İnsan Hüquqları üzrə Müvəkkilin hüquq və vəzifələri

 

“Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur”

 

I yazı

 

Artıq Azərbaycan ictimai mühitində neçə ildir ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) fəaliyyəti, bu sahənin gərəkliyi haqqında müəyyən təsəvvür formalaşıb. Qeyd olunan fəaliyyət sahəsi hüquqi dövlət quruculuğu prosesində olduqca gərəklidir. “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (2001-ci il) bu haqda tam bilgi almaq mümkündür. Qanunun I fəsli “İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyətinin və təyin edilməsinin əsasları” adlanır.

Maddə 1-də (“İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin əsasları”) deyilir: “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi (bundan sonra «müvəkkil» adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması müvəkkilin səlahiyyətlərinə aid deyil. Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Prezidentinə təkliflər verə bilər; Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ var. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur”.

Müvəkkilin seçilməsinə gəlincə, göstərilir ki, (maddə 2) Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir: “Milli Məclis müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir”.

Müvəkkilin namizədliyinə aid tələblər aşağıdakılardır: “Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı müvəkkil vəzifəsinə seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz. Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün müddətində onun statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır. Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında and içir: «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm».

Qanunda Müvəkkilin müstəqilliyinin təminatları aşağıdakı kimi göstərilir: “Müvəkkil müstəqildir və yalnız Azərbaycan Konstitusiyasına və qanunlarına tabedir. Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir: dəyişilməzliyi; toxunulmazlığı; hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi; maddi və sosial təminatlar. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır”.

Müvəkkilin toxunulmazlığı (maddə 6): “Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası baş prokuroruna və Milli Məclisə xəbər verməlidir. Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər. Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir”.

Maddə 7-də Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında bunlar göstərilir. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: müvəkkilə aid tələblər pozulduqda; müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə.

Milli Məclisin iclasında aşağıdakı hallar elan edildikdə, Milli Məclisin sədri öz sərəncamı ilə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir: müvəkkil vəfat etdikdə; müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda; müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.

Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Prezidenti 30 gün müddətində Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qanunun II fəsli “İnsan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması” adlanır. Maddə 8-də “İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası” göstərilir: “Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra «ərizəçi» adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər. Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir”.

Maddə 9 “İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu” adlanır. İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla baxılmır.

Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər. Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır. Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.

Maddə 10-da (“İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi”) deyilir: “Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, müvəkkil aşağıdakı qərarlardan birini qəbul edə bilər: şikayət baxılmaq üçün qəbul edilsin; şikayətə baxılmasından imtina edilsin. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 gün müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 1 oktyabr.- S.14.