Çağdaş Güney Azərbaycanın poeziya meydanında yeni imzalar

 

Qardaşları bir-birindən ayırdın…

 

 

 

Cənubi Azərbaycan ədəbiyyatı olduqca humanist bir ədəbiyyatdır. Bu ədəbiyyat hal-hazırda bütün dünyada baş alıb gedən zülm və zorakılığı pisləyir, insaniyyəti, haqq və ədaləti tərənnüm edir. Bu ədəbiyyat məzmunu, ruhu, ifadə vasitələri ilə əvvəlkilərdən fərqlənir. Bu ədəbiyyatın bütün ideyaları, bütün fikir və mühakimələri yalnız həyatdan doğur. XXI əsrin əvvəllərində Güney Azərbaycan poeziyası xalqın həyatı, mübarizəsi və gözəlliyi ilə bağlı olmayan bir ideal tanımır. Lakin bu ədəbiyyat nə qədər bəşəri problemləri özündə əks etdirsə də, onun əsas mövzusu, ən qabaqcıl ideyası, ən ali məqsədi ikiyə parçalanmış Vətəndir.

 

Araz çayı ölkəmizdə uzandın,

Həyasızca qanımıza boyandın.

Qardaşları bir-birindən ayırdın,

Vətən içrə nədən sərhəd qayırdın?

 

Bütün Güney Azərbaycandan olan şairlər kimi Heris də Azərbaycanı iki yerə bölən Araz çayına üz tutur. O Araz çayını qınamaqla tarixin ədalətsizliyinə qarşı çıxır. Burada şair hər bir vətənpərvər azərbaycanlının köksündə dərin bir yara açmış tarixi hadisəyə can yanğısıyla yanaşır,özünün idealist-emosional fikrini çox gözəl ifadə edir.

Məsələ burasındadır ki, son dövrlərdə Güney Azərbaycandan olan onlarla şair öz yaradıcılıqlarında əsasən bu mövzuya yer versələr də, tarixi hadisənin hər bir şairdə doğulduğu təəssürat onun xəyal süzgəcindən keçir və hər bir şair özünəməxsus şəkildə qələmini işə salır:

 

Yadlar bunu bilsin ki,şanlı elimiz var,

Al qanlı Araz tək hələ daşqın selimiz var.

 

Sədyar Eloğlunun bu misraları ən sadə bir şəkildə həqiqəti özündə əks etdirir. Əgər Sədyar Eloğlunun bu on dörd misradan ibarət “Mərd elimiz var” şeirindəki başqa misraları oxumasan, ar¬tıq bu misralarda həqiqilik, fikir dərinliyi, şairi düşündürən problemin düzgün əksi, qabaqcıl fikirlərinin tərənnümü ilə vəhdət təşkil etdiyini açıq-aşkar görərik...

Tariyel Ümidin “Köksüm elə genişlənib” şeirində isə biz tamam başqa bir dəsti-xəttin, üslubun şahidi oluruq:

 

Danışaram sözlərimi,

Araz udub şahə qalxır.

Atılıram Araza mən,

İki sahil mənə baxır.

 

Bu olduqca poetik misralar şairin fikrini son dərəcə aydın ifadə edir, belə ki, hər bir oxucu şairin nə demək istədiyini çox asanlıqla qavrayır, artıq heç bir şərhə, fəlsəfi baxışların təhlilinə ehtiyac qalmır. Bir vaxtlar şeirimizdəki ənənəvi azadlıq və demokratiya idealları öz fəal ifadəsini güneyli sənətkarlarımızdan Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, İsmayıl Cəfərpur, Mədinə Gülgün, Hökümə Billurinin və başqalarının yaradıcılığında tapırdısa, indi onların xələfləri Səhər Ərdəbili, Nuşin Musəvi, Rəsul Rəhimi Dizəci, Rəşid Kərbasi, İbrahim Zahid, Məmmədrza Məlikpur, Azadə Daralı, Tariyel Ümid, Günəşoğlu, Rəsuli Əhəd, Məhəmməd Bağıryanı, Bəxtiyar Muğanoğlu, Türkan Nəsim, Məlihə Əzizpur, Piruz Dilənçi, Miyana Ramiz Özlər, Lalə Cavanşir, Saplaq, Nigar, Rizvanə xanım və başqaları öz sələflərinin yolunu ləyaqətlə davam etdirir, şeirimizə müasir üslub əlvanlığı, intelektual zənginlik, daha doğrusu, fərdi intelektual üslub gətirərək cəlladlara qarşı öz məğrur, hiddət və qəzəb səsini qaldırır. Çağdaş Azərbaycan ədəbiyyatı, ümumi Azərbaycan ədəbiyyatının bilavasitə varisidir. Ədəbiyyat isə ən qədim bir sənət sahəsi olmaqla yanaşı yaranma prosesində özünün demək olar ki, bütün inkişaf prosesini keçib. Demək olar ki, bəşəriyyətin özü ilə yaşıd olan bu sənət sahəsi bütün inkişaf mərhələlərinin canlı salnaməçisi kimi keçmişi və bugünü bir nöqtədə birləşdirə bilir. Ədəbiyyat özünün tarixi dövrlərində özündən əvvəl yaranmış təfəkkürün, düşüncə tərzinin formalarından və dillərindən bütövlükdə istifadə edib.

XIX əsrdə Güney Azərbaycanda yaranmış ədəbiyyat ümumazərbaycan ədəbiyyatının gözəl bir səhifəsini təşkil edərək, əsas ideya-bədii keyfiyyətləriylə onun realizminə, xəlqiliyinə xidmət edirdi. XX əsrdə isə Şimali Azərbaycanda üzdəniraq sovet hökümətinin qurulması və 70 illik hökmranlığı, Güney Azərbaycanda isə qəddar şah rejimi ümumazərbaycan ədəbiyyatında yeni səhifələr açmağa əngəllər törədərək, bu Vətəni, torpağı ikiyə bölünmüş millətə o taydan bu taya salam verməyi belə yasaq etdi. Ancaq Süleyman Rüstəm kimi, Balaş Azəroğlu kimi, Səməd Behrəngi kimi, Şəhriyar kimi şairlər yasaqları dağıdaraq yenə ümumazərbaycan ədəbiyyatına bütün varlıqlarıyla xidmət göstərdilər.

Bəxtiyar Vahabzadə kimi azadlıq carçıları olan şairlərin vətənpərvərliyin, təbiiliyin əks-sədası kimi səslənən poeziyası bütün Azərbaycan şairlərinin dəsti-xəttinə öz təsirini göstərirdi. XX əsrin başlanğıcında poeziya meydanına atılan şairlər ordusunun da yaradıcılığında dərin izlər buraxmışdı. Artıq 20 ildən çoxdur ki, sosializm ideologiyası yoxdur. Bu da quzeyli-güneyli ümumazərbaycan ədəbiyyatında yeni, parlaq səhifələr açmaq üçün çox geniş imkanlar yaradır.

Güneyli şairlərimizin vətənpərvərlik, torpaqsevərlik, xəlqilik, humanizm kimi yüksək mənəvi keyfiyyətləri səciyyələndirən poeziyasının məzmunca orijinal və maraqlı fikirlərində insanları bir-birinə yaxınlaşdıran və doğmalaşdıran mənəvi amillərin mərkəzində həm də eşqin, məhəbbətin qüdsiyyətində görürük. Güneyli şairlər bəşərdə məhz insanlıq hissinin, qəlb həyatına məxsus incəliklərin əsas yer tutmağını arzulayırlar. İnsanlığın ideal dərəcədə mənalı inkişafı üçün məhəbbəti, böyük insan eşqini yüksək tutmağı vacib sayırlar. Sirdaşlıq, mənəvi qardaşlıq və könül birliyi yalnız o zaman mümkün olacaq ki, insan öz ləyaqətini və vüqarını başqalarını alçaltmaq və hörmətdən salmaq hesabına yüksəltməsin, əksinə, başqalarının iztirablarını, ürək ağrılarını yüngünləşdirmək və aradan qaldırmaq naminə öz varlığını əzablara qurban versin. Məhz bütün bunlar xalqı yaşadır və onun dilini mümkün olduqca yabancı ünsürlərdən qoruyur.

Hələ çox qədimlərdən bəri ədəbiyyatın xalqın həyatı üzərində dərin və gözəl təsir bağışladığı məlumdur. Xalqın adət - ənənələri, mərasimləri, mənəvi keyfiyyətləri, nəcib sifətləri, təbiəti, mədəniyyəti və tarixi ədəbiyyat vasitəsi ilə nəsildən-nəslə ötürülüb və ədəbi bir dərslik kimi oxunaraq insanıların şüurunda müsbət düşüncələr təlqin edib.

Çağdaş Güney Azərbaycanın poeziya meydanında sanballı şeirlər yaradan bir çox yeni imzalar var ki, onlardan biri də İsmayıl Məmmədlidir. İsmayıl Məmmədlinin şeirləri hansı mövzuda yazılmasından asılı olmayaraq, daim parlaq publisist intonasiyası və qətiyyəti, dəqiq ideya yönü, siyasi-poetik silqəti və misraların fikri-hissi zənginliyi ilə oxucunu heyrətləndirir. Onun poeziyasındakı bütün formalar publisist və lirik intonasiyaların ardıcıl dəyişimi ilə davam edir. Onun şeirlərində cəmiyyətin həyatındakı neqativ hallara ayıq və şüurlu münasibət yaradan daha çevik, rasional ifadə və təsir formaları var. Onun şeirləri fərdi poetik “mən”li dünyanı duymaq və qiymətləndirmək səyləri ilə üzə çıxır. Şairin ustalığı ondadır ki, onun şeirləri mövzunun inkişafını, onun yeni ideya çalarlarını özündə ifadə edir. Şairin bəzi şeirlərində Vətəni ikiyə parçalayan Araz kədəri, ayrılıq həsrəti əksini tapır.

 

Sevgilim doğma Vətən,

Vurğununam əzəldən.

Nədən sənin taleyin,

Qəm qüssəyə boyandı

Tarixin gedişində,

Ağ günlərin yubandı?

Əsrlərdir yanıram

Parçalanıb Vətənim.

Araz iki taylıdır,

Odur,qəmli sürünür,

Coşur, daşır, bağırır,

Suyu hay-haraylıdır.

 

İsmayıl Məmmədlinin poeziyası o qədər də nikbin görünməyən, ancaq olduqca səmimi fikrin ifadəsində orijinal təsir bağışlayır, səmimi fikir və vətəndaşlıq mövqeyi yüksəkdir.

Şeir poetik təfəkkürün bəhrəsidir. Onun müasirliyi, dərinliyi, aydınlığı və səmimiliyi bədii fikrin illər boyu formalaşdırdığı konkret amillərdən asılıdır. Bu obyektiv və subyektiv amillərin səciyyəsindən asılı olaraq poetik fikrin bədii dildə əyaniləşmə formaları, obrazlı ifadə sistemi rəngarəng olur. Dünyanı poetik duyum, qavrama qabiliyyəti onun əyaniləşdiyi formanın müxtəlifliyindən asılı olmayaraq əyani, obrazlı olur. Müasir poeziya öz tarixi inkişaf yolunda dilin dərin qatlarından həmişə bəhrələndiyi kimi, həyata yeni qədəm qoymuş XXI əsr şeirinin yaxşı nümunələrində də bunun şahidi oluruq.

Aqşin Ağkərəmlinin şeirlərində lirik qəhrəmanın gerçəkliyi duyumu obrazlı təfəkkürə və daha sonra onun əyaniləşməsinə yönəlir. Burda həyat materialına müdaxilə, təbiət fonunda ictimai şərh, arzu və xəyalların əyani təcəssümünü verən təsvirlər axını mövcuddur:

 

 

Düşüncələr qırıq-qırıq,

Bir gün yad olar ayrılıq.

Sözümdə yoxdur yalan,

Necə bu gerçəyi danam?

Elini, dilini at dedilər,

Təbrizi Bakıya yad dedilər

Düşündüm biri ürəyim,

Biri gözüm olmuş.

Şəfəq gəlib dan yerinə,

Bax desəm bu dünyanın

İşinə, tədbirinə.

Biri xeyir, biri şər.

Biri gecə,biri günəş,

Birlik, bütövlük eşqi ilə gəzir

Qəlbimdəki duyğu, dilək,

Düşüncələr qırıq-qırıq

Bir gələr yad olar bu ayrılıq...

 

 

 

Vüqar Əhməd

Professor

Xalq Cəbhəsi.- 2015.- 18 noyabr.- S.14.