“Ermənistan terrorizmi dövlət siyasəti
səviyyəsinə qaldırıb”
Elman Nəsirov:”Onlar
faktiki olaraq, İŞİD-in müttəfiqi kimi
çıxış edirlər”
Son zamanlar ard-arda baş verən neqativ hadisələr, hətta
ən sivil ölkələrdə terror aktlarının
baş verməsi dünya düzəninin pozulduğunu deməyə
əsas verir.
Yaranan yeni, ürəkaçmayan mənzərə
ilə bağlı suallarımızı politoloq Elman Nəsirova
ünvanladıq, proseslərin səbəbləri ilə
maraqlandıq. Politoloq bildirdi ki, hazırda
beynəlxalq hüquq işləmir. Bu isə
o deməkdir ki, dünyada nizamsızlıq hökm
sürür. Ən pisi isə odur ki,
müşahidə etdiyimiz vəziyyət idarəolunan xaosdur.
- Sizcə,
dünyada ümumi vəziyyətin get-gedə pisləşməsi,
terrora məruz qalan ərazilərin genişlənməsi nə
ilə əlaqədardır?
- Təəssüf
ki, yeni-yeni çağırışlar, təhdid dolu fikirlər
səsləndirilir. Bunun fonunda isə arzuolunmaz
hallara şahidlik edirik. Deməli, müasir
dünyamızda həmin hədələrə qarşı
düzgün müdafiə sistemi qurulmayıb. Düşünürəm ki, bunun əsas səbəbi
böyük dövlətlərin geosiyasi maraqlarıdır.
Onlar terrorun, təhdidlərin,
çağırışların nə olduğunu bilirlər.
Amma öz maraqları ucbatından adekvat
addımlar atmırlar. Beynəlxalq birliklərin
üzvlərinə İŞİD haqda sual ünvanlasanız,
birmənalı şəkildə onu terrorçu təşkilat
adlandıracaqlar. Lakin İŞİD-ə
qarşı mübarizə məsələsinə gəldikdə,
dediklərinə uyğun davranış sərgiləmələrini
müşahidə etməyəcəyik. ABŞ
da İŞİD-i terror təşkilatı hesab edir. Amma onlar Əsəd rejimini də İŞİD-ə
bərabər tuturlar. Yanaşmalar fərqlidir
və Rusiya bunun əksini söyləyir. Onlar
İŞİD-i terror təşkilatı adlandırır, həmin
qüvvələrə qarşı hava zərbələri
endirirlər. Eyni zamanda bildirirlər ki,
Əsəd hakimiyyəti İŞİD-ə qarşı real
mübarizə aparır. Faktiki olaraq,
İŞİD hamı üçün təhlükə mənbəyinə
çevrilib. İş o yerə gəlib
çatıb ki, bu gün üçün artıq onların
öz valyutaları var. Elan ediblər ki, valyutaları
“İslam dinarı” adlanır və bir qızıl dinar 139
dollara bərabərdir. İŞİD
konkret olaraq, özünü dövlət kimi aparır. Buna səbəb kimi, beynəlxalq birliyin qəti
mövqeyinin olmamasını görürəm. Onların özünü İraq Şam İslam
dövləti elan etmələri dünyanın gözü
qarşısında baş verib. Amma dediyim
kimi, geopolitik maraqlar imkan vermir ki, bu təşkilatla lazımi
səviyyədə mübarizə aparılsın. Göründüyü kimi, terrorun növbəti məkanı
Paris oldu. İŞİD ona görə
Fransanı hədəf seçdi ki, o ölkədə xeyli
narazı qüvvələr var. Xatırlayırsınızsa,
2005-ci ildə Fransada ciddi etirazlar təşkil olunmuşdu.
Hətta vəziyyət o yerə
çatmışdı ki, Jak Şirak fövqəladə vəziyyət
elan etmişdi. Yəni orada terror
aktlarının həyata keçirilməsi üçün
münbit şərait var. Fransada terrorun təşkilinin daha
böyük beynəlxalq rezonansa səbəb olacağı da
məlum idi. Ona görə də orada
terror hadisəsinin təşkili İŞİD
üçün effektiv hesab olunur. Bununla
diqqəti özlərinə cəlb etmək və
qarşı tərəfi adekvat addım atmağa sövq etmək
istəyirlər. Belə olan vəziyyətdə
Fransa miqrantlara qarşı çox sərt siyasətə
başlaya, qapıları onların üzünə bağlaya
bilər. Avropada islamafobiya güclənər.
İŞİD məhz bunu istəyir. Çünki belə olan vəziyyətdə
İŞİD özünü qəhrəman kimi təqdim edəcək.
Bu isə tərəfdarlarının sayının
artmasına səbəb ola bilər. Buna “bulanıq suda balıq tutmaq” siyasəti deyilir.
Bu hadisələrdə ən böyük məsuliyyət
lider dövlətlərin üzərinə düşür.
Onlar terrorizmin nəticəsi ilə mübarizə
aparırlar. Heç kim səbəblə,
motivlə mübarizə aparmır. Niyə
terrorizmin əmələ gəlməsi üçün
münbit şərait yaranır? Ən
acınacaqlı məsələ budur.
- Belə
versiyalar var ki, terroru Qərb özü təşkil edib. Bu cür hadisə Qərbə nə dərəcədə
lazım idi?
-
ABŞ-da 11 sentyabr hadisələri baş verəndən sonra
administrasiya özü də ittiham olunurdu, əsil təqsirkar
adlandırılırdı. Deyilirdi ki,
Əl-Qaidənin, Usama Ben Ladenin təkbaşına, dövlətin
iştirakı olmadan terror həyata keçirməsi
mümkün deyil. Amma bunlar subyektiv
yanaşmalar hesab olunur və deyilənlər təsdiqini
tapmır. Çünki məlum
qruplaşmalar məsuliyyəti öz üzərinə
götürürlər. Ben Laden dedi ki, bunu mən
etmişəm, lazım gəlsə bundan da çox işlər
görəcəyəm. İndi də belə
fikirlər var ki, son hadisələrdən sonra ABŞ və
Avropa ölkələri uzunmüddətli planlar həyata
keçirəcəklər və bundan “kozır” kimi istifadə
edəcəklər. Amma nəzərə
alaq ki, bu dəfə də İŞİD rəhbəri
Əl-Bağdadi məsuliyyəti öz üzərinə
götürüb. Hətta bundan sonra
Avropanın digər şəhərlərində, eləcə
də Rusiyada da analoji aktları həyata keçirəcəklərini
açıqlayıb. Belə olan halda,
dövləti ittiham etmək üçün heç bir əsas
qalmır.
-
Artıq yeni dünya müharibəsinin astanasında
olmağımızla bağlı fikirlər formalaşır. Belə yanaşmaları
bölüşürsünüzmü?
- Bir
çox ekspertlər hesab edirlər ki, əslində, terrorla
mübarizə dördüncü dünya müharibəsidir. İkisi məlum məsələdir,
üçüncü “Soyuq müharibə”,
dördüncü isə terrora qarşı müharibədir.
Bu gün ümumi durum o qədər də
ürəkaçan deyil. Beynəlxalq
hüquq işləmədiyindən, nüvə müharibəsi
də baş verə bilər. Dünyada vəziyyət
heç bir zaman indiki qədər təhlükəli
olmayıb. Bu gün iki nəhəng
nüvə dövləti var - biri ABŞ, digəri isə
Rusiyadır. İmzalanmış
bütün müqavilələr hüquqi qüvvəsini
itirib. Heç bir sənəd yoxdur ki, bu
iki dövlət arasındakı nüvə müharibəsinin
qarşısını alsın. Onu da nəzərə
alaq ki, nüvə silahı hazırlamaq istəyən dövlətlərin
sayı çoxalıb. Nüvə
silahı terrorçuların əlinə düşərsə,
bu, dünya üçün çox ciddi bir təhdid olar.
Hadisələrin gedişatı onu göstərir
ki, beynəlxalq terrorizmə qarşı ümumi müharibə
elan edilməsə, bütün dünya dövlətləri əl-ələ
verib bu bəlaya qarşı müharibə aparmasa, onda vəziyyət
bir qədər də pisləşəcək. Təsəvvür
edin ki, özünü dövlət elan etmiş
İŞİD- terorçu qruplaşması Suriya ərazisinin
50 faizinə, İraqın isə 40 faizinə nəzarət
edir. Faktiki olaraq, terrorçu təşkilat
İŞİD iki dövlətin 90 faiz ərazisinə rəhbərlik
etmək iddiasındadır. Bu, çox təhlükəli
tendensiyadır. Müasir dünya ölkələri
birləşib koordinasiya olunmuş, əlaqələndirilmiş
şəkildə, yaxşı və pis terrorçu demədən
onlarla mübarizə aparmalıdır. Yox,
əgər geosiyasi maraqlar önə keçsə,
“Əl-Qaidə pisdir, Taliban pisdir, İŞİD pisdir, amma
Daşnaqsityun, ASALA terror təşkilatı
yaxşıdır” deyilsə, terrorizmə qalib gəlmək
mümkün olmayacaq. İnsanın təhlükəsizliyi
hər şeydən üstündür. Onun
mövcudluğu təhlükə altındadırsa,
sadaladıqları rifahı, inkişafı neynirik? Fransa ABŞ-la birgə İŞİD-ə
qarşı mübarizə aparırdı. Amma belə çıxır ki, bir çox hallarda,
onlar İŞİD-ə qarşı mübarizədə
imitasiya ilə məşğul olublar. Reallıqda
İŞİD-ə qarşı heç bir zərbə
endirməyiblər. 2015-ci ilin sentyabrın
28-də Vladimir Putin BMT Baş Məclisinin 70-ci sessiyasında
çıxış etdi və İŞİD-ə
qarşı mübarizəyə bütün dövlətləri
dəvət etdi. Sentyabrın 30-da isə
birtərəfli qaydada, Bəşər Əsədin xahişi
ilə İŞİD-in mövqelərinə zərbə
endirməyə başladı. Bu hadisəyə
birmənalı yanaşma olmadı. Rusiyanı
ittiham etdilər ki, o, İŞİD-ə qarşı
mübarizə adı altında əsas müxalifəti
bombalayır. Yəqin ki, Paris hadisələrindən
sonra Fransa İŞİD-ə qarşı daha ciddi şəkildə
mübarizə aparacaq. İstisna deyil ki,
yeni reallıqda Qərblə Rusiya arasındakı münasibətlərin
bərpası üçün münbit şərait yarana bilər.
Yaranacağını demək çox çətindir.
Amma bunun üçün şərait var. Onun
uzunmüddətli olacağına böyük inam yoxdur.
- Bəs
belə gedişat bizim regiona nə vəd edir?
- Təbii
ki, belə proses bizim region üçün də təsirsiz
olmur. Çünki Cənubi Qafqaz çox
mürəkkəb regiondur. Mürəkkəbliyi
ondadır ki, biz çox təlatümlü, barıt çəlləyi
hesab olunan Yaxın Şərqin qonşuluğundayıq.
Üç dövlətin üçü də
Türkiyə ilə həmsərhəddir. Azərbaycanla Ermənistan həm də İranla həmsərhəddir.
Biz terrorizm təhlükəsinin son dərəcə
real olduğu Mərkəzi Asiyaya da yaxınıq. Bu region da İŞİD-in əsas hədəfləri
sırasındadır. Cənubi Qafqaz
regionu Avropa İttifaqı ilə də yaxındır.
Hadisələr isə Fransada baş verdi. Deməli, proseslər bizdən elə də uzaqda cərəyan
eləmir. Eyni zamanda, Azərbaycan
Rusiyanın da qonşusudur ki, İŞİD buranı da hədələyir.
Rusiya İŞİD-i Suriyada bombaladıqdan
sonra əsas hədəfə çevrilib. Bütün bunlar Cənubi Qafqazın təhlükəsizliyi
ilə bağlı məsələləri bir daha qabardır.
Bu regionun bir dövləti - Ermənistan
terrorizmi dövlət siyasəti səviyyəsinə
qaldırıb. Onlar faktiki olaraq,
İŞİD-in müttəfiqi kimi çıxış
edirlər. Terror təşkilatları ona
görə güclüdürlər ki, onlar əlaqələndirilmiş,
koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər.
Bu, Ermənistanla İŞİD-in yaxın əlaqələrinin
olmasına dəlalət edir. Bütün
bunlar dünya dövlətlərini düşünməyə
vadar etməli, konkret addımlar atmağa sövq etməlidir.
İŞİD-i düşmən elan edib onunla sıx
münasibətdə olan Ermənistanı dost elan etmək
dünyanı ümumi bəlaya yuvarladar, terrorla mübarizəni
nəticəsiz edər. Ona görə də
lider dövlətlər bu məsələni bir daha
düşünməlidirlər.
Xalq Cəbhəsi.- 2015.- 19 noyabr.-
S. 7.