Torpağıma can
atıram...
III yazı
Əbul-Həsən əl Baxərzinin «Dumyat əl-qəsr
və usrat əhl əl-əsr» məcmuəsində XI əsr
Azərbaycan poeziyasının səkkiz Azərbaycan şairinə
yer verilməsi o dövrdə poeziyamızın çox zəngin
olduğundan xəbər verir. Onların
yaradıcılığının ərəbdilli mənbələrdə
əksini tapmamasına səbəb öz şəhərləri
ilə bağlı olması, ümummüsəlman ədəbiyyatının
geniş meydanına çıxmaq imkanı olmamasıdır.
Başqa bir səbəbin də siyasi hadisələrlə
bağlı olduğunu bildirir: «Belə ki, səlcuqların zəifləməsindən
sonra vahid imperiyanın dağılması və bununla əlaqədar
müxtəlif dövlətlərin, ayrı-ayrı əlaqəsiz
elm və mədəniyyət mərkəzlərinin meydana gəlməsi
bir zamanlar çox möhkəm olan ümummüsəlman mədəniyyətinin
bütövlüyünü, sıx rabitəsini və
vahidliyini aradan qaldırır. Bu da öz
növbəsində ərəbdilli ədəbiyyatın
ümumi ahənginin pozulmasına, onun ayrı-ayrı ölkələrdə
müstəqil inkişafına gətirib çıxarır.
Təbii ki, belə bir şəraitdə təzkirə
müəllifləri bütün Şərq aləmini əhatə
etmək imkanından məhrum olurlar».
Bu dövrdə monqol işğalları, ölkədə
baş verən siyasi dərəbəyliklər, müharibələr
bir çox sənətkarların əsərlərinin məhvinə,
unudulmasına səbəb olub. Baxərzinin məcmuəsinin
bu cəhətdən misilsiz dəyəri var. Məhz həmin
məcmuədə XI əsrin səkkiz Azərbaycan şairinin
adı çəkilir.
Bu məcmuədəki Azərbaycan şairlərinin
siyahısı Mənsur Təbrizinin şeirləri ilə
açıldığı söylənir. Baxərzi yazır: «Təbriz
əhli içərisində böyük istedadı ilə məşhurlaşıb,
mənaları saf qızıltək cilalanıb. Bu kafiyədə gətirdiyim (parçalar) onun
adı üçün kifayətdir. Bu,
Şam diyarında yüksək zövqü oxşayan, indi də
söz xəzinəsinin injisi hesab olunan bir qəsidədir».
Mənsur Təbrizinin buradakı şeirlərini
araşdıran tədqiqatçılar onun məcmuədəki
şeirlərini «nadir poetik ilhamın, qanadlı təfəkkürün,
vüqarlı mənliyin vəhdətindən yoğrulan, bakir
sənətkarlığın əlçatmaz qüdrəti
ilə süslənən poeziya çələngi, nəğmələr
dünyası» (M.Mahmudov) adlandırır.
M.Təbrizi poeziyaya yüksək amallarla
yanaşırdı, onu ictimai həyatın bütün dərinliklərinə
nüfuz edən, «həyat nəfəsli bir qüvvə»
bilirdi. XI əsrin
mütəfəkkir şairi doqquz yüz il
bundan əvvəl yazırdı: “Şeir zəiflərə elə
bir qətiyyət verir ki, taqətdən düşmüş
hər bir kəs belə kəsərli qılınc hesab
olunur”.
Bu misraların əsas ideyası müasir ədəbiyyatın
qarşısına qoyulan estetik tələblərlə,
ictimai məzmunla səsləşir. Şeir xalqın
ruhunu, fikrini ifadə etməli, şəxsi maddi maraqlara deyil,
böyük amallara xidmət etməlidir. Poetika
sənətinin böyük ictimai təsir qüvvəsinə
inanan şair xalqın düşmənlərini sarsıtmaq
üçün qələmin mübariz gücünü
görürdü. Söz, qələm hər
zaman bütün tarixi dövrlərdə mübarizə
meydanında qələbə çalıb, sözün
qüdrətiylə neçə-neçə hökmdar
qılıncı endirilib, sözün qüdrəti neçə-neçə
qüdrətli hökmdarların gücündən daha təsirli
olub. Qələm öz ucu ilə nə qədər
qəddar düşmənləri məhv etmişdir? Həm də düşmənin qanını tökməklə
yox, öz qanını axıtmaqla.
Burada şair fikrini obrazlı ifadə edir. Qələmindən
vərəqlərə tökülən mürəkkəbi
onun qanına bənzədir. Qələmin
«qanının» nəyə qadir olduğunu metaforik bir dillə
ifadə edir. Mənsur Təbrizinin
şeirlərində həm də əsas mövzu məhəbbətdir.
Özünü məhəbbət
dünyasının əbədi yolçusu bilən şair,
ilahi eşqi insan ruhunun ayrılmaz «pərisi» bilir. Onun
yaradıcılığından zəmanəmizə az nümunələr gəlib çatsa da, bu
azacıq nümunələrdəki bəşəri məsələlər,
onların qoyuluşu, şair təfəkkürünün zənginliyi
Mənsur Təbrizinin dövrünün ərəbdilli
şairləri içərisində qüdrətli bir Azərbaycan
şairi olduğunu göstərir. «Dumyat əl
qəsr» məcmuəsində adı çəkilən Xətibi
Urməvinin qəsidəsindən bir parça nümunəyə
daxil edilib. Klassik ərəb poeziyasının
təsiri altında yazılmış bu şeir
parçası kiçicik bir nümunədir və şair
onu 1070-ci ildə Uşnə yaxınlığında Nizam əl-Mülkü
qarşılayarkən qələmə alıb. Baxərzi diqqətini cəlb edən bir parça qəsidəni
məcmuəyə daxil edib.
Hüseyn Təbrizinin (Əbu-l-Məhasin Hüseyn ibn
Əli ibn Nəsr Təbrizi) Nizam əl-Mülkün tərifinə
həsr etdiyi qəsidə şairin daxili hissləri,
dövrün tənələrinə qarşı şikayəti
ilə başlayır: «Şair onu bürüyən ətraf
mühitdən uzaqlaşmağı, tənhalığın
qoynunda bir qədər dincəlməyi arzulayır. Çünki onu məzəmmət
edənlərin tənə və danlaqları şairin ruhunu
sanki qandallayıb, sevgi ağırlığından
rahatlığı əldən gedib:
Əgər
təsəlli bircə saat mənə kömək etsəydi,
Ruhumu məzəmmət edənlərin qandalından dərhal
xilas edərdim.
Məhəbbətin
ağırlığından uzaqlaşaraq rahatlanar,
Tənə yükündən təkliyə çəkilərdim.
Şair
ona görə təklik istəyir ki, təbiətin gözəlliyinin
seyrinə dalsın, bu gözəllikdən həzz alsın,
ilham çırağı daha da şölələnsin, bu
gözəlliklər içində gözəllikləri bir də
duysun...
Yüksək sənətkarlıqla, böyük şairanəliklə
yaradılmış təbiət mənzərəsi kimi Nizam əl-Mülkün
tərifi verilir. Onu ağıllı, tədbirli, islam
dünyasını zülmdən qurtaran xilaskar kimi mədh
edir. Şeirin sonunda ona bəslədiyi səmimi
arzularını ifadə edir. Şeir ərəb
dilində yazılmış olsa da, burada Azərbaycan təbiətinin
tərənnümü, doğma yurdun gözəlliklərinə
vurğunluğunu böyük sənətkarlıqla verir.
Əli Təbrizinin (Əli ibn Hibətullah ibn Məhəmməd
ibn Xalid Təbrizi) yalnız üç beyti məcmuəyə
daxil edilib. Bu parçada şairin fəlsəfi
düşüncələri verilir, həyata fəlsəfi
münasibəti duyulur. Baxərzi XI əsrin Azərbaycan
şairlərindən olan Xəttat Nizami Təbrizini şəxsən
tanıyıb, onun şeirlərini şairin öz məclisində
dinlədiyini etiraf edib və göstərib ki, Nizam əl-Mülk
tərəfindən Nişapurdakı mədrəsəyə
müəllim təyin olunan şair «öz xətti ilə
kağızlar torpağında dürr əkirdi».
Onun vətən
həsrəti ilə yazılmış rübaisində vətən
həsrəti ilə çırpınan qəlbinin səsi
duyulur:
Torpağıma
can atıram, təəccüblü deyildir ki,
Neçə-neçə
qəribin qəlbi vətənlərinə can
atmışdır.
Səhərin
şəfəqləri mənə tutqun görünür,
sanki o,
Mənim
qürbətimdən bir pay götürmüşdür.
İskafi Zəncani yaradıcılığından məcmuəyə
salınmış dörd beyt onun ayrı-ayrı şeirlərindən
seçilib. Bir beytində insan mənəviyyatının təmizliyi,
saflığı, digərində dövrün ədalətsizliklərinə
qarşı üsyan, digərində «yaylığa layiq olan
başlarda «çələng» görəndə keçirdiyi
xəcalət hissləri ifadə edilib. Cəhalətin
hökm sürdüyü bir dövr, azad fikirlərin
amansızlıqla boğulmasından doğan qəzəb hissi
onun qəlbini xəstə salıb. Keçirdiyi
sarsıntıları ifadə etdiyi aşağıdakı
beytində haqsızlığı görüb qəzəbindən
alışıb yanan bir şairin üsyankar səsi duyulur:
Əgər
mən od olsam, sirr isə buzdan olsa,
Onu məndən qoruyun ki, alovum ona xətər yetirməsin.
Orta əsr şairləri içərisində yeganə
şairdir ki, Xətib Təbrizi haqqında məlumatlar
xeylidir. Daha çox həyatı araşdıılıb,
ona diqqət daha çox yetirilib. Onun ədəbiyyat
və dilçilik elmləri sahəsindəki fəaliyyətindən
bəhs etməklə yanaşı bəzi mənbələr
bədii yaradıcılığına da toxunub, şeirlərindən
bəzilərini əsərlərinə daxil ediblər. Baxərzinin məcmuəyə daxil etdiyi şeiri
Nizam əl-Mülkə həsr edib. Onunla
arasında olan dostluq münasibətlərinin möhkəmləndirilməsi
ilə bağlı yazılmış əsər kimi xarakterizə
edilir. Xətib Təbrizi Səlcuq vəzirini
səxavətiylə, xalqı mərhumiyyətlərdən
qurtarmaq üçün göstərdiyi məqsədyönlü
fəaliyyəti ilə mədh edir. Xətib Təbrizi
yüksək şairlik istedadına, incə zövqə
malik, dərin
müşahidə qabiliyyətli bir sənətkardır. İbn Xəlliqan onun beytlərini «ən duzlu və
lətif şeirlər cərgəsində» olduğunu etiraf
edib. Haqqında söhbət
açdığımız şairlərin
yaradıcılığı az da olsa XI əsr
ərəbdilli Azərbaycan poeziyasının həm kəmiyyət,
həm də keyfiyyət baxımından əhəmiyyətli
dərəcədə inkişaf etdiyini, poeziyanın ədəbi
həyatımızın bütün sahələrinə
nüfuz etmiş poeziya olduğunu sübut edir. XI əsr
poeziyamız özündən əvvəlki dövrlərdə
yaranmış ərəbdilli Azərbaycan ədəbiyyatının
əvvəlki ənənələrinin zəruri
inkişafının təzahürüdür: «Bu dövrdə
Mənsur Təbrizinin ədəbiyyatı siyasi vuruşlar
meydanına çevirməsi, ona yüksək amallar
carçısı kimi baxması, habelə İskafi Zəncaninin
mühüm ictimai problemləri öz şeirlərinin
mövzusu etməsi, Nizami Təbrizinin şeirlərindəki vətənpərvərlik
ruhu yalnız XI əsr Azərbaycan bədii fikrinin deyil,
ümumiyyətlə, Yaxın və Orta Şərq
xalqlarının estetik təfəkkürünün nailiyyəti
kimi» (M. Mahmudov) qiymətləndirilir.
XII əsrdə Azərbaycan ədəbiyyatı,
xüsusilə poeziyamız xeyli inkişaf edib. Bu əsrdə
Eyn əl-Quzatın şəxsində bədii nəsrin ilk
nümunələri yaranır və ədəbi-bədii
fikrin tərkib hissəsinə çevrilir. XII əsrdə farsdilli poeziya geniş şöhrət
tapsa da, ərəbdilli ədəbiyyat öz mövqeyini
saxlayırdı. Dövrünün məşhur
şairi, şairlər xaqanı təxəllüsü
almış Xaqani fars diliylə
yanaşı ərəb dilində də gözəl əsərlər
yaradırdı. Bu, ərəb dilinin hər sahədə
oduğu kimi ədəbi sahədə də bu dövrdə
işlədildiyinə sübutdur.
Gülxani Pənah,
ədəbiyyatşünas
Xalq Cəbhəsi.- 2015.- 14 noyabr.-
S.14