ABŞ-ın nüfuzlu portalında Elxan
Süleymanovla müsahibə
“AŞPA-nın
Siyasi Məsələlər Komitəsi Ermənistan silahlı
qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ
və işğal edilmiş digər ərazilərindən
geri çəkilməyə çağırır”
Amerika Birləşmiş Ştatlarının postsovet məkanını
öyrənən nüfuzlu mərkəzinin www.cxssr.org
portalında millət vəkili Elxan Süleymanovla müsahibə
dərc olunub.
Müsahibənin tərcüməsini oxucularımıza təqdim
edirik:
“Paris, 4
noyabr 2015-ci il: Bir neçə saat davam edən olduqca gərgin
müzakirələrdən sonra AŞPA Siyasi Məsələlər
Komitəsi 26 səs lehinə, 10 səs əleyhinə və 3
səs bitərəf olmaqla, böyük çoxluqla qətnamə
qəbul etdi. Qətnamə Assambleyaya “Ermənistan
silahlı qüvvələrini Azərbaycanın Dağlıq
Qarabağ və işğal edilmiş digər ərazilərindən
geri çəkilməyə və bu ərazilərdə Azərbaycanın
tam suverenliyini təmin etməyi” təklif etməyə
çağırır.
Uzun illər boyu aparılan kəskin mübarizədən
sonra bu, Azərbaycanın AŞPA beynəlxalq parlament təşkilatının
diqqətini yenidən bu məsələyə yönəltmək
üçün göstərdiyi səylərində əldə
etdiyi mühüm nailiyyətdir.
Qətnamə
eyni zamanda “D.Əsgərov və Ş.Quliyevin Dağlıq
Qarabağın tanınmamış “məhkəmələri”
tərəfindən qanunsuz məhkum edilməsi və orada həbslərinin
davam etməsinə birbaşa aidiyyəti olan bütün tərəfləri
onların işğalçı qüvvə olan Ermənistan
tərəfindən dərhal azadlığa
buraxılmasını təmin etməyə”
çağırır.
Bundan əlavə, qətnamədə bildirilir ki,
“Assambleya Ermənistanın Parlament Assambleyasındakı
nümayəndə heyəti və Ermənistan hökumətinin
bu məruzənin hazırlanmasında əməkdaşlıq
etməməsini kəskin pisləyir. Assambleya hesab edir ki,
belə rəftar Ermənistanın Avropa Şurası
qarşısındakı öhdəliklərinə ziddir və
bu mənada hansı tədbirlər görülə biləcəyini
nəzərdən keçirməyi və gələcəkdə
məruzəçilərin öz mandatlarını icra etməsinə
maneə yaradılmayacağını təmin etməyi
tapşırır.” Məruzəçi Robert Volter (Birləşmiş
Krallıq) əsas nitqi zamanı dəqiqləşdirdi ki,
Assambleya Ermənistanın əməkdaşlıq etməməsini
Assambleya Qaydalarının pozulması halı hesab etməlidir
və təkid etdi ki, bu, AŞPA-nın Qaydalar Komitəsi tərəfindən
araşdırılsın, bunun isə Ermənistan nümayəndə
heyətinə qarşı sanksiyalarla nəticələnəcəyi
gözlənilir.
“Nəhayət, uzun illərin ümidsiz sükutundan sonra
Azərbaycanın Dağlıq Qarabağ və işğal
edilmiş digər ərazilərinin Ermənistan tərəfindən
qanunsuz işğalı yenidən tamamilə beynəlxalq
gündəmdədir”, - deputat Elxan Süleymanov
vurğuladı.
Süleymanovun bu məsələni beynəlxalq siyasi
gündəmə gətirmək üçün təxminən
3 ildən bəri irəli sürdüyü bir neçə təşəbbüsün
qarşısı alınmışdı və Ermənistan dəstək
göstərən deputatlara tərəddüd etmədən
mane olmuşdu.
Belə rəftar bu dəfə eynilə Parisdə
müşahidə edildi. Həlledici səsvermə zamanı erməni
deputat əllərini qaldırmaqla, Azərbaycanın xeyrinə
səs verən deputatların şəkillərini mobil telefonu
ilə çəkməyə başladı. Erməni deputatın məqsədi sonradan deputatlara
açıq-aşkar təzyiq göstərmək, hətta
onları şantaj etmək idi. Ermənilərin
bu ədəbsiz və qalmaqallı rəftarı, əxlaqi
qaydalara zidd hərəkət kimi, bir çox deputatlar tərəfindən
böyük etirazla qarşılandı, lakin qərəzli
katiblik bu erməni deputatına mane olmadı. Əksinə, Azərbaycanın böyük qələbəsi
ilə nəticələnən yekun səsvermədən sonra
baş katib Saviçki (yalnız mühüm vəziyyətlərdə
lazım olduğundan, o da iclasda iştirak edirdi) Komitənin qərarına
kəskin etirazını artıq gizlədə bilmədi.
Onun açıq neqativ jestləri bir çox
deputatları heyrətləndirdi. O, dərhal və hiddətlə
iclas otağından çıxıb, açıq-aydın
bir neçə olduqca təcili zəng etmək
üçün kiçik kabinetə keçdi. O, kimə zəng
edirdi? Biz yalnız güman edə bilərik, lakin şübhəsiz,
bu, Azərbaycan nümayəndə heyətini təbrik etmək
üçün edilən zəng deyildi... Bütün
bunlardan təxminən bir saat sonra bir neçə Avropa
ölkəsinin deputatlarına artıq öz hökumətlərindən
erməni rəsmilərinin ermənilərin məğlubiyyətindən
narahat olması barədə zənglər gəlməyə
başladı. Avropalı deputatlara öz səslərini
yenidən nəzərdən keçirmək üçün
böyük təzyiq göstərilir, erməni rəsmiləri
hətta onları açıq-aydın şantaj edirdi. Ermənilər təzyiqin bütün növlərindən,
əsasən geostrateji və dini ruhlu təzyiqdən istifadə
edirdi, lakin aydındır ki, onlar Azərbaycan ərazilərini
qanunsuz işğal etmələri məsələsinə
birbaşa aidiyyəti olan tək bir arqumentdən istifadə
etmirlər. Onlar müsəlman ölkəsi
olan düşmən Azərbaycana qarşı hər zaman
böyük beynəlxalq xristian icmasına
çağırış edirlər, halbuki din
baxımından Azərbaycanın Ermənistandan daha tolerant
olduğu hamıya məlumdur. Ermənilər
hətta müvafiq arqumentləri olmadıqda belə, Azərbaycanın
iddialarının düzgün və ədalətli
olduğunu qəbul edə bilmirlər.
Biz yalnız ümid edə bilərik ki, Parisdə Azərbaycanın
lehinə səs vermiş bütün deputatlar güclü
iradə nümayiş etdirib, ermənilərin bu böyük
və çox mütəşəkkil təzyiqinə
müqavimət göstərə biləcək və haqq
işimizi gələcəkdə də müdafiə edəcəklər.
Hadisələr
2013-cü
ilin aprel ayında Elxan Süleymanovun və AŞPA-dakı 24 həmkarının
imzası ilə irəli sürülən və beynəlxalq
ictimaiyyətin Dağlıq Qarabağ və 7 ətraf rayonu
Ermənistan tərəfindən qanunsuz işğalına
göz yummasını tənqid edən ilk qətnamə layihəsi
2013-cü ildə Strasburqda keçirilmiş yaz sessiyasında
Assambleyanın o vaxtkı prezidenti cənab Minyonun veto qərarı
ilə rədd edilmişdi.
Elxan
Süleymanov izah edir: “Mən 9 may 2013-cü ildə
AŞPA-nın 31 üzvü ilə birlikdə yeni qətnamə
layihəsi irəli sürdüm və bu qətnamə layihəsinə
Assambleya Prezidenti tərəfindən veto qoyulmasa da, bu dəfə
onun dəsətyi ilə Sədarət Komitəsində sənədin
qarşısı alındı”. Beləliklə, 2013-cü ildə
irəli sürülmüş hər iki qətnamə layihəsi
qaydalara açıq-aydın müvafiq olsa da, ədalətli
olaraq gözlənilən siyasi reaksiyaya nail ola
bilmədi. “Nə üçün? Nə üçün AŞPA erməniləri
kor-koranə dəstəkləyir, Azərbaycanın ədalətli
hüququna isə məhəl qoymur? Təkrarlanan bu hərəkətlər
nə məqsəd daşıyır?”, -
Süleymanovun bu sualları cavabsız qaldı.
Sərsəng
su anbarı
Lakin asanlıqla təslim olmaq Süleymanovun üslubu
deyil.
İşğal edilmiş ərazilərə dair istənilən
ümumi müzakirənin qarşısı alındıqdan
sonra o, nəzarətsiz Sərsəng su anbarının strateji
əhəmiyyətini və yaratdığı həqiqi təhdidi
vurğulayaraq, bu müzakirənin təcililiyini nümayiş
etdirdi: “Mən 26 iyun 2013-cü ildə AŞPA-nın 18
müxtəlif ölkəsindən olan 45 deputatın imzası
ilə üçüncü qətnamə layihəsini irəli
sürdüm. Bu qətnamə layihəsi Azərbaycanın
işğal edilməmiş ətraf rayonlarının ən
azı bir milyona yaxın azərbaycanlı əhalisi
üçün həyati əhəmiyyətə malik Sərsəng
su anbarının işğal nəticəsində
baxımsızlıqdan çox bərbad və təhlükəli
vəziyyətə düşməsinin fövqəladə hal
yaratdığını vurğulayaraq, AŞPA-nı dərhal
və təcili siyasi tədbir görməyə
çağırır.” Lakin bu qətnamə
layihəsi də Prezident və Sədarət Komitəsi tərəfindən
rədd edildi. Bu yeni uğursuzluq
çoxlarını məyus edərdi, lakin Elxan Süleymanovu
yox.
O, 1 apreldə
Sərsəngə dair yeni qətnamə layihəsi
hazırladı və əhəmiyyətli səylərdən
sonra qərarvericiləri sənədin Büro tərəfindən
məruzə və müzakirə üçün Sosial Məsələlər
Komitəsinə yönləndirilməsinə inandıra bildi.
Elxan Süleymanov: “Bu, irəliyə doğru atılmış
böyük addım idi, çünki uzun illərdən bəri
ilk dəfə belə mövzuda hər hansı məruzə
barədə razılığa gəlindi. İndi
biz ümidvarıq ki, 2015-ci ilin əvvəlinə qədər
Sərsəng su anbarına dair bu məruzənin nəticəsi
ədalətli, bitərəf və hərtərəfli
olacaqdır.”
Ermənistana qarşı sanksiyalar?
Bu arada Elxan Süleymanovun təşəbbüsü əsasında
Ermənistanın Azərbacyan ərazilərinin silahlı işğalını
davam etdirdiyinə görə Ermənistan nümayəndə
heyətinə qarşı sanksiyaların tətbiqini tələb
edən yeni qətnamə layihəsi 18 iyun 2014-cü ildə
AŞPA-nın internet səhifəsində dərc edildi. Bu sənəd
AŞPA-nın 14 üzv dövlətini təmsil edən
azı 58 deputat tərəfindən imzalanmışdı.
Lakin
AŞPA-nın Baş Katibi cənab
Saviçki erməni maraqlarının məşəlini uca
tutaraq, qətnamə layihəsinə qarşı saxta prosedur
etirazı qaldırdı.
Buna
baxmayaraq, o, etirazını əsaslandırmaq
üçün heç bir “qayda”nı
sitat gətirə bilmədi. Lakin Süleymanov bu
məqamdan istifadə edərək, yeni qətnamə layihəsi
təklif etdi. “İkicə saat ərzində 16 üzv
dövlətdən olan həmkarlarımdan 28 yeni imza
topladım və hələ əvvəldən bizə
qarşı mübarizə aparan cənab Saviçki bu hərəkətə
elə təəccübləndi ki, yeni qətnamə layihəmi
qəbul etməli oldu!”
Ancaq mübarizə başa çatmamışdı. Elxan Süleymanov Büronun
cümə günü, 27 iyun 2014-cü il
tarixli iclası barədə şərh verir: “Qurumun əməkdaşı
kimi bitərəf olması hesab edilən cənab Saviçki
təşəbbüsümü hətta
açıq-aşkar Ermənistana qarşı provokasiya, təklif
edilən məruzə başlığını isə
tamamilə qəbuledilməz adlandırır. Ermənilərin
qəyyumunun maskası düşür!” Büro
iclası Katibliyin müəyyən ziddiyyətli müdaxilələrindən
sonra tam çaşqınlıq vəziyyətində bitir və
qərar yenidən Büronun Parisdə keçiriləcək
2014-cü il sentyabr iclasına qədər
təxirə salınır. “Bu qədər çox yalan, bu qədər
çox maneə və təxirəsalmalardan sonra 2 sentyabr
2014-cü il tarixli Paris iclası” Elxan
Süleymanov üçün “qərarverici olmalıdır.”
Xoşbəxtlikdən, Parisdə sağlam
düşüncə Katiblik rəhbərinin davamlı manevrlərinə
üstün gəldi. Qətnamə layihələri 20 səs
lehinə, 5 səs əleyhinə olmaqla, məruzə
üçün Siyasi Məsələlər Komitəsinə
yönləndirildi. Lakin cənab Saviçki asanlıqla
təslim olmur: o, Büroya xəbərdarlıq edir ki, qərar
hələ Palata tərəfindən ratifikasiya edilməlidir və
Komitədə hələ də sual altına qoyula bilər. “Şübhəsiz, Paris qələbəsi, Elxan
Süleymanov üçün tarixi gün idi, lakin
açıq-aşkar aydın oldu ki, növbəti ay ərzində
bütün hücumlar bərpa olunacaq. Məhz bu da baş
verdi.”
Növbəti
döyüş
Bazar ertəsi,
29 sentyabr saat 15:00, Plenar iclas: Dağlıq Qarabağ və
işğal edilmiş digər ərazilərə dair məruzənin
ratifikasiyası, səsvermələr
Həftənin
ən mühüm anı, şübhəsiz, bazar ertəsi
aralıq məruzəyə dair müzakirə və səsvermələr
oldu, belə ki, buraya Azərbaycanın Dağlıq Qarabağ
və işğal edilmiş digər ərazilərinə dair
məruzə hazırlanması barədə Büronun qərarının
Parisdə Palata tərəfindən ratifikasiyası daxildir. Normal halda bu məruzə Büronun qərarları
ilə birlikdə həmişə səsvermə keçirilmədən,
yekdilliklə qəbul edilir. Məruzənin təşəbbüskarı
Elxan Süleymanov da təəccüb içində idi: “Bazar
ertəsi günorta iclasında Palatada bu dəfə bu qədər
çox deputatın iştirakı çox qəribə idi.
Aydındır ki, bütün bunlar erməni diplomatların
güclü lobbiçiliyi və səfərbərliyinin nəticəsi
idi, belə ki, onlar son həftələr ərzində
Avropanın bütün paytaxtlarında deputatları bazar ertəsi
iclasda iştirak etməyə və Büronun qərarını
ratifikasiya etməməyə inandırmaq məqsədilə
onların hər birinə müraciət
ünvanlamışdı. Lakin həmin deputatların
çoxu ermənilərin hiyləgər planları barədə
özləri mənə məlumat verdi,
ona görə də biz hazır idik.”
Bütün ermənilər çıxış edərək,
Büronun qərarını kəskin tənqid etdilər və
bu məsələnin ATƏT-in Minsk Qrupunun səlahiyyətində
olduğunu və heç kəsə bunu müzakirə etməyə
icazə verilmədiyini hiddətlə bildirdilər. Elxan Süleymanov bildirdi:
“Lakin bu, məndə təbəssüm oyatdı,
çünki açıq-aşkar onların özünə
qarşı çevriləcək arqument idi: Parlamenti onun səlahiyyətli
olmadığına inandıraraq, sonra necə onun rəğbətini
qazanmaq olar?”
Digər
bir neçə deputat Azərbaycanın xeyrinə əlavə
arqument kimi, məruzəyə dəstək olaraq, Parisdə 20
səs lehinə, 5 səs əleyhinə olmaqla nəticələnən
böyük çoxluğu xatırlatdı. İki
saatlıq müzakirədən sonra səsvermə
keçirildi. Bu, qətnamə layihəsinin müəllifi
Elxan Süleymanovun həyatında ən gərgin anlardan biri
idi: “Ermənilərin qətnamə layihəmin məruzə
üçün yönləndirilməsinin qarşısını
almaq üçün etdikləri təklif 74 səs əleyhinə,
41 səs lehinə və 13 səs bitərəf olmaqla, rədd
edildi. Azərbaycanın bu parlaq qələbəsi
bir çox dostlar tərəfindən alqışlandı,
lakin mən anladım ki, məruzənin adını təsdiqləmək
və Komitədə məruzəçi təyin etmək
uğrunda mübarizə hələ davam etdirilməlidir.”
Çərşənbə,
1 oktyabr, saat 14:00, Siyasi Məsələlər Komitəsi: Səsvermə
vasitəsilə Ermənistan tərəfindən məruzənin
rədd edilməsi, başlığın dəyişdirilməsi,
məruzəçinin təyin edilməsi istiqamətində
son cəhdi.
İclasda iştirak edən 70-ə yaxın deputat əvvəlcə
ermənilərin bu məruzənin başlanmasını rədd
etmək üçün göstərdiyi son cəhd ilə
qarşılaşdı. Lakin Palatada aparılan müzakirələrdən
bəri ermənilərin arqumentlərinin etibarlı
olmaması deputatların böyük əksəriyyətinə
aydın oldu. “Ermənistanın mövqeyi
yalnız 3 deputat tərəfindən dəstəkləndi,
halbuki onlarla deputat öz istəkləri ilə Azərbaycanın
mövqeyini dəstəklədi. Bu məndə həqiqi
ümid yaratdı ki, ola bilsin, bu gün mən ölkəm
üçün tarix yaza bilərəm!”,-
deyə Süleymanov bildirdi.
Gözlənildiyi kimi və hiyləgər Baş Katib
Saviçkinin proqnozlaşdırdığı kimi, məruzənin
adı, “Azərbaycanın Dağlıq Qarabağ və
işğal edilmiş digər ərazilərində gərginliyin
artması” ermənilərin qərəzli, faydasız
etirazına səbəb oldu. Məruzənin adı
səsvermə vasitəsilə təsdiq edildikdən sonra ermənilər
Komitə otağının qapılarını
çırpdı. Onların mübarizəsi
sona çatdı.
Lakin hər
şey hələ qabaqda idi! Məruzəçinin
təyin edilməsi ən son, lakin şübhəsiz, məruzənin
özü başlamazdan əvvəl ən vacib qərar idi.
Yeganə namizəd cənab Bob Volter qrup rəhbərləri
tərəfindən qeyri-rəsmi qəbul edildi və onun təyin
ediləcəyi güman olunurdu. Lakin son məqamda
Sosialist qrupunun rəhbəri cənab Qross Assambleyanın
keçmiş prezidenti cənab Minyonun namizədliyini irəli
sürdü..! Komitədə hər kəs
keçmiş prezident səlahiyyətinə malik şəxsin
daha müvafiq namizəd olduğunu anlayaraq, bu təklifə təəccübləndi.
“Bu son gizli hiylə mənim üçün qəbuledilməz
idi. Minyon
öz prezidentliyi dövründə iki dəfə bu məruzəyə
veto qoyduğu üçün onun bu sənədə
qarşı çıxacağı məlum idi. Belə bir adam necə məruzəçi kimi təklif
oluna bilər? O, bir neçə gün əvvəl namizəd
idi, daha sonra geri çəkilir və indi yenidən önə
çıxır. Ermənistan nümayəndə
heyətinin üzvləri iclasda “iki ölkə arasında
dialoqun tərəfdarı olduğu üçün məruzəyə
etiraz etdiklərini” bildirərək, Minyonun əvvəllər
istifadə etdiyi ifadələri eynilə işlətdi.
Bu isə onun ermənilərə və erməni diasporuna nə
dərəcədə yaxın olduğunu bir daha göstərir”,- deyə Süleymanov bildirir. Süleymanov
sözlərinə davam edir: “Bundan başqa, məhz o
vaxtkı prezident Minyon Dağlıq Qarabağ üzrə alt
komitənin fəaliyyətini dayandırmışdı. Belə qərar onun “dialoq tərəfdarı”
olmasından irəli gəlirdimi? Minyon yaxşı bilir
ki, ermənilər işğal etdikləri ərazilərdə
törətdikləri cinayət əməlləri ilə
üzləşməmək üçün “dialoqu gücləndirmək”
üçün heç bir iclasda iştirak etməyiblər”,- deyə Elxan Süleymanov öz nitqini
tamamladı.
“Mən Komitə iclasında cənab Minyonun qərəzli
mövqeyini bütün komitə üzvlərinə ifşa
etdim və hamısını onu dəstəkləməməyə
çağırdım. Səsvermə keçirildi: cənab Volter çox
aşağı nəticə ilə, lakin nəhayət ki, ədalətli
olaraq 35 lehinə, 32 səs əleyhinə olmaqla, cənab
Minyona qalib gəldi!”
Cənab
Volter tərəfindən məruzənin və qətnamənin
hazırlanması
Cənab Volter Azərbaycan və Ermənistan hökumətlərinə
ünvanlanan eyni məktubda hər iki ölkəyə və hər
iki tərəfdən işğal edilmiş ərazilərə
və təmas xəttinə səfər etmək niyyəti ilə
bağlı təklif etdi. O, Azərbaycan hökuməti tərəfindən
müvafiq olaraq tam əməkdaşlıq və səfərlərlə
təmin edildi. Onun Ermənistan hakimiyyətinə
ünvanladığı heç bir müraciətə konkret
cavab gəlmədi. Ermənistan onun
mümkün səfərlərini müxtəlif əsassız
bəhanələrlə yenidən və yenidən təxirə
saldı.
Ermənistan strategiyası həmişə olduğu
kimi, 20 ildən bəri status-kvonun saxlanılması və
mövcud çıxılmaz vəziyyətin aradan
qaldırılması ilə bağlı istənilən
müzakirəyə icazə verilməməsi barədə təkid
edirdi.
Cənab
Volter Ermənistanın bu qəbuledilməz
davranışını qətnamədə düzgün
şəkildə vurğulayır: “Assambleya qeyd edir ki, 600,000
məcburi köçkünün regiondan köçkün
düşməsi status-kvonun qəbuledilən
olmadığına və sırf bir tərəfin xeyrinə
“post-faktum” hesab edilmədiyinə dəlalət edir.”
AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən
qəbuledilən bu məruzə və qətnamə indi
AŞPA-nın rəsmi sənədidir.
Azərbaycanın
hər iki məruzədən gözləntiləri nə ola bilər?
Sərsəng
məruzəsi
Məruzəçinin faktaraşdırıcı səfərləri
və dəyərləndirmələr barədə məruzə
etməsi gələcək faciə barədə məlumatlılığı
xeyli artıra bilər. Bitərəf beynəlxalq ekspert Sərsəng
su anbarının pis vəziyyətdə olduğunu və
orada yaşayan minlərlə insan üçün
yaratdığı təhlükəni sübut edəcək.
Belə olan halda sanksiyalara
çağırış nəticə etibarilə
qaçılmaz olacaq və bu, su anbarını ədalətli
sahibi olan Azərbaycana qaytarmaq üçün mümkün hərəkətverici
qüvvəsi kimi icra edilə bilər.
Su çatışmazlığı yaxın gələcəkdə
milyonlarla insanı təhlükəyə atacaq qlobal problemə
çevrilməkdədir. Birləşmiş
Millətlər Təşkilatı proqnoz verir ki, Azərbaycan
2018-ci ilə qədər dünyada su
çatışmazlığından əziyyət çəkən
ölkələr arasında 37-ci yerdə olacaqdır.
Beləliklə, bu məruzə istənilən halda
çox aktual olacaq.
İşğal
olunmuş ərazilərə dair məruzə
Məruzə hazılamaq barədə yekun qərar və
indi məruzəçinin təyin edilməsi ədalət
naminə mübarizəmizdə əsas istiqamətdir. Təxminən on illik
sükutdan sonra işğal edilmiş ərazilərlə
bağlı davam etməkdə olan ədalətsizliyə yenidən
beynəlxalq siyasi diqqətin yönəldilməsinə nail
olmaq həqiqi tarixi qələbədir.
Bu o demək deyildir ki, işğal olunmuş ərazilər
indi və ya yaxın gələcəkdə azad ediləcək,
biz realist olmalıyıq. Lakin bu, əlbəttə,
Avropada və dünyanın istənilən hissəsində məlumatlılığı
artıracaq ki, ermənilər qonşu dövlət Azərbaycanın
beşdə-bir hissəsini qanunsuz işğal altında
saxlayır və onların etnik təmizləmə siyasəti
bir milyon insanın məcburi köçkünə
çevrilməsi ilə nəticələnib. Bu, onların beynəlxalq qərarlara riayət etməkdən
imtinasını ifşa edəcək. “Məhz
bu səbəbdən ermənilər bu məruzə ilə
bağlı belə tərəddüd içərisindədir”,
- Süleymanov izah edir, - “onlar yaxşı bilir ki, işğal
Qorbaçovun rəhbərliyi altında baş verib və o
zaman bu işğal bütün qlobal qüvvələr tərəfindən
qeyd-şərtsiz təsdiqlənib. Onlar son 20 ildə təcavüzkar
adlandırılmamağa nail olublar və indi belə bir məruzədən
sonra bunun dəyişəcəyindən açıq-aşkar
qorxurlar. Əmin olun ki, onlar bu andan etibarən
beynəlxalq hüquqi sənəddə təcavüzkar adlandırılmaqdan
dəhşətə gəlirlər!”
Nəticə
“Təşəbbüslərimə dəfələrlə
veto qoyulması və onların qarşısının
alınması yaddaşımda sürrealist səhnə kimi
qalır”, - Süleymanov xatırlayır, - “hətta Büro,
eləcə də plenar iclas lehinə qərar verdikdən
sonra da müzakirə bütün səviyyələrdə
davam etdi və elə təəssürat yaranırdı ki, məhkəmə
artıq qərar verdikdən sonra da vəkillər müzakirəni
davam etdirir. Təsəvvür edin, ermənilər nə dərəcədə
ümidsizcəsinə həqiqətlə üz-üzədirlər.”
“Lakin bu, ilk növbədə ölkəm
üçün böyük bir gündür”, - Elxan
Süleymanov təsdiq edir, - “çünki ermənilərin
artıq bağlı hesab etdiyi, lakin bizim üçün
başlıca əhəmiyyət kəsb edən bu mövzu
indi ictimai formada yenilənib. Ümid edirəm ki,
digər beynəlxalq təşkilatlar da tezliklə bu məsələ
ilə məşğul olacaq və bu mövzunu öz gündəliklərinə
daxil edəcək.”
“Bundan başqa, biz dünyaya bəyan edirik ki, öz
haqlı tələblərimizdən əl çəkmirik və
ərazi bütövlüyümüzü həmişə
qoruyacağıq. Məruzə qərəzli deyil, bitərəf
olarsa, bütün dünya yüz minlərlə məcburi
köçkünün başına gələnlərdən
xəbərdar olacaq. Ümidvarıq ki, bu,
qərb dünyasının gözünü açacaq və
onlar ermənilərin hər zaman irəli sürdüyü
dini arqumentlərin rəğbət və dəstək qazanmaq
və qonşusunun ərazisini qanunsuz işğal etdiyini
ört-basdır etmək üçün saxta bəhanə
olduğunu görəcəklər. Din hər bir fərdin
şəxsi fəaliyyət qabiliyyətidir və cinayət əməlini
ört-basdır etmək üçün sui-istifadə edilə
bilməz.”
“Son olaraq”, - Elxan Süleymanov əlavə edir, - “azərbaycanlı
həmyerlilərimə bildirmək istərdim ki, Avropa öz
maraqları çərçivəsində Azərbaycanla əməkdaşlıq
etməyə məmnundur, lakin vəziyyət mürəkkəbləşdikdə
Azərbaycan hər zaman tək qalacaq. Hesab edirəm ki, bizim
səmimi və həqiqi dəstəyimiz yoxdur və azərbaycanlılar
bunu nəzərə almalıdır!”
Xalq Cəbhəsi.- 2015.- 11 noyabr.-
S.4-5