QHT-lər və siyasət
Son zamanlar QHT-lərin siyasiləşməsi ilə
bağlı müxtəlif müzakirələr keçirilib. Ortaya təhlillər
qouyulub. Əksər ekspertlər ictimai təşklatların
siyasi istiqamət götürməsinin müsbət tərəfini
görmədiklərini bildirirlər.
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri,
ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər
və Təhlükəsizlik Komitəsinin sədr müavini,
millət vəkili Azay Quliyev QHT-lərin siyasiləşməsinin
qarşısnın alınması ilə bağlı vətəndaş
cəmiyyətinin nümayəndələrinin birgə
iştirakı ilə çox vacib bir görüş
keçirildiyini bildirib: “Görüşdə “Etik Kodeks” təklifi
bizim tərəfdən irəli sürüldü. Mən bu təklifə öz
razılığımı və dəstəyimi şərtsiz
irəli sürdüm. Çünki QHT-lərin
bu gün Azərbaycanda siyasi hakimiyyət yolundakı fəaliyyəti
yolverilməzdir. Bu təklif QHT-lərin
siyasiləşməsinin qarşısının
alınmasında böyük rol oynayacaq. QHT-lərin
fəlsəfəsi missiyası tamamilə başqadır.
Bu gün çox təəssüflər olsun
ki, bu təşkilatların çoxu siyasi partiyaların
“davamçısı” kimi fəaliyyət göstərərək,
onların dəstəkçisi kimi çıxış edirlər.
Bu, qətiyyən yolverilməzdir. Bu cür fəaliyyət QHT-lərlə siyasi
partiyaların işini bir-birinə qarışdıraraq cəmiyyətdə
yanlış mövqe formalaşmasına yol açır.
Görüşdə təklif olunan və ən
çox bəyənilən təklif “Etik kodeks”in qəbul
olunması idi. Çox mühüm təklif
olan bu yeni kodeks qeyri-hökumət təşkilatları ilə
siyasi partiyaların fəaliyyət sahəsi arasında kəskin
sərhəd qoyacaq”.
Azay
Quliyevin fikrincə, mühüm təşəbbüs olaraq dəyərləndirilən
“Etik kodeks”in qəbul olunması könüllü şəkildə
həyata keçiriləcək: “Hesab edirəm ki,
mandatına, nizamnaməsinə sədaqətli olan, Azərbaycan
qanunlarına hörmət edən, bütövlükdə
“şəffaflıq və aşkarlıq” prinsipinə əməl
edən bütün təşkilatlar bu kodeksə
qoşulacaqlar. Hansı təşkilat ki
yaranması, fəaliyyət prinsipi tamamilə başqa məqsədləri
güdür, yalnız onlar bu layihədən kənarda qala bilərlər.
Vətəndaş
Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri
Elməddin Hacıl isə bildirib ki, QHT-lərin və siyasi
partiyaların fəlsəfəsində,fəaliyyətlərində
xeyli sayda oxşar və fərqli cəhətlər
mövcuddur. Onun fikrincə, partiya adlandırılan siyasi birləşmələr
hələ qədim zamanlardan məlum olsalar da, müasir
dövrdə onların yeri və rolu bilavasitə
demokratiyanın inkişafı və təmsili hakimiyyət
orqanlarının möhkəmlənməsi ilə
bağlıdır: “Dünyada müxtəlif siyasi ideoloji
yönümlü və təşkilat quruluşuna malik minlərlə
partiya fəaliyyət göstərir. İlk
öncə qeyd edək ki, inkişaf etmiş demokratik dövlətlərdə
həm QHT-lər, həm də siyasi partiyalar vətəndaş
cəmiyyətinin bir strukturu olaraq dövlət hakimiyyəti
ilə yanaşı cəmiyyətin idarə olunmasında fəal
iştirak edirlər. Partiya dövlət
hakimiyyətini əldə etmək və yaxud orada
iştirakı kimi ümumi maraq və hədəfləri olan
çox sayda insanı birləşdirən siyasi təşkilatlardır.
Məhz hakimiyyətə hədəflənməsi
partiyaları QHT-dən fərqləndirir.
QHT-lər və siyasi partiyaların yaranması və fəaliyyəti
proseduru müvafiq qanunlar tərəfindən tənzimlənir. Azərbaycan
qanunvericiliyinə əsasən yeni qurulan partiyalar
sıralarında ən azı 1000 üzvü birləşdirməli,
ölkə konstitusiyasına zidd olmayan nizamnamə qəbul etməli
və demokratik inkişaf yolunu seçməlidirlər. QHT-lərlə bağlı qanunvericilikdə isə
QHT yaradılarkən üzvlərin sayı məhdudiyyəti
yoxdur. Bütün dövlətlərdə
siyasi partiya və QHT-lərin fəaliyyətində hüquqi
cəhətdən bir sərhəd müəyyən edilib.
QHT-lər siyasətlə məşğul ola
və seçkilərdə iştirak edə bilməzlər. QHT-lərin siyasi proseslərdə iştirakı
partiyalardan fərqli olaraq maarifləndirmə fəaliyyəti
ilə məhdudlaşır. Azərbaycan QHT-nin nizamnamələrində
belə bir bir bənd var: “Birlik Azərbaycan
Respublikasının Prezidentinin, Azərbaycan
Respublikasının Milli Məclisinin və bələdiyyəsinin
seçkisində iştirak edə bilməz”. Eyni zamanda QHT-lər
siyasi partiyaları dəstəkləyə, maliyyə ayıra
və təbliğatı ilə məşğul ola bilməz. Bununla yanaşı
beynəlxalq və yerli donorlar tərəfindən QHT-lər
ayrılan qrantların da istifadə məqsədləri
zamanı siyasi partiyaların dəstəklənməsi
qadağan olunur. Qrant müqavilələrində belə
bir bənd olur: “Qrant siyasi partiya və dini qrumların fəaliyyətinin
dəstəklənməsinə sərf oluna bilməz”.
O. əlavə
edib ki, siyasi partiyalar hakimiyyətə münasibətdə
iqtidar və müxalifət, siyasi səhnədəki yerinə
görə: sağ, mərkəzçi və sol, elan
olunmuş ideoloji yönümünə görə: kommunist,
sosial-demokrat, liberal-demokrat, mühafizəkar, etatist (dövlətçi),
milliyətçi, faşist, dini fundamentalist, siyasi
davranışının xarakterinə görə: mülayimlər
və radikallar və s. xüsusiyyətlərə malik olurlar.
Fəlsəfi nöqteyi-nəzərdən QHT-lərdə isə
belə yanaşma yoxdur: “
Partiyaların
və QHT-ləri oxşar sayda mövcud olan funksiyaları
arasında ən vacibləri aşağıdakılardır:
1. Sosial
funksiyalar. Bunlar cəmiyyətin və dövlətin
müxtəlif qruplarının maraqlarının
inteqrasiyası ilə əlaqədardır. Partiya və QHT-lər özündə sosial
institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu
ölkələrdə həm partiyalar, həm də QHT-lər
dövlətin sosial siyasətində
çatışmazlıqların tamamlayıcısı kimi
çıxış edirlər. Belə hallarda dövlət
orqanları partiya və QHT-lə əməkdaşlığa
can atır, bəzi dövlətlərdə isə bu məqsədlə
xüsusi dövlət orqanları yaradılır.
2.
İctimai funksiyalar. Partiya və QHT-lər cəmiyyətdə,
siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, onlar cəmiyyətdə əhəmiyyətli
məsələlər barədə müzakirələrin
artmasına, insanların öz bacarıqlarından daha səmərəli
istifadə etməsinə, təşəbbüskarlığın
artmasına, bütövlükdə demokratiya və plüralizmin
inkişafına səbəb olan platforma rolunu oynayırlar.
Partiyalarda və QHT-lərdə üzvlük
könüllüdür, hər ikisinin maliyyə bazaları
üzvlük haqlarının toplanması, vətəndaşların
könüllü ianəsi və qanun tərəfindən icazə
verilən digər vasitələrlə formalaşır. Həm QHT-lər, həm də
siyasi partiyalar üzvlüyə görə “beyin mərkəzi”
və kütləvi ola bilərlər”.
Millət vəkili Çingiz Qənizadə isə deyir
ki, Azərbaycan Prezidenti ölkəmizin xarici və daxili siyasətini
həyata keçirərkən dövlətçiliyə,
milli maraqlara söykənir. Bəzi hallarda bu siyasət bir
sıra Qərb dövlətlərini, həmçinin
onların nəzarətində olan beynəlxalq təşkilatları
qane etmir: “Məhz buna görə də daim onlar Azərbaycan
barədə mənfi fikirlər formalaşdırılmağa
çalışırlar. Bir çox hallarda
buna rəvac verənlər arasında yerli QHT-lərə və
hüquq müdafiəçisi adı altında
çalışan insanlara da rast gəlinir. Sanki bu insanlar xarici qüvvələrlə əlbir
olub ölkəmiz haqqında mənfi rəy
formalaşdırmaqda ortaq mövqedən çıxış
edirlər. Konkret olaraq ölkə daxilindəki
bəzi QHT sədrləri və radikal müxalifətə
yaxın olan şəxslər belə fikirlər
formalaşdırırlar. Əgər
hansısa QHT xaricdən maliyyələşirsə, belə
halda sifarişi verən maliyyə verən qurum olacaq. Həmin sifarişçi qurumlar da Azərbaycanın
uğurlarını həzm etməyən xarici qüvvələrdir.
Belə bir addım atmaqla, onlar Azərbaycana
siyasi təzyiq etmək niyyəti güdürlər. Bu barədə ölkə başçısı
İlham Əliyev Novruz bayramı şənliyində
çıxış edərkən açıq şəkildə
bəyan etdi ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm
birlik var. O, bundan sonra da müstəqilliyin, xalqın rahat
yaşamasının təmin ediləcəyini bildirdi.
Dövlət başçısı dedi ki, Azərbaycan
gücləndikcə, müstəqil siyasətimiz heç də
hamıya xoş gəlmir, ölkəmizə təzyiqlər
artır, müxtəlif təzyiq mexanizmləri işə
salınır. Bunun nəticəsidir ki, bu
gün bəzi xarici dairələr Azərbaycana qarşı
açıq kampaniya aparırlar. Bu
kampaniyanın əslində heç vaxt
dayanmadığını da diqqətə çatdıran Azərbaycan
Prezidenti onu da əlavə etdi ki, önəmli beynəlxalq tədbirlər
ərəfəsində bu kampaniya daha da eybəcər formalar
alır”.
O, deyib
ki, bizim bəzi QHT-lər bu reallıqları görmək istəmirlər:
“Onlar 5-10 manat pul müqabilində xarici qüvvələrin
sifarişlərini can-başla yerinə yetirir, ölkəmizin
imicinə zərbə vururlar. Unutmamalıyıq
ki, biz müxalifətçi, hüquq müdafiəçisi,
QHT sədri, partiya sədri olmazdan öncə Azərbaycan vətəndaşlarıyıq.
Bu ölkənin adına xələl gətirə
biləcək istənilən hadisə bir vətəndaş
kimi hər birimizi narahat etməlidir. Əcnəbi
qüvvələrin məkrli niyyətlərinə
qarşı hər birimiz etiraz etməli, bunun
reallaşmasına imkan verməməliyik. Yalnız
bundan sonra öz fəaliyyətimizi ölkə daxilində həyata
keçirə, mövcud problemləri öz aramızda həll
edə bilərik. Yaxşıları
görmədən, hər şeyi pisə yozmaqla, maliyyə
yardımı aldığımız xarici qüvvələrin
sifarişini yerinə yetirməklə sağlam məntiqli vətəndaş
olmaq qeyri-mümkündür. Hər bir kəs
üçün öncə Vətən, ardınca həqiqət
və ictimai-siyasi fəaliyyət önəmli
olmalıdır. Eyni zamanda ölkə
qanunlarına hörmətlə yanaşmaq da hər bir vətəndaşın
ümdə vəzifəsi olmalıdır.
Dövlət başçısı İlham Əliyev də
haqlı olaraq həmin beynəlxalq təşkilatlara səslənir
ki, ədalətli olsunlar, reallığı olduğu kimi deməyə
cürətləri çatsın. Heç uzağa getmədən,
hamıya bəlli olan bir faktı xatırlatmaq istəyirəm.
Avropa Mərkəzi Bankının 1,4
milyard dollarlıq mənzil-qərargahının
açılışına etiraz olaraq, martın 18-də
Almaniyanın Frankfurt şəhərində “Kapitalizmə
ölüm! Yaşasın sosializm!”
şüarı altında aksiya keçirilirdi. Polisin bu aksiyaya müdaxiləsi nəticəsində
dinc mitinq kütləvi iğtişaşa çevrildi. Almaniya polisi dəyənəklər, su
püskürdən maşınlar və
gözyaşardıcı qazdan istifadə etməklə
aksiyanın qarşısını aldı. Nəticədə 500-dən çox aksiya
iştirakçısı polis tərəfindən
saxlanıldı, həbs edildi, hətta 100 nəfərə
yaxın aksiya iştirakçısı müxtəlif dərəcədə
xəsarət aldı, qazdan zəhərləndi. Amma nədənsə,
Azərbaycanın hansısa vətəndaşının
hüququnun pozulmasını, yaxud polisin haqlı tələbinə
tabe olmayan, qanunları kobud şəkildə pozan birisinin məsuliyyətə
cəlb edilməsini əlində bayraq edib bunu ölkəmizə
qarşı təbliğat vasitəsinə çevirənlər
Almaniyada baş verənlərə əhəmiyyət vermədilər,
orada yaşanan zorakılığa, kütləvi həbslərə
göz yumdular. Həmin beynəlxalq təşkilatlar
Avropanın göbəyində baş verən bu hadisələrin
gedişini izləsələr də, bunu ictimailəşdirmək,
qabartmaq istəmirlər. Yaxud ABŞ-ın
ştatlarında milli, dini, irqi zəmində baş verən
hadisələri götürək. Qaradərili
insanlar polis zorakılığı nəticəsində
öldürülür, insan üçün ən
böyük hüquq sayılan yaşamaq hüququndan məhrum
edilirlər. Bu faktlar ABŞ-dakı
qeyri-stabilliyin göstəricisidir. Elə
bu kimi hadisələrə görə Nyu-Yorkda, eləcə də
ABŞ-ın digər şəhərlərində sərbəst
gəzmək çox qorxuludur. Əgər
bizi hər addımda nədəsə günahkar bilən beynəlxalq
təşkilatlar öz fəaliyyətlərində səmimidirlərsə,
bu haqsızlığa nə üçün göz yumurlar?
Azərbaycanda isə sabitlik, əmin-amanlıq
var. İstənilən vətəndaş, istənilən əcnəbi
rahat şəkildə Azərbaycanda yaşaya, gəzib-dolaşa
bilər. Burada hər bir kəsin azadlıqları qanun
çərçivəsində qorunur, dövlət
başçısının da vurğuladığı kimi,
Azərbaycanda azad cəmiyyət var, inkişaf və tərəqqi
var. Təbii ki, bu reallıqları görüb qəbul edənlərlə
yanaşı, uğurlarımıza şərik
çıxmayan, buna qısqanclıqla yanaşanlar da var. Belələrinin
qeyri-obyektiv mövqeyi, haqsız iradları isə qərəzdən,
təzyiq vasitəsindən, ikili standartlardan başqa bir
şey deyil”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 20 noyabr.-
S.9