Vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğu
1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə
edən Azərbaycan Respublikası demokratik cəmiyyət
quruculuğu sahəsində böyük inkişaf yolu
keçib. Ötən illər ərzində aparılan mütərəqqi
islahatlar nəticəsində ölkəmizdə demokratik və
hüquqi dövlət quruculuğu yüksək səviyyədə
həyata keçirilib, xalqımızın xoşbəxt gələcəyi
üçün bütün təminatlar yaradılıb.
Dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq
bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş
cəmiyyəti formalaşdırılıb. Bu gün Azərbaycan
inkişaf etmiş ölkələr arasında xüsusi yeri və
böyük nüfuzu olan dövlətdir. Ölkəmizdə
vətəndaş cəmiyyəti institutlarının
keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz
1990-cı illərin əvvəlləri yada düşür.
Xalqımız o vaxt milli dövlətçiliyini
bərpa etsə də, çoxlu mənəvi
sarsıntılara məruz qalaraq, böhranlı,
ağrılı-acılı, faciəli günlər
yaşayıb. 1993-cü ildə ölkədə
ictimai-siyasi sabitlik təmin edilib. Həyata
keçirilən düşünülmüş siyasət nəticəsində
bütün sahələrdə əsaslı islahatların
aparılması üçün zəmin hazırlanıb.
Təbii ki, müstəqillikdən sonra qısa zaman kəsiyində
vətəndaş cəmiyyəti institutları reallaşa
bilməzdi. Bunun üçün ölkədə hüququn
aliliyi təmin edilməli, sabit ictimai münasibətlər
sistemi qurulmalı, beynəlxalq təcrübə öyrənilməli
və bir sıra digər vacib mərhələlər
keçilməli idi. Çünki vətəndaş
cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması
və inkişafı ilə bağlıdır. 1995-ci ildə hazırlanmış ilk milli
Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi
dövlətin yaradılması ilə bağlı prinsipləri
özündə ehtiva etdi. Əsas Qanunun qəbul
edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm
qoydu. Məlumdur ki, vətəndaş cəmiyyəti
açıq, demokratik, müstəqil inkişaf edən bir cəmiyyətdir.
Bu cəmiyyətin mərkəzində
birbaşa vətəndaş dayanır. Vətəndaş
cəmiyyətinin struktur elementləri isə bunlardır: -
şəxsiyyət, ailə, məktəb, ibadət evləri,
sahibkarlıq və təşəbbüskarlıq, sosial
qruplar, siniflər, vətəndaşların şəxsi həyatları
və onların təminatı, demokratik institutlar, ictimai
birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil
məhkəmələr, təhsil sistemi, müstəqil
KİV-lər.
Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş
cəmiyyəti ilə paralel hüquqi dövlətin
formalaşması prosesi də sürətləndi. Həmin
dövrdən etibarən dövlətin müstəqilliyinə,
demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə
və iqtisadiyyatda sərbəstliyə, insan
azadlığının qorunmasına xüsusi önəm
verildi. Azərbaycanda hüquqi dövlətin
əsas təməl prinsipləri müəyyən edildi və
siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi.
Qanunların aliliyi, vətəndaşların
hüquq və azadlıqlarının reallığı
dövlətin və şəxsin qarşılıqlı
cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli
nəzarətin mövcudluğu prinsipləri həyata
keçdi. Bu mənada Azərbaycanda
hüquqi dövlət quruculuğunu təxmini olaraq,
üç mərhələyə bölmək olar. Birinci dövr dövlət müstəqilliyini əldə
etdikdən sonra yeni Konstitusiyanın qəbuluna qədərki
zamanı əhatə edir. Bu dövrdə
bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər,
institutlar və mexanizmlər dövlət-hüquq sisteminə
daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət
təşkilatlarının, azad mətbuatın hüquqi əsasları
yaradıldı və fəaliyyətə başladı.
İkinci mərhələ, yeni Konstitusiyanın
qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil
olmasına qədərki dövrdür. Bu
dövrdə konstitusiya nəzarəti orqanı, azad mətbuatın
qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi
sahəsində beynəlxalq konvensiyalara qoşuldu. Milli qanunvericilik təkmilləşdirildi, yerli
özünüidarənin hüquqi əsasları
yaradıldı və ilk bələdiyyə seçkiləri
keçirildi. Üçüncü
dövr isə Azərbaycanın Avropa Şurasına daxil
olmasından başlanır və indiyə kimi davam edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin
yürütdüyü siyasətin mərkəzində də
birbaşa insan amili durur. Həyata
keçirilən dövlət siyasəti vətəndaşın
sosial rifahının, təhlükəsiz
yaşayışının təmin edilməsinə xidmət
edir. Ölkə
başçısının dəstəyi ilə yaradılan
"Asan xidmət” mərkəzləri dövlət
orqanları tərəfindən xidmətlərin göstərilməsində
vətəndaş məmnunluğunu, şəffaflığı
təmin edir, korrupsiyanın qarşısını alır.
Cənab Prezidentin də dediyi kimi, "vətəndaş
cəmiyyətinin yaradılması və möhkəmlənməsi,
demokratikləşmə prosesinin davam etməsi, hüquqi
dövlətin qurulması sadəcə olaraq bir şüar,
yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli
inkişafı üçün başlıca şərtdir”.
Qeyri-Hökumət Təşkilatları milli
proqramların hazırlanması və həyata keçirilməsində
yaxından iştirak edirlər. Bu da ölkədə
vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət
edən əsas amillərdən hesab olunur. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların
sosial, siyasi və mədəni hüquqlarının həyata
keçirilməsində daha çox yardımçı
olmağa cəhd göstərirlər. Bunun
nəticəsidir ki, artıq çoxsaylı qeyri-hökumət
təşkilatları qanunların aliliyinə, şəffaflığın
təmin olunmasına ictimai nəzarətin həyata
keçirilməsi sahəsində xeyli ixtisaslaşıblar.
Bu baxımdan cəmiyyətin demokratikləşməsində
QHT-lərin rolunu inkar etmək, görməzdən gəlmək
vətəndaş cəmiyyətlərinin fəaliyyətinə
ədalətsiz yanaşma olar. Bəzi xarici dairələrdən
maliyyələşən və göstəriş alan bir-iki qərəzli "vətəndaş
cəmiyyətlərini” nəzərə almasaq, demək olar
ki, bütün QHT-lər Azərbaycanda demokratik quruluşun dəstəklənməsi,
dünyəvi dövlətin qurulması, xalqın iradəsinin
ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi istiqamətində
kifayət qədər fəallıq nümayiş etdirirlər.
Hüquqi
dövlət anlayışından və 1990-cı illəri əhatə
edən quruculuq prosesindən danışan Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli deyib ki, ölkədə hüquqi
dövləti qurmaq üçün ilk növbədə
konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə
hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər
yaradılmalı idi. Ona görə də demokratik hüquqi
dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar
olunduqdan sonra həyata keçirildi: "1995-ci ilin noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
konstitusiyamız dünyada nadir qanun toplusundan biridir. Burada demokratik hüquqi dövlətin bütün
prinsipləri - qanunun aliliyi, insan hüquqlarının
müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti
prinsipləri təsbit olunub. İnsan haqlarının təmini
dövlətin ali məqsədi kimi bəyan
edilib. Konstitusiyamızın üçdə bir
hissəsi məhz bu məsələyə həsr edilib.
Demokratik dəyərlərin
üstünlüyünü qəbul edən,
azadlığı, haqq və ədalətin bərqərar
olunduğu dövlət qurmaq istəyən hər bir ölkə,
hər bir xalq üçün Konstitusiya birinci dərəcəli
əhəmiyyət daşıyır. Siyasi,
iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi,
cəmiyyətdə keçid dövrünün
başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat
artır. Bu bir həqiqətdir ki, müstəqil
dövlətimizin ilk Konstitusiyasının qəbul olunması
ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi
başlandı. Mühüm tarixi əhəmiyyətə
malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş
azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun möhkəm təməlini təşkil edir.
Əminliklə demək olar ki, Azərbaycan
Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin
əldə etdiyi mütərəqqi dəyərlər
fundamental hüquq və azadlıqları lazımi şəkildə
öz əksini tapıb”.
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, vətəndaş
cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan
modeli formalaşıb. Deputatın sözlərinə görə, biz bu modelin
üstün cəhətlərindən istifadə edərək
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmağın yollarını axtarmalıyıq:
"Hüquqi dövlətin yaradılması insan hüquq və
azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş
qarşısında və vətəndaşın dövlət
qarşısında məsuliyyəti ilə əlaqələndirilir.
Azərbaycan dövləti özünün
inkişaf strategiyasında hüquqi dövlət
quruculuğuna xüsusi önəm verir. Müstəqillik
əldə etdikdən sonra bu istiqamətdə atılan
addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə
həssaslıqla yanaşmasının göstəricisidir.
Sirr deyil ki, müstəqillik illərində
ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında
tamamilə yenidən quruldu. Azərbaycan
Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi
ilə mütərəqqi məhkəmə-hüquq
islahatlarının əsası qoyuldu. Ardıcıl
şəkildə həyata keçirilən islahatlar
başlıca olaraq bir məqsədə - insan və vətəndaşların
hüquq və azadlıqlarının etibarlı
qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə
və təkmilləşdirilməsinə yönəldi.
Bütün bunlar kifayət qədər
uğurlu nəticələrdir”.
AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər doktoru Gülzar İbrahimova bildirib ki, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən azad fərdlər birliyinə əsaslanır: "Demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər”. G.İbrahimovanın sözlərinə görə, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır: "Məşhur filosof Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 17 noyabr.-
S.4.