Vətəndaş Cəmiyyəti və əxlaq
məsələləri
Əxlaqi-mənəvi mədəniyyət xalqın həyat
tərzindən, insanların birgə
yaşayışından doğan ümummilli və
ayrılıqda hər bir fərdin baxışlar sistemidir. Azərbaycan tədqiqatçısı
M.Yusifov çox doğru olaraq əxlaqi-mənəvi məzəmmət
sistemi və bu sistemi təşkil edən komponentlərin
xalqın sosial-mədəni, dini və mənəvi həyatı
və həyat tərzində yarandığını və
onun azərbaycançılıq ideyası ilə
qarşılıqlı əlaqədə olduğunu göstərib:
"Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər
onun sosial həyatında, milli məişətində, mədəniyyətində,
inam və əxlaqi məziyyətlərində etiketləşərək,
ta qədim dövrlərdən indiyə kimi
yaşaya-yaşaya gəlib çıxmışdır. Azərbaycan
cəmiyyətində xalqın özünə məxsus olan və
milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və
yoldaşlıq, mərdlik və ədalətlilik,
böyüyə hörmət və kiçiyə
qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik,
namusluluq və qeyrətlilik, vətən və el, doğma
torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət
haqqında etiketlər yaranmışdır".
Azərbaycan xalqının yaratdığı əxlaqi
dəyərlər tarixən dəyişmiş, onun etnik
varlığının, tarixi mövcudluğunun ilkin
dövründə mənəvi həyatı inkişaf etdirən
xalqın aparıcı nümayəndələri maddi və
milli-mənəvi dəyərlər yaratmışlar. L.N.Qumilyov yazır ki, milli-mənəvi,
əxlaqi sahədə bu qazanılanlar "imperativə"
çevrilir və zamanca "passizm" adlanan duyğu
formasını qazanır. Bunun mahiyyəti ondan
ibarətdir ki, etnik birliyin hər bir fəal qurucusu
özünü əcdadlarının tutduğu xəttin
davamçısı və ona nə isə əlavə edəcək
şəxs kimi hiss edir. Yeni nə isə
edilən bir şey onu ifadə edir ki, keçmiş itməmiş
və o, insanın özündədir və odur ki, ona nə
isə əlavə etməyə dəyər. Bununla da keçmiş itmədən indidə
toplanır və gələcəyə doğru hərəkət
edərək yaşayır.
fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov
yazır ki, insanların vətəndaş cəmiyyətinə,
hüquqi dövlətə və bir-birinə olan münasibətlərini
tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi
mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə
əxlaqi-mənəvi mədəniyyətin
formalaşması, mənəvi tərbiyə
funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin
dağılması demokratik-hüquqi dövlət və vətəndaş
cəmiyyətinin yaranması zamanı bu vəzifəni
rasional əxlaq yerinə yetirir.
Əxlaq nəzəriyyəçiləri əxlaq və
digər mənəvi prinsiplər arasındakı fərqin
spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq
etmişlər. Rusiya filosofu K.Drobnitski mənəvi
prinsiplərə insanların mövcud şəraitdə tənqidi
münasibətin qabiliyyətinin mənəvi-tarixi
inkişafı prosesində ənənələr və adətlər,
siyasi-iqtisadi vəzifələr yerinə yetirsə də hər
bir cəmiyyətdə fərdi mənəvi dəyərlər
də mövcud olmuşdur. Hər bir adət-ənənə
fərdi-mənəvi keyfiyyət tipi kimi - şərəf, ləyaqət,
xeyirxahlıq kimi qiymətləndirilir.
Y.Tukkelin
qeyd etdiyi kimi, mənəvi adətlər siyasi-iqtisadi həyatın
bilavasitə əlavəsinə çevrilərək, əxlaqi
sərvətləri real məzmun olmadan yalnız formaca
özündə saxlayır: "Axı, şərəflilik,
xeyirxahlıq siyasi əmrlərin gözlətməsidir. Ümumiyyətlə, mənəvi prinsiplər insan
həyatının mənası haqqındakı düzgün
təsəvvürlərini formalaşdırır".
S.Xəlilov düzgün olaraq göstərir ki, "mənəviyyat"
və "mədəniyyət" anlayışlarını
qarşılaşdırmış olsaq, görərik ki, mədəniyyət
sferasına aid olan, yəni insanın əməli fəaliyyəti
ilə bağlı olan bir çox hadisələr mənəvi-əxlaqi
məzmun daşıyır. Elmin, ədəbiyyatın,
incəsənətin, dinin və hətta siyasi-hüquqi fəaliyyətin
əxlaqi-mənəvi aspektləri vardır. Mənəvi mədəniyyət məhz bu iki
böyük həcmli anlayışın kəsişmə sahəsini
əhatə edir.
Digər Azərbaycan tədqiqatçısı Emin
Mustafayev əxlaqi-mənəvi mədəniyyəti fikir hesab
edir və islamda əxlaqi-mənəvi mədəniyyət
probleminə toxunaraq yazır ki, isanların buna mənəvi
ehtiyacı vardır. Bunlar əzəldən insan təbiətinə
qoyulmuşdur. Lakin onlar bir növ mənəvi
instinktlər, hələ açılmamış,
aydınlaşmamış mənəvi anlayışlar hesab
olunur. Zaman keçdikcə belə mənəvi
anlayışlar insanda onun şəxsiyyəti, daxili aləmi,
individual seçiminə uyğun olaraq tam formalaşır.
Formalaşmış mənəviyyat insanın
daxili mənəvi nizamlayıcısının
Allah-Taalanın təyin etdiyi mənəviyyat qanunları ilə
uyğunluğuna səbəb olur. Lakin əgər
insanın daxili aləmi öz fitri mənəvi
ehtiyaclarına rəğmən, gerçəkləşdiyi
zaman ilahi mənəviyyat qanunları ilə ziddiyyət təşkil
edərsə, onda belə bir insanın qəlbində mənəviyyatsızlıq
hökm sürəcəkdir. Mənəviyyatsızlıqdan
doğan əməl və hərəkətlər isə
günah adlanır. Günahın təhlükəsi
qeyri-ixtiyari olaraq insanın daxili, ruhani aləmini və bununla
da, onun şəxsiyyətini bütünlüklə
özünə tabe edir. Mənəviyyatsızlığın
toxumları hesab olunan günahlar öz müəllifləri tərəfindən
tam şüurlu şəkildə həyata keçirilir.
İslam aydın və qəti olaraq bəyan edir ki,
insanın yaradılışından məqsəd İlahi mənəviyyat
qanunlarına salmaqla, Allaha yetişərək əbədi səadətə
- dünya və axirət səadətinə
qovuşmaqdır. Bu din bizə insanın dünya həyatının
sınaq, fədakarlıq dövrü, gələcək əbədi
həyata hazırlıq dönəmi olduğunu öyrədir.
Deməli, bu dünyadakı həyatımızın
əsas məqsədi qarşıdakı əbədiliyə
lazımi şəkildə hazırlaşmaqdan ibarətdir.
Dünya həyatı qısa və təkraredilməzdir,
çünki insan yer üzündə yalnız bir dəfə
yaşayır. Ona görə də, öz
həyatımızı məhv etmək istəmiriksə, bu
dünyada yaxşılıqlar etməli, saleh əməl
sahibi olmalıyıq, çünki məhz bu əməl və
xeyirxahlıqdan Allah-Taala əbədilik qapısında bizdən
tələb edəcək.
Hər bir müsəlman Allahın köməkliyi ilə
həyatını saleh əməllərə yönəltməsi
baxımından öz dünya həyatının müəllifidir. Lakin xeyirxah
bir insan olmaq üçün o, nöqsan və
qüsurları ilə mübarizə apararaq, öz üzərində
işləməli və özündə xeyirxah və
İlahi keyfiyyətləri inkişaf etdirməlidir. Bu mübarizə və cəhdlər, dünya həyatının
bu fədakarlığı hər bir müsəlman
üçün zəruridir. Uca Tanrı buyurur: "Hər
kəs öz əməlinin girovudur! (Hərə
öz əməlinin əvəzini alacaqdır)". (74;38). Hər bir insanın həyatındakı
bu fədakarlığı nəticəsində onun mənəvi
siması hasil olur. O, bütün dünya həyatı
boyu özünü islah etməyə, öz daxili aləmini
saflaşdırmağa və mənəvi kamilliyə
yetişməyə cəhd etməlidir. İslam
nöqteyi-nəzərindən həyat cəhd, mübarizə,
fədakarlıqdır, daima xeyirxahlıq və kamilliyə can
atmaq yoludur. Bu yolda dayanmaq isə
mümkün deyil. Öz üzərində işləməyi
dayandıran insan olduğu kimi qalmayacaq, mütləq daha pis
olacaq - yuxarı atılan və yüksəlməyi
dayandıran daş kimi havada asılı qalmayacaq, mütləq
aşağı düşəcək... İslam
əbədi səadətə qovuşmağın aydın
yolunu göstərir. O səadətə ki, həm
dünya, həm də axirət həyatımızı əhatə
edir. Dünya həyatının səadəti
Allahın bəxş etdiyi qəlb rahatlığı, ruhun
şad olmasıdır, bunu isə yalnız mənəviyyat
qanunları ilə yaşamaqla əldə etmək olar.
Günahlar isə bizi mənəviyyat qanunlarına uyğun
olaraq yaşamaq imkanından və deməli, qəlb
rahatlığından məhrum edir, bunu da başqa heç nə
ilə əvəz etmək mümkün deyil! Beləliklə,
günahlar bizim xoşbəxtliyimizin düşmənləridir.
Hər bir günah, istisnasız olaraq, səadətin əsas
düşməni və maneəsi olduğu üçün,
aydın məsələdir ki, səadətə can atan insan hər
cür günahdan qaçmaq və Tanrıdan bütün
günahlarla mübarizə etmək üçün mərhəmət
və kömək diləməlidir...
Siyasi ekspert Mütəllim Rəhimli isə hesab edir ki,
yeni müstəqillik əldə etmiş ölkələrdə
cəmiyyətlərə Qərbin müdaxiləsi də məhz
QHT sektorundan başlayır. Qərbdə də, təbii ki, bizim
cəmiyyətlər üçün yeni yaranan, hələ
“çirkaba bulaşmamış”, mahiyyətcə də vəzifəsi
ictimai mənafeləri müdafiə etmək olan bu
qurumların fəaliyyətini və gücünü qiymətləndirirlər:
“Lakin cəmiyyətin inamı və rəğbəti sonsuz
deyil. Ona görə, QHT-lər də cəmiyyətin
bu etibarından sui-istifadə edərək özünü
nüfuzdan salmamalıdır. Təəssüf
ki, son vaxtlar vətəndaş cəmiyyətinin klassik məzmun-mahiyyətini
dərk edə bilməyən bəziləri bu sahəyə
eybəcərliklər gətirməkdədir. Məsələ burasındadır ki, bu sfera nə qədər
qanunların gücü ilə tənzimlənsə də, bir
o qədər də yazılmamış qanunlarla nizama
salınır. Deməli, burada mənəvi,
əxlaqi kateqoriyalar kifayət qədər vacibdir və
üstünlük təşkil etməlidir. Vətəndaş cəmiyyətinin istər daxilində,
istərsə də onun cəmiyyətlə münasibətlərini
tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi
mədəniyyətdir. Bu səbəbdən
də vətəndaş cəmiyyətinin aparıcı
fiqurlarının özləri kifayət qədər əxlaqlı,
milli-mənəvi dəyərlərə bağlı şəxslər
olmalıdır”.
Onun fikrincə, ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din icra edir, ənənəvi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir: “Qeyd etmək lazımdır ki, son dövrlərin diqqət mərkəzində olan və həssas münasibətlə əhatələnən vətəndaş cəmiyyətlərində özünütənzimləyən münasibətlər sistemi iki sferadan formalaşır: vətəndaş cəmiyyətlərini təşkil edən fəal insanların özlərinin davranışlar məcmusundan və onu izləyən vətəndaşlarla münasibətlərin cəmindən. Sistemin birinci tərəfi tələb edir ki, şəxs özü əxlaqlı olmalıdır. Bu da başa düşüləndir. Çünki cəmiyyətin qayğıları ilə məşğul olan və fəaliyyət sahəsi də təmənnasız xidmətə söykənən insan başqa cür ola da bilməz. Ona görə, bu fəaliyyət sahəsi prinsipcə özü yüksək əxlaq, mədəniyyət tələb edir və bunlarla həmahəng fəaliyyətlə vəhdətdədir. İnsanlar çalışdıqları sahələrdəki fəaliyyətləri ilə özləri üçün cəmiyyətdə bir obraz formalaşdırmaqdadır. Çox maraqlıdır ki, son dövrlər köbələk kimi artan şou-biznes əhli, müğənnilər haqda heç də yaxşı olmayan ictimai fikir formalaşmaqdadır. Müğənni olmaq istəyirsənsə, “səsin olması vacib deyil”, “həyat yoldaşından boşanmalı”, “qısa geyinməli”, “dedi-qodulara qoşulmalı” və “sponsor tapmalısan” fikirləri həqiqi sənətkarları da hörmətdən salır. QHT liderləri bax bu cür ictimai qənaətdən qorxmalı və ona rəvac verəcək hərəkətlərdən uzaq olmalıdır. Əks halda onlar cəmiyyətə təsir güclərini, mexanizmlərini itirmiş olarlar”.
O, əlavə edib ki, sistemin ikinci tərəfinə, yəni vətəndaş cəmiyyətinin liderlərinin insanlarla münasibətlərinə gəldikdə isə burada düzgünlük, sözə bütövlülük, ədalətlilik əsas dəyər olmalıdır: “Vətəndaş cəmiyyətinin liderləri “almaqdan” deyil, “verməkdən” həzz almağı bacarmalıdırlar. Onlar cəmiyyətə daha çox fayda verəndə ləzzət almalıdırlar, bu onların həyat meyarı olmalıdır. Nəinki gördükləri işin müqabilində daha çox maddi gəlirlər əldə etdikdə sevinməlidirlər. Çox təəssüf ki, biz son dövrlər bəzən bu tendensiya ilə qarşılaşırıq. İmkan vermək olmaz ki, QHT sektoru “qovulmuşların” at oynatdığı, dəyərlərin alınıb-satıldığı alver məkanına, ara düzəldənlərin oylağına çevrilsin.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə obyektiv qiymət verilməsi üçün cəmiyətin özünün də əxlaqi-mədəni səviyyəsi yetərli səviyyədə olmalıdır. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmasının mədəniyyət olduğu dərk olunmur. Bu zaman vətəndaş cəmiyyətlərinin hərəkətləri də adekvat başa düşülmür. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bu zaman əyrilik, qanunları pozmaq qəhrəmanlıq, əxlaq, mənəviyyat isə geridə qalmaq kimi qiymətləndirilir. Bir sözlə, əhalinin keyfiyyəti aşağı düşür. Vətəndaş cəmiyyəti institutları cəmiyyəti məhz bu çatışmazlıq sindromundan xilas etmək üçün səfərbər olmalı, bilavasitə daimi olaraq özünü təkmilləşdirməli, əxlaqi-mənəvi dəyərlərə bağlılığını artırmalıdır. Aparılan maarifləndirmə işlərinin əsas hədəfi də buna yönəlməlidir. Ona görə də ilk növbədə özlərinin davranışlar sistemi yüksək əxlaq normaları çərçivəsində olmalıdır...”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 18 noyabr.-
S9.