Nuhla bağlı əfsanələr

 

II yazı

 

Əfsanələrin əksəriyyətində Nuhun, sadəcə, bir peyğəmbər kimi daşqın olacağını qabaqcadan bildiyi göstərilir: «Deyilənə görə, Nuh Nəbi («nəbi» – ərəbcə «peyğəmbər» deməkdir – S.R.) bilirmiş ki, tufan baş verəcək, dünyanın üzünü su alacaq». Başqa bir mətndə ona xəbər gəlir: «Belə söyləyirlər ki, bir gün Nuh peyğəmbərə xəbər gəlir ki, yer üzünü su basacaq». Əfsanələrin əksəriyyətində daşqının niyə baş verməsinin səbəbləri göstərilmir. Bu cəhətinə görə daşqın bir konsept kimi yaradılış haqqında kosmoqonik mifin sxemini əks etdirir. Mifdə yaradılış qapalı, dövrəvi, təkrarlanan xarakter daşıyır: kosmoqoniya (yaradılış) esxatologiya (yaradılışın sonu – qiyamət) ilə tamamlanır. Bununla da bir yaradılış silsiləsi başa çatır və yenisi başlanır.

Lakin bir sıra əfsanələrdə daşqının səbəbi səmavi kitablarda olduğu kimidir. Mətnlərdən birində deyilir ki, Nuh xeyirxah, yolgöstərən adam imiş. Kim yolundan azırmış, onlara doğru yol göstərirmiş. O, insanları pis yoldan çəkindirmək üçün daim onları daşqınla xəbərdar edirmiş: «Allah-tala Nuha tapşırır ki, yer üzünü su alacaq, sən get gəmi bağla».

 

Gəmininin düzəldilməsi

 

Nuhun öz gəmisini necə düzəltməsi haqqında əfsanələrdə çox maraqlı məlumatlar var. Həmin məlumatlar dini kitablarda yoxdur və xalq yaradıcılığının məhsuludur. Mətnlərdən birində deyilir ki, Nuh gəmi düzəltmək üçün Günbatanda yerləşən meşəyə gəlir. Lakin buradakı ağaclar həddindən artıq yekə idi. Nuhun bu ağacları kəsməyə gücü çatmır. Meşədə yaşayan Ac adlı pəhləvana müraciət edir. Lakin bu pəhləvanı doyuzdurmaq çətin məsələ imiş. Hər yeyəndə bir öküz yeyir, üstündən üç tuluq su içirmiş. Nuh onu doyuzdurmağa söz verir. Pəhləvan on gün ərzində lazım olan ağacları kəsib hazırlayır. Nuh yeddi usta çağırır. Onlar bir aya lazım olan gəmini düzəldirlər.

Başqa bir mətnə görə, Nuh gəmini necə düzəltməyi bilmirmiş. Bir nəfər ondan soruşur ki, Nuh nə gəzirsən? Deyir ki, Allahdan mənə belə bir əmr olub, amma mən bilmirəm, gəmini harda qayırtdırım, kimə qayırtdırım. Həmin şəxs ona yol göstərərək deyir ki, get çıx o təpəyə, onun arxasında bir şəxs var, ona Uucbılıx deyirlər. Gedərsən, o, sənə gəmini necə düzültməyi öyrədər. Gəlib qayırarsan. Məsləhəti verən isə cənab Əmir (dördüncü islam xəlifəsi Həzrət Əli – S.R.) imiş. Bu mətnlərdəki Ac, Ucubılıx adlı obrazlar eyni varlıqdır. O, Naxçıvan folklorunda Buculux, Ucuqulu, Ucubınıq adları ilə tanınan mifoloji nəhəng (velikan) obrazıdır. Meşə-ağac kultu ilə bağlıdır.

Başqa bir əfsanəyə görə, Nuh gəmi düzəltdirmək üçün bir usta çağırır. Ona deyir ki, əgər gəmini düzəltsən, qızımı sənə verəcəyəm. İş ləng getdiyi üçün daha iki usta çağırmalı olur. Onlara da söz verir ki, qızlarımı sizə verəcəyəm. Əslində, Nuhun bir qızı var idi. Fikirləşirdi ki, daşqın olacaq, ustalar boğulub öləcəklər. Lakin belə olmur. Ustalar gəmini hazırlayıb, Nuhdan qızları istəyirlər. Nuh nə edəcəyini bilmir. Bu zaman Nuhun eşşəyi və iti dönüb qız olurlar. Nuh bu üç qızı üç ustaya verir. Qızlardan biri insan xasiyyətli, biri eşşək xasiyyətli, biri isə it xasiyyətli olur.

Digər mətndə Nuh şeytandan bir gəmi düzültmək üçün ağac istəyir. Əvəzində ona doyunca yemək verməyə söz verir. Şeytan bütöv meşəni dartıb gətirir.

Əfsanələrdən birində deyilir ki, Nuh gəmi düzəltmək üçün meşədə ağac kəsib, taxta düzəldir. Bu zaman biri göy yazılı, bir isə qırmızı yazılı iki taxtaya rast gəlir. Taxtaların üstündə Nuhdan hələ neçə min illər sonra yer üzünə gələcək sonuncu peyğəmbər Məhəmmədin sevimli nəvələri İmam Hüseyn və İmam Həsənin necə həlak olacaqları yazılıbmış. Onlar üçün dünyada ilk göz yaşını Nuh axıdır.

 

Qarının yaddan çıxması

 

Əfsanələrdə Nuhun daşqın zamanı qarını unutması motivi də var. Daşqın xəbərini almış bir qarı Nuha yaxınlaşıb sel gələndə onu da gəmiyə götürməsini xahiş edir. Nuh söz verir. Lakin daşqın zamanı qarını unudur. Sel-su çəkiləndən sonra qarı yenidən yadına düşür. Qarının evinə gedir ki, onun taleyindən xəbər tutsun. Gəlib görür ki, qarı salamatdır, özü də oturub cəhrədə ip əyirir. Nuh təəccüb içində ondan soruşur:

– Qarı, dünyanı su aldı, sən bunu görmədinmi, duymadınmı?

– Yer üzünü su aldığını bundan bildim ki, piltələrim (piltə – neft lampasının yanan piltəsi – S.R.) bir az nəm kimi oldu.

Nuh barmağını dişləyir, başa düşür ki, qarı qoca dünyanın özü imiş.

Qarı ilə bağlı başqa mətnlərdə cəhrəni yox, təndiri görürük. Təndir daşqının başlanmasını simvolizə edən element kimi sözü gedən əfsanələri Quranla əlaqələndirir. «Hud» surəsinin 40-cı ayəsində daşqının hansısa təndirin qaynadığı zaman başlandığı göstərilir: «Nəhayət, əmrimiz gəldiyi (Allahın əmri – S.R.) və təndir qaynadığı zaman Nuha dedik…».

Quranda bu təndirin necə bir təndir olduğu izah olunmur. Əfsanə mətnləri isə onu dünyanı simvolizə edən qarının təndiri kimi təqdim edir. «Qədim zamannarda bir qarı yer üzünü su alacağını eşidir və Nuh peyğəmbərə yalvarır ki, onu da öz gəmisinə götüsün. Qarı bir balaca çörək pişirib özü ilə götürmək istiyir və təndirdə onu yuxu tutur. Su qarının təndirindən qalxır».

Başqa bir əfsanədə Nuh dəryada torpaq axtara-axtara gəlib Naxçıvana çıxır. Burada bir evin qapısını açıb görür ki, bir qarı cəhrə əyirir. Nuh deyir, qarı nənə, nə gördün? Qarı deyir, nənən ölsün, Nuh, təndirimdən bir azca su çıxdı. Mətnlərdən birində təndir Nuhun arvadınındır: «Bir gün Nuhun arvadı sırfa açıb, xəmir yoğururdu. Durub təndirə od salmaq istədi. Duvağı (örtüyü – S.R.) qaldıranda quruyub qaldı. Təndir yarıya kimi suyla dolmuşdu. Arvad gedib əhvalatı ərinə söylədi».

Başqa bir mətndə deyilir ki, Nuh insanlara sel olacağını xəbər verib gəmi düzəltdirmələrini tapşırırmış. Bir şərəşür arvad təndir odlayırmış. Nuh bunun həyətinə gəlir. Arvad Nuha istehza ilə deyir ki, A Nuh kişi, bəs deyirdin, gəmi düzəltdirin, sel gələcək, gəmiləri aparacaq. Bəs bu gəmilər qaldı burda axı… Haçan çıxacaq su? Nuh «Elə bax bu sənin təndirindən» deyib, çomağını vuran kimi su fantan verir. Nuh tullanıb oturur gəminin içində. Qalanını su yuyub aparır.

 

Gəmidəki macəralar

 

Əfsanələrdən məlum olur ki, daşqın vaxtı Nuhun gəmisində cürbəcür hadisələr baş verir. Buradakı insanlar və heyvanlar bir-biri ilə yola getmirlər. Əfsanəyə görə, gəmidə hər millətdən adam olur. Ermənilər həmişə olduğu kimi xaçpərəstlərlə müsəlmanlar arasında nifaq salırlar. Bunların arasında millət, din davası düşür. Müsəlmanlardan, imamlardan kimsə yaralanır və susuzluqdan yanmağa başlayır. Gəmidəki bir qaranquş ağzında ona su daşıyır. Bu, ilanın xoşuna gəlmir. Qaranquşu tutmaq üçün ona ağız atır. Quşun quyruğundan bir parça tük qoparır. Qaranquş o vaxtdan haçaquyruq qalır. İlan daha sonra insanların içməməsi üçün gəmidəki içməli su tuluğunu deşir. Xeyirxah qaranquş ağzında palçıq gətirib tuluğun deşiyini tutur və bu yolla insanları susuzluqdan ölməkdən xilas edir. Qaranquş o vaxtdan insanlardan ayrılmır. Öz yuvasını həmişə insanların evlərində, pəyələrində tikir. İnsanlara gömək etdiyi üçün ilan əbədi olaraq qaranquşla düşmən olur.

Digər bir mətndə deyilir ki, bir gün siçan gəmini deşdi. Su gəmiyə dolmağa başladı. Nuh üzünü gəmidəkilərə tutub bir əlac istədi.

«İlan dedi:

– Mən eləsəm, nə verərsən?

Nuh Nəbi dedi:

– Nə istəyirsən?

Dedi:

– Dünyada şirin nədirsə onu.

Nuh Nəbi razılaşdı. İlan quyruğuyla deşiyi tutdu. Qıvrılıb yatdı».

Gəmi quruya çıxandan sonra Nuh mozalanı yollayır ki, dünyada ən şirin şeyin nə olduğu öyrənsin. O da yatmış bir ovçunun ətindən dadır. Qayıdır ki, ən şirin şeyin insan əti olduğunu Nuha xəbər versin. Mozalan gecikir. Qaranquşu onun dalınca yollayırlar. Onlar yolda rastlaşırlar. Mozalan insan ətinin dünyada ən şirin şey olduğunu qaranquşa söyləyir. Quranquş fikirləşir ki, bu ixtiyar ilana verilsə, dünyada insan qalmayacaq. Odur ki, bir hiylə ilə mozalanın dilini dibindən qoparır ki, o, dünyada ən şirin şeyin insan əti olduğunu heç kəsə söyləyə bilməsin.

«Mozalan gəlib Nuhun qabağında yerə düşdü. Başladı fırlanıb vızıldamağa. Heç nə anlamadılar. Dedilər: «Yorulub, ya da dilin şəkər tutub».

Nuh Nəbi qaranquşdan soruşdu:

– Yolda sən görəndə dili var idi?

Qaranquş cavab verdi:

– Var idi. Dedi ki, dünyada torpaq şirindi.

Nuh Nəbi ilana dedi:

– Torpağı verdim sənə.

İlan qaranquşun hiyləsini duydu. Atılıb onu tutmaq istədi. Qaranquş uçanda quyruğu keçdi ağzına. Lələyinin ikisini çəkib qopartdı. O vaxtdan qaranquş haçaquyruq qaldı, xeyir xəbər müjdəçisi oldu. Mozalan lal olduğundan vızıldamağa başladı. İlan da torpaqda yaşadı, ondan qənaətlə istifadə etməyə başladı».

Əfsanələrin birində Nuh özü ilanı aldadır. Kəsəyən gəmini deşir. İlan deşiyi tutmağın əvəzində ondan adam əti istəyir. Nuh əvvəl razı olur. Lakin sonra vədini yerinə yetirmir. İlana deyir ki, sənə adam əti verə bilməyəcəyəm; adamlar ölüb qurtarıb, azdır. Lakin sənə elə şey verəcəyəm ki, adamlar səndən qorxacaqlar – zəhm, zəhər.

 

Torpaq axtarışı

 

Sözügedən mətnlərdə daşqının sonunda torpağın (qurunun) tapılması göyərçinin və qaranquşun adı ilə bağlıdır. Əfsanədə deyilir ki, bir müddət gəmidə üzən Nuh daşqının qurtarıb-qurtarmamasını bilmək üçün Ağ quzğunu yollayır. O, torpağı tapsa da, başı ölmüş insan və heyvan cəsədlərini yeməyə qarışır. Nuh göyərçini onun dalınca yollayır. Göyərçin gəlib görür ki, quzğun leş yeməklə məşğuldur. Onu danlayır. Quzğun göyərçinin bu işi Nuha deyəcəyindən qorxub, hiylə işlədir və onun dilini qoparır. Göyərçin baxıb görür ki, dili yoxdur. Dimdiyinə bir çöp alıb, Nuhun yanına uçur. Nuh görür ki, su quruyub. Əgər qurumasaydı, çöp olmazdı.

Digər bir əfsanədə isə torpağı quranquş tapır. Mətndə deyilir ki, Nuh sahili tapmaq üçün çox fikirləşir. Əvvəlcə boz sərçəni havaya buraxır. Sərçə sahili tapa bilməyib, gəmiyə qayıdır. Sonra Nuh göyərçini havaya buraxır. Göyərçin də bir iş görə bilməyib, geri qayıdır. Qarğa da havada qanad çalıb gəmiyə tərəf dönür. Nəhayət, Nuh qaranquşu havaya buraxır. Bir azdan qaranquş gəmiyə yaxınlaşır. Amma ora dönmür, o, geri uçub gedir. Nuh qaranquşun fikrini başa düşür, bilir ki, qaranquş sahili tapıb. Ona görə gəmisini onun üçduğu tərəfə sürür. Sahilə çatan Nuh qaranquşun tapdığı yeri onun şərəfinə Qaranquş yaylağı (bu yaylaq Naxçıvandadır – S.R.) adlandırır.

Göründüyü kimi, Nuhun gəmisindəki heyvanların və quşların bir çoxu daşqından sonra yeni görkəm, yeni xasiyyət və yeni davranış qazanırlar. Bu da Nuhun daşqınının dünyanın, həyatın, yaradılışın bir mərhələsi ilə o biri mərhələsi arasında sərhəd, keçid olduğunu göstərir. Daşqından sonra hər şey yenidən yaranır. Azərbaycan əfsanələri yaradılışın səmavi versiyası ilə mifik versiyasını biri-biri ilə qovuşduraraq vahid hala gətirib.

 

 

Seyfəddin Rzasoy

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2015.- 6 noyabr.- S.14