“Azəristiliktəchizat”: “Azəriqaz” bizə
aid olmayan borcları ödətdirmək istəyir”
“Azəristiliktəchizat”
ASC-nin sədr müavini İlham Mirzəliyevin “APA-Economics”ə
müsahibəsi
- İlham bəy, payız-qış mövsümü
başlar-başlamaz əhalinin istilik enerjisi ilə təchizatında
problem yarandı. Məlum oldu ki, sizin təmsil etdiyiniz qurumun SOCAR-ın
“Azəriqaz” İstehsalat Birliyinə borcu var, buna görə, əhali
canını qızdıra bilmir. Əhali haqlı olaraq
şikayət edir: niyə iki qurumun problemi bizim
başımızda çatlamalıdır?
- Həqiqətən
bu gün ən böyük problemlərdən biri də
istilik enerjisi təchizatına payız-qış
mövsümünün başlanması üçün nəzərdə
tutulmuş vaxtda başlaya bilməməkdir. Mövcud
normativ-hüquqi aktlara əsasən ölkə ərazisində
dağ ərazilərində payız-qış
mövsümü noyabrın 1-dən, digər ərazilərdə,
o cümlədən Bakı şəhərində isə
noyabrın 15-dən etibarən keçilir. Noyabrın 15-dən payız-qış
mövsümü başlamalı idi və bütün zəruri
hazırlıq işləri görülərək qazanxana və
istilik şəbəkəsi avadanlıqları tam hazır vəziyyətə
gətirilmişdir. Noyabrın 15-dən
qazanxanalar işə salınsa da istehlak edilən təbii qaza
görə borclar tam ödənmədiyi üçün
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən
qazanxanaların qaz təchizatının
dayandırılması haqqında göstəriş verilir.
Təbii olaraq, biz dərhal müzakirələrə
başladıq və bildirdik ki, məsələnin bu cür
qoyuluşunu biz məqbul hesab etmirik. Çünki
həm “Azəriqaz”, həm “Azəristiliktəchizat” bu dövlətin
qurumlarıdır və bizim aramızda olan problemlərin vətəndaşa
yansıması düzgün deyil. Biz hesab
edirik ki, bununla bağlı Nazirlər Kabinetinə, Maliyyə
Nazirliyinə və ya ən pis halda məhkəməyə
müraciət olunmalı idi. Bir az da
uzağa getsək, bu cür məsələlərdə məhkəmədən
öncə tərəflər arasında ilkin
danışıqlar olmalıdır, yəni tərəflər
mübahisəni məhkəməyə qədər həll
etməkdə maraqlı olmalıdırlar. Əgər
danışıqlar nəticə verməzsə, məhkəməyə
müraciət etmək olar…
- Belə
çıxır ki, "Azəriqaz" sizə xəbərdarlıq
etmədən qaz təchizatını dayandırıb?
- Xəbərdarlıq
məktubları olub, lakin zəruri müzakirələr
aparılmayıb. Təbii ki, mən
özümüzü tərifləyib, günahı “Azəriqaz”ın
üzərinə yıxmaq istəmirəm, çünki onlar
öz borclarını tələb etməkdə
haqlıdırlar. Amma borc məsələsinə iki
cür yanaşmaq olar: “Azəriqaz” borcunu tələb etməkdə
haqlıdır, digər tərəfdən qazanxanaların qaz
təchizatını dayandıraraq borcu tələb etmək
doğru deyil. Yenə təkrar edirəm, bunu istəmək
üçün yuxarıda sadalanan addımları atmaq olar.
İstənilən halda təchizat öz yerində
qalmalı idi.
- Borcun
strukturunu, həcmini və yaranma səbəbini
açıqlaya bilərsinizmi?
- Hesab
etmirəm ki, borcun həcmi burada xüsusi önəm
daşıyır. Lakin bir neçə
maraqlı məqam var ki, xüsusilə, borcun yaranma səbəbi
barədə, buna toxunmaq lazımdır. 2005-ci
ildə ölkə başçısının sərəncamı
ilə “Azəristiliktəchizat” yaradılan zaman ölkədə
istilik təchizatı sistemi dağınıq vəziyyətdə
idi. Biz Azərbaycan Respublikasında istilik
təchizatı sistemlərinin bərpası və yenidən
qurulması ilə bağlı konkret tədbirlər planı
hazırladıq və onun icrasına başladıq. Həmin mərhələdə tariflərə yenidən
baxmaq aktual deyildi. Biz qərara gəldik ki,
yeni sistem yaradaq, təchizatın keyfiyyətini artıraq,
paralel olaraq tarif məsələsinə baxaq. Birdən-birə keyfiyyətsiz istilik təchizatına
görə tarifi artırmaq insanlarda qıcıq yaratmaqdan
başqa bir işə yaramazdı. Apardığımız
modernləşdirmə işləri bizə eyni zamanda xərclərin
azaldılmasına da yardım edir. Adi bir misal çəkim:
köhnə qazanxanalarda 1 qiqakalori istilik istehsalına 190
kubmetr qaz tələb olunursa, müasir qazanxanada bu rəqəm
128 kubmetrə bərabərdir. Fərqə fikir
verin və görün nə qədər qənaət
etmiş oluruq. Buna görə, biz qərara
gəldik ki, modernləşdirmə işlərini aparaq, xərcləri
azaldaq və tariflər baxaq. Yeri gəlmişkən məlumat
üçün bildirim ki, ötən dövrlər ərzində
investisiya proqramlarına və “Azəristiliktəchizat” ASC-nin
istehsalat proqramlarına uyğun olaraq Bakı şəhərində
və respublikanın regionlarında 157 yeni istilik mənbəyi
yaradılmış, 108 köhnə tipli qazanxana müasir
avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş,
Rayon istilik qazanxanalarından qidalanan 57 istilik məntəqəsi
yenidən qurularaq müasir qazanxanaya çevrilmiş, 245
qazlaşdırma layihəsi icra edilmiş, 2000-ə yaxın
yaşayış binasının məhəllədaxili və
aşağı paylama sistemi, 250-ə yaxın təhsil və
səhiyyə müəssisəsinin məhəllədaxili,
aşağı paylama və binadaxili istilik sistemləri yenidən
qurularaq istilik təchizatı bərpa edilmişdir. Yəni ümumilikdə 2800-dən artıq istilik təchizatı
layihələri icra edilmişdir. Təbii
olaraq hər bir yeni istilik təchizatı obyektinin işə
salınması qaz, su, elektrik enerjisi, işçilərin əmək
haqqı, əsas vəsaitlərin amortizasiyası, təmir xərcləri
və digər ödənişlərlə bağlı əlavə
istismar xərclərinin yaranmasına səbəb olur.
Sözümü ona gətirirəm ki, bu gün bizim
müəssisənin zərərlə işləməsinin səbəblərindən
biri mövcud tariflərin xərclərimizi bağlaya bilməməsidir. Heç kəsə sirr
deyil ki, biz soyuq suyun 1 kubmetrini 1 manata alırıq, amma istehsal
olunan isti su satılır 40 qəpiyə. Tariflər
arasındakı disbalansa fikir verin. Bu, səbəblərdən
biridir.
Digər səbəb odur ki, büdcədən maliyyələşdirilən
təşkilatların, o cümlədən - təhsil, səhiyyə
ocaqları, körpələr evi, qocalaq evi və sair sosial
obyektlərin istilik haqlarının ödənməsi
üçün müəyyən edilmiş limitlər faktiki
tələbatın 50-52%-ni təşkil edir. Başqa
sözlə büdcədən maliyyələşdirilən təşkilatlar
faktiki olaraq istehlak etdikləri istilik enerjisinin dəyərinin
yalnız yarısını ödəyirlər. Yəni
bu qəbildən olan müəssisələr
üçün bir limit müəyyənləşdirilib. Lakin biz onları enerjisiz qoymuruq, halbuki, bunu etməyə
bilərik, çünki zərərliliyimiz artır.
Yanvarın ortasında bu sosial obyektlərdə istiliyin kəsilməsi
nə dərəcədə doğru olardı ?
Axı o əlil də bizimdir, məktəbli də bizimdir, xəstə
də bizimdir… Hesab edirəm ki, bir dövlət
qurumu olaraq biz düzgün addım atırıq. Və burada qeyri-adi bir şey yoxdur, dünyanın hər
bir yerində belədir.
- Bildiyimə
görə, “Azəriqaz” “Azəristiliktəchizat”dan 2005-ci ilədək,
yəni sizin müəssisə yaranmamışdan öncə
yığılan borcları da istəyir.
- Bəli,
doğrudur, borclar "Azəristiliktəchizat" ASC
yaradılana qədər mövcud olan müəssisələrin
borcları nəzərə alınmaqla da hesablanır. Ölkə prezidentin imzaladığı sərəncamda
birmənalı şəkildə yazılıb ki, "Azəristiliktəchizat"
ASC-nin yaradılması ilə əlaqədar ləğv olunan
müəssisələrin borclarının tənzimlənməsi
ilə bağlı aidiyyəti qurumlar təkliflərini
hazırlayıb təqdim etsinlər. Bununla
bağlı “Azəriqaz”la dəfələrlə məhkəmə
çəkişmələrimiz olub və bu sərəncamı
əldə rəhbər tutaraq məhkəmə ləğv
olunan müəssisələrin borcunu "Azəristiliktəchizat"
ASC-ə aid etməyib.
Biz etiraf edirik ki, bizim borcumuz var. Amma “Azəristiliktəchizat”ın
fəaliyyəti dövründə yaranmış borcun da dəqiqləşdirilməsinə
zərurət var. Bəli, səhv eşitmədiniz, rəqəmlərdə
uyğunsuzluqlar var.
-
Anlamadım, hesablama metodologiyası fərqlidir?
- Yox, yanaşma
eynidir, lakin hesablamalarda müəyyən fərqlər
mövcuddur. Düzdür, söhbət 600 (!)
qazanxanada aparılan hesablamadan gedir. Bu, heç də
asan iş deyil.
Borcun məbləği mövcud durumda önəmli
deyil. Biz etiraf edirik ki, borcumuz var və bu gün onu ödəməyə
imkanımız yoxdur. Səbəbləri də
izah etdim. Ən vacib məsələlərdən
biri də odur ki, bu gün köhnədən qalma qaydalara əsasən,
əhali qrupu üzrə istilik tarifləri yaşayış
sahəsinə görə 15 qəpik müəyyən
edilmişdir. Yaşayış sahəsi ilə evin
ümumi sahəsi arasında ən azı 2 dəfə fərq
var. Səmimi danışaq, Azərbaycanda ev
alanların böyük qisminin birinci vəzifəsi nədən
ibarətdir?
- “Balkon” adlandırdığımız eyvanı
artırmaq? Yoxsa mövcud “balkon”u yeni otağa çevirmək?
- (Gülür - red.) Tamamilə doğrudur! Məsələn, 80 kvadrat metr ümumi sahəsi olan
mənzilin sahibi faktiki 40 kvadrat metrə görə pul ödəməlidir
qanunla. Halbuki, biz onun 80 kvadrat metrini
qızdırırıq. İndi isə
ümumi itkilərimizin həcmini düşünün.
Təbii ki, bu məsələlər geniş müzakirə
predmetidir və hazırda aidiyyatı qurumlarla birgə konkret təkliflər
paketi hazırlanmaqdadır və təkliflər qəbul
olunarsa, “Azəriqaz”a olan borcun böyük
bir hissəsi tez bir zamanda ödənilə bilər.
-
Mövsüm başlayandan “Azəriqaz” neçə
qazanxananızın işləməsinə şərait
yaradıb?
-
Hazırda ölkə üzrə 535 qazanxanadan 291-i işləyir.
Bakıda 340 qazanxanadan 126-sı, regionlarda 195
qazanxanadan 165-i işlək vəziyyətdədir. Amma nəzərə alaq ki, söhbət orta və
kiçik həcmli qazanxanalardan gedir. Böyük
qazanxanalar qoşulmayıb. Onu da nəzərə
alın ki, Bakıda nəzərdə tutulan 3140 binadan cəmi
632-nə istilik verilir.
- Primitiv
də olsa, çoxlarını düşündürən
sualı vermək istərdim: bu durum nə vaxta qədər
davam edəcək?
- Sizə
maraqlı rəqəm səsləndirmək istərdim. Deməli,
bütün “Azəristiliktəchizat”ın istehlak etdiyi
qazın həcmi “Azəriqaz”ın satdığı qazın
həcminin 1,74%-ni təşkil edir. Başqa sözlə, söhbət “Azəriqaz”
üçün o qədər də böyük rəqəmdən
getmir. Bu o deməkdir ki, bizim istehlak
etdiyimiz qaz “Azəriqaz”ın fəaliyyətini iflic edəcək
səviyyədə deyil.
Qayıdıram sizin sualınıza. İqtisadiyyat
və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi öz təkliflərini
Nazirlər Kabinetinə paket şəklində təqdim edəcək
yaxın zamanda. Yəqin ki, müəyyən
kompromisə gəlmək olacaq. Biz “Azəriqaz”la
düşmən təşkilat deyilik. Əksinə,
çox müsbət münasibətlərimiz var və uzun
illərdir ki, birgə əməkdaşlıq edirik. Hesab edirəm ki, yaxın günlərdə məsələ
həllini tapacaq.
- Tariflər
məsələsinə qayıdaq. “Azəristiliktəchizat”ın
fəaliyyətin dövründə tariflər artıq 1 dəfə
artırılıb. Həmin qərar
2011-ci ilə təsadüf edirdi. Buna
baxmayaraq, sizin qurumun rəsmiləri dəfələrlə bəyan
edib ki, tariflərə yenidən baxılmalıdır. Tarif Şurasına bununla bağlı müraciət
edəcəksinizmi?
- 2011-ci
ildə Tarif Şurasının qəbul etdiyi qərara əsasən
yaşayış sahəsinin 1 kvadrat metrinə görə 1
kubmetr istilik enerjisinin tarifi 15 qəpik, digər qruplar
üçün 25 qəpik səviyyəsində müəyyənləşdirilib.
Bu gün biz isti su təchizatı istisna olmaqla,
tariflərin artırılmasını aktual hesab etmirik.
Çünki tariflərin artırılmasınadək bir
sıra atılası addımlar var. Məsələn, istehsal
və digər xərclərin azaldılması, xidmət xərclərinin
müəyyənləşdirilməsi, büdcədən
maliyyələşdirilən təşkilatlara istilik
haqlarının ödənişi üçün müəyyən
edilən limitlərin faktiki tələbata
uyğunlaşdırılması, əhali üzrə istilik
haqlarının yaşayış sahəsinə deyil,
ümumi sahəyə tətbiq edilməsi, modernləşdirilmə
siyasətinin davam etdirilməsi (bu da xərclərin
azaldılmasına səbəb olur) və sair. Qeyd etdiyim məsələlər
bu və ya digər formada həllini tapsa hesab edirəm ki, bu
tarif artımından daha effektli ola bilər.
Yəni yaxın 2 il ərazində istilik
tariflərini artırılması ilə bağlı Tarif
Şurasına müraciət edilməsi gündəmdə
deyil.
Xalq
Cəbhəsi.- 2015.- 27 noyabr.- S.15