“Azad mətbuat orqanları vasitəsilə
obyektivliyə və reallığa əsaslanan həqiqətlər...”
Vahid
Ömərov: “Dövlətin sosial-siyasi, iqtisadi, mənəvi-mədəni
siyasəti, plüralist siyasi informasiya cəmiyyətə və
xalqa çatdırılır»
“Qərb tədqiqatçısı Tim O`Relli sosial
medianın səmərəliliyin müxtəlif təsir
formalarını göstərir. O, buraya "rəsmi şəxslər
və onların seçiciləri arasındakı
yazışmadan tutmuş, fərdlərə gündəlik
qaydada vacib siyasi müzakirələrdə iştirak etmək
imkanının verilməsini" daxil edir”. Bu
fikirləri fəlsəfə üzrə fəlsəfə
doktoru Vahid Ömərov səsələndirib. Onun
sözlərinə görə, fəlsəfə üzrə
fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki,
sosial media cəmiyyətdə və dövlət
orqanlarının fəaliyyətinin səmərəliliyinin
artırılması ilə kifayətlənmir: “O, insan
hüquqlarının pozulmasına diktator rejimlərin
amansızlığına qarşı çıxan və bu
barədə dünyada obyektiv informasiya yayan bir vasitədir.
Sosial mediada hər hansı yerli informasiya milli və beynəlxalq
informasiyaya çevrilir: "Ən uzaq regionda belə
hansısa hadisə baş verəndə hökumət təsirli
nəzarət mexanizmini işə salmamış xəbərlər
çox sürətlə yayılır. Sosial media
insanların öz hökumətlərinin fəaliyyətlərində
şəffaf olmağa məcbur edən, avtoritar rejimlərdə
demokratiyanın yayılması, demokratik rejimlərdə isə
onun qorunması üçün təsirli vasitədir. Sosial medianın fikir azadlığının tam təmin
etməsinin təhlükəli tərəfi ondan
terrorçulardan tutmuş cinayətkarlara qədər zərərli
insanların öz məqsədləri üçün istifadə
etmələridir".
Sosial mediadan ifrat millətçilərin informasiya
müharibəsində istifadəsi təhlükəli məqamlardan
xəbər verir. Buna görə mütəxəssislər
"sosial medianı birbaşa hökumətin nəzarətindən
kənarda saxlamağın vacibliyini" tövsiyə edirlər.
Qeyd olunur ki, "informasiya açıq və qərəzsiz
şəkildə yayılmalı, insanlara qərar qəbul etməkdə
kömək etməli, faktları öz xeyirləri
üçün təhrif etmək istəyənləri isə
ifşa etməlidir. Parlamentlər sosial
media istifadəçilərini cəzalandıran qanunlar
hazırlayarkən diqqətli olmalıdırlar. Nəzarət vasitələri etik qaydalardan kənara
çıxmamalıdırlar. Eyni zamanda,
sosial mediadan zorakılıq da daxil olmaqla qeyri-qanuni məqsədlər
üçün istifadə edənlər müvafiq qanun
verdiyi qaydada cəzalandırılmalıdırlar".
Buradan
göründüyü kimi, B.Quliyev yazır: "1) sosial
media: a) kütləvi informasiya azadlığını həyata
keçirməli; b) həqiqi, obyektiv informasiya ilə insanlara
gələcək fəaliyyətlərində yardım etməli;
v) informasiyadan sui-istifadə edənləri tənqid etməli;
2) hökumət və dövlət orqanları isə: a)
KİV-in, sosial medianın fəaliyyətini ədalətli
qanunlarla tənzim etməli; b) jurnalistlərin etik qaydalara riayət
etmələrini təmin etməli; q) sosial mediadan qeyri-qanuni
istifadə edənləri məsuliyyətə cəlb etməlidir".
KİV-in
dövlət və cəmiyyət sistemindəki yerini qiymətləndirən
Ulu Öndər Heydər Əliyev mətbuat işçilərinə
1999-cu il 21 iyul tarixli məktubunda
yazırdı: "Mətbuat demokratiyanı dərinləşdirən,
siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş
imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin
bərqərar olmasında, sivil vətəndaş cəmiyətinin
formalaşmasında, islahatların həyata keçməsində,
insanların mənəvi saflaşmasında səmərəli
istifadə etməkdən ibarətdir".
V.Ömərov
əlavə edib ki, mərhum prezudent Heydər Əliyev ictimai
həyat sisteminin bütün sahələrində
ictimai-siyasi, iqtisadi və mənəvi-mədəni sahələrdə,
vətəndaş cəmiyyəti və hüquqi dövlət
quruculuğunun gerçəkləşməsi prosesində
KİV-in rolunu yüksək dəyərləndirirdi: “Ulu
Öndərin toxunduğu ikinci mühüm məsələ
ondan ibarətdir ki, O, müstəqil KİV-ni dövləti və
müxalifəti təmsil etməsindən asılı olmayaraq
obyektivliyə, milli-dövlət maraqlarını ifadə etməyə
çağırırdı: "Bu işdə, yəni
demokratiyanın inkişaf etdirilməsində, söz
azadlığı, mətbuat azadlığını Azərbaycanda
həqiqətən təmin etmək üçün mətbuat
orqanlarının çox böyük imkanları var... Mətbuat, ya müstəqil mətbuat olsun, yaxud da
müxalifət mətbuatı, təbiidir ki, cəmiyyətdə
olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin
fəaliyyətində olan qüsurları tənqid etməklə
həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə
kömək etməlidir. Məsələn, bütün
mətbuatın, təkcə müstəqil mətbuatın
yox, müxalifət mətbuatının yox, dövlət mətbuatının
da məhz bu yolla getməsini istəyirəm... Dövlət
mətbuatı yalnız iqtidarı təbliğ etmək,
iqtidarın qanunlarını, qərarlarını şərh
etmək yolu ilə getməlidir. O da bizim bütün
işlərimizdə olan nöqsanları, qüsurları
aşkara çıxarmalıdır, tənqid etməlidir".
O, əlavə
edib ki, H.Əliyev bütün demokratik KİV-in cəmiyyət
və dövlətin mənafeyini ifadə etməsini,
onların dövlət orqanlarının fəaliyyətinə
müsbət təsir etməsini arzulayırdı: “Yalnız
belə olduqda dövlət, cəmiyyət, KİV
qarşılıqlı əlaqədə,
qarşılıqlı təsir şəraitində demokratikcəsinə
inkişaf edə bilər.
Azərbaycan Respublikasında KİV haqqında demokratik
dövlət siyasəti nəticəsində dünya
standartlarına uyğun azad, plüralist media
formalaşmışdır. "Müasir dövrdə
ictimai fikrin formalaşması və ifadə olunmasını təşkil
edən təsirli vasitə kimi KİV-lərin cəmiyyət
həyatında rolu və əhəmiyyəti yüksəlir.
Buna görə də onların fəaliyyətində
şəxsiyyət, cəmiyyət və dövlət
maraqlarının tarazlaşdırılmasına və
informasiya təhlükəsizliyinin təmin edilməsinə
yönəlmiş hüquqi, iqtisadi, təşkilati və
texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin
informasiya siyasətinin başlıca istiqamətlərindən
birini təşkil edəcəkdir".
KİV, cəmiyyət və dövlət əlaqələri
müsbət və mənfi xarakter daşıya bilər. Dövlət
KİV-ə təsir edərək mərkəzləşməyə
yol verirsə, onun sərbəst fəaliyyətini məhdudlaşdırırsa,
bu dövlət siyasətinin hansı məqsəd
daşımasından asılı olmayaraq KİV-in fəaliyyətini
qeyri-demokratik qeyri-müstəqil istiqamətə yönəldə
bilər. "Ölkədə güclü, müstəqil,
obyektiv informasiya daşıyıcısı olan insanların
informasiya almaq ehtiyacını ödəyən, onları beynəlxalq
aləmdə, respublika daxilində baş vermiş hadisələrlə
düzgün istiqamətləndirən, eyni zamanda dövlətçilik
prinsiplərinə sədaqət nümayiş etdirən, milli
maraqların təəssübkeşi olan mətbuatın
formalaşması və inkişafı dövlətin media siyasətinin
əsas fəlsəfəsini təşkil edir".
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev müstəqillik
dövründə media sahəsində uğurlar
qazanıldığını, azad, müstəqil KİV, vətəndaş
cəmiyyəti və hüquqi dövlət quruculuğunun vəhdət
təşkil etdiyini diqqətə çatdıraraq Mətbuat
Şurasının yeni binasının
açılışında iştirakı zamanı
çıxışında demişdir: "Azərbaycan
dövləti bu sahədə (KİV sahəsində - B.Q.)
çox məqsədyönlü və ardıcıl siyasət
aparmışdır. Bütövlükdə mətbuat
azadlığı hər bir ölkə üçün,
ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən
biridir. Söz azadlığı,
demokratiyanın inkişafı, hüquqi dövlətin
qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.
Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox
böyük və uğurlu yol keçmişdir... Yəni Azərbaycanda söz
azadlığının inkişafı üçün
bütün addımlar atılır. Lazım
olan bütün qanunvericilik aktları qəbul edilibdir. Medianın inkişafına dövlət dəstəyinin
gücləndirilməsi üçün ardıcıl tədbirlər
görülüb, dövlət konsepsiyası qəbul
edilibdir".
B.Quliyev
belə qənaətə gəlir ki, KİV-in dövlət və
cəmiyyət sistemində yeri məsələsinin təhlili
göstərir ki, bu proses qarşılıqlı təsir və
qarşılıqlı əlaqə şəraitində gedir.
Bir tərəfdən dövlət demokratik,
azad, müstəqil KİV-in yaranması üçün
qanunverici baza yaradır, konsepsiyalar hazırlayır, onlara maddi
və mənəvi dəstək verir. KİV
dövlət orqanlarının fəaliyyətinə nəzarət
funksiyasını yerinə yetirir, nöqsanları aşkara
çıxarır, vətəndaş cəmiyyətinin
strukturunda əsas, həlledici, hətta
"dördüncü hakimiyyət" statusu qazanan təsisatlardan
birinə çevrilir. Azad, demokratik,
müstəqil media, güclü hüquqi dövlət və
vətəndaş cəmiyyəti, azad, bilikli, müasir,
siyasi, mədəni-mənəvi səviyyəsi yüksək
olan vətəndaş hər bir ölkəyə dünya
miqyasında imic qazandıran amillərdir”.
Ekspertin
fikrincə, ölkəmizdə demokratik, azad mətbuatın,
söz və fikir, məlumat azadlığının təmin
olunması istiqamətində mühüm işlər
görülür: “Müstəqil mətbuat orqanları cəmiyyətdə
azərbaycançılığın, milli-mənəvi dəyərlərin,
dövlətçilik ideyalarının təbliğində,
Azərbaycan vətəndaşlarında vətənpərvərlik,
tolerantlıq hisslərinin formalaşmasında həlledici rol
oynayır, demokratik-milli dəyərlərin və
plüralizmin təşəkkülünə təsir göstərir.
İqtidar Azərbaycanda hüquqi dövlətin,
vətəndaş cəmiyyətinin formalaşmasını,
milli birliyin, dövlətçilik şüurunun və
psixologiyasının möhkəmlənməsini siyasi mətbuat
vasitəsilə təmin edir.
Azad mətbuat orqanları vasitəsilə obyektivliyə
və reallığa əsaslanan həqiqətlər, dövlətin
sosial-siyasi, iqtisadi, mənəvi-mədəni siyasəti,
plüralist siyasi informasiya cəmiyyətə və xalqa
çatdırılır. Azərbaycan KİV-də dövlətçilik
və milli tariximizin, din, dil, mədəniyyət məsələləri,
bu gün xaricdə və ölkəmizdə baş verən
proseslər, xarici və daxili siyasətimizin əsas istiqamətləri,
Qarabağ münaqişəsilə bağlı informasiyalar
obyektiv təhlil edilir və xalqın mənəvi sərvətlinə
çevrilir.
Dövlət tərəfindən
yardım edilən demokratik mətbuat milli şüuru, milli
özündərki gücləndirir, xəlqilik, humanizm, sosial
ədalət ideyalarını təbliğ edir, söz və
fikir azadlığı, obyektiv tənqid və özüntənqid
mühiti, sağlam ictimai rəy formalaşdırır. Bir sözlə, azad mətbuat xalqın və vətənin
mənafeyini, dövlət və milli maraqları müdafiə
edir, yeni, mütərəqqi ideyalara, müxtəlif fikirlərin
ifadəsinə, iqtidar-müxalifət münasibətlərinin
sağlam əsaslar, sağlam rəqabət üzərində
qurulmasına geniş yer verir. Ölkə mətbuatı
yeni, demokratik, hüquqi, unitar, dünyəvi Azərbaycanın
ən azad, açıq, mütərəqqi orqanıdır”.
Xalq
Cəbhəsi.- 2015. -14 noyabr.- S.13.