Hüquqi dövlət və vətəndaş
cəmiyyətinin qarşılıqlı münasibəti
Rəhilə Bədəlova: “Vətəndaş
cəmiyyəti problemi fundamental elmi problemlər
sırasında özünəməxsus yer tutur”
Hüquqi dövlət özünün
formalaşması və qərarlaşması prosesində nəinki
fərdi azadlığın və hüququn qanunvericiliklə
təmin olumasını işləyib hazırlayıb və
möhkəmlənib, həm də vətəndaş cəmiyyətini
normal mövcudluğu və fəaliyyəti, onun
başlıca təsisatları, prinsipləri və də yərləri
üçün təminat yaratmışdır. Hüquqi
dövlət vətəndaş cəmiyyəti ilə bir
sıra ümumi və birləşdirici hüquqi əsasa
malikdir. Bu da mahiyyət etibarilə
ümumbəşəri xarakter daşıyır.
Bakı Dövlət Universitetinin “Politologiya və
sosiologiya” kafedrasının dosenti Rəhilə Bədəlovanın
fikrincə, vətəndaş cəmiyyəti problemi fundamental
elmi problemlər sırasında özünəməxsus yer
tutur və əsrlər boyu bəşəriyyətin ən
dahi insanlarının diqqət mərkəzində
olmuşdur. Bu problem dövlətin yaranması və cəmiyyətdə
insan fəaliyyətinin dövlət və qeyri-dövlət
sahəsində bölünməsi ilə meydana gəlib.
Məhz o zamanda hakimiyyətlə cəmiyyətin
münasibətləri ən ümdə məsələlərdən
birinə çevirilib. Dəfələrlə
çoxsaylı münaqişələrə, siyasi
çevrilişlərə və inqilablara səbəb olub.
Müasir dövrümüzdə də
sözü gedən problem dünyanın bir sıra ölkələrində
cərəyan edən qlobal ictimai dəyişikliklərin təməlini
təşkil edir və dünya birliyinin inkişaf
perspektivliyini müəyyənləşdirir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti
antik ictimaətşünaslıq terminidir. Qədim Roma (Siseron) və hətta qədim Yunan
(Platon) müəllifləri onun “şəhər-dövlətlərin
vətəndaş birliyi” mənasında işlədiblər.
Maarifçilik dövrünün və yeni
dövrün müəlliflərinın (Peyndən Hegelə qədər)
əsərlərində bu termin başqa bir məna əxz
etmişdir. Dövlət
strukturlarının paralel şəkildə ayrı-ayrı
maraqlar üzrə yaradılan vətəndaş birlikləri
şəbəkəsi yeni düşüncə, yeni iqtisadi
gerçəklik – şəxsi mükiyyətin, bazarın və
burjuaziyanın yüksəlişini əks etdirirdi. Ümumiyyətlə, “vətəndaş cəmiyyəti”
anlayışı XVII əsrdə Q.Qrosinin, T.Hobbsun, C.Lokkun əsərlərində
təklif edilmişdir. Amma bu
anlayışın sələfləri daha öncə də
mövcud olublar. XVIII əsrdə isə
J.J Russonun, Ş.L Monteskyönün, V. Fon Qumboltun
yaradıcılığında inkişaf etdirilib. Onlar artıq vətəndaş cəmiyyətinı
mövcud dövlət idarəçiliyinin real formaları ilə
eyniləşdirmirdilər. Nümunə
üçün keçmiş alimlərin vətəndaş
cəmiyyəti haqqında irəli sürdükləri bəzi
fikirlərə nəzər yetirək. N. Makiavelli: “Siyasi
orqanizmin mahiyyəti itaətlə (dövlətə)
azadlığın (assosiyasiyada, cəmiyyətdə) tənzimlənməsindən
ibarətdir. Xalq suverenliyi dövlətlə
müqayisədə daha üstündür. Yeni dövrdə vətəndaş cəmiyyəti
problemi XIX əsrin Qərb fəlsəfəsi ədəbiyyatında
Kant və Hegel tərəfindən irəli sürülüb.
Belə ki, onlar bu problemin ailə və dövlətlə
əlaqələr konteksində
araşdırılmasını zəruri hesab etmişlər.
Qərb politologiyasında XX əsrin
ortalarında aktuallaşmış fəlsəfə,
sosiologiya və politologiyada siyasi mədəniyyət problemi R.
Makridisin “İdarəçiliyin siyasi müqayisəli tədqiqi”
(1955) və S.Verbin “Vətəndaş cəmiyyətinin
araşdırılması üzrə analitik tədqiqat” (1980)
kimi elmi işlərlə bağlıdır. Həmin elmi işlərdə müəlliflər
bütün cəmiyətlərdə bəzi ümumi
funksiyaların mövcudluğu faktına əsaslanırlar.
Q.Almond iddia edir ki, hətta ən primitiv ,
mürəkkəb cəmiyyətlərdə olan ictimai və
siyasi strukturların bütün formaları məxsusdur və
bu səbəbdən də onları bir-birilə müqayisə
etmək olar. Vətəndaş cəmiyyətində
bir-birinə zidd olan xüsusi mənafelər təmərküzləşir.
Vətəndaşların ümumi iradəsini
ifadə edən hüquqi dövlət real həyati prosesdə
bu mənafeləri barışdırmalı və
uyğunlaşdırmalıdır. Dövlət
qurluşunun əsasını təşkil edən demokratik
prinsiplər əhəmiyyətli dərəcədə
dövlətin müstəqilliyini, onun təsisatlarının
fəaliyyətini bu və ya digər iqtisadi və sosial sinfi mənafelərdən
asıllı olmamasını təmin edir. Bu qeyri-asıllıq vətəndaş cəmiyyətinin
mövcudluğu və onunla hüquqi dövlət arasında
uyğunluğun təzahürü ilə şərtlənir.
F.Hegel: “Vətəndaş
cəmiyyəti və dövlət müstəqil, lakin əlaqəli
institutlardır. Vətəndaş cəmiyyəti
ailə ilə birlikdə dövlətin bazisini təşkil
edir. Dövlətdə vətəndaşların
ümumi iradəsi cəmlənib. Vətəndaş
cəmiyyəti isə ayrı-ayrı fərdlərin
xüsusi maraqları sahəsidir”. Vətəndaş
cəmiyyəti insana vətəndaş hüquqlarını
reallaşdırmaq imkanı yaradan cəmiyyət üzvlərinin
müxtəlif maraqlarını, ehtiyaclarını və dəyərlərini
ifadə edən qeyri-dövlət, ictimai əlaqələr və
institutlar sistemidir. Vətəndaş cəmiyyəti
dövlətdən təcrid edilmiş və istənilən
formada onunla müxalif olan hansısa sosial məkan deyil. Əksinə, vətəndaş cəmiyyəti və
dövlət bir-birilə sıx əlaqədədir. Çünki dövlət ictimai həyatda idarəetmə
və vasitəçi funksiyaları həyata keçirərkən,
vətəndaş dəyərləri və institutları ilə
əlaqədə olmağa məhkumdur.
Hüquqi dövlətlə vətəndaş cəmiyyəti
münasibətlərinə nəzər salan antik mütəfəkkirlərdən
biri də Platon olmuşdur. O vətəndaş cəmiyyətini
ayrıca müstəqil substansiya kimi “qeyd” edirdi. Onun insanlara
anadangəlmə xas təbii sosial ehtiyaclar haqda başlıca
nəcib keyfiyyətlər - müdriklik, kişilik,
işıqlı emosional vəziyyət barədə, ideal
insan cəmiyyəti ilə bağlı mühakimələri
dövlət hakimiyyətini ardıcıl olmasa da, kəskin tənqid
etməsi belə bir nəticəyə gəlməyə imkan
verir ki, cəmiyyətin mütəşəkkil dövlət
şəbəkəsindən başqa özgə həyati fəaliyyəti
formaları da mövcuddur. “Vətəndaş cəmiyyəti”
anlayışı öz kökü etibarilə həm də
Aristotelin polis ideyasına (Koinoca politike), Siseronun “societas
civilis” və təbii hüquq ideyalarına gedib
çıxır. Politike üzvü olmaq
vətəndaş-dövlətin üzvü, yəni bununla da
onun qanunlarına uyğun şəkildə və başqa vətəndaşlara
ziyan vurmadan yaşamağa və fəaliyyət göstərməyə
borclu olmaq demək idi.
Aristotelə görə isə insan ictimai-siyasi
varlıq, dövlət isə siyasi vətəndaşlar cəmiyyətinin
təbii məhsuludur. Bununla belə o, vətəndaşların
həyatını cəmiyyətin istehsal qüvvələri
və münasibətlərinin müəyyən inkişaf səviyyəsinə
qədər dövlət müdaxiləsi tələb olunmayan
digər həyati sferalarında da iqtisadi, nigah-ailə, mənəvi,
əxlaqi, elmi, dini sahələrində təhlil etmişdir.
Buna görə də Aristotelin əsərlərində
dövlət və vətəndaş cəmiyyətinin müəyyən
mənada bir-birindən ayrıldığını qeyd etmək
doğru olardı. Tomas Hobbs isə vətəndaş
cəmiyyəti anlayışını artıq birbaşa
öz mənasında istifadə edirdi. Hərçənd
o da bu məsələdə ardıcıl deyildi. Bəzi hallarda vətəndaş cəmiyyətini
dövlətlə eyniləşdirir, bəzi hallarda isə
onları bir-birindən ayırırdı. O, bir tərəfdən
deyirdi ki, “dövlətin vətəndaş qanunları və
hüquqa bağlılığı yoxdur. O, sanki vətəndaş
cəmiyyətindən ayrı bir şeydir...” Hobbs “Vətəndaş
haqqında” əsərində yazırdı: “Dövlətdən
kənarda ehtiraslar, müharibə, qorxu, səfalət, əclaflıq,
yalqızlıq, barbarlıq, vəhşilik, cəhalət
hökmranlıq edir”.
Hobbsun br
sıra dövlət idarələrinin möhkəm
olmaması və bəzi təlimlərin
yanlışlığı barədə qeydləri də onun
“dövlət” və “vətəndaş cəmiyyəti”
anlayışlarını bir-birindən
ayırdığına dəlalət edir. Sonralar
vətəndaş cəmiyyətinə, onun azadlıq,
hüquq, borc, əxlaq, mülkiyyət problemlərinə dair
konsepsiyaları ən görkəmli mütəfəkkirlərdən
C.Lokk, J.J. Russo, İ.Kant və başqaları işləyib
hazırlamışdır. Con Lokk (1632-1704) “vətəndaş
cəmiyyəti” anlayışından aktiv istifadə edərək
müəyyən mənada dövlətə münasibətdə
vətəndaş cəmiyyəti primatını elan edir. O,
mülkiyyəti cəmiyyətin, o cümlədən vətəndaş
cəmiyyətinin əsası sayır. Lokk
siyasi hakimiyyəti mülkiyyəti nizamlamaq və qorumaq
üçün insanların qanun yaratmaq hüquqi kimi şərh
edir. Vətəndaşların bir dövlətdə
birləşməsinin məqsədi mülkiyyəti qoruyub
saxlamaqdır. Buna görə də
dövlət heç də cəmiyyətin əbədi
atributu deyil və vətəndaş cəmiyyətinin müəyyən
mərhələsində, cəmiyyət üzvlərinin buna
ehtiyacı yarananda meydana çıxır.
Onun belə bir fikri bu gün də aktualdır ki, vətəndaş
cəmiyyəti daxilində heç bir insan həmin cəmiyyətin
qanunlarından istisna edilə bilməz. Bunu Lokk 300 il
bundan əvvəl “Dövlət idarəçiliyi haqqında
iki traktat” adlı əsərində bildirib. Vətəndaş
cəmiyyəti haqqında təsəvvürü Emmanuel Kant
daha da dərinləşdirib. Onun vətəndaş
cəmiyyətinin mahiyyəti ilə bağlı şərhi
daha dialektikdir. İnsan naturasının
qılıqsız, təşəxxüs, birləşmə
istəyi və eyni zamanda, razılığa gəlmə cəhdi
kimi ziddiyyətli keyfiyyətlərini nəzərdən
keçirərkən Kant bu nəticəyə gəlir ki, hər
bir insanın azadlığının digərlərinin
azadlığı ilə
uyğunlaşdırılmasının başlıca yolu vətəndaş
cəmiyyətinin formalaşdırılmasıdır.
Kanta görə vətəndaş cəmiyyəti
aşağıdakı aprior prinsiplərə əsaslanır:
cəmiyyət üzvünün bir insan kimi azadlığı;
bir təbəə kimi onun digərləri ilə bərabərliyi;
cəmiyyət üzvünün bir vətəndaş kimi
müstəqilliyi.
Vətəndaş cəmiyyəti özündə
müxtəlif sosial və siyasi subyektlərin
maraqlarını cəmləşdirir. Bu isə
tez-tez münaqişələrə və onlar
arasındakı qarşıdurmalara gətirib
çıxarır. Belə vəziyyətləri
aradan qaldırmaq, müəyyən mənada sosial
harmoniyanı yaratmaq vəzifəsi isə yalnız vətəndaşların
borcu deyil. Burada əsas yük ali
arbitr rolunda çıxış edən dövlətin
çiyinlərindədir. Hüquqi dövlət
olmadan vətəndaş cəmiyyəti normal fəaliyyət
göstərə bilməz.
Digər
tərəfdən isə tərəqqi edən vətəndaş
cəmiyyəti olmadan dövlət heç vaxt demokratik ola bilməz, belə dövlət quruluşu
avtoritar rejimlərin birinə çevrilməyə məhkumdur.
Güclü vətəndaş cəmiyyəti
demokratiyanın təminatıdır. Bu mənada
bir faktorun üzərində durmaq daha məqsədəuyğundur.
Çünki yuxarıdakı fikir əks təsirə
də malikdir. Həqiqətən də vətəndaş
cəmiyyətinin fəal inkişafı dövləti
intizamlı olmağa sövq edə, müxtəlif əhali
qruplarının maraqlarını genişləndirə,
onların siyasi həyatda fəal iştirakını təmin
edə bilər.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 21 noyabr.-
S13.