Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra qəbul etdiyi Konstitusiyanın preambulasında milli niyyətlər arasında vətəndaş cəmiyyətinin qurulmasını əsas məqsədlərdən biri kimi bəyan edib. Konstitusiyanın bu müddəası Azərbaycan xalqının tarixi keçmişindən gələn milli-mənəvi qaynaqların bir daha təsbit edilməsi və onun gələcək arzularının qlobal istiqamətini müəyyən edən bir istəyin hüquqi ifadəsidir.

Ölkəmizdə ictimai fəaliyyətə münasibət hər zaman müsbət olmuş, xalqın öndə gedən dəyərli xeyriyyəçiləri, mütəfəkkir və ziyalıları cəmiyyət və ümumi mənafe üçün təmənnasız çalışmağı həmişə özlərinə borc biliblər. Qazanılmış tarixi nailiyyətlər və beynəlxalq təcrübə işığında Azərbaycan dövləti üç il öncə müasir ictimai fəaliyyətin aparıcı qurumları sayılan QHT-lərə dəstək siyasətinin yeni mərhələsini elan etmişdir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası keçən dövr ərzində dövlət dəstəyinin beş əsas istiqaməti üzrə öz fəaliyyətini davam etdirib. Bu istiqamətlərdən biri də QHT sektorunun mövcud vəziyyətinin öyrənilməsi və onun inkişafı üçün uzunmüddətli strateji planların hazırlanıb həyata keçirilməsidir.

Bundan başqa, Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə və s. görə də dünyada vətəndaş cəmiyyəti və siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazana bilmişdir. Bu amil də ölkənin beynəlxalq imici və geosiyasi gücünə fəal təsir göstərir.

Amma nədənsə Avropanın bir sıra beynəlxalq təşkilatları daim Azərbaycanda vətəndaş cəmiyyətindəki xırda problemləri qabardırlar. Baxmayaraq ki, Azərbaycanda bu sahədə hec bir qlobal problemin olmadığını elə həmin təşkilatlar yaxşı anlayır və görürlər. Xüsusən də daha çox bu mövzuda ABŞ “fəallıq” göstərir.

ABŞ növbəti dəfə Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edib. Belə ki, hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edən ABŞ ölkədə vətəndaş cəmiyyətinin işləməsi üçün şəraitin qənaətbəxş olmadığını iddia edib. Qeyd edək ki, bu bəyanat birmənalı qarşılanmayıb və vətəndaş cəmiyyəti təmsilçilərinin etirazına səbəb olub. Bu sektorun təmsilçiləri ittihamlara cavab verərək Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin yaradılan şəraitdən razı olduqlarını, bütün dünyada olduğu kimi, ölkəmizdə də fəaliyyətlərinin qanunla tənzimləndiyini deyirlər. Bildirirlər ki, belə qərəzli fikirlər səsləndirənlərin istəyi ölkəmizi basqı altında saxlamaq, Azərbaycana qarşı təzyiq siyasəti tətbiq etməkdir.

CASCFEN sədri Azər Həsrət bildirir ki, ABŞ hökuməti bir qayda olaraq müxtəlif institut və vəzifəli şəxslər vasitəsi ilə Azərbaycan və digər gənc ölkələrə təsir etmək niyyətindədir: “Faktiki olaraq, Azərbaycan istər vətəndaş cəmiyyətinin inkişafı üçün, istərsə də bütövlükdə insanların toplaşmaq, özünü ifadə etmək azadlıqlarının təmin edilməsi üçün gərəkli addımları atır. Xüsusən, vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət maliyyə yardımı belə ayırır. Azərbaycan azsaylı ölkələrdəndir ki, dövlət QHT-lərə hər zaman yardım edib, lazım olan dəstəyi göstərib. Bunun nəticəsi olaraq bu gün ölkəmizdə minlərlə QHT sərbəst şəkildə fəaliyyət göstərir. Belə təşkilatlardan birinin də rəhbəri mənəm. Vətəndaş cəmiyyəti təmsilçisi olaraq, ABŞ rəsmisinin iddia etdiyi kimi, hər hansı bir məhdudiyyətlə və ya problemlə üzləşmirəm. İstədiyim vaxt istədiyim regionda və ya paytaxtın özündə tədbirlər, toplantılar keçirir, təbliğatımızı apara bilirik. Buna görə hökumətdən icazə almırıq. Dövlət də bizə hər hansı bir formada maneçilik törətmək haqqında düşünmür. Dediklərim neçə illik fəaliyyətimə əsaslanır. Bəzi qurumlar var ki, onlar Azərbaycanda müəyyən problemlər yarandığını iddia edirlər. Hesab edirəm ki, əslində problemi yaradanlar həmin qurumların özləridir”.

 

A.Həsrət diqqətə çatdırıb ki, qanun çərçivəsində fəaliyyət göstərən, ölkənin Konstitusiyasına zidd hərəkət etməyən istənilən təşkilat uzun müddət rahat şəkildə fəaliyyətini qura bilir: “Ölkə hakimiyyətinə qarşı vətəndaş cəmiyyəti fəallarından sui-istifadə etmək, QHT-ləri hansısa siyasi proseslərə cəlb etmək yolverilməzdir. Azərbaycan qanunvericiliyi də rəsmən buna icazə vermir. Elə ABŞ-ın özündə də QHT-lər siyasətlə deyil, qarşılarına qoyduqları planlarla məşğul olurlar. Bu baxımdan, amerikalıların “həftə səkkiz, mən doqquz” müxtəlif təzyiq dolu bəyanatlarla çıxış etməsi və Azərbaycanı bu sahədə problemlərlə dolu bir ölkə kimi təqdim etməyə cəhd etməsi ölkəmizə təsir rıçaqlarını ayaqda tutmaq cəhdindən başqa bir şey deyil. Yəni, onlar bu yolla Azərbaycanı basqı altında saxlamaq, lazım olanda öz məqsədləri üçün istifadə etmək niyyəti güdürlər. Məlumdur ki, ABŞ Azərbaycan və bu kimi dövlətlərə basqı tətbiq etmək üçün zaman-zaman belə çıxışlar edir və bu yolla ölkələri öz təsir dairəsində saxlamağa çalışır. Amma Azərbaycan kifayət qədər müstəqil, öz ayaqları üstündə dura bilən bir dövlət olduğuna görə belə ittihamlara əhəmiyyət vermir. Ölkəmizdə hansısa sahədə müəyyən çatışmazlıqlar varsa, bu, hamıdan öncə Azərbaycan dövlətinin və onun vətəndaşlarının problemidir. Belə məsələləri isə özümüz həll edirik. Yəni, ABŞ-ın bizə tövsiyə, yaxud məsləhət verməsinə ehtiyac yoxdur”.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı da ABŞ-ın öz maraqlarından çıxış edərək kiçik dövlətlərə təzyiq etmə siyasətinin doğru olmadığını bildirdi: “ABŞ özünə lazım olan zaman insan haqları, sərbəst toplaşmaq azadlığı, demokratiya və s. məsələləri qabardaraq öz planlarını həyata keçirməyə çalışır. Fikrimcə, söylənilən ittihamlar Azərbaycana qarşı təzyiq və təsir mexanizmindən başqa bir şey deyil. ABŞ özünü Azərbaycana müttəfiq dövlət kimi göstərir, nələrisə ölkəmizdən qoparmaq məqamına gələndə isə belə ittihamlarla çıxış edir. Azərbaycan 90-cı illərin əvvəllərindən başlayaraq inkişafa doğru gedib və faktdır ki, ölkəmiz artıq regionda güclü dövlətə çevrilib. Sadəcə olaraq, Amerikanın məqsədi, müəyyən maraqları var. Məlumdur ki, onların Azərbaycanla qonşu olan İranla ciddi problemləri var. Şimal qonşularımız olan ruslarla da münasibətləri hər kəsə bəllidir”.

M.Zülfüqarlının fikrincə, hazırda ABŞ-ın ölkəmizə təzyiq etməsinin əsas səbəbi dövlətin siyasətini dəyişərək qərbyönlü istiqamət götürməsinə məcbur etməkdir: “Hamı bilir ki, Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir. Biz bütün dövlətlərlə normal əlaqələr, qonşuluq münasibətləri saxlayırıq. ABŞ istəyir ki, Azərbaycan bu cür siyasətindən əl çəksin, ölkəmiz sırf qərbyönlü siyasət həyata keçirsin. Əgər Azərbaycan onların arzuladığı kimi, tam amerikapərəst mövqe nümayiş etdirsə, o zaman ABŞ-ın yadına nə toplaşmaq azadlığı, nə də vətəndaş cəmiyyətinə münbit şəraitin yaradılması düşəcək. Belə olarsa, onlar neqativ hallara göz yuma bilərlər. Amma Azərbaycan digər dövlətlərdən fərqli olaraq öz siyasətinə sadiqdir. Məsələn, Saakaşvilinin dövründə Gürcüstan qərbyönlü siyasət həyata keçirirdi. Ona görə də digər dövlətlərin təzyiqinə məruz qaldı. Ermənistan da sırf rusiyapərəst mövqedədir, özünün müstəqil siyasəti yoxdur. Azərbaycan Qafqazda yeganə ölkədir ki, müstəqil siyasi xətti var. Bu da Amerikanın maraqlarına uyğun gəlmir. Ona görə də müxtəlif bəhanələrlə ölkəmizə təzyiq etməklə Azərbaycanda öz istədiklərini reallaşdırmağa çalışırlar. Azərbaycan öz sözünü deyə bilir və belə hücumların qarşısını almaq üçün kifayət qədər gücü var. ABŞ ölkəmizlə təzyiq vasitəsilə deyil, bərabər hüquqlar çərçivəsində danışmalıdır”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni də ölkədə QHT-lərin fəaliyyəti, vətəndaş cəmiyyətinin inkişafı üçün lazım olan qanun və qərarların dövlət tərəfindən qəbul olunduğunu nəzərə çatdırdı: “Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət səviyyəsində bütün münbit şərait yaradılıb. Hətta bu istiqamətdə müəyyən proqramlar da qəbul olunub. Xatırladım ki, 2007-ci ildə prezidentin sərəncamı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqlənib və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Həmçinin Prezident yanında Gənclər Fondu və Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyətə başlayıb. Bu qurumların yaradılması, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına hər il xeyli vəsaitin ayrılması və digər məqamlar dövlətin bu sahəyə diqqətinin göstəricisidir. Təbii ki, Azərbaycan QHT-lərinin ehtiyacları daha çoxdur. Ona görə də istəyirik ki, hər il QHT-lərə verilən maliyyə yardımı bir az da artırılsın. Həmçinin dövlət sifarişlərinə də daha çox QHT-lərin cəlb olunması, müxtəlif sosial-iqtisadi problemlərin həll olunmasının QHT-lərə etibar olunmasını istəyirik”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına can atan ölkədir: “Hazırkı vəziyyəti orta səviyyədə qiymətləndirərdim. Bütün QHT-lərin fəaliyyət predmeti ilk növbədə vətəndaş cəmiyyətinin inkişafıdır. Onlar bunun üçün fəaliyyət göstərirlər. Azərbaycan baxımından bu rolun yetərli olmadığının şahidi olsaq da, beynəlxalq səviyyədə QHT-lər bir çox ölkə miqyaslı qərarların alınmasında həlledici rola malikdirlər. Qeyd etdiyim kimi, bütün dünyada QHT-lərin fəaliyyət predmeti vətəndaş cəmiyyətinin inkişafı kimi tanınıb. Azərbaycanda isə bir sıra QHT-lər hələ də bunu dərk etmir və ya dərk etmək istəmirlər. Əldə olunan vəsaitlərin istiqaməti üzrə xərclənməməsi, layihə hesabatlarında yalan məlumatların qeyd olunması, layihələrin icrasının qeyri-şəffaf həyata keçirilməsi onu göstərir ki, ölkəmizdə QHT sektorunun vəziyyəti və ümumilikdə vətəndaş cəmiyyətinə baxış lazımi səviyyədə deyil. Azərbaycanda QHT ənənələri yeni inkişaf edir. Bu baxımdan ölkədəki bəzi QHT-lərin fəaliyyətində çatışmazlıqlar çoxdur. Ümumi götürdükdə yerli QHT-lərin əksəriyyətində layihələrin hazırlanması, icra edilməsi, hesabatların tərtib edilməsi standartlara tam cavab vermir. Bəzən idarəçilərin neqativ keyfiyyətləri də ölkə QHT-lərin imicinə böyük xələl gətirir”.

 

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 28 noyabr.- S.13.