Xocavənd rayonunun işğalı yaddaşlarda

 

III yazı

 

(Söyləyicilərin danışıq üslubu olduğu kimi saxlanılıb – red.) Həmən ölən oğlanın qardaşını düşürtdülər, mindirdilər vilisə, apardılar. Deyir, bı kənd var – Qalaxan. Apardılar ora. Bizi də apardılar orda döydülər. Hamı baxdı gördü, adam qalmıyıf. Qırılan qırılıf, qalan da nəyə lazımdı. Elə deyir, bizi böldülər. Dədəm, deyir, mənim əlimnən tutdu. Tutanda biri deyir, oyandan gəldi ki, yox, o cahılların içinə gedəjək. Bizi apardılar bir binanın qabağında üzüquyulu uzandırdılar. Əllərində afdamat tık eliyə-eliyə, başımıza vıra-vıra geldillər o başa, gəlillər bu başa. Hamısı erməni. Daş atan kim, çınqıl atan kim. Nə bilim e, olmazın işgəncələr. Axşam deyir, gəldilər bizi yığdılar apardılar böldülər, saldılar türmələrə. Dörd nəfərik kamerada. Dört-beş nəfər düşdük bir kamerıya. Qalanı da payladılar. Biz də qırılıf batırıx ki, hamını qırıflar.

Oları maşınnan töküf qıranda ordan bir oğlan nətər olufsa, yumalanıf gedif düşüf bir kolun içinə. Onu görmüyüflər. O da adam-zad çəkilənnən sora duruf dəmir yolu var da, onnan gedif çıxıf Gülaflıya. Səhər olanda Gülaflıdan yenif gəlif. Getdilər gətdilər. O deyif ki, çox adamı qırdılar, qalanı da yığdılar maşına apardılar. Üş günnən sora sağların siyahısı gəldi. Ölənnərin yox, sağların siyahısı. Ta biz də bir az arxayınnadıx da. Dedi, kişi də sağdı, gədə də sağdı. Qalanı da qırıflar, çox adam qırıflar. Ordan da yığışdıx maşına, gəldih bax bı Beyləqana.

Arvatdarı tez dəyişdilər. On gündə arvatdarı dəyişdilər. Bir on nəfər də arvat tutmuşdular. Oları dəyişdilər, amba bıllar qaldı.

Oları gətiriflər Əsgərana, Əsgəranda saxlıyıflar. Deyirdi yoldaşım ki, gejə gördüh zınqazırıx qapı açıldı, bir erməni girdi, əlində dubunka. Girdi, deyir, çəhdi məni qabağa, başdadı məni döyməyə. Döydü məni təpiynən yıxdı, yıxanda gədə qışqırıf: “Ay qardaşdarım, gəlin, dədəmi öldüdülər”. Məni durquzdular, gədəni tutdular. Gədəni də, deyir, orasına-bırasına döydülər, getdilər. Ermənilər ismennən qalırmışdar keşihdə. Bıları döyən erməninin uşağı varımış bir dənə – oğlu. Səhər evə gedəndə anası deyir ki, bala, sən nə iş görmüsən ki, uşağ oyanıf deyir ki, ilan məni yedi. Deyir ki, ana, bir dədəni, bir balanı döymüşəm. Deyir, çox səf eləmisən. Niyə döymüsən? Onçun uşağın yata bilmir. Tez ol, dur get, olardan üzür isdə. O biri günün gejəsi deyir, sahat dördüdü. (Yoldaşım nağıl eliyir bını.) Bir də gördüh, zınqazırıx qapı açıldı. Həmən oğlan gəldi, deyir, məni çəhdi qapının ağzına. Dedi, səni o Allaha ant verirəm, Allahı çağır, yalvar, mənim uşağımı ilan yeməsin. Ta deyir, nə deyə bilərəm. Elə ürəyimdə dedim, sənin uşağını ilan lap elə çoxdan yesin. Bına dedim ki, həə, dedim. Ta danışıf dana ürəyində. Getdi deyir, bir çörəh gətdi, üş yumuru qət gətdi, bir quruşqa çay gətdi, bir də bir palton gətdi. (Bılların paltarın-zaddarın alıflar e hamısını.) Gətdi, dedi ki, ama özün ye, ollara vermə. Deyir, dedim, yox, ollar mənim yoldaşımdı. Yatdıx, deyir, səhəri Mamet varıdı, kətdənidi. O, elə bil, Allahverdiynən danışıf, girovları dəyişifdilər. Gəldi bizə dedi ki, oğluma dedi ki, adamların on nəfərin dəyişəjiyih. Oğlum da bir başqa pul verdi. Deyif ki, kişi qalajax, amba gədəni dəyişəjiyih. Deyiv, ə, dədəmi də yaz. Dedif, yox, iki nəfəri olmaz bir öydən. Aprel ayının biriydi, oğlum gəldi. Üsdən xeyli keçənnən sora kişini ala bildih”.

Yalnız xocavəndlilər deyil, Qarabağın işğal altında olan digər bölgələrinin sakinləri də ermənilərin apardıqları soyqırım siyasəti ilə bağlı qandonduran məlumatlar verirdilər: “Murovdan aşanda mart ayıydı. Elə bir haveydi, yer-göy buz, sazax. Gəlirdin, baxırdın ki, irax qulağıızdan e, uşağ ölüf, belə yığıflar üsd-üsdə. Körpə uşax meyitdəridi hamsı, iki yaşında, üş yaşında. Həə, bax ordan aşanda dedim, Xudaya, Xudavəndi aləm, heş bi şey isdəmirəm, elə bı uşaxları salamat aparım” (Qarabağ, VI kitab) və ya “Bizim kirvə danışırdı. Deyirdi ki, gədə iki yaş yarımındeydi, yoxsa bir yaş yarımındeydi? Deyir, danışıf-gülən gədə. Bax həylə Murovdaca donuf öldü. Qoyuf qarın içində, gəldih. Heş meyitini gətirə bilmədıx. Yollar doluydu meyitnən” (Qarabağ, VI kitab).

Xocavənd sakinlərinin hansı ilə ünsiyyətdə olduqsa, ya bu hadisələrdən birbaşa danışır, ya da heç olmasa, danışdıqları folklor mətnlərində erməni vəhşiliklərindən bəhs edən nəsə bir detal olurdu. Əhali yalnız 1992-ci il Qaradağlı soyqırımından deyil, XIX əsrin əvvəllərində ermənilərin törətdikləri vəhşiliklərdən də danışırdılar. Onların verdiyi məlumatlar əsasən vaxtilə yaşlı ata-babalarından eşitdikləri məlumatlar idi: “Martuni dediyimiz yerdə ermənilər olmuyuf, soradan gəlif. Həmən orda polis şöbəsinin binası olufdu. Polis şöbəsinin binasın da azərbaycannı tikif. Bir də vayenkamatın binası varıydı, o da azərbaycannının olufdu. Ermənilər məlumat eliyir bizim camahata kin, bı gejə sizin kəndə hucum olajax. Camahat çıxıf kətdən. Həmən o vayenkamatın binasında yaşıyan bir yaşdı qadınnan kişi – azarbaycannı oluf, deyif kin, bı yaşda biz necə çıxax? Ermənilər onnarı orda, həmin vayenkamatın binasında öldümüşdülər, başdarın kəsmişdilər azərbaycannıların. O hadisə olufdu 1905-ci ildə” (Qarabağ, VI kitab).

Axullu kənd sakini Hüseynov Namiq Məyiş oğlu nənəsindən eşitdiklərini belə dilə gətirdi: “ ... Rəhmətdih qoca nənəm doxsan beş yaşında rəhmətə getdi. Bakıda qaçaqaşda rəhmətə getdi. Mənə danışırdı. Ermənilər belə elədi, helə elədi – hamısın dana. Özü də qorxa-qorxa danışırdı. Yanı ermənilər nə qədər işgəncələr verip, onun hamısın danışırdı. Özünə eləməsələr də, yanı eliyənnəri görüf də. Bizdə Qırqın dərə varıdı. Orda ermənilər bizimkiləri qırmışdı. Ona görə oranın adı Qırqın dərə qalmışdı. Bizdə Osmannıların top qurduğu dərə varıdı. Onun uşax vaxdıydı. Dedi, bıde bıra var e, mənə gösdərirdi, gedirdih bağda-zadda işdəməyə, gösdərirdi. Deyirdi ki, ode ora varıdı e, orda bir top qurmuşdular, əliynən gösdərirdi. Deyir, burda bir top qurmuşdular erməniyə tərəf. Osmannı o vaxdı gəlif bılları xilas eliyən vaxların danışırdı ...”

Xocavənd rayonu Axullu kənd sakini 1925-ci il təvəllüdlü Hüseynov Məyiş Sevdik oğlu bu bölgədə 1918-ci ildə Domulu Tevan adlı bir erməni quldurunun başçılığı altında müsəlman əhaliyə qarşı törədilən etnik təmizləmədən söhbət açdı. Söyləyicinin vaxtilə atasından eşitdiyinə görə, Tevan türk ordusunun gəlişindən qorxaraq qaçmış, öz doğma el-obasını tərk etmiş Azərbaycan türkləri də yenidən yerlərinə qayıtmışlar.

Yalnız Xocavənd sakinləri deyil, Qarabağın digər bölgələrindən didərgin düşən sakinlər də əsrin əvvəllərində baş vermiş erməni vəhşilikləri ilə bağlı xatirələr danışırdılar. Ağdərə rayonunun Baş Güneypəyə sakini 1930-cu il təvəllüdlü Mövlamverdiyev İrvaham Alış oğlu babasının ermənilərə qarşı döyüşməsini və sonda ermənilər tərəfindən qətlə yetirilməsini belə nəql etdi: “Bax mənim dədəmin dədəsinin də başını erməni kəsif. Mənim dədəmin dədəsi pəhləvan oluf. Bu, gedif qoja camış verif, beşatılan almışımış. Üş dəsdə götürüf gedif erməniin qabağına. Dəsdəən birin o yalda qoyuf, birin bu yalda qoyuf, birin də götürüf gedif, girif dəriyə. Görüf bi qrupba erməni gəlir, onu qırıllar. İkinci qrupba da gəlir, onun da yarsın qırıllar. Üçüncü qrupba da gəlir. Ha qırıllar, erməninin dalı gəlir. Buların da silahı-zadı azımış. Baxır ki, bütün dəsdəsini erməni qırıf, bı təh qalıf. Dədəmin dədəsi də pəhlivanmış dana. Ermənilər görüllər bına güj çatmır. Okrujeniyaya salıllar kişini. Elə ayağüsdə başını kəsmişmişdər dədəmin dədəsiin. Canın üçün, görənnər deyirdi bax bu qənd üçün, kişinin meyidi qumun içində dih qalmışdı, amma başı yoxudu. Erməni tökülüf orda bavamın başın kəsif” (Qarabağ, VI kitab).

Söyləyicilərin dediklərinə görə, ermənilərin də arasında erməni vəhşiliklərindən bezənlər, bəzən açıq, bəzən də gizli formada buna etiraz edənlər olmuşdur. “ ...Onnan sora bizdə qoca bir erməni varıdı, bizim kinoteyatrın direktırıydı. Edilli kəndinnən olan oğlan dedi ki, bəs bizim Melkumyan Lenturuşu infakt vuruf. Uje ölümcül haldadı, gedəy onu görəh. Hadrutun mərkəzinə. Durdux getdih Fizuliyə. Getməh mümkün dəyildi, nümayiş gedir orda. Getdih bınnan qoşalaşdıx çıxdıx Hadruta. Getdih bının evinə. Getdim ki, belə tuman-köynəhdə bı içərdə oturuf, o qədər də dava-dərman yığıf ki böyrünə. Slavik adında erməniydi. Getdih bınnan oturdux belə. Qayıtdı dedi, Slavik, sən yen aşağı, (bağ yeri varıdı) orda donquzdan kabap-zad bişimişəm, onu götü gə bıra, Namiknən söypət eliyirəm. Slavik getdi. Nümayiş gəldi onun evinin yanınnan keçəndə dedi, Namik, elə bilirsən, xəsdəyəm? Xəsdə deyiləm. Mən özümü xəsdəliyə vurmuşam. Məni məjbur eliyillər ki, Lenturuş Melkumyan, işçilərini götür, al bayrağı əlına, (Ermənisdanın bayrağın) çıx nümayişə. Mən əgər nümayişə çıxsam, Fizulidə, Ağdamda, nə bilim, harda çörəh kəsmişəm azərbaycannılarnan. Səhər ara düzəlsə, mən ora getsəm, deyəjəhlər ki, sən niyə belə elədin? Məni yanı söyüşnən qəbul eliyəjəhlər. Mən ölüf gedəcəm, siz qalassınız. Bunun axırı muharibədi. O qoca kişinin dediyin deyirəm ha. Yanı bunun axırı muharibədi dedi. Dedi, indidən bunun qabağın almasınız, (həmən o erməninin dediyin deyirəm) sizin başbilənnəriniz bunun qabağın almasa, gələcəyi bının pis olacax. Elə belə də oldu ... ” (Qarabağ, VII kitab).

Söyləyicilər 1988-ci il hadisələri zamanı Dağlıq Qarabağa gətirilmiş saqqallılardan – xaricdən gəlmiş, muzdla döyüşən ermənilərdən də söhbət açır, onların türk əhaliyə qarşı xüsusi amansızlıqlarını vurğulayırdılar. Onların dediklərinə görə, saqqallılar nəinki Azərbaycan türklərinə, eləcə də Dağlıq Qarabağda yaşayan erməni əhaliyə də zülm edir, onların qadınlarına, qızlarına toxunur, türklərə qarşı separatçılıq etməyənləri öldürürmüşlər. Dağlıq Qarabağda yaşayan erməni əhalisinin bir qismi Azərbaycan türklərinə qarşı qarşı könüllü separatçılıq fəaliyyəti ilə məşğul olsalar da, bir qismi də saqqallıların qorxusundan türklərə qarşı düşmənçilik etməyə başlamışlar. Söyləyicilər onu da qeyd etdilər ki, bu dövrdə erməni gənclərinin arasında separatçılıq fəaliyyəti ilə məşğul olanlar və Azərbaycan türklərinə qarşı düşmən münasibəti bəsləyənlər yaşlı ermənilərlə müqayisədə daha çox olub.

Ermənilərin törətdikləri qanlı soyqırım hadisələri bu gün həmin bölgədən olan istənilən söyləyicinin repertuarına bu və ya digər şəkildə təsir etməkdədir. Qarabağ və işğal altında olan ətraf rayonlarının sakinlərinin bayatısı da, laylası da, nəğməsi də vətən həsrətlidir. Bu bölgələrin sakinlərindən toplanmış nağıllarda, rəvayətlərdə və demək olar ki, bütün folklor mətnlərdə erməni vəhşiliyinin, yer-yurd həsrətinin hansısa formada ifadəsinə rast gəlirik. Bir məqamı da qeyd edək ki, torpaqlarımızın erməni işğalında olması yalnız işğal altında olan rayonların sakinlərinin deyil, bütünlükdə Azərbaycan folklor söyləyicisinin repertuarına təsir edib. Bu da onu göstərir ki, folklor xalq həyatına dair məsələlərin bir nömrəli ifadəçisidir.

 

 

Ləman VAQİFQIZI,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2015.-21 noyabr.- S14.