Bədii ədəbiyyatın təsir gücü
Tanrı insana fikir, düşüncə, şüur kimi ən yüksək nemətlər bəxş edib. Yalnız insana məxsus olan bu nemətlər sayəsində insan «təbiətin tayı» kimi ən yüksək səviyyəyə qalxa bilib. Yer üzünün əşrəfi insan öz böyüklüyünü yaxşı anlayıb. Qədim yunan filosofu Protaqorun «İnsan bütün şeylərin ölçüsüdür», Sokratın «Özünü dərk et» fikirlərində insan, onun həyatının mənası, əxlaq məsələləri əsasdır. Yaşadığı dünyada xoşbəxt olmaq istəyən insan mükəmməl zəkaya malik olmalı, bu zəka hərəkət və davranışları idarə etməli, mükəmməl zəkayla xeyrə doğru yolla getməlidir ki, xoşbəxtlik əldə etməsini reallaşdırsın. Özünün bütün hərəkət və əməlləri, davranışları ilə insan, onun həyatı, mənsub olduğu cəmiyyət, mühit ədəbiyyatın əsas mövzularından olub.
Bədii ədəbiyyat insana, onun mövcud olduğu cəmiyyətə təsir edir. Hər kəs sevdiyi, ona təsir edə bilən ədəbiyyatla maraqlanır: «Bədii ədəbiyyat onu yaradanlarla dinləyicilər və ya oxucular arasında mənəvi körpüdür». Bədii ədəbiyyat hər yaşda insana bir şəxsiyyət kimi formalaşmaqda böyük təsir qüvvəsinə malikdir. Ədəbiyyatşünaslarımız fikirlərində haqlıdırlar ki, «bədii əsərlər keçmişi öyrənmək üçün tarix elmi ilə yol yoldaşıdır. Tarix elmi hadisəni tarixən səciyyələndirir, bədii ədəbiyyat tarixi keçmişlərdə cəmiyyət həyatını bədii boyalarla canlandırır, onu sanki göstərir, gərəkli şeyləri sevdirə, lüzumsuz şeyləri pisləyə bilir. Güman etmək olmaz ki, N.Gəncəvinin «Kərpickəsən qoca və gənc» hekayəsini oxuyan gənc onun didaktikasına biganə qalsın.
Mümkün deyil ki, Şirinin bəlalı həyatı gənc qızlar üçün ibrətli olmasın. Otello və Yaqo surətlərini oxuyub tanıyanlar bu iki təbiət sahibindən kimə rəğbət, kimə nifrət etmək lazım gəldiyini seçə bilməsinlər. Ola bilməz ki, Fərhadın, Məcnunun macəralarındakı romantik şərtilikləri gənclik çoxdan ötüb keçmiş əfsanə sayıb aşiqlərin dərdinə yanmasın. Bədii ədəbiyyat yalnız gəncliyə deyil, yaşlılara da ibrətli həyat məktəbi olub. Biliyi dərin olanlar «Xəmsə»dən, «Kitabi-Dədə Qorqud»dan, təriqət ədəbiyyatı xadimləri sufi şairlərdən öyrənirlər, öyrəndikcə mənən zənginləşirlər, sanki keçmişimizi görüb ayılmış kimi olurlar. Oxuculardan şair və yazıçılarımızın, dramaturqlarımızın aldığı yüzlərlə məktublarda yazılan əsərlər, oradakı obrazlara münasibət, hadisələrin oxucularda yaratdığı maraq, bir sözlə, bu əsərlərin oxuculara dərin təsir etdiyi danılmazdır. Böyük Vətən Müharibəsində silahla söz birliklə düşmən üzərində qələbəni təmin etdi. Odlu, alovlu, mübariz ruhlu əsərlərimiz döyüşlərdə qələbələr qazanmaqda, faşist Almaniyasının vəhşi simasını dünyada tanıtmaqda misilsiz rol oynadı. Səməd Vurğuna, Əhməd Cəmilə, Rəsul Rzaya, Süleyman Rüstəmə, Məmməd Rahimə döyüş bölgələrindən ünvanlanan məktublar... Və yaxud: Mir Cəlalın «Bir gəncin manifesti»i əsərini oxuyan rus uşağı yazıçıya məktub yazır, Qumrunun körpə qızının ağaca çırpılmasından nigaran qalıb, onun sağ qalıb-qalmadığını soruşur. Belə faktlar çoxdur. Bədii ədəbiyyatın təsir gücü böyükdür. Əsrinin, zəmanəsinin övladı olan yazıçı qabaqcıl fikirli «ictimai xadimdir», «xalqın tərbiyəçisidir».
XX əsrin mollanəsrəddinçilərini yada salaq. Bu məktəbin nümayəndələrinin «tutduğu yol xalq həyatı, mübarizə və arzularının təbliği üçün ən münasib, məqbul yol idi. Bu sənətkarlar xalqa nə demək lazım olduğunu bildikləri kimi, nəsə demək, hansı ədəbi formalardan, hansı sənət, üslub məharətindən faydalanmaq lazım olduğunu da yaxşı müəyyən etmişdilər. Bu sənətkarlar oxucunun qəflət yuxusunda nadanlıq tiryəki ilə zəhərlənən şüurunu ayıltmaq, onu mövhumi fikirlərin, vahimələrin, xürafatın paslı zənjirindən xilas etmək üçün ünasib üsul və formalar axtarıb tapırdılar. Bunun üçün düşmənin «öz müddəalarını öyrənib ifşa edirdilər».
Və yaxud, XX əsrin 30-cu illərində Stalinin mədhnamələri ədəbiyyata ayaq açanda nə qədər istedadlı qələm sahiblərimiz bu məfkurədən uzaq olduğundan damğalanıb tutuldu, məhv edildi, bununla belə, bir çoxları zəncirli, senzuralı ədəbiyyatı içindən dağıtdı, ona tənqidi münasibətini yaratdığı əsərləri ilə dedi. M. Hüseyn, İ.Əfəndiyev, İ.Hüseynov, B.Vahabzadə, F.Qoca, İ. Hüseynov, Anar, Elçin, Tofiq Bayram kimi onlarla istedadlar «sovet ictimai varlığının astarını üzünə çevirdilər».
Yüz ilə yaxın kökündən ayrı düşənlərimizin qəlbindəki türkçülük ideyaları bütün türk dünyasının daha da yaxınlaşmasını sürətləndirdi. Azadlıq ideyaları ilə köklənmiş, 1918-ci ildə qurulmuş, bolşeviklər tərəfindən süquta uğradılmış Xalq Cümhuriyyəti əsrin son illərində yenidən bərqərar oldu. Azərbaycan müstəqilliyini yenidən qanı bahasına əldə etdi, Müstəqil Azərbaycan Respublikasını, öz müstəqil dövlətini qurdu və ədəbi proses onun əsas hərəkətverici qüvvələrindən oldu. XX əsr ədəbiyyatımız möhtəşəm, köklü-köməcli, qollu-budaqlı, başı göylərə dəyən xan çinarlara bənzəyən bir ədəbiyyat olub, kökü tarixin minilliklərinə gedib çıxır. Azərbaycan ədəbiyyatı çox qədim ədəbiyyatdır. Bütün dünya xalqlarında olduğu kimi bizim ədəbiyyatımız da soyumuz, kökümüz tərəfindən yaradılmış kollektiv yaradıcılıq xüsusiyyətlərinə malikdir. Nəsildən-nəslə, ağızdan-ağıza keçərək daha da cilalanıb, uzaq keçmişimizdən üzü bəri qorunub saxlanıb. Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri, qədim dövrdən başlayaraq bu günədək inkişafı müəyyən qədər öyrənilib, tədqiq edilib. Ədəbiyyatımızın tarixini tədqiq edən alimlərimiz «bu ədəbiyyatın öz daxili aləmi, öz xüsusi qanunları ilə necə inkişaf etdiyini, hansı ənənələr əsasında hansı yeni nailiyyətlər əldə etdiyini, hansı yaradıcılıq prinsipləri, üsulları yaratdığını, hansı məktəblər, üslublar və fərdi istedadlarla tarixi zənginləşdirdiyi»ni üzə çıxarmağa çalışıblar.
VII əsrə qədərki Azərbaycan ədəbi prosesi folklorumuzda yaşayır. Bu dövrə qədərki ədəbiyyatımızdan danışarkən ortaq türk ədəbi abidələrinə üz tutmalıyıq. Hər bir xalq öz keçmişini öyrənmədən, onu bilmədən özünü dərk edə, bu gününü və sabahını qura bilməz. Xalqın bəsirət «işığı» sayılan ziyalı və gələcəyi olan gənclik də belədir: o, öz keçmişini bilməlidir, kökünü, əsil-nəsəbini, əcdadını tanımalı, mənsub olduğu xalqın mənəvi dünyası ilə yaxından tanış olmalıdır. Xüsusilə, indiki şəraitdə bu zamanın qarşıya qoyduğu zəruri tələbdir. Azərbaycan xalqının mənşə tarixi, milli mənsubiyyəti - onun soykökü çox əski dövrləri özündə ehtiva edir: «Azərbaycan xalqının mənşəyi, soykökü və inkişaf yolunu üç mühüm mərhələ üzrə öyrənmək, tədqiq etmək olar:
1. Şumer (Sumer)-türk mərhələsi. Miladi tarixdən öncəki III-II minilliklər (və ondan əvvəlki dövrlər);
2. Turan-İskit (skif)-türk mərhələsi - (massaget, sak, hun, kaspi və onların yeni eradakı davamı olan hun, az, basil, bulqar, sabir//savir, xəzər və b.) - miladi önjəki son minillik və miladi tarixin ilk yüzillikləri;
3. Türk mərhələsi: (ə n q ə d i m t ü r k: bulqar, uyğur, çuvaş, yakut və b.; q ə d i m t ü r k: oğuz, tuvin, xakas, şor və b.; y e n i t ü r k: azərbaycan, qaqauz, qıpçaq, peçeneq, poloves, salar, türkmən, özbək, cığatay və b. «ə n y e n i türk: başqırd, qazax, qaraqalpaq, qırğız, kumık, noqay, tatar, ğoyrot və b.- miladi tarixin başlanğıjından bu günə qədərki dövr».
Ümumtürk dünyasının şah əsərləri qədim dünyamızın ulu kitabəsi «Bilqamıs» və ümumən Şumer-Babil mədəniyyəti, «Avesta», «Orxon-Yenisey kitabələri», «Dədə Qorqud» kitabı sayılır. Nizaminin «Xəmsə»si də bu dühalardan biridir. Və buna görə də onun tarixi, mədəniyyəti kimi ədəbiyyatı da ümumtürk xalqlarının ədəbiyyatı ilə bağlıdır. Və alimlərimiz həm də bu fikirdədirlər ki, Azərbaycanın, bir sözlə, bütün türk xalqlarının «xəmiri» əzəldən şeirlə yoğrulub. «Ümumtürk kökündə «Göy Tanqrı» - “Avesta” müqəddəs dini kitabı və «Bilqamıs»//»Gilqamış» dastanı, türklərdə «Alp ər Tonqa», azərbaycanlılarda «Dədə Qorqud», özbəklərdə «Alpamıs//Alpamış», qırğızlarda «Manas», başqırdlarda «Uralbatır» və s. dastanları məhz şeirlə nəsrin vəhdəti - növbələşməsilə yaranmış dünyəvi sənət inciləridir. Türk xalqları hələ «bələkdə» ikən şeirlə nəfəs alıb, ona şeirlə ana laylası çalınıb; çox vaxt onun fəlsəfəsi şeirlə yazılıb, hətta bəzən lüğət kitabları şeirlə düzülüb-qoşulub» (E.Əlibəyzadə).
Bu poetik ruhun məhz 8-10 min illik, bəlkə də 12 min illik tarixi olan qədim abidələrdən gəldiyi fikrində bir məntiq var. Dünya ədəbiyyatına bir-birindən dəyərli, nadir incilər bəxş edən Azərbayjan ədəbiyyatını yaradan Azərbaycan kimi möhtəşəm xalq var. Tarixin müəyyən mərhələlərində dağıdılan, talanan, parça-parça qoparılan, İrana, Rusiyaya zorla qatılan, qonşusu tamah salan qərbli, şimallı, cənublu, şərqli bütöv bir Azərbaycan var ki, bu gün öz mədəniyyəti, tarixi, ədəbiyyatı ilə qürur duyur. Aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi mədəniyyət qalıqları, qədim kitabə və abidələr, antik müəlliflərin əsərlərində inqilabdan sonra aparılan tədqiqatlar sübut edir ki, Azərbaycan Şərqin ən qədim mədəniyyət ölkələrindəndir.
Yazılı ədəbiyyatdan əvvəl yaranmış ədəbi dövr haqqında tarixçilərin qələmə aldığı əsərlərdə, salnamələrdə yarı gerçək, yarı əfsanə olan rəvayətlər, əfsanə və əsatirlər, etnoqrafik məlumatlar Azərbaycan ədəbiyyatının çox zəngin qədim şifahi ədəbiyyatının varlığından xəbər verir. Qədim Azərbaycanın ədəbiyyatı ortaq türk mədəniyyətinin, ədəbiyyatının tərkib hissəsi olub, çox böyük inkişaf yolu keçib. Eramızdan neçə-neçə əsr əvvəl yaranmış «Avesta» abidəsində, şifahi xalq yaradıcılığında - əsatir, nağıl, dastan, əfsanələrdə, yazılı ədəbi nümunələrdə - Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin ölməz əsərlərində dərin fəlsəfi fikirlər, hikmətli ifadələr yaşayır. Fəlsəfi fikir bədii yaradıcılığımızla, söz sənətimizlə möhkəm bağlı olub. Böyük sənətkarlarımızın söylədiyi dahiyanə fikirlər bədii və fəlsəfi təfəkkürün vəhdətindən yaranıb. Xalq ədəbiyyatımız dərin fikirlərlə, hikmətlə, fəlsəfə ilə zəngindir. Şeir, sənət, söz bahadırlarının hikmətli sözləri dildən-dilə keçdikcə, büllur sellər axınında zərgər əlinə düşdükcə elə cilalanıb ki, min illər keçsə, yenə də öz dəyərini, qiymətini saxlayacaq.
«Azərbaycan ədəbiyyatı keşməkeşli bir təkamül, inkişaf yolu keçib. Onun ilk izləri Midiya əfsanələrində, «Avesta»da axtarılır. Qədim türkdilli yazılı abidələrimizin Azərbaycan ədəbiyyatının təşəkkülündə diqqətəlayiq rol oynadığı getdikcə daha artıq yəqinləşir. Bu ədəbiyyat yalnız Azərbaycan sərhədləri daxilində deyil, İranda, Türkiyədə, İraqda, Hindistanda, Suriyada... belə yaradılıb və bəzən indi də yaradılır. Onun nümayəndələri yalnız doğma dilin deyil, ərəb-fars dillərinin bədii abidəsi kimi şöhrət qazanmış əsərlərin müəllifləridir» (Araz Dadaşzadə).
Yeni eranın başlanğıcından VII əsrə qədər Azərbaycan mədəniyyəti müxtəlif inkişaf dövrləri keçirib: «Hələ Sasanilər dövründə, Azərbaycan xalqının şimal və cənub düşmənlərinə qarşı mübarizə illərində ölkəni müdafiə məqsədilə tikilən qalalar, çəkilən sədlər, burada memarlıq işini qüvvətləndirmişdi”.
Gülxani Pənah,
ədəbiyyatşünas
Xalaq Cəbhəsi.- 2015.- 11 noyabr.-
S.14.