İnsan hüquqları sahəsində maarifləndirmə

 

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində bildirilir ki, pilləli tədris proqramı Bakı şəhəri ilə yanaşı, regionlarda da həyata keçirilməklə uşaq hüquqlarının effektiv müdafiəsinə və təbliğinə öz töhfəsini verir. Gender bərabərliyi, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin təmin olunması mövzusunda qadınlara ünvanlanan geniş maarifləndirmə işi həyata keçirilib. BMT-nin Əhali Fondu ilə birlikdə keçirilən silsilə tədbirlər bu qəbildən olub: “BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Beynəlxalq Koordinasiya Komitəsi ilə qurulmuş əməkdaşlıq nəticəsində Azərbaycanda məcburi köçkünlərlə İştirakçı Qiymətləndirmə üzrə Proqram çərçivəsində BMT QAK-ın Bakı ofisində görüşlər keçirilib, seminar təşkil olunub. Dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ardıcıl olaraq ahılların sosial problemlərinə, onların həlli yollarına və habelə sağlam həyat tərzinə və vərdişlərin aşılanmasına dair tədbirlər keçirilib.

Respublikamızın müxtəlif regionlarında həyata keçirilən tədbirlər və insan hüquqları ilə bağlı əlamətdar günlər ərəfəsində Müvəkkil və aparatın əməkdaşları regionlarda məcburi köçkünlərə ünvanlanan hüquqi maarifləndirmə işini davam etdiriblər. Müxtəlif hərbi hissələrdə müntəzəm həyata keçirilən tədbirlər zamanı şəxsi heyətlə fərdi və kollektiv görüşlər keçirilib, andiçmə mərasimlərində iştirak edilməklə zabitlərə və gənc əsgərlərə tövsiyələr verilib. Görüşlərdə məqsəd əsgər və zabitlərə onların hüquq və vəzifələrinin daha geniş izahı üzrə maarifləndirmə işi aparmaq olub. Milli Preventiv Qrupun üzvləri azadlığın məhdudlaşdırıldığı müəssisələrə başçəkmələr həyata keçirərkən orada əməkdaşlara və saxlanılan şəxslərlə insan hüquqlarının təbliği baxımından hüquqi maarifləndirmə işi aparıb, onlara hüquqlarını izah ediblər.

HİV/AİDS-ə qarşı mübarizə sahəsində də maarifləndirmə məqsədilə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə ardıcıl hazırlanan birgə tədbirlər proqramı əsasında geniş səpkili maarifləndirmə tədbirləri keçirilib, regionlarda yerli televiziyaların və kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilib. Müvəkkilin hüquqi maarifləndirilmə işi çərçivəsində 122 adda nəşr hazırlanıb, insan hüquqlarına və layiqli idarəetməyə dair 20-dən artıq xarici ədəbiyyat Azərbaycan dilinə tərcümə olunaraq yayılıb”.

Hüquqi nəşrlər silsiləsində 2013-cü ildə Müvəkkilin ümumi redaktəsi ilə “Uşaq hüquqları üzrə Pilləli tədrislə bağlı seçilmiş mövzular”, “Uşaq Hüquqlarının Əlifbası”, “Uşaq hüquqları - hamı üçün”, Bakı Dövlət Universitetində tədris olunan insan hüquqları fənninə dair “İnsan hüquqları üzrə mühazirələr toplusu”, ilk dəfə olaraq “Azərbaycan-rus-ingilis” və “İngilis-rus-Azərbaycan” hüquq terminləri lüğətləri hazırlanaraq nəşr edilib və oxucuların istifadəsinə verilib. “Hüquqi maarifləndirmə işinin effektivliyini artırmaq məqsədi ilə Müvəkkilin ümumi redaktəsi ilə müxtəlif adda insan hüquqlarına dair vəsaitlər, o cümlədən informasiya bülletenləri çap olunaraq geniş əhali kütləsi arasında yayılıb, habelə təşkilatın saytında yerləşdirilib.

Elmi-analitik işin təşkilinə gəlincə, bildirilir ki, insan hüquqlarının müdafiəsi sahəsində elmi-analitik fəaliyyətin tərkib hissəsi kimi Müvəkkil tərəfindən müvafiq normativ-hüquqi aktlara, dövlət proqram və planlarına, qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı Milli Məclisdən, dövlət orqanlarından, qeyri-hökumət təşkilatlarından daxil olmuş layihələrə dair rəy və təkliflərin işlənib hazırlanması, bəzi normativ-hüquqi aktların müvafiq müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə sorğuların verilməsi, əhalinin müxtəlif qruplarının sosial təminatının gücləndirilməsi və reabilitasiyası üzrə, habelə bəzi beynəlxalq hüquqi aktlara ölkəmizin qoşulması barədə təkliflərin hazırlanması və aidiyyəti orqanlara göndərilməsi, təsisata ünvanlanmış elmi xarakterli sənədlərə və nəticələrə rəy və təkliflərin verilməsi, bir çox başqa məsələlər üzrə iş həyata keçirilib: “Milli Fəaliyyət Proqramı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müqayisəli şəkildə təhlil edilərək, biri-biri ilə qarşılıqlı surətdə bağlı olan hər iki strateji sənədin icrasına nail olmaq üçün kompleks vəzifələr müəyyənləşdirilib, müvafiq tədbirlər haqqında məlumatlar aidiyyəti üzrə təqdim olunub.

Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Mənzil Məcəllələrinin, o cümlədən əlillik, pensiyalar və sosial müavinətlər, sosial xidmət və s. problemlərlə bağlı qanunvericilik aktlarının monitorinqi həyata keçirilib. “İnsan alveri qurbanlarının repatriasiya qaydaları”na dair qərar layihəsinə, “Həbs yerlərinin daxili intizam qaydaları”nın və “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”nın layihələrinə, “Məşğulluğa kömək göstərən respublika əlaqələndirmə komitəsinin yaradılması haqqında” qərar layihəsinə, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları”nın layihəsinə dair müvafiq rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə ünvanlanıb. Müvəkkilin ünvanına Milli Məclisdən, Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsindən müxtəlif normativ-hüquqi aktlara əlavə və dəyişikliklər edilməsinə dair layihələrə rəy və təkliflər verilməsi ilə bağlı daxil olmuş muraciətlər cavablandırılıb”.

İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq sahəsində görülən işlərlə bağlı bildirilir ki, Müvəkkil vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Universal Dövri İcmal (UDİ) prosesi üzrə tövsiyələrin icrası vəziyyətinin monitorinqini aparıb, keçirilmiş ictimai dinləmələr zamanı bu barədə iştirakçılara ətraflı məlumat verib: “Müvəkkil dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin UDİ üzrə dolğun informasiyaya malik olması üçün beynəlxalq ekspertlərin və regional koordinatorların iştirakı ilə maarifləndirmə tədbirləri keçirib. BMT İnsan Hüquqları Şurasının müvafiq qətnaməsinə uyğun olaraq, UDİ mexanizmi üzrə əlavə məruzə hazırlanıb və BMT-yə göndərilib, həmçinin 2013-cü ildə Azərbaycan hökumətinin UDİ üzrə ikinci dövri hesabatının dinlənilməsi prosesində Müvəkkilin nümayəndəsi iştirak edib”.

Müvəkkilin mətbuat xidməti öz işini yazılı və elektron KİV-lə, habelə Milli Teleradio Şurası, Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, İctimai televiziya və radio, yeni jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq şəraitində qurub. Aparatda aşkarlığa, əyaniliyə, jurnalistlərlə səmərəli əməkdaşlığa üstünlük verilib, müxtəlif mövzular üzrə mətbuat konfransları keçirilib, media nümayəndələrinin diqqəti təsisatın pozulmuş insan hüquq və azadlıqlarının bərpası və təmini sahəsində fəaliyyətinə yönəldilib. “Hüquqlarını bil və faydalan!” adlı yaddaş kitabçası hazırlanıb və media nümayəndələri arasında yayılıb, informasiya sahibləri olan dövlət qurumlarının mətbuat xidmətləri barədə məlumat bankı tərtib edilib. İnformasiya əldə etmək hüququ ilə bağlı müraciətlər təhlil olunub, müvafiq qurumlara sorğular göndərilib, Müvəkkilin müvafiq səlahiyyətləri çərçivəsində həmin müraciətlərin həlli üçün tədbirlər görülüb, cavablandırılıb. İnformasiya sahibi olan müvafiq dövlət qurumlarından Müvəkkilin ünvanına daxil olmuş məlumatlar təhlil edilib, ümumiləşdirilib və bununla bağlı arayış hazırlanıb. Növbəti monitorinqin nəticələri göstərib ki, sözü gedən sahədə işin təkmilləşdirilməsi istiqamətində irəliləyiş əldə olunub.

Beynəlxalq əlaqələrlə bağlı bildirilir ki, Müvəkkil xarici həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsi, yeni əlaqələrin qurulması, insan hüquqlarının səmərəli müdafiəsi və təbliği sahəsində beynəlxalq təcrübənin dərindən öyrənilməsi, bunun ölkədə tətbiqi yollarının araşdırılması, habelə yeni mexanizmlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib: “Müvəkkilin təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər həm daxili, həm də xarici qurumların diqqət mərkəzində olub. Belə ki, Müvəkkilin UNESCO-nun dəstəyi ilə 2013-ci il 18-20 iyun tarixlərində ənənəvi olaraq Milli İnsan Hüquqları Gününə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr edilmiş “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu” mövzusunda Ombudsmanların XI Bakı Beynəlxalq Konfransı keçirilib. Konfransda Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Estoniya, Gürcüstan, Moldova, Pakistan, Rusiya Federasiyası və onun subyektləri - Moskva, Volqoqrad, Voronej, Kabardin-Balkar, Kaluqa vilayətləri, Tatarstan və Dağıstan respublikalarından təmsilçilər, habelə dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri iştirak ediblər.

Müvəkkil Aparatı BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin Əhali Fondunun (UNFPA) ölkəmizdəki nümayəndəliyi ilə birlikdə milli prioritetlərə və strategiyalara əsaslanan 2015-ci ildən sonrakı dövr üçün Minilliyin İnkişaf Məqsədləri, habelə 2014-cü ildən sonrakı dövr üçün Qahirə Konfransının global tövsiyələrinin təqdimatı məqsədilə 2013-cü ilin 19 və 26 aprel tarixlərində əhali və inkişaf məsələləri üzrə milli müzakirələr keçirib.

Müvəkkilin ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarla əməkdaşlığı da uğurla davam etdirilib. BMT və onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Müvəkkil Avropa Birliyinin Şərq Tərəfdaşlığı və Tvinning layihələrində, habelə digər proqramlarda fəal iştirak edib.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2015.-12 noyabr.- S.13.