Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibəti

 

(əvvəli ötən sayımızda)

 

Alimin fikrincə, demokratiya güclü vətəndaş cəmiyyətinın təminatıdır. Burada da düzgün mütənasiblik yoxdur. Məsələn, Yaponiya artıq yarım əsrdir ki, sabit demokratiyaya malik ölkədir, amma ABŞ-da və Avropada vətəndaş cəmiyyətinin təcəssümü sayılan ətraf mühitin və istehlakçıların mühafizəsi, insan hüquqlarının və hüquq bərabərliyinin qorunması kimi fəallıq təzahürləri son dərəcə zəifdir. Fransa və İspaniya tam demokratik ölkə nümunələridir, amma bu ölkələrdə dövlətin son dərəcə güclü, birliklər həyatının isə nisbətən zəif olduğu açıq aşkardır. Plüralizmi və siyasi seçim hüququnu burada siyasi partiyalar və demokratik seçki mexanizmi təmin edir. Bəzi amerikalı siyasət analitikləri buna görə də Fransanı, İspaniyanı və Yaponiyanı tənqid edirlər. Ancaq həmin ölkələr buna cavab olaraq, bildirirlər ki, onlar özlərinin vətəndaşla dövlət arasındakı münasibətlər sahəsində formalaşmış ənənələrinə uyğun olaraq yaşayırlar. Amerika tipli vətəndaş cəmiyyətinə söykənməyən demokratiyanın həqiqi demokratiya olmaması arqumenti nəinki saxta, hətta təhlükəlidir. O, belə bir əminliyə gətirib çıxarır ki, demokratiya yalnız amerikan tipli ola bilər, ya da heç bir demokratiya yoxdur.

Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu sahə üçün əsasən dövlətdə mövcud olan vertikal, ieararxik əlaqələr deyil, horizontal, qeyri-hakim əlaqələr xarakterikdir. Vətəndaş cəmiyyətinin mövcudluğu və formalaşması bərabər hüquqlara və müəyyən keyfiyyətlərə malik vətəndaşlarsız mümkün deyildir. İnsan yalnız yüksək mənəvi ideallara və qabaqcıl dünyagörüşünə malik olduqda vətəndaş adlana bilər. Belə şəxslər ictimai birliklər və institutlarla tamamilə fərqli münasibətlərdə olur. Kifayət qədər inkişaf etmiş vətəndaş cəmiyyətlərində insan kollektivlərə cəlb edilməklə qətiyyən öz fərdi keyfiyyətlərini itirmir, əksinə, daha yüksək mənəviyyata sahib olur. Beləliklə, vətəndaş cəmiyyətinin bir sıra prinsiplərini qeyd etmək olar:

- siyasi sahədə bütün insanların hüquq və azdlıqlarının bərabərliyi;

- vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsinin bütün dünyada qüvvədə olan qanunlarla təminatı;

- şəxsi mülkiyyətə malik olma və yaxud əməyi müqbilində ədalətli qarşılıq alma hüququ üzərində qurulan iqtisadi müstəqillik;

- partiyalarin və vətəndaş hərəkatlarının (qeyri-hökümət təşkilatları) yaradılmasında vətəndaşların azadlığı - elmin, mədəniyyətin, təhsilin və vətəndaşların tərbiyələndirilməsi üzrə lazımi maddi və digər şərtlərin yerinə yetirilməsi;

- yalnız qanunla tənzimlənən, dövlət senzurasından kənar KİV-in yarasdılması və fəaliyyəti;

- dövlət və vətəndaş cəmiyyəti arasındakı münasibətləri tənzimləyən mexanizmin mövcudluğu (konsensus mexanizmi).

Cəmiyyətin demokratiyaya doğru irəliləməsi ilə onun hər bir üzvünün qəbul etdiyi qərarlara görə məsuliyyəti dəfələrlə artır. Vətəndaş mədəniyyəti olmadan vətəndaş cəmiyyəti haqqında söz açmaq, ümumiyyətlə, yersizdir. Bu anlayış fərdin ictimai məsələləri qavramaq imkanını müəyyənləşdirir, onun bu məsələlərin həyata keçirilməsində nə dərəcədə fəal olduğunu nümayiş etdirir. Problemlə əlaqədar toxunduğumuz fikirləri və mövqeləri cəmləyərək, vətəndaş cəmiyyətilə hüquqi dövlət arasındakı münasibətlərə dair bir neçə mövqe formalaşdıra bilərik:

1. “Vətəndaş cəmiyyəti” və “Hüquqi dövlət” anlayışları qlobal cəmiyyətin fərqli, lakin daxilən əlaqəli elementlərini ifadə edir.

2. Vətəndaş cəmiyyəti ilə hüquqi dövlətin funksiyalarının bir-birindən ayrılması təbii və qanunauyğun bir prosesdir. Bu, bir tərəfdən sosial-iqtisadi və mənəvi, digər tərəfdən isə həyatın siyasi aspektlərini xarakterizə edir.

3. Vətəndaş cəmiyyəti – siyasi sistemin əsasını təşkil edir, hüquqi dövləti müəyyənləşdirir və şərtləndirir.

4. Vətəndaş cəmiyyəti həyat qanunları anarxiya olan muxtar fərdlərin birləşməsi deyil. Bu vətəndaşların birgə maddi və mənəvi həyatını təmin edən insanlar birliyidir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin rəsmi təzahürüdür.

5. Üzvlərinin özfəaliyyəti, birliklərin müxtəlifliyi baxımından vətəndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa, bir o qədər hüquqi dövlətin demokratik yolla irəliləcəyi təmin edilmiş olar. Bu fikri əksinə də ifadə etmək mümkündür. Yəni siyasi quruluş nə qədər demokratiyaya meyilli olarsa, bir o qədər də vətəndaş cəmiyyətinin inkişafı təmin edilmiş olur.

Y.İ Averyanovun rəhbərliyi altında nəşr edilən politologiyaya dair ensklopedik lüğətdə vətəndaş cəmiyyəti belə səciyyələndirilir: “Vətəndaş cəmiyyəti dövlətdən asılı olmayan, lakin onunla əlaqə kəsb edən, həmin cəmiyyətin üzvləri arasında inkişaf etmiş iqtisadi, mədəni, hüquqi və siyasi münasibətlərdir. Dövlətlə birlikdə inkişaf etmiş hüquqi münasibətlər yaradan, yüksək sosial, iqtisadi, siyasi, mədəni və əxlaqi statusa malik olan vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti mahiyyət etbarilə cəmiyyətin, hakimiyyətin, siyasətin və insanın daimi təkmilləşməsi prosesidir”.

V.P Puqaçev və A.İ. Solovyov isə yazır: “Vətəndaş cəmiyyəti azad və bərabər hüquqlu fərdlərin bazar və demokratik hüquqi dövlətşilik şəraitndə dövlət vasitəsilə tənzimlənməyən qarşılıqlı münasibətlərin çoxcəhətliliyidir. Vətəndaş cəmiyyəti aşağıdan öz-özünə təşəkkül tapan ictimai orqanizm olmaqla xüsusi mənafelərin və fərdiyyətçilərin azad oyun sferasıdır. K.S Hacıyeva görə mülkiyyətin milliləşdirilməsi hökmən vətəndaş cəmiyyətinin milliləşdirilməsinə gətirib çıxarır. Buna görə də aydındır ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini şərtləndirir və biri digəri üçün həyat qabiliyyəti şəraiti yaradır, lakin bir-birini əvəz etmir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Hobbsdan başlamış Hegel və Marksa qədər çoxəsrlik polemika (elmi mübahisə) vətəndaş cəmiyyəti ilə dövlətin münasibəti probleminə istiqamətlənmişdir. Həmin problem vətəndaş cəmiyyətinin təzahürü ilə meydana çıxmışdır. Onlardan hansının üstünlüyü, birinciliyi barədə çoxlu və birmənallı olmayan mülahizələr mövcuddur. Bunu demək kifayətdir ki, vətəndaş cəmiyyəti elə böyük qüvvədir ki, dövlət onunla hesablaşmaya bilməz. Məlum olduğu kimi, vətəndaş cəmiyyəti ümumi anlayışdır. Lakin elə tədqiqatçılara təsadüf olunur ki, həmin anlayışın ümumiliyini nisbətən məhdudlaşdırır. Məsələn, Fransız politoloqu J.Kerman belə hesab edir ki, “vətəndaş cəmiyyəti şəxsiyyətlərarası münasibətlərin və sosial qüvvələrin çoxluğunu səciyyələndirməklə həmin cəmiyyəti təşkil edən qadınları və kişiləri dövlətin müdaxiləsi olmadan birləşdirir.

Ümumiyyətlə vətəndaş cəmiyyəti probleminə dair müxtəlif təsəvvürləri mumiləşdirməklə onunla hüquqi dövlətin nisbətinə dair bir neçə konseptual müddüalar söyləmək olar. Birincisi, “vətəndaş cəmiyyəti və hüquqi dövlət anlayışları müxtəlif cür səciyyələnir, lakin daxilən qlobal cəmiyyətin bir-birilə daxili əlaqəsi olan, bir-birini tamalayan tərəfləridir, vahid ictimai orqanizmin ünsürləridir. Vətəndaş həyatı bu və ya digər dərəcədə siyasi aləm fenomeninə nüfuz edir, siyasi aləm isə vətəndaş həyatından təcrid olunmuş halda mövcud deyil. İkincisi, vahid ictimai orqanizmin tərkib hissəsi olmaqla vətəndaş cəmiyyəti və dövlət arasında hədd qoyulması təbii qanunauyğun proses olub, bir tərəfdən sosial-iqtisadi və mənəvi sferanın, digər tərəfdən isə siyasi həyatın tərəqqisi ilə səciyyələnir. Üçüncüsü, vətəndaş cəmiyyəti siyasi sistemin ilk əsasıdır, hüquqi dövlət onunla şərtlənir və müəyyən olunur. Öz növbəsində dövlət təsisat olmaq etibarilə vətəndaş cəmiyyətinin varlığı və fəaliyyəti üçün şərait yaradır. Dördüncüsü, vətəndaş cəmiyyəti muxtar fərdlərin nə isə məcmu deyildir. Bu adamların birlik forması, assosiyaların və digər təşkilatların toplusu olub vətəndaşların birgə maddi və mənəvi həyatını təmin edir, onların tələbat və mənafelərinin öyrənilməsinə istiqamətlənir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin rəsmi ifadəsidir, onun siyasi varlığının inikasıdır. Vətəndaş cəmiyyəti fərdi, qrup halında və regional mənafelərin təzahür sferasıdır.

Vətəndaş cəmiyyətinin tələbləri dövlətin iradəsi sayəsində reallaşır. Nəhayət, vətəndaş cəmiyəti nə qədər çox inkişaf etmiş olarsa (öz üzvlərinin fəaliyyəti, təşəbüskarlığı mənasında) dövlətin demokratikliyi üçün bir o qədər meydan açılır. Vətəndaş cəmiyyəti bəşər sivilzasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən inkişaf etmiş iqtisadi, mədəni, hüquqi, siyasi münasibətlərdir. Dövlət və hökümət problemləri vətəndaş cəmiyyəti ideyalarının inkişafında mühüm rol oynayır. Bu kontekstdə dövlət və hakimiyyət problemlərinin arasındakı fərqi izah etmək zərurəti meydana çıxır. Müasir ədəbiyyatlarda bu fərq bir o qədər də başa düşülən deyil. Bir çox elmi işlərdə onlar eyni anlayış kimi başa düşülür. Hakimiyyət iqtisadi, intellektual, siyasi, dövlət yəni, müxtəlif cür olur. İbtidai cəmiyyətlərdə bu anlayışlar da bir-birinə uyğundur, lakin cəmiyyətin həyatında demokratiya və bazar münasibətlərinin bərqərar olması ilə bu anlayışların fərqlənmısi baş verir. Başqa cür desək, dövlət hüquqla məhdudlaşmış cəmiyyətlərdə yaranır. Hakimiyyət guya özünə tabe edir, yaxud hüquqa tabe olur və cəmiyyətə xidmət edən müxanizm kimi istifadə olunur. Təbii ki, hakimiyyətinin yalnız hüquqla sərhədlərinin müəyyən edildiyi təqdirdə vətəndaş cəmiyyətinin inkişafı üçün zəmin yaranır. K.S.Hacıyev bildirir: “Bütövlükdə müxtəlif vətəndaş cəmiyyəti variantlarının formalaşması ayrılmaz surətdə fərdi azadlıq ideyaları və ayrı-ayrı şəxslərin özünüqiymətləndirməsinin formalaşması ilə bağlıdır”.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 24 noyabr.- S13.