Erməni qusanları qoşmalarını
azərbaycanca yaradırdılar
XIII əsrdə xalq şeiri yeni mərhələyə
daxil olur. Şeirdə bütövləşmə və kamilləşmə
prosesi davam etdikcə məzmun zənginləşir, forma təzələnir.
Xalq şeirinin gəraylı, varsağı,
bayatı, qoşma, təcnis kimi şəkilləri həm
yazılı ədəbiyyatda, həm də şifahi ədəbiyyatda
paralel inkişaf edir. Yunis İmrənin,
Qazi Bürhanəddinin, Nəsiminin
yaradıcılığında xalq şeiri olmasında yeni
poetik əsərlər yaranırdısa, şifahi şeirdə,
xüsusən ozan-aşıq şeirində qoşma və gəraylı
kimi şeir şəkillərinin kamil nümunələri
meydana gəlirdi. XIII əsrdən
başlayaraq XIV-XV əsrlər də daxil olmaqla Molla
Qasımın, Dədə Kərəmin, Tahir Mirzənin,
Aşıq Paşanın (XIII - XIV əsrlər), Aşıq
Paşazadənin, Aşıq İbrahimin (XIV əsr),
Aşıq Qəribin, Sarı Aşığın ədəbi
irsi milli Azərbaycan şeirinin yeni istiqamətdə
inkişaf etdiyini göstərir.
Vaxtında yazıya alınmasa da, Azərbaycan xalq
şeiri və ozan-aşıq lirikası Yaxın Şərqdə
elə bir geniş vüsət alır ki, hətta erməni
qusanlarının əksəriyyəti şeirlərini bu dildə
yaradır, erməni əlifbası ilə yazıya
köçürürdülər. XIII əsrdə
yaşayıb yaratmış Hovanes Zəncanlı «Məriəm»
adlı şeirini azərbaycanca yazıb. Həmin
əsrlərdə erməni qaynaqlarında təsadüf edilən
azərbaycanca mənzumənin («Molla oğlu ilə
keşiş qızının deyişməsi») məzmunu
«Əsli-Kərəm» dastanının süjetini yada salır.
Yaxın
Şərq, Orta Asiya, erməni və Azərbaycan xalq
yaradıcılığına dair qaynaqlar göstərir ki,
Molla Qasım, Dədə Kərəm, Aşıq İbrahim,
Aşıq Paşa, Aşıq Paşazadə, Tahir Mirzə,
Qərib və Sarı Aşıq kimi ozan-aşıqlar XIII -
XV əsrlərdə saz şeirinin müxtəlif şəkillərində
nadir incilər qoşublar. Yeri gəlmişkən
xatırladaq ki, Kərəm, Qərib, Tahir Mirzə, İbrahim
daha çox məhəbbət dastanlarının qəhrəmanı
kimi tanındıqlarından onlar şəxsiyyət kimi
unudulub, hətta tədqiqatdan kənarda qalıblar. Halbuki xalq təsəvvüründə, aşıq
məclislərində Kərəm də, Qərib də, Tahir
Mirzə də, İbrahim də həmişə tarixən
mövcud olub, yaşayıb, ustad aşıq kimi
xatırlanıblar. Aşıq
yaradıcılığının mötəbər tədqiqatçıları
H.Araslının, M.H.Təhmasibin əsərlərində
türk, türkmən, özbək, erməni və başqa mənbələrdə
bu aşıqlar tarixi şəxsiyyət, ustad aşıq kimi
araşdırılıb. Əlbəttə, bu sənətkarların
şeirləri xələfləri, xüsusilə də
ifaçı dastançı aşıqlar tərəfindən
tədricən müasirləşdirilib, ilk nümunələrindən
az əlamətlər qalıb.
Saz şeirinin təsir dairəsi Zaqafqaziya və Yaxın
Şərqdə o qədər güclü olub ki, XIV-XV əsrlərdə
erməni qusanları qoşmalarını əsasən azərbaycanca
yaradırdılar. Erməni ədəbiyyatşünası Q.K.Qosdanyan (XIX
əsr) Hovanes Tlkuransinin türk-Azərbaycan və fars dilini mükəmməl bildiyindən
geniş söhbət edib yazırdı: «Türkcə (azərbaycanca
– Q.N.) və farscadan Tlkuransi öz dövrünün təbini
izləyib. O vaxt erməni şairlərinin böyük bir
qismi dəfələrlə öz istedadlarını
yuxarıdakı dillərdə məşhurlaşdırıblar:
Arakel Bağişəsi, Qr. Axtamarasi, Hakop, Qazar,
Mkrtıç Nağaş, K.Yerzinkasi (XIV-XVI əsrlərdə
yaşamış erməni şairləridir – Q.N.) və bir
çoxları da bu yolla gediblər». Erməni qusanı
Tlkuransinin 1695-ci il tarixli əlyazmasında
azərbaycanca şeirləri də saxlanılır. «Kimsə bəni bilməz idi» misrası ilə
başlanan bu şeir on bənddən ibarətdir.
Yalnız onuncu bənd ermənicədir:
Kimsə
bəni bilməz idi,
Gəldim ki, bəyan eyləyim.
Mən əzəli
göydə idim,
Gəldim ki, əyan eyləyim.
Başıma
çarə eyləyim,
Ruhuma haray eyləyim.
Bunlar göstərir ki, hakim dairələrdə və
ruhani mühitində ozan sənətinə, xalq şeirinə
qarşı nə qədər mühafizəkar mövqe
tutulsa da, bu sənətin inkişafını saxlamaq, onu məhv
etmək mümkün olmayıb. Bir tərəfdən, «Qəribnamə»nin müəllifi Aşıq Paşanın
(1272-1333) dediyi kimi hakim dairələrdə:
Türk
dilinə kimsələr baxmaz idi,
Türklərə
hərgiz könül axmaz idi,
Türk dəxi
bilməz idi bu dilləri,
İncə yolu, ol ulu mənzilləri.
Başqa tərəfdən türk-Azərbaycan dilinin
coğrafi təsir dairəsi o qədər geniş və əhatəli
idi ki, istər-istəməz azərbaycanlılarla qonşu
olan başqa xalqlar bu dildən həm ünsiyyət vasitəsi,
həm də fikrin poetik ifadəçisi kimi istifadə edirdilər. Xatırladaq
ki, Qafqazda, İranda, İraqda, Anadoluda azərbaycanlıların
sayca çoxluğu dilin nüfuz dairəsini daha da genişləndirirdi.
Əslində yüzlərlə erməni
qusanlarnın azərbaycanca şeir yazmalarının
başlıca səbəbi də bu idi. Lakin erməni
qusanları, bəzi gürcü mıqusanları şeirlərini
azərbaycanca qoşduqları halda, Azərbaycanın saray
şairləri və divan ədəbiyyatı nümayəndələri
əsərlərini, əsasən, ərəb və fars dillərində yazırdılar. Bu da onu göstərir ki, xalqın bədii təfəkkürü
başqa cür düşünən saray mühitinə yox,
milli hüdudları aşıb bütün Şərqə
yayıla bilərdi.
Oxşar və fərqli cəhətlərinin olmasına
baxmayaraq, «ozan-aşıq» termini uzun müddət
yanaşı işlənib. Xatırladaq ki, ozan islam
görüşlərindən çox-çox əvvəlki
(Dədə Qorqud dövrü) təfəkkürə, etiqad və
görüşlərə malik olduğundan yeni mahiyyətli
islam təriqətlərini qəbul edə bilmədi. Lakin islam təbliğatçıları
ozan-aşıq sənətini ələ almaq
üçün bütün imkanlardan istifadə edirdilər.
Onlar çox zaman dini məsələləri xalqa çox
bağlı və yaxın olan bu sənət vasitəsilə
yaymağa çalışır və çətinliklə
də olsa buna nail olurdular. «Kitabi-Dədə
Qorqud» dastanının yazılı variantında da islam təbliğatçılarının dəst-xətti,
süni əlavələri aydın nəzərə
çarpır. Bəzi halllarda öz istəklərinə nail
olmadıqda ozan sənətkarlar təqib olunur, onların
özünə və yaradıcılığına tənə
ilə yanaşır, xalq arasında onları gözdən
salmağa çalışırdılar. Buna
görə də aşıq sənəti müəyyən tənəzzülə
uğrayır, daxili məzmununu, həm də zahiri
«libasını» dəyişməli olurdu. Azərbaycanın
böyük bir ərazisində şiə təriqətinin
geniş yayıldığı bir dövrdə aşıq sənətində
Əli kultuna güclü bir meyl yarandı. Aşığın yaratdığı dastanlarda qəhrəmanlar
və ya sevgililər Hz. Əlinin butası vasitəsilə
yuxuda görüşür, sevişir, uzun və çətin
sınaqlardan çıxaraq Hz. Əlinin köməyi ilə
bir-birinə qovuşurdular. Şah
İsmayıl Xətayinin dövründə isə onun təbliğ
və istifadə etdiyi Əli kultu və şiə etiqadı
aşıq yaradıcılığının əsas
leytmotivinə çevrildi. Və bu istiqamətdə
yeni-yeni lirik şeirlər, dastanlar yarandı. Məhz bu
münasibətlə akademik H.Araslı yazırdı: «Səfəvilərin
dini görüşlərini yaymaq, Səfəvi hakimiyyətini
möhkəmləndirmək üçün hər vasitədən
istifadə etməyə çalışan Şah
İsmayıl Xətayi xalq müğənnilərinin
nüfuz və qüdrətindən də istifadə edib. Şah İsmayılın uşaqlıq illəri
xalq içərisində keçib. Onun
şairlik istedadının inkişafında aşıq
şeirinin böyük təsiri olub. O, aşıq
yaradıcılığına böyük diqqət verir,
özü də aşıq şeiri üslubunda əsərlər
yazırdı».
Məhz buna görə də XVI əsr aşıq sənətində
yeni bir mərhələdir. Çünki bu
dövrdən başlayaraq aşıq sənəti üçün
daha münbit iqlim yaranmışdı. Ozanın
yerini tutan aşıq mahiyyətcə ozanı əvəz
etdiyi kimi, saz da qüdrətli qopuzu əvəz etmişdi.
XIII əsrdən sonra aşıq lirikasının və
ümumiyyətlə, xalq şeirinin türkü,
varsağı, bayatı, gəraylı, qoşma, tuyuğ,
tağalaq, təkərləmə, səmayi, mahnı, qələndəri,
şərqi, şəki, səlis, müəmma, üçləmə,
qapalama və daha başqa şəkilləri geniş
yayılmışdı. Zaman keçdikcə
tarixi ədəbi amillər bu şəkillərin bəzilərini
sıxışdırmış, hətta divan ədəbiyyatının
bir çox şəkilləri (qəzəl, divani, müxəmməs,
müstəzad, dübeyt və s.) aşıq şeiri şəkilləri
kimi özünə hüquq qazanmışdı. Belə rəqabət aşıq şeirində nisbətən
qədim və bəsit şəkilləri
sıxışdırdığı kimi, yeni-yeni şəkillərlə
də öz poetik məzmununu zənginləşdirmişdi.
XVI əsrdən sonra aşıq sənətində əmələ
gələn bu yeniləşmə böyük bir aşıq
nəslinin yetişməsi üçün zəmin
yaratdı. Dədə
Yediyar, Qurbani, Aşıq Heydər, Aşıq Səfi, Miskin
Abdal, Vanlı Göyçək, Koroğlu, Aşıq
Cünun, Dədə Qürbət və Miran kimi
tanınmış sənətkarlar yetişdi. Bu
sənətkarlar qədim Gəncə, İrəvan,
Naxçıvan, Tiflis, Təbriz, Hələb, Diyarbəkir,
İsfahan və b. şəhər və diyarlarda aşıq
sənətini təmsil edirdilər. XVI əsrdə
yaranan bir çox dastanlar da bu sənətkarların adı ilə
bağlıdır. Qurbaninin
yaradıcılığı və dastan qəhrəmanı
kimi şöhrətlənməsi, dövrünün məşhur
aşığı Dədə Yediyar və Aşıq Heydərlə
qarşılaşıb deyişmələri dastan mövzusu
olub. Bu dastanlarda («Qurbani», «Vanlı
Göyçək») Dədə Yediyar həqiqətən də
dərin biliyə malik ustad aşıq kimi təsvir olunur.
Miskin Abdalın (XVI əsr) da şeirlərindən ibarət
bir çox nümunələr dövrümüzə gəlib
çatıb.
Bu şeirlər aşığın kamil bir sənətkar
olduğunu göstərir. Aşığın əldə
edilən gəraylısı da nəsihətamiz məzmundadır:
Namərd
ilə yoldaş olma,
Uzun ağrı çəkər başın.
Halal ilə
ərsəyə çat,
Daş qalalar səkər başın.
Aşıq Cünunun sazına ilham verən qoç
Koroğlu özü də qəhrəmanlıq nəğmələrinin
nadir nümunələrini yaradıb. Cünglərdə, bəzi
əlyazmalarda Koroğlu şeirlərinə təsadüf
olunur.
Bu dövrdə klassik Azərbaycan poeziyasının və
aşıq sənətinin çox geniş yayılması və
güclü təsiri ilə Vanlı Göyçək və
Miran kimi azərbaycanlı və erməni sənətkarlar ən
yaxşı ustadnamələrini yazmışdılar. Vanlı
Göyçəyə və Mirana Nəsiminin, Dədə Kərəmin,
Qəribin böyük təsiri aydın duyulur. Aşıq şeirinin kamil nümunələrini
yazmış Vanlı Göyçək və Miranın ədəbi
irsi ictimai məzmun baxımından da zəngindir. Şeirlərində Nəsimini və Kərəmi
tez-tez xatırlayan («Kərəm tək yandım öz atəşimdən»,
«Kərəm tək ah çək öz vücudundan», «Yanasan
biləsən nar necə olur» və s.) Miran
Nəsiminin və Kərəmin təşbeh və rədiflərinə
nəzirələr də yazıb. Nəsiminin
«Çünki doğan öləsidir» misrası ilə
başlayan gəraylısına Miranın «Qalmaz» rədifli
şeiri ona ehtiram kimi səslənir:
Sirrini demə
duyalar,
Nəsimi
tək soyalar,
Qara ikən
ağ boyalar,
Tellər bu qərarda qalmaz.
Qurbaninin
təmsil etdiyi mühitdən bir qədər sonra Abbas
Tufarqanlı, Aşıq Abdulla, Şirvanlı Dostu,
Aşıq Əmrah, Bayat Abbas, Aşıq Hüseyn,
Qaracaoğlan, Sarovlu Şıxı, Dədə Çoban
(Budaq Çoban), Aşıq Əsmər, bayatı ustası Lələ,
Baba və Əziz kimi saz və söz ustalarının müxtəlif
şəkilli şeirləri geniş yayılıb. Abbas Tufarqanlı bu el şairləri arasında
xüsusi yer tuturdu. Ona görə də
onun haqqında bir neçə variantlı dastanın
yaranması təsadüfi deyil. Abbas
Tufarqanlı Təbris səfərində Şirvanlı Dostu və
Aşıq Hüseynlə qarşılaşmış və
deyişiblər. Sayat Novanın
«Mahnılar məcmuəsi»ndə Dostunun havalarından biri
«Şirvanın yollarında» adlanır. Bu
mahnı indi də xanəndələr tərəfindən
oxunur. Bu və digər mənbələr
göstərir ki, Dostu dövrünün saz və söz
ustadı kimi böyük şöhrət qazanıb.
Qara Namazov
Professor
Xalq Cəbhəsi.- 2015.- 27 noyabr.-
S.14.