Azərbaycan Səfəvi dövlətinin
siyasi tarixi
Səfəvi
dövləti Azərbaycan Türk dövlətləri olaraq
1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan,
Ermənistan, İran, İraq, Əfqanıstan, qərbi
Pakistan, Türkmənistan, şərqi Türkiyə,
Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini
əhatə edib. Dövlətin əsasını
I İsmayıl 1501-ci ildə Təbrizdə özünü
şah elan etməklə qoyub. İsmayılın
tərəfdarlarından ibarət olan Qızılbaşlar
ordusunun əsasını Türk tayfaları təşkil
edib. Səfəvilər dövləti həmçinin
müasir Azərbaycan milli və dini kimliyinin
formalaşmasında böyük tarixi rol oynayıb.
Dövlətin adı onu idarə edən sülalə ilə
bağı olaraq “Səfəvilər dövləti” və ya
"Qızılbaş dövləti"
adlandırılıb.
Səfəvilər dövlətinin ilk paytaxtı I
Şah İsmayılın (1501-1524-cü illər) və I
Şah Təhmasib hakimiyyətinin 31 illik dövründə Təbriz
şəhəri olub (1501-1555-ci illər). Sonradan I Şah Təhmasib
(1524-1576-cı illər) dövlətin paytaxtını Səfəvi-Osmanlı
müharibələri səbəbindən Qəzvinə
(1555-ci ildə) , I Şah Abbasın
(1587-1629-cu illər) hakimiyyəti illərində isə
İsfahan (1598-ci ildə) şəhərinə
köçürülüb.
Səfəvi adı I Şah İsmayılın
babası Şeyx Səfiəddindən gəlir. Şeyx Heydər
dövründə (1460-1488-ci illər) onun müridləri
qızılbaş adlanmağa başladı. Buna səbəb onların Qızılbaş, Şiə
olduqlarını bildirmək üçün başlarına
12 zolaqlı qırmızı çalma qoymaları idi.
İsgəndər bəy Münşi yazır: “Sultan [Heydər]
bu yuxunu gördükdən sonra başına şadimanlıq
papağı qoyub o vaxtlarda dəbdə olan “Türkman
papağı”nı on iki zolaqlı “Heydər papağı” (“tərəke-Heydəri”)
ilə əvəz etdi. Onun arxasınca gedən
və ona itaət edən adamlar da o həzrətin əqidəsinə
tabe oldular və bu xanədanın bütün üzvləri həmin
dəyərli papağı başlarına qoymaqla başqa
adamlardan seçildilər. Elə buna
görə də, o şan-şöhrətli adamlar
“Qızılbaş” ifadəsi ilə məşhur oldular”.
Qaraqoyunlular ilə müharibə halında olan
Ağqoyunlu hökmdarı Uzun Həsənin yanına gedən
Cüneyd (1447-1460) onun bacısı Xədicə Bəyim ilə
evlənibi. Bu evlilik ilə Uzun Həsən, Cüneydin Türkmənlar
üzərindəki nüfuzundan istifadə etməyi
düşünürdü. Ətrafına
topladığı orduyla Şirvanşahlara hücum edən
(1460-cı il) Cüneyd döyüşdə
öldürülür. Yerinə keçən
oğlu Şeyx Heydər (1460-1488) Ağqoyunlularla əlaqələri
daha da möhkəmləndirmək üçün
dayısı Uzun Həsənin qızı Aləmşah Bəyimlə
evləndi. Şeyx Heydər də atası
kimi Dağıstana 2 dəfə (1483 və 1487-ci illərdə)
hücum edir və böyük qənimətlə geri
dönür. Bu qələbələr
Ağqoyunlu Sultan Yaqubu qorxuya salır və Şeyx Heydərin
1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana
Süleyman bəy Bicanoğlunun komandanlığı
altında qoşun göndərir. Qoşun
Şirvanşah Fərrux Yasarın qoşunu ilə birləşərək
Şeyx Heydəri məğlub edir. Şeyxin
özü isə öldürülür. Sultan Yaqub
Şeyx Heydərin 3 oğlunu: Sultanəlini, İbrahimi və
İsmayılı əsir alır. Onlar
yalnız Sultan Yaqubun ölümündən sonra əsirlikdən
qurtulurlar. Sultanəli Səfəvi
Şeyxi seçilir. 1493-cü ildə
Ağqoyunlu Rüstəm Mirzə Baysunqura qarşı
Qızılbaşlardan istifadə etmək qərarına gəlir.
Sultanəli öz qoşunu ilə Rüstəmin
tərəfində vuruşur. Döyüşdə
Baysunqur öldürülür. Sultanəlinin
qüvvətlənməsindən qorxan Rüstəm Mirzə
onun üstünə 5 min süvari göndərir. Ərdəbil yaxınlığında Şəməsidə
baş verən döyüşdə (1494) Sultanəli
öldürülür. Ondan sonra Səfəvi
şeyxi İsmayıl seçilir.
1499-cu
ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu
İsmayıl Lahicandan Ərdəbilə yola düşəndə
onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər
- Hüseyn bəy Lələ Şamlı, Əbdüləli
bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa,
Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı,
İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy
Qacar müşayiət edirdi. Ərzincanda İsmayılın
bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu,
təkəli, zülqədər, əfşar, qacar və b.
tayfalarından, həmçinin “Qaradağ sufilərindən”
ibarət 7000 qazi toplanır. Burada
keçirilmiş qızılbaş ağsaqqallarının
müşavirəsində qərara alınır ki, təxirə
salmadan mövcud qüvvələrlə başlıca zərbə
Səfəvilərin düşməni olan şirvanşah Fərrux
Yasara qarşı yönəldilməlidir. I Şah İsmayıl 1500-cü ildə ordusu ilə
Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə
hücuma keçir. Gülüstan qalası
yaxınlığındakı Cabanı düzündə
baş vermiş (Cabanı döyüşü)
döyüşdə (1500-cü il)
Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar
öldürülür. Səfəvilər
Şirvanşahlar dövlətini özlərindən
asılı vəziyyətə salır. Ələ
keçirilmiş qənimət qızılbaşlar
arasında bölüşdürülür. İsmayıl üç gün döyüş
meydanında qalır, sonra isə Şamaxıya qayıdır
və şəhər əyanları tərəfindən
ehtiramla qarşılanır. Məhəmməd
bəy Ustaclı və İlyas bəy Xunuslu isə
Şirvanşahların ikinci əsas şəhəri
Bakını tutmaq üçün göndərilir.
Qalanı ələ keçirmək üçün sərkərdələrinin
göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini
görən İsmayıl 1501-ci il
yazın əvvəlində özünün başlıca
qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət
edir. Qalanın müdafiəsinə Fərrux
Yasarın oğlu olan Qazı bəyin arvadı
başçılıq edirdi. Bakı
tutulur və qənimət qızılbaşlar arasında
bölüşdürülür. 1501-ci
ildə Şərur döyüşündə Ağqoyunlu
hökmdarı (birinci qanadı) Əlvənd Mirzə də məğlubiyyətə
uğradılır. Əlvənd Mirzənin
də məğlub edilməsi ilə 2 əsas təhlükəni
sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil
olub özünü Şah elan edir.
1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu
hökmdarı (ikinci qanadı) Murada onun hakimiyyətini
tanımağa və tanıdığı təqdirdə
İraqi Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi
qəbul etmədi. Bundan sonra Səfəvi
qoşunu 12 minlik orduyla Həmədana doğru irəlilədi.
21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu
qoşunları arasında Həmədan
yaxınlığında Almabulağı deyilən yerdə
döyüş baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi.
İsgəndər bəy Münşi Türkman yazır:
“Doqquz yüz səkkizinci il zilhiccə
ayının iyirmi dördü (1503, 21 iyun) şənbə
günü Həmədanın Alma bulağı adlı yerində
onların arasında böyük hərb oldu. Süleyman
şanlı xaqanın (Şah İsmayıl) heydəri qol
gücü və isnaəşəri dövlət günəşinin
xoşbəxt doğuşuna görə o, müqayisəsiz ləşkərə
qalib gələrək, həmin mərəkədə
Türkman (Ağqoyunlu) döyüşçülərinin kələyini
kəsdi”. Ağqoyunlu hökmdarı Sultan
Murad isə qaçdı. Bundan sonra
qızılbaşlar həmin ildə müqavimətsiz
Şiraz, Qum, Kaşan və İsfahanı, 1504-cü ildə
isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd və
Kirmanı ələ keçirdilər. Bunun
ardınca Şah İsmayıl öz qoşunu ilə birgə
Qərbə doğru hərəkət etməyə
başladı və 1507-cı ildə Van və
Ərzincanı, 1508-ci ildə isə ərəb
İraqını tutdu. İsmayılın
qərbdə hərbi əməliyyatlar keçirməsindən
istifadə edən Şeybanilər dövlətinin
hökmdarı Məhəmməd 1507-cı illərdə
Teymurilər dövlətinə son qoyub Xorasanı
işğal etdi və Kirmana dağıdıcı
yürşülər etdi. I Şah İsmayıl 1510-cu
ildə Xorasana doğru hərəkət etdi və 2 dekabr
1510-cu ildə baş vermiş Mərv döyüşündə
Məhəmməd xan Şeybanini məğlub edərək
Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan
torpaqları ələ keçirdi. Döyüş
zamanı Məhəmməd xan Şeybani
öldürüldü. Daha sonra Anadoluya
dönən I Şah İsmayıl Ağqoyunlular
dövründə onlara tabe olan Şərqi Anadolunu ələ
keçirmək üçün hərəkətə
keçdi. 1512-ci ildə Qaraman və
Malatyanı tabe edən şah daha sonra Təbrizə
döndü.
1512-ci ildə taxta çıxan sultan I Səlim
(1512-1566) Avropa dövlətləriylə sülh
bağladı və bütün qüvvələrini Azərbaycana
qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə
fövqaladə divan çağırdı. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi
ilə Səfəvilərin ərazilərinə daxil oldu.
Lakin I Şah İsmayıl Osmanlılara
qarşı bir başa əməliyyata kecmədi və ordular
uzun müddət qarşılaşmadi.1514-cü ildə
Çaldıran düzündə Osmanlı ordusunu
qarşıladı. Səfəvilər qətiyyətlə
Osmanlıların hücumunu dəf edirdilər, lakin
Osmanlıların topları və tüfəngləri işə
salması döyüşün gedişini dəyişdi.
Şahın taktikası pozuldu və
Osmanlılar qalib gəldilər. Döyüş
nəticəsində Qızılbaşlar məğlub oldular
və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin
müqaviməti və Səfəvi ordusunun toplanması
sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur
etdi. Sultan Şərqi Anadolunu ələ
keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli
olan Portuqaliya İran körfəzinə hücum etdi və Səfəfvilərin
Hind okeanına çıxısını bağladı.
Şah bəzi qızılbaşları cənuba,
portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə
Diyarbəkiri almağa göndərdi. Amma
Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq
öldürüldü.
1524-cü ildə I Şah İsmayıl vəfat etdi və
oğlu Təhmasib şah oldu. I Şah Təhmasib
hakimiyyəti dövründə 1528-ci ildə özbəklər
Xorasana hücum etdilər. Həmin il
şah ordusuyla şərqə doğru hərəkət etdi
və özbəkləri Herat yaxınlığında
darmadağın etdi.
1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini
keçdi. I Şah Təhmasib Qəzvinə çəkildi və
sultanla sülh bağlamaq üçün öz elçisini
göndərdi, ancaq sultan onun təklifini qəbul etmədi.
Osmanlı qoşunları 1535-ci ildə Azərbaycana
daxil olub Təbrizi aldı. Lakin sonradan
Osmanlı ordusu əhalinin müqaviməti və orduda baş
verən aclıq üzündən Azərbaycandan çəkildi.
Bundan istifadə edən şah ölkənin
birləşdirilməsini davam etdirmək üçün
1538-ci ildə qardaşı Əlqas Mirzənin rəhbərliyiylə
30 minlik ordunu Şirvanı tabe etmək üçün
göndərdi. Əlqas Mirzə 1538-ci ildə
Şirvanşahlar dövlətinin bütün
qalalarını ələ keçirdi, Şirvan bəylərbəyliyə
çevrildi və Əlqas Mirzə Şirvanın ilk bəylərbəyisi
oldu. Lakin Əlqas 1547-ci ildə
qardaşina xəyanət edərək müstəqillik
üçün mübarizəyə başladı. Bununla əlaqədar I Şah Təhmasib Şirvana
daxil oldu və bütün qalaları özünə tabe
etdi. Əlqas isə Krıma, oradan da
İstanbula qaçdı və Üləma paşayla birlikdə
öz vətəninə qarşı yürüşlərdə
iştirak etdi.
1548-ci ildə 3-cü dəfə Azərbaycana hücum
edən Sultan I Süleyman Təbrizi aldı, lakin yenə də
Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni
tərk etdi. 1550-ci ildə I Şah Təhmasib sultana elçi
göndərərək sülh təklif etdi, amma sultan yenə
də bu təklifi qəbul etmədi. Belə
olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı
ələ keçirdi. Şahzadə
İsmayıl Ərzurum yaxınliğında İsgəndər
paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə
Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə
edə bilmədi. Əhalinin müqaviməti,
Qızılbaşların ardıcıl qələbələri
sultana Azərbaycanı ələ keçirməyə imkan
vermədi və 1555-ci ildə Amasyada Osmanlı-Səfəvi
sülh müqaviləsi bağlandı. Müqaviləyə
görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb
İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycan
Səfəvi dövlətinə verildi.
1578-ci ildə Qızılbaşlar İmamqulu xan
Qacarın rəhbərliyində Çıldır
düzündə Osmanlıları qarşıladılar. Ancaq
Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər.
Osmanlı ordusunun rəhbəri Lələ paşa
1578-ci ildə Tiflisi ələ keçiridi və Alazan
çayını keçdi. Ancaq o burada
Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən
döyüşdə Osmanlılar məğlub oldular, amma
Qızılbaşlar Şirvanı tərk etdilər və
Qarabağa çəkildilər. Bunu
fürsət bilən Lələ paşa Şirvanı ələ
keçirdi. 1579-cu ildə Krım
tatarları Şirvana soxuldular, lakin Mollahəsənli adlı
yerdə məğlub olaraq qaçdılar. 1583-cü
ildə Qızılbaşlar Məşəl savaşında məğlub
oldular və Şirvan tamamilə Osmanlılara keçdi, həmin
il Fərhad paşa tabeliyindəki əsgərlərə
Çuxursəədi ələ keçirdi.
1587-ci ildə Şah Məhəmməd Xudabəndi
(1578-1587-ci illər) öldü və oğlu Abbas (1587-1629-cu
illər) taxta çıxdı. I Şah Abbas
1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini
imzaladı. Müqaviləyə görə
Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd
bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin
qərbi Osmanlıya verildi.
Şah Abbas sülh müqaviləsindən sonra orduda
islahatlara başladı. Ordu islahatı 10 il davam etmişdi. Bu müddətdə hətta özbəklər,
moğollar hücum edib ölkənin bəzi bölgələrini
ələ keçirsələr də Şah Abbas islahat
başa çatanacan dözmüşdür.
Qulam qoşunu tərkibində 15 minlik süvari hissələri
vardı. Onlar muşketlərlə silahlanmışdı.
Bu, o dövrdə dünyada ən böyük
süvari hissələri idi. Bundan başqa
ayrıca artilleriya hissələri yaradılmışdı.
Döyüşdə 500-ə qədər topdan
istifadə edilirdi. Orduda
Qızılbaşlarla yanaşı tüfəngçi,
topçu və qulamalar adlanan birliklər yaradılır.
I Şah Abbas böyük tikinti işləri
apardı, bəzi şəhərləri vergidən azad etdi.
Şah Abbas hakimiyyətə gələn zaman
ölkədə vəziyyət çox gərgin idi. Qərbdə osmanlılarla müharibə zamanı,
şərqdən imperiyaya qarşı əfqanlar təhlükə
yaratmışdır. I Şah Abbas hakimiyyətə
gəldikdən sonra qətiyyətli addımlar ataraq,
imperiyanı bu çətin vəziyyətdən
çıxara bildi.
İstanbul (1590) sülh müqaviləsindən dərhal
sonra 1593-cü ildə Azərbaycanın qızılbaşlara
tabe edilən Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran
vilayətləri, Qızılüzən və Kür
çayları arasında yerləşən geniş ərazidə
Azərbaycan bəylərbəyliyi yaratdı. 1595-ci ilə
qədər bəylərbəyliyin qoşunu 10 min idi və
“Azərbaycan qoşunu adlanırdı”. Bununlada
I Şah Abbas Azərbaycanın bütövlüyünü,
qızılbaşların himayəsindəki ərazidə
onun vüqarlı adını qorudu, onun Səfəvilər
dövlətinə mənsub olması fikrinini sönməyə
qoymadı.
1598-ci ildə Şah Abbas paytaxtı Qəzvindən
İsfahana köçürtdü. 1603-1639-cu illərdə
Səfəvi-Osmanlı arasındakı müharibənin
3-cü mərhələsi olmuşdur. 1603-cü
ildə o, Təbrizi də geri aldı və Osmanlıların
qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək
Ordubadı, Culfanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə
Şirvanın çox hissəsini ələ keçirdi.
Bundan sonra Şah Abbas Gəncəni (1606),
Şamaxını (1607), Bakını və Dərbəndi
(1607) geri aldı. 1603-1607-ci illərdə
bütün Azərbaycan torpaqları Osmanlılardan
alındı. Lakin müharibə hələ
davam edirdi. 1612-ci ildə Sərab
sülhü bağlandı. Bununla da 1555-ci
ildəki Amasiya sülhünün şərtləri bərpa
edildi. 1622-1623-cü illərdə
Bağdad, Kərbəla, Nəcəf, Kərkük və
başqa şəhərlər də Azərbaycana
qatıldı.
I Şah Abbasdan sonra I Şah Səfi hakimiyyətə
(1629-1642) gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri-Şirin
sülhünü bağladı və Amasiya
sülhünün şərtləri yenə də bərpa
edildi. Qəsri-Şirin sülhü Səfəvi-Osmanlı
münasibətlərini bir müddət nizama saldı.
Uzun müddət Səfəvi-Osmanlı müharibələri
Səfəvi dövlətini zəiflətmişdir. Rusiya isə Cənubi
Qafqazı işğal etmək və Xəzər dənizini
özünün daxili gölünə çevirmək
planını həyata keçirməyə başlayır.
Beləki, 1722-ci ildə Rusiya, 1723-cü ildə
Osmanlı Səfəvilərə qarşı müharibəyə
başladı. Bununlada yüz minlələ
insanın ölümünə səbəb olan on üç
illik müharibəsi başladı. Rusiya
1722-1723-cü illərdə apardığı hərbi əməliyyatlar
nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşti
- Xəzər dənizinin Səfəvilərin nəzarətində
olan sahillərini ələ keçirdi. 1723-1726-cı
illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar
nəticəsində Çuxursəəd, Qarabağ, Təbriz,
Həmədan bəylərbəylikləri ələ
keçirdi. Artıq Səfəvilərin
tam çökdüyünü zənn edən həmin
dövlətlər Səfəvilər dövlətinin ərazisini
öz aralarında bölüşdürdülər. Bu hadisələr baş verən zaman Səfəvilərdə
şah II Təhmasib (1722-1732-ci illər) hakimyyətdə idi.
O, bu vəziyyətdən çıxmaq üçün Fətəli
xan Qacarı qorçubaşı təyin etdi. Fətəli
xan Qacarın rəhbərliyi ilə keçirilən hərbi
əməliyyatlar nəticəsində müəyyən ərazilər
geri alındı.1726-cı ildə digər qızılbaş
sərkərdəsi Nadir xan Əfşar ordunun
komandanlarından biri oldu. Onlar birgə
çox uğurlu əməliyyatlar keçirdilər. 1726-ci ildə Nadir xan şah II Təhmasib tərəfindən
qorçubaşı təyin edildi. 1728-1729-cu
illərdə Nadir xan əfqanları məğlub edərək
İsfahanı, Kirmanı, Xorasanı geri aldı. 1729-cu ildə Damğan döyüşündə əfqanları
məğlub etdikdən sonra bütün Xorasanı azad elədi.
Nadir xan1730-cu ildə Osmanlılara qarşı hərbi
əməliyyatlara başladı. Həmin il
Həmədan, Marağa, Təbriz və digər ərazilər
geri alındı. Amma əfqanların Herata
hücum etdiyini eşidən Nadir xan Osmanlılara qarşı
apardığı əməliyyatları təxirə
salıb, Əfqanlara qarşı yürüş etdi. Öz nüfuzunu qaldırmaq istəyən Şah II
Təhmasib Nadir xanı gözləmədən Osmanlılara
qarşı əməliyyata başladı. Amma məğlub edildi və geri alınmIş əraziləri
itirdi. 1732-ci ildə şah Osmanlı ilə Kirmanşah
sülhünü (1732-ci il 16 yanvar)
bağladı. Nadir xan hərbi yürüşdən
qayıdandan sonra şah II Təhmasibi hakimyyətdən
saldı və Kirmanşah sülhünü tanımadı.
Səfəvilərin əvvəliki qüdrətini bərpa
etdiyini görən Rusiya 1732-ci ildə Rəşt
sülhü (1732-ci il 21 yanvar) ilə
Kür çayından cənubda olan əraziləri Səfəvilərə
geri qaytardı. Nadir xanın 1733-1735-ci illərdə
apardığı əməliyyatlar nəticəsində
Bağdad, Üçmüədzindöyüşlərində
Osmanlı məğlub edildi və 1723-cü ildən
Osmanlı tərəfindən işğal edilmiş ərazilər
geri alındı. Nəhayət 1735-ci ildə
Gəncə sülhü ilə Rusiya tərəfindən, elə
həmin ildə Osmanlı ilə bağlanan sülh müqaviləsi
nəticəsində işğal edilmiş bütün
torpaqlar Səfəvilərə geri qaytarıldı.
Bütün bu qələbələr Nadir xanın ordu
içərisində şöhrətini artırmış
oldu. 1736-cı ilin yazında Nadir xan Əfşar Səfəvilər
sülaləsinin sonuncu nümayəndəsi III şah
Abbası hakimiyyətdən saldı və özünü
şah elan etdi. Bununla Azərbaycanda yeni bir
sülalənin – 1736-1747-ci illəri əhatə edən
Əfşarlar sülaləsinin hakimiyyəti başladı.
Səfəvi
dövləti Azərbaycan Türk dövləti
olmasını təsdiqləyən tarixi faktlardan bir qisminin
üzərində dayanaq: Rusiya alimi V.V.Bartold sülalənin
banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs
edərkən göstərirdi ki, Ərdəbil şeyxləri,
şübhəsiz, fars deyil, türk mənşəlidirlər.
İ.P.Petruşevski də eyni fikri söyləmişdir:
“İlk Səfəvi şeyxləri Ərdəbildə
yaşamışlar, onların doğma dili Azərbaycan dili
olmuşdur”.
Səfəvilər dövlətinin Azərbaycan dövləti
olduğuna sübut edən mühüm amillərdən biri də
verilən fərmanların və diplomatik
yazışmaların Azərbaycan dilində olmasıdır. Buna sübut olaraq
tapılmış əsl sənədləri göstərmək
olar: 1.Şah İsmayılın Musa Durgutoğluna fərmanı.
2. Şah Təhmasibin II Sultan Səlimə məktubu. 3.Osmanlı sultanı Süleyman Qanuninin Şah
I Təhmasibə məktubu. 4. Şah I Təhmasibin Zeynalabidin
Əli Əbdi bəyin “Təkmilatül-əxbar” əsərinin
yazılması haqqında fərmanı. 5. Məhəmməd
Xudabəndinin Osmanlı sultanı III Sultan Muradın sərkərdəsi
Fərhad Paşaya məktubu. 6. Şah I Səfinin
Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu.
7. Şah I Səfinin Rusiya çarı Mixail Romanova məktubu.
8. Şah II Abbasın Şirvan bəylərbəyisi Hacı Mənuçöhr
xana məktubu. 9. Şah Sultan Hüseynin Sakson şahzadəsi
və Polşa kralı Fridrix Avqusta məktubu və s.
Səfəvilər dövlətinin qurucusu şah I
İsmayılın ana dili Azərbaycan türkcəsi
olmuşdur.
O, bu dildə “Xətai” təxəllüsü ilə şerlər
yazmışdır. Elə dövlətin də
rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli,
eləcə də dövlətin hərbi və dini xadimləri
bu dildə danışmışlar.İsgəndər bəy
Münşi yazır ki, Şah İsmayılın Türkcə
yazmaqda böyük təbi vardı. Bir müddət Səfəvi
dövlətində yaşamış Alman səfiri Adam Olyari
yazır: “Türk dili İsfahanda o qədər əhəmiyyətə
malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən”.
Səfəvi
hökmdarları:
1. I Şah İsmayıl
(1501-1524)
2. I Şah Təhmasib (1524-1576)
3. II Şah İsmayıl
(1576-1577)
4. Şah Məhəmməd Mirzə
(Xudabəndi) (1578-1587)
5. I Şah Abbas (1587-1629)
6. I Şah Səfi (1629-1642)
7. II Şah Abbas (1642-1666)
8. Şah Süleyman (1667-1694)
9. Şah Hüseyn (1694-1722)
10. II Şah Təhmasib (1722-1732)
11. III Şah
Abbas (1732-1736)
Vaqif Abışov
Xalq Cəbhəsi.- 2015.- 28 noyabr.-
S.7.