Ana dilində yazan sənətkarlar

 

Onlar bəzən fars dilində də yazmağa məcbur olublar

 

 

XII əsrdə fars dili Azərbaycan poeziya dili kimi hakim mövqe tutmasına baxmayaraq, ərəb dilində yazan sənətkarlar olub, onlar elmi və bədii əsərlərini bu dildə yazıblar. Sührəvərdi Şərqin mədəniyyət və elmində qüdrətli bir filosof olmaqla yanaşı şairdir. O, 38 illik ömründə özündən sonra böyük fəlsəfi bir irs ( «Hikmət əl-işraq», «Həyakil ən-nur», «Ət-Təlvihat əl-lavhiyyə va-l-ərşiyyə»), «Risalə fi itiqad əl-hukəmə», («Əl-Mutarahat»), («Əl-Əlvah əl-imadiyyə»), «Əl-Muqavamat», «Əl-Məarij» və s) qoyub getmişdir. Təbiət və cəmiyyət məsələləri, həyatın hikmətinə aid nəzəri fikirləri verilən bu əsərləri ilə yanaşı, o, qələmini poeziya sahəsində sınayıb, lirik incə qəlbli bir şair kimi tanınıb. Mənbə və məxəzlərdə onun poeziya yaradıcılığı haqqında qiymətli fikirlər var.

Sührəvərdinin divanı Həmid Araslı tərəfindən tapılıb və əlyazmasının fotosurəti respublikamıza gətirilib. Bu tapıntı filosof şairin yaradıcılığını geniş və hərtərəfli tədqiq etməyə imkan verir. Həcmcə kiçik divan tamamlanmayıb. Onun yaradıcılığı ərəbdilli Azərbaycan poeziyasında xüsusi yer tutur. VII-VIII əsr şairlərinin ənənələrini davam etdirib, keyfiyyətcə zənginləşdirib. Ona qədər poeziyada real hisslərin tərənnümü qüvvətli idi, Sührəvərdinin şeirlərində isə «rassionalist istiqamət, fəlsəfi dərinlik, romantik vüsət» üstünlük təşkil etdiyi, onun poeziyasının «fəlsəfi ümumiləşdirmənin, əqli mühakimənin gözəl nümunələri kimi» diqqəti cəlb etdiyini qeyd edən alimlər bildirirlər ki, «əgər Musa Şəhəvat ərəbdilli Azərbayjan poeziyasına ictimai motiv gətiribsə, İsmayıl ibn Yəsar onu siyasi və ideoloji vuruşmalar meydanına çevirib, Mümkan Təbrizi isə sənətin xalq həyatı ilə bağlılığı ideyasını meydana atıb. Həmin poeziyanın filosofu isə məhz Sührəvərdi olub».

Zəncan yaxınlığındakı Sührəvərdi şəhərində anadan olan, Marağada təhsil alan, elmi, biliyi ilə diqqəti jəlb edən, Hələbə gələrkən oranın hakiminin hörmətini qazanan, bilik və bacarığına həsəd aparılan, «cəsarətli fəlsəfəsindən qorxuya düşən «Hələb fəqihləri alimin qətlinə fitva verirlər». Onun kimi tale sahibi Eyn əl-Quzat dövrünün böyük filosofu, həm də nasiri və şairi olub. Babası dövrünün tanınmış şairlərindən olub. Eyn əl-Quzatın Azərbaycanın fəlsəfi, ictimai, siyasi, ədəbi fikir tarixində rolu alimlər tərəfindən yüksək dəyərləndirilir.

Ərəbləşdirmə siyasətindən narazı olan Yaxın Şərq xalqlarının üsyan və mübarizələri Əməvilər sülaləsini süquta uğratdı və Abbasilər sülaləsi hakimiyyət başına keçdi. Onların hakimiyyətə gəlməsində fars zadəganlığı xüsusi rol oynadığından ərəb dili öz hakim mövqeyini saxlamaq istəsə də, fars dili də xilafət sarayına yol tapdı. IX əsrdən fars dili poeziya dili oldu: dini və elmi əsərlər ərəb dilində yazılsa da, şəriət qanunları ilə əlaqədar məsələlər bu dildə aparılsa da, ərəb dili din dili kimi öz hüququnu saxlasa da, fars dili şeir dili olaraq daha geniş yayıldı və bu dil Orta Asiya, İran və Azərbaycan hökmdarlarının saraylarında rəsmi dövlət dili və ədəbi dil kimi möhkəmlənməyə başladı. Fars dilində şeir yazdırmaq dəb şəkli aldı, bunlar xalq kütlələrindən fərqlənmək üçün dillərinə xor baxan feodallar idi. XI əsrdən etibarən fars dili uzun müddət ədəbi dil olduğundan ana dilində yazan sənətkarlar fars dilində də əsər yazmaq məcburiyyətində qaldılar. Bununla belə bu dövrdə yaranan şifahi xalq ədəbiyyatı qədim atəşpərəstlik ənənələrini mühafizə edir, xalqın şikayətlərini, etirazlarını, baş verən gündəlik tarixi hadisələri, eyni zamanda məişət, adət və ayin məsələlərini bu ədəbiyyatda qoruyub saxlayırdı. Xalq ədəbiyyatı dünyəvi hadisələri tərənnüm edirdi və bu ədəbiyyatı xalqın içərisindən çıxmış sənətkarlar yaşadırdı, bunlar nəsildən-nəslə keçərək ağızlarda dolaşırdı. Hakim dini dairələr bu ədəbiyyatı dinə, şəriətə zidd adlandırıb təqib edirdilər. Belə bir dövrdə Azərbaycan ədəbiyyatının qüdrətli qələm ustadları dilimizin yüksək bədii ifadə vasitələrindən istifadə etməklə, Azərbaycan şeirinin şah əsərlərini həm öz dilində, həm ərəb, həm də fars dilində yaratmağa məcbur oldular. Qətran Təbrizi, Əfzələddin Xaqani, Nizami, hakim feodal ruhani görüşləri təbliğ edən Əbül-Üla Gəncəvi, Fələki, İzzəddin Şirvani, Qivami Mütərrizi, Məhsəti, Mücirəddin Beyləqani kimi şairlər yazıb-yaradırdılar. Xaqaninin yaradıcılığının onun özündən sonra gələn şairlərin yaradıcılığına böyük təsiri olub, onun sənətkarlıq şöhrəti bütün Yaxın Şərqdə, Hindistan, İraq, İran, Orta Asiyada yayılıb, Müjirəddin Beyləqani onu öz ustadı sanıb, xarəzmli Rəşidəddin Vətvat, Fərqanəli Əsir Axsiketi kimi şairlər onunla şeirləşməyə çalışsalar da, «Xaqani sənəti öz qüdrət və üstünlüyü ilə həmişə qalib gəlib». Onun «Qəsideyi-şiniyə» əsəri XII əsrdə klassik Şərq poeziyasında elə bir yenilik oldu ki, dünyanın böyük ustadlarını yerindən tərpətdi. Qəsidənin məzmunundan «təsirlənmiş» XIII əsrin böyük hind şairi Əmir Xosrov Dəhləvi «Meratüs-səfa» (“Saf güzgü”) adlı 174 beytlik qəsidəsini, böyük tajik şairi Əbdürrəhman Jami (XIV əsr) «Jilair-ruh» («Ruhun jilası») 130 beytlik qəsidəsini, Füzuli «Ənisül- qəlb» 138 beytlik əsərini yazır, onun bu qəsidəsinə hamıdan öncə Nizaminin nəzirə yazdığını Əbülqasim Şirazi Əmri Xaqaninin qəsidəsinə nəzirə olaraq yazdığı «Ənvarül-üyun» («Gözlərin işığı») qəsidəsində qeyd edir, o qəsidə bizə gəlib çatmayıb. Xaqani yaradıcılığının özündən sonra gələn sənətkarların yaradıcılığına böyük təsir göstərdiyini sübut edən bu siyahını artırmaq olar. Xaqani kimi böyük dühalara pərəstiş edilir, onun ayrı-ayrı əsərlərinə nəzirə yazılırdı. Azərbaycan klassik şairləri Xaqaniyə dərin hörmət bəsləyirdilər. Zəmanəsindəki ictimai ədalətsizliklərə qarşı cəsarətli çıxışları, böyük sənətkarlıq keyfiyyətləri Xaqanini Azərbaycanın bir çox şairləri üçün müəllim və ustad edib. Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Füzuli öz əsərlərində Xaqaninin sənətkarlıq xüsusiyyətlərindən istifadə ilə onu daha da inkişaf etdirib».

Nizaminin yaradıcılığı ilə orta əsr Azərbayan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanıb. Misilsiz sənətkarlıqla yazılmış əsərləri xalqının ibrətamiz, hikmətamiz, mütərəqqi əxlaqi görüşləri ilə zəngin olub. Dünya ədəbiyyatı tarixində «Xəmsə» adlanan beş böyük əsəri bədii sözün dəyərini bilənlər tərəfindən ölməz əsərlər kimi dəyərləndirilib, bu misilsiz bədii qüdrətə malik əsərləri bütün dünyaya yayılaraq hələ sağlığında belə ona dünya şöhrəti qazandırıb. XIII əsrdən başlayaraq Nizami motivləri əsasında əsərlər yaranmağa başlayır. Sədi Şirazinin «Bustan», Cəlaləddin Ruminin «Məsnəvi» əsərlərini görürük. Onun «Xəmsə»si əsasında XIII əsrin klassik şairi Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami «Xəmsə»lər yaratdılar. Yaxın və Orta Şərq xalqlarının ədəbiyyyatına böyük təsir göstərmiş, XVII əsrdən Avropa, Amerika alimləri (fransız şərqşünası Erbelo, Hammer Purqştal, F.Erdman, Eduard Braun, M.Xautsma, R.Levi, Xorn, F.B.Şarmuan, V.Baxer, Y.Rıpka, Y.E. Bertels, Çaykin, Z.Dunayevski, Y.Marr, A.N.Boldıryev, Vəhid Dəstgirdi, Səid Nəfisi və s) dünyanın başqa qitələrinə yayılmış əsərlərin müəllifi Nizaminin qüdrətli bir sənətkar olduğunu qeyd edirdilər. Ana dilində yazılan əsərləri əlimizə gəlib çatmasa da, bu böyük sənətkarın öz dilinə, xalqına sevgisi farsca yaratdığı bu əsərlərin qanında, janındadır. «Leyli və Məcnun» əsərinin yazılmasını istəyən Axsitandan şair əsərin hansı dildə-türk, yoxsa fars dilində yazılmasını soranda hökmdarın ona:

 

Fars, ərəb dilində vur ona ziynət,

Kamal cövhərinin xəzinəsindən.

Gör kimin sapına inci düzürsən,

Türk dili yaramaz şah nəslimizə.

Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,

Yüksək yaranmışdır bizim nəslimiz

 

 

- deyən şahın doğma dilinə «yuxarıdan aşağı» baxmasına dözmür. Axsitanın bu təklifinə bərk əsəbiləşən şair «Şahın halqasının qulağıma taxıldığını gördükdə, qan ürəyimdən beynimə vurdu. Nə bu təklifi rədd etməyə cürətim var idi, nə də xəzinəyə yol tapmaq üçün gözüm...» - deyir və şahın əmrini rədd etmək istəyirdi. Ancaq öz «canından əziz tutduğu» oğlu Məhəmmədin xahişilə bu əsəri yazmağa razılıq vermiş olduğu, misralarında dilinə sevgisini, məcburən farsca yazmalı olduğunu göstərən tutarlı faktlar var. Bununla belə söz, sənət xiridarı, bədii təfəkkür nəsibi olan, bu cəhətdən dünyanı heyrətdə qoyan Azərbaycan bədii şeir təfəkkürü ilə zəngin Nizami hansı dildə yazmasından asılı olmayaraq ədəbiyyatımızın qüdrət və vüsətini dünyaya nümayiş etdirib. Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roma-nı («Xosrov və Şirin») ilə öz zəmanəsinin artıq böyük şairi kimi tanınan Nizaminin «misilsiz istedadına, yüksək dühasına, qabaqjıl ideyalarına pərəstiş edənlərin» öz dövründə belə sayı artmışdı. Xaqaninin əlimizə gəlib çatan bir məktubunda Nizamiyə böyük bir sənətkar kimi hörmət bəslədiyi, ona yüksək ehtiram göstərdiyi aydın olur.

XIII-XIV əsrlərdə monqol əsarətində olan Yaxın Şərq və Avropanın bir hissəsi kimi Azərbaycan da ağır dövrünü yaşayırdı, ədəbiyyatımız, mədəniyyətimizin inkişafına ağır zərbələr vurulurdu. Qarətlər, əhalinin qul kimi alınıb-satıl-ması, yad ölkələrə aparılması alim və sənətkarların vətəndən uzaqlarda işləməyə aparılması, xalqın iqtisadi həyatının, maddi durumunun ağırlığı, törədilən qırğınlar, dəhşətlər xalqın bayatılarındadır. Xalq bu zülmlərdən jana doyur, dağlara çəkilir, silahlı dəstələr yaradır, istilaçılara qarşı mübarizə aparırdı. Ağır iqtisadi bir durumunda xalq öz yaradıcılığını davam etdirir, müharibələrdə dağıdılmış ölkənin yeni mədəni abidələrini qururdu. Təbrizdə, Naxçıvanda, Bakıda, Zəngilanda, Marağada böyük məqbərələr tikilirdi.

Bu dövrdə astronomiya, tarix, fəlsəfə ilə yanaşı, poetikaya aid əsərləri ilə Yaxın Şərqdə tanınmış Xacə Nəsirəddin Tusi Marağa rəsədxanasının banisi idi. Onun astronomiyaya aid «Zic-Elxani» əsəri Avropada da geniş yayılmışdı. XIII-XVI əsrlərdə Marağa rəsədxanası Yaxın Şərqdə məşhur bir elm mərkəzi idi. Bu dövrdə elmdə, mədəniyyət kimi ədəbiyyatda da müəyyən məzmun dəyişikliyi duyulur. Saray ədəbiyyatı, qəsidə şeiri nisbətən zəifləyir. Monqol istilası feodal hakimiyyətlərini dağıtdığından saray ədəbiyyatı da zəifləmişdi. «Dövrün Fəzlullah Nəimi, Nəsimi, Əhvədi kimi görkəmli şairləri öz yaradıcılıqlarının ideya istiqaməti etibarilə saray ədəbiyyatına, məddahlığa tamamilə yabançı idilər».

 

 

 

Gülxani Pənah

ədəbiyyatşünas

Xalq Cəbhəsi.- 2015.- 24 noyabr.- S.14.