Tunis təəssüratlarım...
Yaxud məğribin
gecikən baharı
...Aralıq
dənizinə otelin pəncərəsindən baxıram. Kimsəsiz sahildə ayaq izləri belə
görünmür. Avropa Mühafizəkarlar
və İslahatçılar Alyansının zirvə toplantısı
ilə əlaqədar təhlükəsizlik tədbirləri ən
yüksək həddə çatdırılıb. Sahilə
ayaq basıb qum üzərində -
dalğaların, yaxud küləyin bir göz
qırpımında silə biləcəyi bir iz qoymaq
şansım belə yoxdur. Təhlükəsizlik
xidmətinin xahişimi gülər üzlə
qarşılayıb yerinə yetirmək imkanı olmayan əməkdaşları
otelin həyətindəki hovuzun ətrafında gəzməyimi
məsləhət görürlər.
Son terror hadisəsindən sonra bura istirahət
üçün gələnlərin sayı yetərincə
azalıb. Nə ekzotik meyvələr, nə qumlu sahil, nə də
Aylı gecələrdə dalğaların üzərində
rəqs edən işıq zərrəcikləri, nə də
qızmar Afrika Günəşinə görə kimsə həyatını
təhlükəyə atmaq istəmir. “Ərəb
baharı”ndan sonra bu yerlərə payız gəlməyib.
Və ərəblər “demokratiya”dan
aşırı inanc və entuizazmla gözlədiklərini
ala bilməyiblər. Bu yerlərdə “demokratiya” bar vermədən
başını aşağı salıb. Sabitlik maksimim təhlükəsizlik
tədbirləri bahasına qorunsa da, rəsmilər
işsizliyin kifayət qədər yüksək olduğunu
deyirlər... Ölkənin əsas gəlir mənbəyi
olan turizm sektoru çökdüyü üçün gənclər,
xüsusilə də qadınlar başqa ölkələrə
üz tutmaq məcburiyyətində qalıblar. Dil maneəsi
olmadığı üçün Fransaya gedənlərin
sayı çoxluq təşkil edir...
İlkə
atılan imza
Sammitin ilk günü Avropa Mühafizəkarlar və
İslahatçılar Alyansını Şurasının
toplantısı ilə başladı.
Alyansın prezidenti Jan Zahradil konfranslararası dövrdə
görülən işlərdən, həyata keçirilən
layihələrdən danışdı. AECR
prezidentinin çıxışı zamanı tərəfdaş
və üzv partiyalarla birgə həyata keçirilən
layihələr barədə qısa filmlər nümayiş
etdirildi.
Jan
Zahradilin çıxışından sonra Alyansın
icraçı direktoru Riçard Milsom üzv partiyalara maliyyə
hesabatını təqdim etdi və növbəti il ərzində həyata keçiriləcək
layihələr barədə məlumat verdi.
Çıxışlardan sonra yeni üzvlərin qəbulu
barədə məsələnin müzakirəsinə
başlanıldı. Alyansın üzvlüyünə namizəd olan
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası,
İtaliya Mühafizəkarlar və İslahatçılar
Partiyası, Finlandiya Finlər Partiyası və Slovakiya
Azadlıq və Həmrəylik Partiyasının rəhbərləri
təqdimat nitqi ilə çıxış etdilər.
BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın
fəaliyyətindən, Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalı nəticəsində
yaranmış münaqişənin tənzimlənməsindən,
Azərbaycanda keçirilən son parlament seçkilərindən
və BAXCP-nin prioritetlərindən danışdı. BAXCP sədrinin
çıxışı zamanı partiyanın fəaliyyətini
əks etdirən slayd nümayiş olundu.
Çıxışlardan sonra Alyansa yeni üzv olan
partiyaların sədrləri Reykyavik bəyyannaməsini
imzaladılar.
Reykyavik bəyyanaməsi 10 prinsipdən ibarətdir. Bəynnamədə qeyd olunur
ki, Avropa Mühafizəkarlar və İslahatçılar
Alyansı (AECR) şəxsiyyət azadlığı, dövlət
müstəqilliyi, parlament demokratiyası, qanunun aliliyi,
mülkiyyətin toxunulmazlığı, aşağı
vergilər, dayanıqlı valyuta, azad ticarət, hakimiyyətin
şəffaf rəqabətlilik əsasında
ötürülməsi prinsipləri əsasında bir araya gələn
tərəfləri birləşdirən ittifaqdır:
1. AECR
Avropanın müstəqil dövlətlərinin öz ərazi
bütövlüklərini və milli özünəməxsusluqlarını
qorumaqla qarşılıqlı maraqlar əsasında əməkdaşlıq
edə biləcəklərinə inanır.
2. AECR ərazisindən,
bu və ya digər beynəlxalq təşkilata üzvlüklərindən
asılı olmayaraq Avropanın bütün demokratik dövlətlərinin
bərabər hüquqlu olduqlarını bəyan edir.
3. AECR
hakimiyyətin ən aşağı səviyyədən – fərdlərdən
başlayaraq, yerli, dövlət və dövlət
üstü orqanlaradək bərabər əsaslarla
paylaşılmasını təşviq edir.
4. AECR
açıq cəmiyyətin dövlətin təsirindən
maksimum mühafizə olunan şəxsiyyətin
azadlığına və ləyaqətinə söykəndiyini
qəbul edir. Şəxsiyyət
azadlığı isə özündə vicdan, söz və
ifadə, sərbəst hərəkət və birləşmə,
məşğulluq azadlıqları, eləcə də şəxsiyyətin
repressiv, özbaşına və cəzalandırma
üsullarıyla vergiyə cəlbedilmədən azad
olduğunu ehtiva edir.
5. AECR
etnik və cinsi mənsubiyyətindən, sosial mənşəyindən
asılı olmayaraq bütün vətəndaşların
qanun qarşısında bərabər olduqlarını
bildirir.
6. AECR
ekstrimizm və avtoritarizmin bütün formalarını rədd
edir.
7. AECR ailələrin
və vətəndaş cəmiyyəti subyektlərinin şəxsiyyətlə
hakimiyyət arasında mühüm rola malik olduğunu
bildirir.
8. AECR
müstəqil dövlətlərin özünəməxsus
demolratik qanunvericiyini qəbul edir.
9. AECR
Avropa və dünya miqyasında sərbəst ticarəti və
azad rəqabəti təşviq edir.
10. AECR
2009-cu ildə qəbul edilmiş Praqa bəyannaməsinin
prinsiplərini, Avropa Mühafizəkarlar və
İsahatçılar Alyansının Avropa Parlamentində, eləcə
də digər parlamentar şura və assambleyalardakı fəaliyyətini
dəstəkləyir.
Xatırladım ki, BAXCP Avropa Mühafizəkarlar və
İslahatçılar Alyansına üzv olan və Reykyavik bəyannaməsini
imzalayan ilk Azərbaycan partiyasıdır. Xeyirli-uğurlu olsun!
Məğrib
sammiti
Avropa Mühafizəkarlar və İslayatçılar
Alyansı Şurasının toplantısı başa
çatdıqdan sonra “ərəb baharı”ndan sonra regionda
yaranmış vəziyyətə həsr olunmuş Məğrib
zirvəsi öz işinə başladı. Noyabrın 13-də, saat
13:30-da başlayan və bir neçə plenar iclastan ibarət
olan Zirvə toplantısı noyabrın 14-də, günün
birinci yarısı öz işini başa vurdu.
Plenar
iclaslarda Avropa Mühafizəkarlar və İslahatçılar
Alyansının prezidenti Jan Zahradil, Alyansın Avropa Parlamentindəki
qrup rəhbəri Seyid Kamal, Baronessa Sayeeda Varsi, Avropa
Şurası Parlament Assambleyasının vitse prezidenti və
Türkiyə nümayəndə heyətinin bu qurumdakı rəhbəri
Reha Denemeç, Tunis Parlamentinin və İstiqlal Partiyası
İdarə Heyətinin üzvü Adil Ben Hamza, İtaliya
Mühafizəkarlar Partiyası sədrinin müavini, deputat
Daniel Cappezone, Tunisin Milli Dialoq Dördlüyünün təmsilçisi
Ouided Bauçamaoyi, Tunisin keçmiç xarici işlər
naziri Rafiq Absessalam, Polşanın sabiq xarici işlər naziri
Anna Fotiga, Tunis Ennahda Partiyasının lideri Çeik Rəşid
Ghannouçi, AECR-in baş katibi və Avropa Parlamentinin
üzvü Daniel Hannan, Kanada senatının üzvü Salma
Ataullahcan, Tunisin Kommunikasiya Texnologiyaları naziri Nomane Fehri,
İslandiyanın keçmiş dövlət naziri Thor
Thordarson, Avropa Parlamentinin vitse prezidenti Riçard
Kzarneçki, Avropa Parlamentinin üzvü Amjad Başir, Tunisin
Daxili İşlər naziri Mohamed Najem Gharsalli, Beynəlxalq
Böhran Qrupunun aparıcı təhlilçisi Mikayıl
Ayari, İspaniyanın Xarici İşlər naziri Jorge Vazques
Kosta, Lüksemburq Demokratik Alternativ Partiyasının sədri
Fernand Kartheiser, Böyük Britaniya Lordlar Palatasının
üzvü Baron Martin Kallanan, Tunisin Əmək naziri Zied
Ladhari, Tunizin, İnkişaf, Yatırım və Beynəlxalq
Əməkdaşlıq naziri Yassin Brahim “ərəb
baharı” və regionda baş verən digər hadisələrlə
bağlı məruzə etdilər.
Tarixə
və mədəniyyətə açılan güllə
Tunisə səfərimizin ən yaddaqalan hissələrərindən
biri də Bardo Milli Muzeyini ziyarətimiz oldu.
Təəssüf ki, Bardo Milli Muzeyi tarixə təkcə
dünyanın ən böyük mozaika muzeyi kimi deyil, həm
də terror aksiyasının həyata keçirildiyi məkan
kimi də düşüb. Bu il martın 18-də
İŞİD və Əl Qaidə terrorçularının
muzeyə hücumu nəticəsində aralarında Yaponiya,
İtaliya, Kolumbiya, İspaniya, Rusiya, Böyük Britaniya,
Avstraliya, Fransa və Polşalı turistlərin də
olduğu 23 nəfər həlak olub.
Museyin divarlarında və bəzi eksponatların üzərində
güllə izləri hələ də qalmaqdadır və bu
izlər terrorun təkçə ayrı-ayrı millətləri,
dinləri təmsil edən insanların deyil,
bütövlükdə bütün bəşəriyyətin
düşməni olduğunu nümayiş etdirir. Bu güllə
izləri həm də cəhalət, xurafat və
nadanlığın intellektə, mədəniyyətə,
tarixə qarşı elan olunmamış əbədi
savaşının göstəricisidir.
Tunis mədəniyyətlərin qovşağıdı
və Bardo Milli Muzeyi bu ölkənin qədim tarixini dini
ehkamların dili ilə deyil, mədəniyyət vasitəsilə
nümayiş etdirən yeganə məkandır. Tunis həm də
qədim və nəhəng Roma mədəniyyətinin
ayrılmaz bir parçasıdır. Nəhəng,
divar boyu işlənmiş mozaikalarda bu mədəniyyətin
izlərini ən incə cizgilərinə kimi görmək
mümkündür. Bələdçinin
uzun-uzadı söhbətlərindən yorulub otaqdan-otağa
addımlayır, Roma mədəniyyətinin əfsənəvi
nümunələrinə heyranlıqla tamaşa edirik. Diqqətimizi Roma imperatorlarının büstləri
cəlb edir. İndi onlardan yalnız büstlər
qalıb... Mark Avrelinin büstünün
qarşısında dayanıb bu böyük dövlət
xadiminin və nəhəng filosofun şəxsiyyəti
haqqında düşünürəm.
Vfhr Avrelinin hakimiyyəti dövründə dövlət
bütün xəstələrin və əlillərin
qayğısını öz üzərinə
götürmüşdü. Avreli sosial dövlət
anlayışının əsasını qoyan ilk imperatordur.
O varlılardan daha çox vergi tutulması barədə
göstəriş vermişdi. Bu vəsaitlərin hesabına
aztəminatlı ailələr və kimsəsizlər
üçün sığınacaqlar tikilmiş, gənclərin
fəlsəfə və digər dünyəvi elmləri
öyrəndiyi təhsil ocaqlarının əsası
qoyulmuşdu...
...Və
indi Mark Avreli kimi tarixin o başından boylanan
işıqlı bir şəxsiyyətin büstü
qarşısında dayanıb “ərəb baharı”
haqqında düşünmək qəribə gəlir adama. Mənə
elə gəlir ki, burada sadəcə zaman, texnologiya və
insanların geyimi irəli gedib, dünyagörüşü və
mədəniyyət isə Mark Avrelidən çox-çox əvvəllərə
qayıdıb...
“Güclə
qazana bilmədiyini, ağılla fəth edə bilərsən”,
“İnsan düşdüyü şəraitə görə
deyil, mahiyyət etibarı ilə ləyaqətli
olmalıdır” və yüzlərlə bu kimi tarixin
bütün dövrləri üçün aktual olan fikirlərinin
müəllifinin – böyük hökmdar və filosof Mark
Avrelinin büstünün önündən çəkilib
başı, qolu, ayağı və digər əzaları
sınmış, yaxud sındırılmış heykəllərin
önündən keçirəm. Görünür
İŞİD təkcə bu günün bəlası
deyil... İŞİD bəlkə də terror qrupundan daha
çox əsrlərlə bizimlə birgə addımlayan təpəgözlərin
“fəlsəfəsi”dir, amöblərin
“dünyagörüşü”dür...
...Bardo Milli Muzeyi geridə qalır. Bir neçə
saatdan sonra Tunisə səfərimiz də başa çatacaq.
Bu səfərdən
çıxardığımız qənaət isə
çox güman ki, uzun illər boyu bizimlə yanaşı
addımalayacaq, bizi dəyərlərimizə sahib
çıxmaq, onları qorumaq üçün daha cəsarətli
olmağa sövq edəcək. Cəhalətin,
nadanlığın qarşısında əsla geri çəkilmək
olmaz... Tunis xalqına önündə milli, yaxud dini mənsubiyyət
ifadə edən sözlərin deyil, yüksək bəşəri
dəyərlərin yer aldığı gerçək bir
bahar arzulayaraq geri qayıdırıq...
Salam, Bakı...
Elçin Mirzəbəyli
Bakı-Tunis-Bakı
Xalq Cəbhəsi.-
2015.- 18 noyabr.- S.3-4