Siyasi plüralizmin, azad fikrin,
demokratiyanın və vətəndaş cəmiyyətinin
inkişafının əyani təzahürləri
1991-ci ildə Azərbaycan Respublikası müstəqil
dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin
yeni səhifəsini açan respublikamız milli və
ümumbəşəri dəyərlərə söykənən
demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq
arzularını reallaşdımaq istiqamətində
addımlar atmağa başladı. Yalnız
yetkin və güclü dövlət öz vətəndaşlarının
hüquqlarının gerçəkləşməsinə,
insanların rifah halının yüksəlməsinə,
hüquq və azadlıqlarının qorunmasına təminat
verə bilər. Azərbaycanın siyasi
müstəqillik əldə etməsi və demokratik dövlət
quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli
addımlar atmaq üçün geniş perspektivlər
açdı.
Azərbaycanda demokratik və hüquqi dövlət
quruculuğu prosesi müstəqilliyin ilk günlərindən
müxtəlif problemlərin və maneələrin aradan
qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda
totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin
ağır nəticələri, erməni separatizmi və Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün
vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və
vətəndaş müharibəsi təhlükəsini,
dövlət çevrilişi cəhdlərini və digər
ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini
aradan qaldırmaq məcburiyyətində qaldı. Xalqın
hakimiyyətlə birliyi pozucu qüvvələrin Azərbaycanın
ərazi bütövlüyünə və dövlət
müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin
qarşısını almağa imkan verdi.
Respublikamız onun başı üzərini
almış qanlı vətəndaş
qarşıdurmasından və parçalanıb məhv olmaq
təhlükəsindən xilas oldu.
Azərbaycan dövlətinin başlıca qayəsini
müstəqillik, azərbaycançılıq, dövlətçilik,
ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik
kimi ümumbəşəri dəyərlər təşkil edən
yeni bir ideologiyanın əsası qoyulub. Daxili siyasət
Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst
yaşamaq hüquqlarını təmin etmək və öz
rifahını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarət olub. İqtisadi
islahatlar, bazar iqtisadiyyatının bərqərar olması,
iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr olub.
İnsanların ictimai-siyasi və özünüdərkinin
yetkinləşməsi sayəsində cəmiyyətdəki
ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində
vətəndaşların müxtəlif təbəqələrini
və kateqoriyalarını təmsil edən ictimai
qurumların fəal rol oynaması dövlətin və insanlar
toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil
edən vətəndaş cəmiyyətini səciyyələndirən
əsas amillərdəndir. Cəmiyyətin
problemlərinin həlli sahəsində ictimai qurumların tədricən
daha çox funksiyanı mənimsəməsi ilə dövlət
orqanlarının fəaliyyətində daha çox siyasətin
müəyyənləşdirilməsi və nəzarət
funksiyaları üstün yer tutur.
Vətəndaş cəmiyyəti quruculuğunda siyasi
plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı
xüsusi rol oynayır. Azərbaycanın müstəqil
inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül
tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə
qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında
daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir.
Bu isə Azərbaycan dövlətinin
bütün siyasi partiyaların fəaliyyəti
üçün zəruri şərait yaratması nəticəsində
mümkün olub.
Hazırda Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış 42 siyasi partiya, 4 minə
yaxın vətəndaş cəmiyyəti institut və
qurumları fəaliyyət göstərir.
Demokratik quruluşun, vətəndaş cəmiyyətinin
formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən
biri söz və vicdan azadlığının təmin
olunmasından ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasında fikir,
söz və vicdan azadlığına geniş təminat
verilmişdir.
Demokratiyanın, siyasi plüralizmin və vətəndaş
cəmiyyətinin əsas atributlarından hesab olunan söz və
məlumat azadlığının başlıca
daşıyıcıları kütləvi informasiya vasitələridir.
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər
haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı
kütləvi informasiya vasitələrinin sərbəst
inkişafı, onların cəmiyyətin dinamik şəkildə
demokratikləşməsinə təsir edən qüdrətli
vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin
həyata keçirilməsində mühüm addım oldu.
Prezidentin bu fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda
və digər Kütləvi İnformasiya Vasitələində
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə
ləğv edilmiş, hərbi senzura yaradılması
haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya yayımı üzərində nəzarət tətbiq
edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam
qüvvədən düşmüş hesab edilmişdir.
Kütləvi informasiya vasitələrinin təsis edilməsi
və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi,
optimal hüquqi mühitin formalaşdırılması istiqamətində
mühüm addımlar atılmışdır. 1999-cu ildə
"Kütləvi informasiya vasitələri haqqında"
yeni qanun qəbul edilmişdir. Bu, müasir
Azərbaycan reallıqlarını daha dolğun əks etdirən,
kütləvi informasiya vasitələri istehsalı və
yayımının bütün məsələlərini
demokratik şəkildə tənzimləyən, beynəlxalq
standartlara cavab verən hüquqi sənəddir.
2000-ci il martın 6-da Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqamı" təsdiq olunub. Kütləvi
informasiya vasitələri sahəsində dövlət siyasətinin
mahiyyəti ondan ibarətdir ki, bunlar xalqın maariflənməsində
ümumbəşəri ideyaların təbliğində, vətəndaş
cəmiyyəti quruculuğunda qüdrətli vasitəyə
çevrilsin, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə
xidmət etsin. Kütləvi informasiya vasitələri
həm də təmsil etdiyi dövlətin və xalqın mənafeyini
hər şeydən üstün tutmalı, dövlətçilik
mövqeyini ön plana çəkməlidir.
Həyatımızın digər sahələrində
olduğu kimi elm və təhsil sahəsində də islahatlar
məhz 1993-cü ilin ikinci yarısından sonra
başlanıb. Prezident 1998-ci ilin martında "Azərbaycan
Resrublikasında təhsil sahəsində islahatlar üzrə
Dövlət Komissiyası yaradılması haqqında" sərəncam
imzaladı. Ümumi təhsildəki ən ciddi yeniliklərdən
biri müstəqilliyimizin yaşıdı olan yeni əlifbaya
keçilməsi - latın qrafikalı əlifbanın
tətbiqinin reallığa çevrilməsidir.
Ali təhsil
sahəsində yeniliklərdən biri də "Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı
ilə ölkənin 4 aparıcı ali məktəbinə -
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Kənd
Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi,
bir neçə ali məktəbə isə "Universitet"
statusu verilib. Prezidentin 15 may 2001-ci il tarixli
fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli
Elmlər Akademiyası adı verilmiş və bununla da
akademiyanın elmimizin inkişafında əldə etdiyi nailiyyətlər,
Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə
oynadığı rol, respublika ictimaiyyətində olan
nüfuzu və akademik elmin ölkənin inkişafının
əsas təminatçılarından olduğu fikri bir daha təsdiqlənib.
Müstəqillik
illərində Səhiyyə Nazirliyi sistemində də
ardıcıl və məqsədyönlü iş
görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin
hüquqi-nomativ bazasının təkmilləşdirilməsi
və dünya standartları səviyyəsinə
qaldırılması daim diqqət mərkəzində
olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar
("Əczaçılıq fəaliyyəti
haqqında", "Özəl tibb fəaliyyəti
haqqında", "Tibbi sığorta haqqında" və
s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən
təsdiq edilib. Səhiyyədə aparılan
islahatlar çərçivəsində əsas nailiyyətlərdən
biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir.
Bu istiqamətdə hüquqi-normativ baza
yaradılmış, "Özəl tibb fəaliyyəti
haqqında" qanun qüvvəyə minib.
Azərbaycanın
müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq
aləmə inteqrasiyasına, planetimizdə baş verən
qlobal hadisələrə münasibət bildirməsinə,
beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin
təşkilatların keçirdiyi mötəbər tədbirlərdə
iştirakına real hüquqi əsaslar verdi.
Azərbaycan bütün sahələrdə, o
cümlədən də idmanda beynəlxalq arenaya
çıxmağa imkan qazandı. İdmançılarımız
dünya və Avropa çempionatlarında, beynəlxalq
yarışlarda öz ölkələrinin bayrağı
altında çıxış etməyə başladılar.
Hər
hansı ölkədə onun kifayət qədər
ardıcıl və məqsədyönlü inkişafı
idman ənənəsi, idmanla məşğul olmağa şərait
və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin
yetişdirilməsi, yarışların təşkili və
keçirilməsi, idmançıların beynəlxalq
yarışlarda iştirakının təmini, idmanın təbliği,
kütləviləşdirilməsi kimi amillərdən
çox asılıdır. Belə amillər cərgəsində
dövlətin idmana münasibəti özünəməxsus
yer tutur. Çünki bu münasibət
özü-özlüyündə qeyd olunan məsələlərin
müəyyən qisminin həllinə bilavasitə təsir
göstərir.
Fiziki və
mənəvi cəhətdən sağlam nəsil
hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin
gücləndirilməsində, respublikamızın beynəlxalq
miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində
mühüm rol oynayan bir sahənin - idmanın, bədən tərbiyəsinin
və Olimpiya Hərəkatının tərəqqisində,
möhtəşəm nailiyyətlərlə zənginləşməsində
dövlətimizin xidmətləri əvəzsizdir.
Son illər Azərbaycanda gənclər siyasətinin və
müasir gənclər hərəkatının
inkişafı üçün dövlət səviyyəsində
kifayət qədər işlər görülmüş,
uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının
yaradılması, fəaliyyətinin təşkili, proqram və
layihələrinin həyata keçirilməsi
üçün şərait yaradılıb, bu sahədə
hüquqi baza təkmilləşdirilib.
Gənclər
və İdman Nazirliyi bütün uşaq və gənclər
təşkilatları ilə sıx əlaqə qurmuş,
onların fəaliyyətinin məqsədəyönlü
istiqamətə yönəldilməsi, proqram və layihələrin
maliyyələşdirilməsi sahəsində xeyli iş
görüb. Ölkəmizdə müxtəlif
yönümlü siyasi partiyaların, ictimai təşkilatların
azad fəaliyyəti, yüzlərlə mətbuat
orqanının azad nəşr olunması, özəl radio və
televiziya kanallarının yayımlanması siyasi
plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş
cəmiyyətinin inkişafının əyani təzahürüdür.
Cavid
Xalq
Cəbhəsi.- 2015.- 25 noyabr.- S13.