Nuhla bağlı əfsanələr
...Naxçıvan və ətraf bölgələrdə
daha çox yayılıb
III yazı
Sözügedən əfsanələr Nuhun daşqının sonunda Naxçıvana gəlib çıxdığını, burada bir çox dağlara, yaylaqlara, yerlərə ad verdiyini bəyan edir. Mifdə ad vermək yaradılışı simvolizə edir. Əfsanələrin mifik məntiqinə görə, Naxçıvan torpağını Nuh yaradır: buradakı həyata o, başlanğıc verir.
Əfsanədə deyilir ki, Nuh öz gəmisinə 75 günlük ərzaq götürübmüş. Gəmi 75 gün suyun üzərində qalır. Bir gün Nuh bir dağın başının qaraldığıvnı görür. Gəmisini həmin dağa tərəf sürür. Lakin dağın başı qarısqal idi, gəmidəki insan və heyvanları tutmur. Həmin dağın övladı olmadığı üçün ona Qısırdağ deyirmişlər. Dağ Nuhun yanında xəcalət çəkir ki, adamları və heyvanları yerləşdirə bilmir. Bunu görən Nuh deyir:
– Ey Qısırdağ, sən qısır olmayacaqsan. Sənin övladın olacaq.
Həmin gün Qısırdağ hamilə qaldı, az sonra ağrı çəkdi, bir oğlu oldu. O, ağrı çəkdiyi üçün Nuh Nəbi onun adını (dəyişib – S.R.) Ağrıdağ qoydu. Ağrıdağın da oğlunun adını Bala Ağrı qoydular. Bala Ağrı da anasının yanında baş qaldırdı. Gəmidə olanlara yer verdilər, onlara hörmət elədilər. O zamandan Ağrıdağ oğlu Bala Ağrı ilə yan-yana durub göylərə baş qaldırdı. Adları çəkilən dağlar Azərbaycanın qədim diyarı Naxçıvandadır. Beləliklə, daşqından sonrakı bəşəriyyət Naxçıvanda özünə sığınacaq tapır və dünyanın yeni tarixi buradan başlanır. Başqa bir əfsanədə göstərilir ki, Nuh gəmi ilə Məğribdən (qərbdən) Məşriqə (şərqə) tərəf üzürdü. Gəminin altı nəyəsə toxundu. Zərbə güclü oldu. Nuh dildi ki, gəmi dağa toxundu.
– Pəh, nə ağır dağdı! – dedi. Başından heç qarın əskik olmasın.
Odu-budu, dağın adı «Ağrıdağ»
qaldı. Başından
da qar əskik olmadı.
Bir həftə də keçdi. Gəmi yenə silkələndi.
Nuh Nəbi gəmidəkilərə:
– Bu da,
inan, dağdı, – dedi.
Bu
dağın da adı «İnandağ» (variantı:
İlandağ – S.R.) oldu. Zirvəsi də zərbədən
iki yerə haçalandı.
Gəmi səfərə davam etdi. Bir az
getmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən
soruşdu:
– Bu
dağ o dağdan kəm ki deyil?!
Dağın
adına «Kəmki» dedilər. Gəmi buradan aralandı. Tufan da
yavaşıdı…
Rəvayətə görə, Nuh Nəbi
oğlanlarıyla Naxçıvanda məskən saldı. Gəmisi də
Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı
Gəmiqayada qaldı.
Əfsan Nuhun yeni vətəni Naxçıvan
torpağını sirli-sehrli, bərəkətli, xoşbəxt
bir diyar kimi təqdim edir. «Rəvayətə
görə, Nuhun gəmisi Gəmiqayada quruya oturmuşdu.
Oğlanları bir gün gördülər ki, uca dağlar od tutub yanır. Gəmi oturan
dağ da tüstüsüz alova bürünüb. Özləri də od-alovun içindədilər.
Qorxudan bilmədilər, neyləsinlər. Haray-həşir salıb bağırdılar.
– Aman
Tanrı! Günahımız nədi ki, indiyədək
tufanda qaldıq, indi də od-alova düşmüşük.
Amma bu qorxu uzun çəkmədi. Gördülər
ki, od-alov onları yandırmır. Yaşıl
çəmənə, gülə, çiçəyə də
toxunmur.
– Bu, nə
sirdir? – dedilər. – Dağ da yanar?
Onlar atalarının yanına gedib bu sirri soruşdular. Nuh Nəbi dedi:
–
Gördüyünüz elə-belə od
deyil. Sirli, möcüzəli oddur. Bu torpağın mayası oddan yoğrulub. Burda hər şey öz qidasını oddan-alovdan
alır. Yanan dağların biri – Gəmiyqaya,
biri – İlandağ, biri – Ağrı dağıdır. Bu arada yurd salın. Dediyim
üç dağ sizə qüvvət, bərəkət verəcək.
Bərkdə şərdən, yağıdan
qoruyacaq.
Nuh Nəbi sözünü qurtardı. Dayandığı
yerdən bir addım irəli atdı. Ayağı
torpağa gələndə pəncəsi yox, dabanı yerə
dəydi. Oğulları həmin yerdə yurd saldılar,
adına da «Nuhdaban» dedilər.
M.Cəfərlinin
yazdığı kimi, beləliklə, ulu
Naxçıvanın ulu keçmişi olan Gəmiqaya dağ
adının türk, islam mifologiyası ilə
əlaqələnməsi bu torpaqda yaşayan etnosun
şüurundakı xronotop /məkan-zaman/ parametrlərinin
çox əskiliyindən soraq verir. Etnos Gəmiqayanı
orta əsrlər, yaxud yaxın keçmişin əlaqədar
hadisələri ilə yox, məhz ilkinliklə, mifoloji
keçmişlə bağlayır. Bu isə
təsadüfi olmayıb, Naxçıvanda yaşayan türk
etnosunun bu torpaqdakı ulu keçmişinə şəhadət
verir. Etnik tarixin bu torpaqda uzun bir prosesi gerçəkləşdirməsi,
burada insanların şüurunda bu torpaqla bağlı
çox əzəmətli bir tarix «arxetipinin» olması
buranın insanlarını öz yurdlarına, tarixi
keçmişlərinə bütün hallarda ululuq
prizmasından baxmağa çağırıb».
Sözügedən əfsanələrdə bəşəriyyətin
Nuhla başlanan yeni tarixi türk etnosunun mifoloji tarixi ilə birləşdirilir. Mətnlərdən
birində deyilir ki, tufan dayanandan sonra Nuh peyğəmbərin
oğlanlarından olan Türk adlı birisi atasının məsləhəti
ilə qoyunla qoç götürüb bir çəzirəyə
düşür. Hər tərəf su
olduğundan Türk adadan çıxa bilmir. Günlərin bir günü Türk görür ki,
bir heyvanı parçalayıb yeyiblər. Öz-özünə fikirləşir ki, axı bu
çəzirədə qoyundan başqa heç bir heyvan
yoxdur. Bəs bunu nə yeyib? Türk çox təəccüblənir. Gecəni yatmır və güdür. Bir də baxır ki, uzaqdan suyun içilə bir
qaraltı gəlir. Qaraltı yaxınlaşanda
Türk görür ki, bu, boz rəngli bir qurddur. Qurd adaya çıxan kimi cumur bir heyvanın
üstünə. Türk bu yandan
çıxır qurdun qabağına. Boz
qurd onu görən kimi başlayır gəldiyi yolla
qayıtmağa, Türk də düşür bunun
arxasına. Xeyli gedirlər. Türk baxır ki, qurdun getdiyi yerlərdə su
heç topuğa qədər də qalxmır. Bir az gedəndən sonra quruya
çıxırlar. Bununla da Türk xilas olur.
Həmin yolla qayıdıb adaya gəlir.
Buradakı heyvanları da həmin yolla sudan
keçirib quruya çıxarır.
Türk fikirləşir ki, bu boz qurd məni xilas elədi. Gərək mən
də onun şəklini çəkəm bayrağıma.
Belə də edir. Sonra
Türkün nəsli çoxalanda o, nəslinə deyir ki, boz
qurd bizim xilaskarımızdır. Əgər
o, yol göstərməsə idi, nə mən olardım, nə
də siz. Ona görə də gərək
həmişə boz qurda inanasınız. Onun
şəklini bayrağınıza çəkəsiniz.
Çətinə düşəndə onu
çağırasınız. Göründüyü
kimi, «Nuh və Türk obrazlarının bir mətn çevrəsində
mövcüdluğuna baxmayaraq, yuxarıdakı mifoloji mətndə
Nuh və Türklə bağlı müstəqil süjetlərin
bir-birinə calanması (kontaminasiyası) aydın boy verir.
İkinci tərəfdən Türk Boz qurd
obrazı ilə bağlı kontekstə salınır. Bu, təsadüfi deyil. Hər iki
obraz türk mifologiyasının ağır yüklü
obrazlarındandır və bunların eyni mətn içərisində
funksionallaşma keçirmələri tam təbiidir. Beləliklə, bir mətn çevrəsində Nuh,
Türk və Boz qurd obrazları eyni sırada dururlar».
Azərbaycan folklorunda Nuh peyğəmbərlə
bağlı əfsanələr özündə təkcə
Azərbaycan-türk etnosunun yaranış haqqındakı
ilkin fəlsəfi-kosmoqonik konsepsiyasını yox, eyni zamanda
bütün dünyanın yaranış ssenarisini əks
etdirir. Bu, Azərbaycan folklor təfəkkürünün bədii-cağrafi
hüdudlarının genişliyini, tematik zənginliyini,
etnokosmik universalizmini göstərməklə yanaşı, qədim
türk epik düşüncəsinin dünya epos
yaradıcılığının bir qolu olduğunu da təsdiq
edir.
Qədim oğuz epik-mifoloji şəcərələrində
Nuh peyğəmbərin oğuz-türk milli etnik
düşüncəsindəki yeri insanlığın ilahi
yaradılışının universal sxemi daxilində təqdim
olunur. Bu sxemlərdə də Nuh peyğəmbər
daşqınsonrası tarixin başlanğıcıdır.
Oğuz şəcərələrində azərbaycanlıların
ulu babaları olan Türk və Oğuz xan birbaşa Nuh
peyğəmbərə bağlanır. Bu
yanaşma Nuh peyğəmbərin oğuz-türk mifoloji-epik ənənəsinin
üzvi struktur elementinə çevrilməsinin əsasında
durur.
Nuh haqqında «Quran»da və digər səmavi kitablarda
olan obraz və motivlər dəyişik şəkillərlə
Azərbaycan əfsanələrində müşahidə
olunsa da, bu mətnlər təkcə «Quran» hekayələrinin
folklorlaşmış variantı deyil. Həmin əfsanələr
strukturu baxımından Nuh haqqında dini məlumatlarla qədim
türk komoqonik (yaradılış) və esxatoloji
(dünyanın sonu) təsəvvürlərinin sintezindən
ibarətdir. Onlarda arxaik mifoloji
görüşlərlə dini görüşlər
biri-birinə qarışaraq vahid poetik forma halına gəlib.
Nuhla bağlı Azərbaycan əfsanələri
vahid obraz-süjet kompleksini təşkil edir. Bu kompleksdə bəşəriyyətin Nuhla
başlanan yeni tarixi türk etnosunun mifoloji tarixi ilə birləşdirilir.
Nuhun gəmisindəki
heyvanların və quşların bir çoxunun
daşqından sonra yeni görkəm, yeni xasiyyət və
yeni davranış qazanması Nuhun daşqınının
dünyanın, həyatın, yaradılışın bir mərhələsi
ilə o biri mərhələsi arasında sərhəd, epoxal
körpü, mənşəyində inisiasiya ritualı duran
keçid rejimi olduğunu göstərir. Daşqından
sonra hər şey yenidən yaranır. Azərbaycan
əfsanələri yaradılışın səmavi
versiyası ilə mifik versiyasını bir-biri ilə
qovuşduraraq vahid hala gətirib.
Əfsanələrdə Nuhun daşqının sonunda Azərbaycana
– Naxçıvana gəlib çıxması, burada bir
çox dağlara, yaylaqlara, yerlərə ad verməsi Azərbaycan
etnokosmik düşüncəsinin sistem universalizmini nümayiş
etdirir. Nuh peyğəmbərlə başlanan dünya
bütün bəşəriyyətin yeni tarixidir. Azərbaycan bu tarixə özünün milli-mənəvi
dəyərləri ilə qoşulub. Azərbaycan
əfsanələrində səmavi dinlərin müqəddəs
hökmləri ilə mifik inancların sintezi Nuhun məlum
hekayətini bəşər humanizminin yeni səhifəsinə
çevirib. Əfsanələrdə Nuhun
Azərbaycana gəlib çıxması, bəşəriyyətin
yeni tarixinin buradan başlanması təsadüfi olmayıb,
xalqımızın milli xarakterinin fövqəlhumanizmini əks
etdirir. Nuhun tarixi bir xalqın yox,
bütün xalqların tarixidir. Azərbaycan
da qədimdən qonaqpərvər, humanist xalq olub. O, bir
mehriban ana kimi müxtəlif xalqları öz ağuşuna
alıb. Bu torpağın ən qədim etnosu olan Azərbaycan-türk
xalqı bu yurdda mehribancasına yaşayan bir çox
azsaylı xalqlarla birlikdə dünyanın Nuhdan başlanan
humanizm tarixini göz bəbəyi kimi qoruyur və müqəddəs
irs olaraq yaşadır.
Seyfəddin Rzasoy
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.-
2015.- 7 noyabr.- S.14