Əhali qruplarının
hüquqlarının müdafiəsi
VI yazı
Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı bildirilir ki, beynəlxalq qurumların, dünya ictimaiyyətinin gözü önündə Ermənistan Respublikası hələ də ölkəmizin ərazi bütövlüyünü tanıyan və BMT tərəfindən qəbul olunmuş məlum qətnamələrin tələblərini yerinə yetirmir. Dünya birliyinin bərabərhüquqlu üzvü olan suveren Azərbaycan Respublikasına qarşı yürüdülən bu işğalçılıq və terrorçuluq siyasəti nəticəsində bir milyona yaxın insanın beynəlxalq hüquqla tanınmış bir çox hüquq və azadlıqları pozulmaqda davam edir: “2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadratmetr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilib, 120 orta ümumtəhsil məktəbi, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometr yol, 644,0 kilometr su, 1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilib, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılıb. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Təkcə 2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf olunub ki, bunun 300 milyon dollarını komitənin, qalan 400 milyon dollarını isə Dövlət Neft Fondunun büdcəsi təşkil edir. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilib, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Həmçinin Dövlət Proqramının və ona edilmiş əlavələrin icrasına uyğun olaraq, məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunub. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ilə müqayisədə 9 dəfə çoxdur”.
Müvəkkil məcburi köçkünlər üçün yeni salınmış, qaz, işıq, su ilə təchiz edilmiş, 200-dək ailənin yaşadığı Bərdə rayonunun Təhlə qəsəbəsinə gedərək orada tikilən evlərə baxıb, sakinlərlə görüşüb, onların vəziyyəti, hüquqlarının təmin olunması ilə maraqlanıb, yaradılan infrastruktur, o cümlədən məktəblər, tibb məntəqəsi barədə ətraflı məlumat alıb: “2013-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığa da xüsusi önəm verilib. Respublikamızın Xocalı şəhərində törədilmiş soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı Müvəkkil bəyanatlar verib, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarına ünvanlayıb. Müvəkkilin və əməkdaşlarının xarici ölkələrə işgüzar səfərləri zamanı bütün beynəlxalq tədbirlərdə xalqımızın üzləşdiyi bu faciələri özündə əks etdirən çoxsaylı ədəbiyyat, bəyanatlar və disklər paylanıb”.
Həbsdə saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi ilə bağlı bildirilir ki, Müvəkkil məhkumların və həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirib. Həm daxil olmuş müraciətlərin araşdırılması zamanı, həm də keçirilmiş baxışlar zamanı bu kateqoriyaya aid olan şəxslərin şərəf və ləyaqətinin müdafiəsi, işgəncəyə məruz qalmamaq, sağlamlığın qorunması, müraciət etmək, hüquqi yardım almaq hüququnun gerçəkləşdirilməsi və digər hüquqlarının təmin edilməsi diqqət mərkəzində olub: “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərin muasir standartlara uyğunlaşdırılması istiqamətində yenidən qurulması, saxlanılma şəraitinin yaxşılaşdırılması, bu müəssisələrdə insan hüquqlarının etibarlı təmin edilməsi və məhkumların islah olunmasına istiqamətlənmiş tədbirlər davam etdirilib. Həyata keçirilmiş tədbirlər və tətbiq edilmiş yeniliklər nəticəsində qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, intizamın gücləndirilməsi üzrə ardıcıl işlər görülüb, həbsdə saxlama yerlərinin və penitensiar müəssisələrin işinə nəzarət gücləndirilib.
Şəkidə təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və gələcək sosial adaptasiyasına xidmət edəcək, konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən penitensiar kompleks istifadəyə verilib. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, ölkə Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2013-cü il 14 oktyabr tarixli Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 134 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 şəxs, islah işləri cəzasına məhkum edilmiş 1 şəxs, cərimə cəzasına məhkum edilmiş 16 şəxs cəzadan azad edilib. Ölkəmizdə qısa müddətdə ümumilikdə 10 amnistiya aktı qəbul olunub, 55 əfv fərman və sərəncamları imzalanıb, minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşub.
Penitensiar müəssisələrdə mədəni-kütləvi tədbirlərin, cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə təsdiq etdiyi planlar üzrə tədbirlərin keçirilməsi davam etdirilib.
Məhkumların saxlanılma şəraitinin və onlara qarşı rəftar məsələlərinin araşdırılması məqsədilə Müvəkkil və aparatın əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində mütəmadi baxışlar keçirib, saxlanılan şəxslərlə və məhkumlarla görüşmüş, onların problemləri ilə tanış olublar. Aşkar edilmiş qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib, zəruri hallarda isə Ədliyyə Nazirliyinə müraciətlər edilib, nəticədə bir sıra çatışmazlıqlar aradan qaldırılıb”.
Baxışlar zamanı, bir qayda olaraq, məhkumların pis rəftara məruz qalmaması, habelə seçki hüququnun, vicdan, əqidə və dini azadlıqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması vəziyyətinə xüsusi diqqət yetirilib. Eyni zamanda məhkumlar pensiya təminatı, sağlamlıq, ailə və digər problemləri ilə bağlı müraciətlər də ediblər ki, bunlar Müvəkkilin müdaxiləsi nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həllini tapıb: “Penitensiar müəssisələrə baxışların nəticəsi olaraq, Müvəkkil tərəfindən nazirliyə, habelə onun müvafiq xidmətinə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə davamlı olaraq təklif və tövsiyələrlə müraciətlər edilib, səmərəli tədbirlər görülüb”.
Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi ilə bağlı vurğulanır ki, qadınların səlahiyyətlərinin genişləndirilməsinə nail olmaq məqsədilə prioritet tədbirlərin həyata keçirilməsi sahəsində fəaliyyət bir neçə istiqamətdə həyata keçirilib: “Müvəkkil yoxsulluğun azaldılmasına yönəlmiş proqramlarda qadınların işlə təmini, onların iqtisadi imkanlarının genişlənməsi məqsədilə mikrokreditlərin və digər maliyyə vəsaitlərinin verilməsi, gəlir gətirən fəaliyyət növlərinin təşkili, təhsil və tibbi xidmətlərdən istifadə imkanlarının genişlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Qadınların işə bərpa, dərs yükü, münasibətlərdə pis rəftar, zorakılıq halları ilə bağlı müraciətlərinə də həssaslıqla yanaşılıb, bir sıra problemlərin həllinə nail olunub. Reproduktiv sağlamlıq, sağlam fizioloji doğuş problemləri, ana və uşaq ölümü hallarının öyrənilməsi məqsədilə doğum evlərinə baxışlar keçirilib, burada vəziyyətin, hamilə və yeni doğulmuş körpələrə tibbi xidmətin, patronaj sisteminin təkmilləşməsi
vəziyyəti öyrənilib.
Qeysəriyyə əməliyyatının lüzumsuz tətbiqinin aradan qaldırılması, gənc nəslin milli adət-ənənələr, ailə mədəniyyəti çərçivəsində tərbiyələndirilməsində maneələr törədən əxlaqsızlıq yuvalarının aşkarlanması, ləğvi və onları saxlayan şəxslərin cəzalandırılması, erkən nikah və qüsurlu körpələrin doğulmasının qarşısının alınması kimi məsələlər qaldırılıb. Qadın və yeniyetmə qızların hüquqlarının müdafiəsi, qeyd olunan problemlərin həlli, o cümlədən müraciətlərdə qadın hüquqlarının pozulması hallarının aradan qaldırılması məqsədilə səlahiyyətli dövlət qurumları qarşısında məsələlər qaldırılıb və bir çox hallarda müsbət nəticələr əldə edilib.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 11 noyabr.-
S.13.