Terrorizm haqqında 10 həqiqət
“Foreignpolicy” terrorizm
haqqında heç kimin eşitmək istəmədiyi həqiqətləri
üzə çıxarıb
Ssenari
tanışdır: terrorçular Qərb paytaxtlarından
birinə hücum edir, siyasətçilər heyrət
içərisində bu hücumları qınama
yarışına girirlər. Britaniya, Çin və Yaponiya
liderləri ABŞ Prezidenti Barak Obama tərəfindən
“vicdansız” və “dəhşətli”, Fransa Prezidenti Fransua
Olland tərəfindən “qorxunc” və “qorxaq”, Hindistanın
baş naziri Narendra Modi tərəfindən “vəhşilik”,
BMT-nin Baş Katibi Pan Gi Mun tərəfindən
“alçaqlıq” və ABŞ Dövlət Katibi Con Kerri tərəfindən
“mənfur” olaraq təsvir edilən Paris hücumlarından
“şoka düşdüklərini” bildirirlər.
Paris hücumları haqqında bütün bu təsvirlər
doğrudur. Ancaq bu hücumların törədilməsi heç
də təəccüblü olmadı. Qərbdə
arabir terror hücumlarının törədilməsi
qaçılmazdır və növbəti onilliklərdə
daha çox hücumun şahidi olacağımız
ehtimalı da yüksəkdir. Uzunmüddətli
terrorizm riskini aradan qaldırmaq istəyiriksə, bunu
sarsıdıcı bir hal kimi görməkdən əl çəkib
həll edilməsi lazım olan bir problem kimi
tanımalıyıq.
Siyasətçilər terrorizm haqqındakı həqiqətləri
dilə gətirməyi xoşlamırlar. Biz isə siyasətçi
deyilik, gəlin ağır da olsa, bu həqiqətlərə
nəzər salaq:
1)
Terrorçuları ölkədən uzaq tuta bilmərik.
ABŞ-ın
95 min mil, Yunanıstanın isə 10 min mil sahilyanı ərazisi
və 6000 adası var. İraq və Suriyadan Türkiyəyə,
Türkiyədən də Bolqarıstana asanlıqla daxil ola
bilərsiniz. Hər il ABŞ-dakı hava limanlarına səkkiz
yüz milyon, Avropadakı hava limanlarına isə 1,7 milyard insan gəlir. Nə bu qədər
insanı uzaq tuta biləcək qədər uzun və ya
hündür bir divar, nə də sahilyanı sərhədlərin
hər bir qarışına nəzarət etməyə kifayət
edəcək qədər mühafizəçi var.
2) Üstəlik,
təhlükəli qüvvələr artıq içimizdədir.
2005-ci il Londondakı hücumlar Britaniya vətəndaşları
tərəfindən törədilmiş, Boston marafonu
zamanı edilən hücumları törədənlərdən
biri ABŞ vətəndaşı, digəri isə daimi sakini
olmuşdur. Paris hücumlarını törədənlər
də Fransa vətəndaşları olub. Dünyanın
hər bir ölkəsində aqressiv insanlar var və internet hər
cür hiddətə haqq qazandıracaq ideologiyalarla doludur.
Təhlükə artıq içimizdədir,
buna görə də, nə sərhəd nəzarətinin
artırılması, nə də müharibə və səfalətdən
qaçan qaçqınların ölkəyə buraxılmaması
problemi həll edə bilər.
3) Nəzarət
və təqibin artırılması da terrorizmi aradan
qaldırmayacaq.
2013-cü ildə Eduard Snoudenin ifşa etdiyi məlumatların
da göstərdiyi kimi, ABŞ, eləcə də, Avropa
ölkələrinin yarısı onsuz da bütün
dünyanı izləyir. ABŞ Milli Təhlükəsizlik Agentliyi hər gün
milyardlarla yazışma və telefon
danışıqlarını izləyir, ancaq “şübhəli”
fəaliyyətlərin aşkarlanması üçün
yüksək səviyyəli kompüter proqramların
hazırlanmasına baxmayaraq, hər şeyi tam təhlil etmək
mümkün olmur və yanlış dəyərləndirmələr
üzərində boş yerə çox vaxt gedir.
Elektron kəşfiyyat, nəzarət kameraları və
s.-dən toplanan məlumatlar çox vaxt hücum törədildikdən
sonra işə yarayır. Bəzən isə səlahiyyətli
şəxslərin bəxti gətirir və hücum planı
həyata keçirilməzdən əvvəl kimi
axtardıqlarını bilirlərsə, bir hücumun necə
həyata keçirildiyini daha yaxşı anlamaq
üçün əvvəlki nümunələrə
baxıb hücumçuları əvvəlki sui-qəsdçilərlə
əlaqələndirə bilirlər. Hər hansı bir
hücumun həyata keçirilməsinə mane olunursa, bu, adətən,
adi cinayətlərin qarşısını alan
eyni faktorların nəticəsi olur: hərtərəfli
araşdırma işləri, gözüaçıq cəmiyyətlər
və axmaq səhvlər edən cinayətkarlar.
4)
İslam Dövlətinin məğlub edilməsi də
terrorizmə son qoymayacaq.
Özünüzü aldatmayın. Bu gün
İslam Dövlətindən də təhlükəli təşkilatlar
var. Məsələn, Nigeriyada Boko Haram təşkilatı.
İŞİD-dən əvvəl 11 sentyabr
hücumlarını, Madrid və Londonda terror aktlarını
törədən Əl-Qaidə, Əl-Qaidədən əvvəl
Hizbullah və Həmas, Həmasdan əvvəl isə Əbu
Nidal, Qara Sentyabr və Fələstin Azadlıq Təşkilatının
müxtəlif qruplaşmaları var idi. 1970 və 1980-ci illərdə
Avropada daha çox terror hücumları olub, nəinki 11
sentyabr hadisələrindən bu yana. Suriya və İraqda İŞİD tamamilə məhv
edilsə belə, Yaxın Şərqdə tam stabillik
yaranmayacaq.
Bəli, terrorizmin İslam dini ilə də əlaqəsi
yoxdur. ABŞ-da sağçı ekstremistlər hələ
də cihadçılardan daha çox insan öldürürlər.
2011-ci ildə Norveçdə 77 nəfərin
ölümü ilə nəticələnən terror
hücumu da radikal sağçı terrorist Anders Breyvik tərəfindən
törədilmişdi. 2006-cı ildən bəri
qərbdə törədilən terror hücumlarında
ölüm hallarının yarısında
qeyri-islamçı hücumçuların əli olub və
onların əksəriyyəti sağçı ekstremizm və
separatçılıqdan ilham alıb. Hətta buddistləri
də sülhsevər saymaq olmaz: 23 oktyabr, 2012-ci il tarixində buddist silahlılar Myanma kəndlərindən
birinə hücum edərək 28-i uşaq olmaqla, 70 nəfərdən
çox sakini qırmışdı.
5)
Statistik göstəricilərə görə, terrorizm hələ
də nisbətən kiçik bir təhlükə olaraq
qalır.
Əlbəttə,
bu, terror hücumlarının qurbanlarını və
onların yaxınlarını təsəlli etməsə də,
bizə az da olsa, rahatlıq verir. Qlobal terrorizmin miqyasının
artdığını göstərən statistik məlumatlarda,
əsasən, Suriya, İraq, Nigeriya və Əfqanıstan kimi
silahlı münaqişələrin davam etdiyi regionlardakı
hücumlar nəzərdə tutulur. 2015-ci il Qlobal
Terrorizm İndeksinə görə, 2000 və 2014-cü illər
arasında terror qurbanlarının yalnız 2,6
faizi Qərb ölkələrində yaşayıb. Bir amerikalını ildırım vurub öldürməsi
ehtimalı daha yüksəkdir, nəinki bir terrorist tərəfindən
öldürülməsi. ABŞ-da silahla
törədilən zorakılıqlardan
danışmırıq belə.
6)
Statistik göstəricilərə baxmayaraq, çox güman
ki, vəziyyət yaxşıya doğru getməzdən əvvəl
daha da pisləşəcək.
Tarixə nəzər salsaq, görərik ki,
keçmişdə Qərb dünyası da müasir
dövrün Yaxın Şərqi kimi iğtişaşlar və
qanlı münaqişələrlə dolu olub. Ona görə
də, bu gün Qərbdə nisbi təhlükəsizlik
olmasına arxayın olmayın. Bir gün
Yaxın Şərqi bürüyən siyasi, etnik və dini
qarışılıq bitə bilər, ancaq o günün gəlməsinə
hələ çox var və Qərb tərəfindən
İslam Dövlətinə qarşı daha aqressiv bir hərbi
kampaniya başladılması da bütün bu
qarışıqlığın bitməsini sürətləndirməyəcək.
Növbəti onilliklərdə zorakı münaqişələrin
artması ehtimalı yüksək, Qərbin bu münaqişələrdən
qorunması ehtimalı isə aşağıdır. Suriyanın
qaçqın böhranı Avropaya çoxlu sayda əhalinin
bir regiondan qaçıb başqa birində məskunlaşmağa
çalışdığı zaman nələr baş verə
biləcəyini göstərmiş oldu. Bir neçə
on ildən sonra iqlim dəyişikliyi nəticəsində
resurslar üstündə yeni münaqişələrin
başlaması və çoxlu sayda insanın daha
yaxşı bir həyat axtarışına
çıxmaları ilə nələr ola
biləcəyini təsəvvür edin.
7) Qərbin
zəif planlaşdırılmış fəaliyyəti vəziyyəti
daha da pisləşdirə bilər.
Paris
hücumlarından sonra Qərb sığınacaq və dinc
şərait axtaran yüz minlərlə çarəsiz
müsəlmanı geri çevirmək istəyir, sadəcə
ona görə ki, onların kiçik bir qismi terrorist ola bilər. İslamçı terroristlər təşkilatlarına
daha çox adam yığmaq
üçün bundan yaxşısını istəyə
bilməzdi.
Eyni şey İslam Dövlətinə qarşı hərbi
fəaliyyətin artırılmasına da aiddir. Qərb Paris
hücumlarına cavab olaraq, Suriya və İraqa çoxlu
sayda quru qoşunları göndərərsə, yenidən
xarici işğalçıya və böyük hədəfə
çevriləcək. Əgər
İŞİD bütün tərəflərdən bomba atəşinə
tutularsa, sonda hücumlara məruz qalınması istənməyən
insanlar da bombalanacaq və bu, Qərbin yeni dostlar qazanmasına
mane olacaq. Eyni zamanda Suriyada
İŞİD-in məhv edilməsi ya ölkənin digər
ekstremist üsyançılarına, ya da Suriya Prezidenti Bəşər
əl-Əsədə sərf edəcək. Halbuki İŞİD-in güclənməsinə
kömək edənlər elə Əsədin özü və
regionun digər qəddar liderləri idi.
8)
Terrorizm həll edilməsi lazım olan bir problemdir.
İnana
bilmirəm ki, bunu hələ də təkrar etmək
lazımdır: cinayət, narkotik maddələr və yoxsulluğa
“qalib” gələ bilmədiyimiz kimi, terrorizm, terror və ya
terroristlərə qarşı müharibədə də
“qalib” gələ bilmərik. Ancaq terrorizmin
bütün risklərini aradan qaldıra bilməsək də,
terror hücumlarının səbəb olduğu risk və zərərləri
azaltmaq üçün ağıllı strategiyalar qəbul
edə bilərik. Məsələn,
İslam dininin ekstremist şərhlərinə alternativlər
verən mötədil müsəlman təşkilatlarını
maliyyələşdirə, terroristlərin insanları öz
tərəflərinə çəkmək üçün hədəf
götürdükləri cəmiyyətlərdə
hüquq-mühafizə orqanları tərəfindən maarifləndirməni
artıra və şübhəli fəaliyyətlər
haqqında polisə daha çox məlumat verilməsi
üçün yollar axtara bilərik.
9) Bu
problemin həll edilməsi üçün terrorizmə
qarşı aparılan əksər ictimai müzakirələri
xarakterizə edən siyasi duruşu bir kənara qoyub,
açıq şəkildə müxtəlif
yanaşmaların mənfi və müsbət tərəflərindən
danışmalıyıq.
Terrorizm problemini həll etmək üçün sərhəd
nəzarətini, hücumları, polis qüvvələrini
artıra bilərik. Bunlar qısamüddətli riski aradan
qaldıra da bilər. Ancaq bu yolların da maddi, siyasi
qarşılığı var. Polis qüvvələrinin
artırılması daha çox terror hücumunun
qarşısının alınması demək ola
bilər, lakin bacarıqsız polislər də
İŞİD üçün daha çox potensial üzv
deməkdir. Aeroportlarda təhlükəsizlik,
Milli Təhlükəsizlik Agentliyinin proqramları və hava
hücumları isə zəif şəkildə tətbiq
olunarsa, əks təsir yarada bilər, güclü şəkildə
tətbiq olunsa belə, bunun üçün maddi vəsait
lazımdır. Cinayət, xəstəlik, avtomobil qəzaları
və s. təhlükələrə qarşı necə
yanaşırıqsa, terrorizmə də o cür
yanaşmalıyıq.
10) Kəskin
reaksiyanı dayandırmalıyıq.
Terrorizm dövlət və qeyri-dövlətlər tərəfindən
istifadə olunur, ona görə ki, bu həm nisbətən
ucuz və asan yolla başa gəlir, həm də işə
yarayır. 11 sentyabr hücumları Əl-Qaidə
üçün böyük bir uğur idi. Bu
hücumlar nəticəsində ABŞ milyardlarla pul itirdi: fond
birjaları bağlandı, hava nəqliyyatı dayandı,
Əfqanıstan və İraqda çox pul tələb edən,
sonda isə nəticəsiz qalan müharibələr
başlandı. Paris hücumları da
İŞİD üçün işə yarayır. Qaçqınlara qarşı yaranan mənfi
münasibət İŞİD-in üzvlərinin
sayını artırmasına kömək edə bilər.
Terrorizmin zərərlərini azaltmanın ən ucuz və
ən asan yolu həddən artıq reaksiya verilməsini
dayandırmaqdır. Paris hücumlarında 129 nəfərin həlak
olması dəhşətli bir faciə və cinayətdir.
Ancaq hər il ABŞ-da 16 min nəfər qətlə yetirilir,
34 min insan avtomobil qəzasında, 39 min nəfər isə zəhərlənərək
ölür. Hər bir ölüm
ağırdır və ölüm hallarının
qarşısına almaq üçün bütün
lazımi addımlar atılmalı və cavabdeh şəxslər
cəzalandırılmalıdır.
Ancaq ilk növbədə terrorizmi nadir və anormal bir
hal kimi görməkdən əl çəkməliyik. Nə qədər
çox təşvişə düşüb kəskin
reaksiya veririksə, terorrizmə də bir o qədər
çox məruz qalacağıq.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 26 noyabr.-
S.11.