İnsan Hüquqları üzrə Müvəkkilin
hüquq və vəzifələri
Müvəkkilə
şikayətlərin verilmə qaydası necədir?
II
yazı
Bəs “İnsan hüquqlarının pozulmasına dair
şikayətə baxılmasından imtina edilməsi
üçün əsaslar” nədir? Bu haqda maddə 11-də göstərilir:
“Müvəkkil aşağıdakı hallarda şikayətə
baxmır: bu qanunun 8.4-cü maddəsinin tələbləri
pozulduqda; şikayət müvəkkilin səlahiyyətlərinə
aid olmadıqda; bu qanunun 9.3-cü maddəsində göstərilən
hallar istisna olmaqla, şikayət anonim olduqda; şikayətlə
bağlı məhkəmə icraatı getdikdə; təkrar
təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar
və sübutlar olmadıqda”.
İnsan
hüquqlarının pozulmasına dair şikayətə
baxılma qaydası haqqında maddə 12-də
danışılır: “Müvəkkil insan
hüquqlarının pozulmasına dair şikayətdə əks
etdirilmiş halların araşdırılması zamanı barəsində
şikayət verilən orqanın və ya vəzifəli
şəxsin həmin şikayətlə bağlı
mülahizələrini öyrənməlidir. 10
gün müddətində mülahizə müvəkkilə
təqdim edilməlidir. İnsan hüquqlarının
pozulmasına dair şikayətdə əks etdirilmiş
halların araşdırılması zamanı müvəkkilin
aşağıdakı hüquqları vardır: maneəsiz və
əvvəlcədən xəbərdarlıq etmədən
dövlət hakimiyyəti və yerli özünüidarə
orqanlarına, hərbi hissələrə, cəzaçəkmə
müəssisələrinə, istintaq təcridxanalarına,
müvəqqəti saxlanılma yerlərinə daxil olmaq; cəzaçəkmə
müəssisələrində, istintaq təcridxanalarında,
müvəqqəti saxlanılma yerlərində saxlanılan
şəxslərlə görüşmək və təkbətək
söhbət etmək; onların həmin yerlərdə
saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə
tanış olmaq; dövlət hakimiyyəti və yerli
özünüidarə orqanlarından, vəzifəli şəxslərdən
zəruri məlumat, sənəd və materialları 10 gün
müddətində almaq; cinayət, mülki və inzibati
işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla,
həmçinin cinayət işlərinin
başlanmasının rədd edilməsi barədə
materiallarla tanış olmaq; şikayətin
araşdırılması zamanı vəzifəli şəxslərdən
yazılı arayışlar almaq; şikayətdə əks
etdirilmiş halların yoxlanılması üçün
müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından
və ya hərəkətindən (hərəkətsizliyindən)
şikayət edilən orqana və ya vəzifəli şəxsə
tapşırıla bilməz); müvafiq dövlət
orqanları və təşkilatlarına ekspert rəyinin
hazırlanmasını tapşırmaq; dövlət və
yerli özünüidarə orqanlarının rəhbərləri
və digər vəzifəli şəxsləri, hərbi hissələrin
komandirləri, cəzaçəkmə müəssisələrinin,
istintaq təcridxanalarının və müvəqqəti
saxlanılma yerlərinin rəhbərliyi tərəfindən
təxirə salınmadan qəbul edilmək.
İnsan hüquqları pozulmuş şəxsin
razılığı ilə xüsusi ictimai əhəmiyyət
kəsb edən hallarda və ya öz hüquqlarını
müstəqil şəkildə müdafiə etmək qabiliyyəti
olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda
müvəkkil öz təşəbbüsü ilə
araşdırma apara bilər. Araşdırma
zamanı şikayətdə qeyd olunmayan digər hallar
aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə
aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə
aid olmadıqda isə materiallar digər səlahiyyətli
dövlət orqanlarına göndərilir. Şikayətə 30 gün müddətində
baxılır. Şikayətə baxmaq
üçün əlavə yoxlama aparmaq və ya material tələb
etmək zərurəti yarandıqda müraciətə
baxılma müddəti 30 gün də uzadıla bilər.
Ərizəçinin yazılı
razılığı ilə əlavə yoxlama aparmaq
lazım gəldiyi halda müraciətin baxılma müddəti
yenidən uzadıla bilər”.
Maddə
13 “İnsan hüquqlarının pozulmasına dair şikayətə
baxılmanın nəticələri” adlanır: “Müvəkkil
şikayətə baxılması ilə bağlı
görülmüş tədbirlər və nəticələr
barədə 5 gün müddətində ərizəçiyə
yazılı surətdə məlumat verir. Müvəkkil
şikayətin araşdırılması zamanı insan
hüquqlarının pozulması hallarını aşkar
etdikdə, aşağıdakı tədbirləri həyata
keçirə bilər: qərar və ya hərəkəti (hərəkətsizliyi)
nəticəsində insan hüquqlarını pozmuş
dövlət və yerli özünüidarə
orqanlarından, vəzifəli şəxslərdən həmin
hüquqların bərpasını tələb etmək
(müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün
müddətində müvəkkilə görülən tədbirlər
barədə yazılı surətdə məlumat verməlidirlər.
Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri
həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın
yuxarı orqanına və ya digər dövlət
orqanlarına müraciət edə bilər); cinayət əlamətləri
aşkar edildikdə müvafiq orqanlara cinayət işinin
başlanması barədə müraciət etmək; əlavə
kassasiya qaydasında şikayət etmək hüququna malik olan
subyektlərə müraciət etmək; qərar və ya hərəkəti
(hərəkətsizliyi) nəticəsində insan
hüquqlarını pozmuş vəzifəli şəxslərin
intizam məsuliyyətinə cəlb edilməsi barədə
müvafiq orqanlara təkliflər vermək; insan
hüquqlarının pozulması ilə əlaqədar
aparılmış yoxlamaların nəticələri ilə
kütləvi informasiya vasitələrini tanış etmək;
insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət
kəsb edən hallarda onların bərpası
üçün müvəkkilin səlahiyyətlərində
olan təsir imkanları kifayət etmədikdə Azərbaycan
Prezidentinə müraciət etmək, Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında məruzə
ilə çıxış etmək; dövlət və ya
yerli özünüidarə orqanının, vəzifəli
şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi)
nəticəsində pozulmuş hüquqların bərpası
üçün məhkəməyə müraciət etmək;
şəxsin hüquqları qüvvədə olan normativ
aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu ilə müraciət etmək”.
Müvəkkilin
illik məruzəsində aşağıdakılar nəzərdə
tutulur: cari il bitdikdən sonra 2 aydan gec
olmayaraq müvəkkil ölkədə insan
hüquqlarının qorunması haqqında Azərbaycan
Prezidentinə illik məruzəni təqdim edir və həmin
məruzə ilə Milli Məclis qarşısında
çıxış edir. İllik məruzədə
insan hüquqlarını pozan, müvəkkilin tələbləri
ilə hesablaşmayan dövlət və yerli
özünüidarə orqanlarının, vəzifəli
şəxslərin adları çəkilir və bununla əlaqədar
görülmüş tədbirlər barədə məlumat
verilir. Müvəkkilin illik məruzəsində
insan hüquqlarının təmin edilməsi ilə əlaqədar
ümumi fikir, rəy və tövsiyələr öz əksini
tapmalıdır. İllik məruzə
Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə,
Ali Məhkəməyə və Azərbaycan
Respublikasının baş prokuroruna göndərilir.
Məruzə «Azərbaycan» qəzetində və «Azərbaycan
Respublikasının qanunvericilik toplusu»nda dərc olunur. Maddə 15-də Müvəkkilin
bəzi məlumatları gizli saxlaması qaydası belə
göstərilir: “Müvəkkilin fəaliyyəti ilə əlaqədar
ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların
mühafizəsi «Dövlət sirri haqqında» qanuna müvafiq
surətdə həyata keçirilir. Şikayətdə
əks etdirilmiş halların müvəkkil tərəfindən
araşdırılması zamanı ərizəçilərin
şəxsi və ailə həyatı barədə bəlli
olmuş məlumatların yayılmasına onların
razılığı olmadan yol verilmir”.
İndi də Müvəkkilə şikayətlərin
verilmə qaydası haqqında. İlk olaraq qeyd etmək
lazımdır ki, Müvəkkilə şikayətlər həm
yazılı, həm də şifahi formada verilir. Insan hüquqlarının pozulmasına dair şikayətdə
ərizəçinin adı, atasının adı, soyadı,
ünvanı göstərilməli, eləcə də ərizəçinin
hüquqlarını pozmuş qərar və ya hərəkətin
(hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib
edilmə yeri, vaxtı və ərizəçinin imzası
olmalıdır. Şikayətlə
bağlı başqa materiallar və ya məhkəmə tərəfindən
çıxarılmış qərar olduqda, şikayətə
əlavə edilə bilər. Şikayətdə
ərizəçinin adı, atasının adı, soyadı,
ünvanı göstərilmədikdə müraciət anonim
hesab edilir və həmin şikayətlərə, qanunda
göstərilən hallar istisna olmaqla (anonim şikayətdə
göstərilən hallar kifayət qədər sübutlu və
əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər
müvəkkil tərəfindən baxılmaq
üçün qəbul edilə bilər) baxılmır.
Şikayət şifahi verildikdə müvəkkil
aparatının işçisi şikayətin məzmununu
xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi
imzalayır. Ərizəçinin
xahişi ilə müvəkkil onun barəsində məlumatları
gizli saxlamalıdır.
Müvəkkilin
Aparatının vəzifəsi insan hüquqlarının
müdafiəsi, pozulmuş insan hüquq və
azadlıqlarının bərpası üzrə Müvəkkilin
fəaliyyətini təmin etməkdən, ərizəçilərin
qəbulunu təşkil etməkdən, şikayətlərə
baxılmasından və araşdırılmasından,
şikayətlərlə bağlı analitik və başqa
informasiya məlumatları və rəyləri hazırlamaqdan,
şikayətlərin və xidməti sənədlərin
icrası zamanı müəyyən edilmiş qaydalara və
müddətlərə əməl edilməsinə nəzarəti
həyata keçirməkdən, insan hüquqlarının
pozulması hallarını təhlil etməkdən və gələcəkdə
belə pozuntuların səbəblərini aradan qaldırmaq
üçün tövsiyələr hazırlamaqdan, Müvəkkilin
yazışmalarının qeydiyyatı işinin və sənədlərinin
saxlanmasının təmin edilməsindən, ölkədə
insan hüquq və azadlıqlarının həyata
keçirilməsinə monitorinqin təşkil edilməsindən,
Müvəkkilin dövlət və yerli özünüidarə
orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə əlaqələrinin və əməkdaşlığının
təşkilindən, insan hüquqları sahəsində
qanunvericiliyin təkmilləşməsi, əfv, vətəndaşlıq,
siyasi sığınacaq verilməsi məsələləri
ilə bağlı təkliflər hazırlanmasından, insan
hüquqları və azadlıqları sahəsində maarifləndirmənin
həyata keçirilməsindən, Müvəkkilin illik məruzəsinin
layihəsinin hazırlanmasından, Müvəkkilin
maddi-texniki, maliyyə və təsərrüfat təminatının
həyata keçirilməsindən ibarətdir.
İnsan
hüquqlarının müdafiəsi şöbəsinin əsas
funksiyası ölkə vətəndaşlarının, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin,
hüquqi şəxslərin insan hüquqlarının
pozulmasına dair şikayətlərinə baxılması və
pozulan hüquq və azadlıqlarının bərpa edilməsi
sahəsində Müvəkkilin fəaliyyətinin təmin
edilməsini həyata keçirməkdir və vətəndaş
və siyasi hüquqların müdafiəsi, iqtisadi və
sosial hüquların müdafiəsi, qaçqınların və
məcburi köçkünlərin hüquqlarının
müdafiəsi, məhkumların hüquqlarının
müdafiəsi və hərbi qulluqçuların
hüquqlarının müdafiəsi sektorlarından ibarətdir.
Müvəkkilin
adına daxil olmuş teleqramlar dərhal
Müvəkkilə təqdim edilir və onların icrası həmin
gün təmin olunur. Müvəkkilin fəaliyyəti
aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət,
qərəzsizlik, ən əsası isə müstəqillik
prinsipləri əsasında həyata keçirilir. Bununla əlaqədar Müvəkkil öz fəaliyyətinə
dair brifinqlər keçirir, bütün görülən
işlər, keçirilən rəsmi görüşlər,
müxtəlif tədbirlər, müvəqqəti
saxlanılma yerlərində və ya istintaq təcridxanalarındakı
baxışlar, hərbi hissələrdə görüşlər,
şikayətlərin yerində araşdırmaları və
digər tədbirlər mütəmadi olaraq kütləvi
informasiya vasitələrində
işıqlandırılır.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 2 oktyabr.- S.13.