşısının alınması və buna səbəb
olan şəraitin aradan qaldırılması
üçün 2013-cü ildə həyata keçirilmiş
ardıcıl tədbirlər nəticəsində ümumilikdə
166 nəfər cavabdeh vəzifəli şəxs barəsində
intizam tənbeh tədbirləri görülüb, onlardan 66 nəfəri
işdən çıxarılıb, 56 nəfərə
töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla
şiddətli töhmət verilib.
Müvəkkil aparatının və Dövlət Neft
Şirkətinin Ekologiya İdarəsinin birgə təşkilatçılığı
ilə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində
şagirdlər üçün keçirilmiş
açıq dərsdə uşaq və gənclərə
ekoloji hüquqlar barədə ətraflı məlumat veriblər”.
Son on ildə ölkənin bütün regionlarının həyatında köklü dəyişikliklər baş verib, bir sıra sosial əhəmiyyətli problemlərin aradan qaldırılması, o cümlədən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaranıb. Əhalinin keyfiyyətcə yüksələn yaşayış səviyyəsi və həyat tərzinin tələblərinə uyğun olaraq, müasir avadanlıqla təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilib, bütövlükdə səhiyyə sahəsinin maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilib.
2013-cü ildə səhiyyənin inkişafı üzrə proqramların icrası məqsədilə 80,1 miyon manat vəsait sərf olunub, 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb, onların bir çoxunda işlər başa çatdırılıb və istifadəyə verilib. Ötən dövrdə Müvəkkilin ünvanına sağlamlığın qorunması hüququ ilə bağlı 587 müraciət daxil olub.
Müraciətlərdə əsasən, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsi kimi məsələlər əksini tapsa da, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər də olub. Müraciətlər üzrə araşdırmalar aparılıb, nəticədə bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunub.
Müvəkkilin müayinə və müalicə olunmasında köməklik göstərilməsinə dair vətəndaşlardan daxil olan ərizələrlə bağlı Səhiyyə Nazirliyinə müraciətindən sonra həmin xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsi məqsədilə aidiyyəti səhiyyə müəssisələrinə vaxtında müvafiq tapşırıqlar verilib. Müraciətlərdə imtiyazlı qruplardan, habelə qayğıya daha çox ehtiyacı olan, müvafiq xəstəlikdən əziyyət çəkən və dispanser qeydiyyatında olan şəxslərin dərman preparatları ilə təmin olunmasındakı bəzi problemlər də öz əksini tapıb. Xəstələrin bir sıra hallarda onların dərmanlarla vaxtında təmin edilməməsi, xüsusilə müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik olan və dispanser qeydiyyatına alınmış xəstə vətəndaşları narahat edən və qeyd olunan problemlər sırasında diqqəti daha çox cəlb edən məsələlərdir.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 5 noyabr.-
S13.