“Mənim sənət
dostum yoxdur”
Rafael
Dadaşov: “Özümü elə aparmışam ki, bir adam haqqımda əyri danışa bilməz”
Akademik
Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun
APA-ya müsahibəsi
- Rafael
müəllim, ilkin müşahidəmi deyirəm: jurnalistlərdən
bərk inciksiniz. Mətbuata verdiyiniz
açıqlamalarınızda hətta aqressiv, qəzəbli
cavablarınızı da oxumuşam...
- Məsələ
ondadır ki, jurnalistlər mənim haqqımda qarayaxma apara
bilməzlər. Həyatda özümü elə
aparıram ki, onların nə isə xoşagəlməz
şeylər yazması mümkün deyil. Sadəcə,
jurnalistlər qızımı müzakirəyə
çıxarırlar, onun haqqında yazırlar, bu da
düzgün deyil. Sənətkar
övladını müzakirəyə çıxarmazlar.
Çalışırlar, qızım
haqqında xeyir sözlərdənsə, şər sözləri
işlətsinlər. İstəmirəm
kobud danışam, yoxsa qaralamağa qalsa, əstəğfürullah,
mən də elə qaralayaram, yeddi qatdan keçər. Mətbuatdan incikliyim övladımla
bağlıdır. Çünki sənətkar
olmaqla bərabər, özümü elə aparıram ki,
lazımsız söz-söhbətə səbəb
olmayım. Kimsə axtarıb nə isə
tapmaq istəyəndə, tez qızıma sataşır.
Mən sizin vasitənizlə xahiş edirəm: jurnalistlər
belə şeyləri etməsinlər. Qızım
haqqında danışanda mənə toxunurlar. Əgər mənim sənətim haqqında yüksək
fikirdəsinizsə, başqa tərəfdən niyə
övladımı qaralayıb başımı
aşağı edirsiniz?
- Qoqolun “Müfəttiş” əsərində bələdiyyə
sədri rolunda çıxış edirsiniz. Məşqlər
nə yerdədir?
- “Müfəttiş”in Akademik Milli Dram Teatrına gəlişi
yaxşı hadisədir. Çünki bu tamaşa uzun müddətdən
sonra səhnəyə qoyulur. Klassik əsərləri
repertuara daxil etmək vacibdir. Ümumiyyətlə,
teatr hər zaman klassik əsərlərlə qiymətli olub.
Sevinirəm ki, “Müfəttiş” bizim teatrda səhnəyə
qoyulub və baş rol da mənə həvalə olunub. (Gülür). Bizim hörmətli direktorumuz
İsrafil müəllimin təklifi ilə ötən il bu əsər plana daxil edildi və təklif
etdi ki, bələdiyyə rəisini Rafael Dadaşov
oynasın. Hələ ki, məşqlər davam
edir, axtarışlar aparılır, düzəlişlər
olunur. “Müfəttiş”dəki ab-hava,
dövr, quruluş tamam başqadır. Əgər
mən o zamanda olsaydım, əlbəttə, istəyərdim,
vəzifəm bələdiyyə rəisi olsun və mən
yaxşı yaşayım. (Gülür).
Həmin obrazı yaratmaq, tamaşaçıya
düzgün çatdırmaq aktyor kimi borcumdur.
- Gənc
rejissorla işləməyin üstünlüyü, çətinliyi
nədədir?
-
Bilirsiniz, mən müşahidə edirəm. Bir
var, rejissora tabe oluram, nə deyirsə, onu edirəm, bir də
var, müşahidə edirəm ki, görüm, nizamı
düz verirmi, düz işləyirmi. Mənim
səhnə təcrübəm deyərdim ki, bir neçə
rejissorun təcrübəsinə bərabərdir.
Özüm hiss edirəm ki, nə düzdür, nə yolunda
getmir. Amma susuram ki, görüm, rejissor nə
deyəcək, mən düşündüyümü edə
biləcəkmi? Görürəm, yox,
bizim gənc rejissorlar hələ o səviyyədə deyil,
onlar hazır deyillər. İkinci tərəfdən
bu gün internetdə o qədər hazır tamaşalar var,
gir tamaşanın formasını oradan götür, bura qoy.
Hazır tamaşalar o qədərdir, deyərdim,
tamaşa hazırlamaq elə də çətin deyil.
Baxıb, nəyə isə oxşadacaqsan də!
-
Rejissorlardan kimə tabe olmusunuz?
- Birinci
növbədə Tofiq Kazımova. Ona çox
inanmışam və bu teatra da onun mənə olan inamına
görə gəlmişəm. Məmnuniyyətlə
işləmişəm Ələsgər Şərifovla.
Mənim üçün vacib olan Tofiq
Kazımovun yüksək sənətkarlığı idi ki,
onun inamı ilə bu yerə gəlib çatmışam.
Düzdür, Mehdi Məmmədovla da işləmişəm,
amma əsasən Tofiq Kazımova tabe olmuşam. Mərahim Fərzəlibəyovla da uzun illər
işləmişik. Onun gözəl
xüsusiyyəti var ki, yaxşı səhnə quruluşu
verir. Düzdür, aktyorla işləmək
qabiliyyəti siz deyən yoxdur. Yəni hər
şeyi aktyorun öhdəsinə buraxır ki, özün tap,
işlə, oyna. Amma ümumi
kompozisiyası gözəl və maraqlı olur.
- İllər keçəndən sonra aktyorun gənclik
həyəcanı ilə təcrübəli vaxtlarının
həyəcanı arasında fərq olur, yoxsa püxtələşəndən
sonra sənətkar üçün çox şey adiləşir? Məsələn, elə
sizi götürək...
- Əlbəttə, o dövrlə indiki vaxt arasında
böyük fərq var. O dövrdə mən böyük
aktyorlarla səhnəyə çıxırdım və təbii
ki, onun həyəcanını yaşayırdım. Ümumi cəhət
odur ki, mən o vaxt da təbii idim, indi də təbiiyəm.
- Bəs
məsuliyyət hissində, işə münasibətdə?
- O vaxt da
məsuliyyətli idim, indi də məsuliyyətliyəm. Necə
ola bilər, aktyor səhnədə məsuliyyətsiz
olsun? Mən sənətkar övladıyam.
Nənəm də, anam da, atam da sənətkar
olub. Onların işə olan münasibətini,
məsuliyyətini görmüşəm. Ona
görə də öz işimə heç vaxt səthi,
qeyri-ciddi yanaşmamışam. Zalda beş
nəfər də olsa, imkan vermərəm
tamaşaçı “bu nə oyun idi, Rafael göstərdi”
desin. Mən Sofya xanımın, Məlik müəllimin
oğluyam. Həyatda da, səhnədə də
özümü məsuliyyətsiz apara bilmərəm ki, kimsə
desin, elə ata-anadan belə oğul?
-
Neçə yaşınızdan sonra hiss elədiniz ki, sizi Məlik
Dadaşova, Sofya Hüseynovaya görə yox, özünüzə
görə tanıyırlar?
- Bu
gün də istəyirəm məni atama-anam görə
tanısınlar. Məsələn, istəyirəm,
oğluma görə məni tanısınlar. Desinlər, Rafael filankəsin atasıdır. Amma arzu etmirəm ki, atamı-anamı mənə
görə tanısınlar. Çünki
onlar elə səviyyəyə qalxmışdılar ki, ora
çatmaq mümkün deyil.
- Məlik Dadaşova münasibət birmənalı
olmayıb, onu istəməyənlər çox olub. Gəncliyinizdə
sizə münasibətdə bunun təsiri olubmu?
- Bilirsiniz,
Məlik müəllimin hüququ var idi ki,
narazılığını, tələblərini hər yerdə
desin. Ona görə də belə şeyləri
kəskin şəkildə deyirdi, dilə gətirirdi və
haqlı idi. Bir var başını
aşağı salırsan, axınla üzürsən, bir də
var, Məlik müəllim kimi liderlik keyfiyyətlərin olur və
ondan istifadə edirsən. Onun ətrafında
olan bəzi insanlar münasibətlərinə övladı da
qatırdılar. Mən bunu çox kəskin şəkildə
öz həyatımda hiss etmişəm. Məsələn,
uzun müddət ad almamışam. Bu nəyin
nəticəsidir? 60 yaşında xalq
artisti olmuşam. Halbuki, 30 yaşımdan
populyaram. Hamıdan gec ad aldım, hamıdan gec ev aldım. Nəyə görə
bir çox tədbirlərdə iştirak etməmişəm,
filmlərə çəkilməmişəm? Bütün bunların səbəbi atama olan
münasibətə görə olub. Elə
bilirsiniz, Məlik müəllim özü yağ-bal
içində yaşayırdı? Onu
yaşadan xalqın sevgisi, məhəbbəti, sənətinə
olan böyük diqqət idi. Elə
bilirsiniz, atam hər şeydən razı getdi? Yox! Hətta 70 illiyini də qeyd etmədilər.
- Sizin və
atanızın dostları haqqında danışaq...
-
Atamı deyə bilmərəm, mənim sənət dostum
yoxdur. İnanmıram ki, onun da sənət dostu
olub. Siz mənə o adamı göstərin ki, dost deyilən
kəsdən ziyan çəkməsin. Yoldaşlıq etdiyim,
oturub-durduğum adamlar var, onlarla dərdləşə də
bilərəm, amma dost bir az çətin
məsələdir.
- Şöhrəti gündəlik həyatınızda
hansı şəkildə hiss edirsiniz?
-
Hansı şəkildə deyirsinizsə, o cür də hiss
edirəm. Hətta sizə deyim, adamlar var, mənim
şəklimi telefonunda saxlayır, yeri gələndə, mənimlə
bir yerdə olan şəklini başqalarına göstərir.
Bu, mənə insan kimi, aktyor kimi yaşamaq,
yaratmaq üçün kömək edir. Cavan
olanda mənə yaraşıqlı oğlan kimi münasibət
bəsləyirdilərsə, indi sənətkar kimi
baxırlar. Heç vaxt şöhrətpərəst
olmamışam. Hətta özüm bəzən
tanınmağın kompleksini yaşamışam, bəzi yerlərdə
rahat ola bilməmişəm. Tanınmaq insanı məcbur edir ki, özünü
yığışdırsın. Sizə açıq
deyim: demək olar, zarafat etmirəm. Çünki
mənimlə də zarafat edə bilərlər və bu, mənə
xoş gəlməyə bilər. Anam həmişə
mənə deyirdi, istəsən də, istəməsən də
Allah sənə şöhrəti, sevilməyi verib. Bu, hər aktyora nəsib olmur. Şöhrət
rütbəyə çatmaq, ad qazanmaq deməkdir. Qazandığın sevgini qorumaq da adama asan başa gəlmir.
İndiyə qədər özümü elə
aparmışam ki, bir adam haqqımda əyri
danışa bilməz.
- Hacı
İsmayılov bizimlə müsahibədə demişdi ki,
tanınmağıma görə qohumlar işlə
bağlı, düşdükləri çətinliklə
bağlı ağız açırlar ki, məsələn,
uşağı işə düzəlt, filankəsə zəng
et tapşır və s. Sizdə vəziyyət nə yerdədir,
uşağı işə düzəltdirmək
üçün sizə müraciətlər olur?
- Hacı
müəllim çox populyar və sevilən aktyordur. Ona görə düz deyir, insan tanınanda ondan
kömək istəyirlər. Çünki
sənin əlin hansısa qapılara çatır. Anam həmişə deyərdi, bəzi yerlərə
gedəndə sən mənim yanımda ol. Deyirdim, nə danışırsan, sən xalq artistisən,
“Şöhrət” ordeni almısan, mənə nə ehtiyac
duyursan, özün o qapını döyərsən də,
açarlar da. Deyirdi, yox, mən başqa,
sən başqa. Tanınmaq, sevinmək
tamam başqa hissdir. O mənada, adama övladın da, ətrafın
da köməkliyi dəyir. Məsələn,
bizim əmimiz qızı Brilyant Dadaşova. Tanınan,
sevilən adamdır, bütün qohum-əqrəba üz tutur
ki, kömək et, filan işi həll elə.
Bizdə daha çox qadınlardır, ona
görə sözləri olanda çox vaxt Brilyanta deyirlər.
Amma yeri gələndə, məni də
qoşurlar. Əl tutmaq, kömək etmək
gözəl şeydir. Deyir, əl tutmaq
Əlidən qalıb. Amma biz öz
gücümüzdən artıq kömək edə bilmərik.
Çox təəssüf ki, sənin ümid
etdiyin qapı üzünə açılmır. Ya da açılırsa, həll etmirlər. Bax, bu pisdir. Çünki sən
kimisə ümid edirsən ki, mən gedərəm, zəng edərəm.
Özü də tam təmənnasız. Əstəğfürullah, öz payıma deyirəm
ki, kimdənsə nə isə götürürəm. Qətiyyən!
O qədər adama kömək eləmişəm ki... Elə Naxçıvanın özündə kömək
ediblər, qardaşım üçün çox şeyi həll
etmişəm. Naxçıvan əhlinə
minnətdaram, sağ olsunlar. Amma elə
vaxtlar olub, çox pis olmuşam, ağız
açmışam, etməyiblər. Eləyin
də, nə olar, kömək edəndə pis olur?
Xahiş etmişəm, filankəs işsizdir, iş verin, ailəsini
dolandırsın. Adamı arxayın etmişəm ki,
danışdım, sənə iş verəcəklər,
sonra zəng edib ki, düzəlmədi...
-
Dolanışıq necədir?
- Şükür, şikayətim yoxdur. Allah ulu öndərimizə
qəni-qəni rəhmət eləsin. 2002-ci
ildə gözəl təşəbbüslə teatra gəldi
ki, sizə təqaüd verəcəyəm. Cənab
prezident İlham Əliyevdən çox razılıyıq,
atasının yolunu ləyaqətlə davam etdirir, bizim
imkanları bir az da artırıb. Min manat prezident təqaüdü alıram, mənim
üçün böyük köməkdir. Anama deyirdim, neçə ildir teatrda külüng
vurub nə qazanmısan? Deyirdi, hər
şeyi qoyuram bir kənara, bu yaşlı vaxtımda prezident təqaüdü
alıram, mənə böyük kömək olur, əlimdən
tutur.
- Toylara
tamada gedən aktyorların həmişə tərəfində
olmusunuz, onlara haqq qazandırmısınız. Aktyorun toya getməsinə
pis baxanlar da olur...
- Aktyor
tam təmin olunubsa, adamı çağırıb deyərlər,
sənin nədən korluğun var ki, toya gedirsən? Məsələn,
ayda 3 min manat pul alan adam 50 manata görə
niyə toya getməlidir? Amma cavan aktyorlar toya
getməyib nə ilə dolansınlar? Ev
yox, dolanışıq yox, insan bəs necə yaşasın?
Mən vaxtilə toya getmişəm, tamadalıq
etmişəm. Kişi heç vaxt pul
qazanmaqdan utanmamalıdır.
Xalq
Cəbhəsi.- 2015.- 20 noyabr.- S.15.