Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti

 

I I yazı

 

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsi hüquqi dövlət quruculuğu prosesi ilə bağlı təhlil imkanı verir. Ombudsman Elmira Süleymanova məruzəsində bildirir ki, 2014-cü ildə dövlət tərəfindən insan hüquq və azadlıqlarının inkişafına, hüquq mədəniyyətinin yüksəlməsinə mühüm təsir göstərən, böyük ictimai əhəmiyyətə malik tədbirlər də həyata keçirilib. Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi nəzərə alınaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması məqsədi ilə ölkə Prezidenti yanında Bilik Fondu yaradılıb.

Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə ölkə Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi, habelə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən respublikamızda multikulturalizm ənənələri, dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi və bir sıra digər önəmli məsələlərin həlli üçün ölkə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına zəruri maliyyə vəsaitinin ayrılması xüsusi qeyd edilməlidir.

Ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xaricdəki diaspor təşkilatlarının inkişaf etdirilməsi və onlarla əlaqələrin genişləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Bununla yanaşı, xarici ölkələrdə müvəqqəti məskunlaşmış azərbaycanlıların hüquqlarının müdafiəsi üzrə fəaliyyət davam edib, Müvəkkil və əməkdaşları müxtəlif ölkələrə səfərlər çərçivəsində Azərbaycan diasporunun üzvləri, daimi və ya müvəqqəti yaşayan vətəndaşlarımızla, habelə burada oxuyan tələbələrlə görüşüb, problemləri ilə maraqlanıblar.

Azərbaycan Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə Müvəkkil öz səlahiyyətləri çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərib. İnsan hüquqlarının pozulması hallarında lazımi tədbirlər görülüb, aidiyyəti dövlət qurumlarına müraciətlər edilb, müvafiq tapşırıqlar verilib, təkliflər irəli sürülüb, məsələlərin həllinə yönəlmiş məsləhətlər və təkliflər verilib.

Təsisatın ötən müddətdə həyata keçirdiyi fəaliyyət çərçivəsində istər Bakı şəhərində, istərsə də regionlarda əhali ilə görüşlər, habelə qəbullar keçirilib, insan hüquqlarının təmin edilməsinin monitorinqi aparılıb, vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranması səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, tədbirlər görülüb və bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunub.

İllik məruzədə o da vurğulanır ki, insanlar müraciətlərini Müvəkkilə müxtəlif vasitələrlə, o cümlədən poçt və elektron poçtu, aparatın qəbul otağı, regional mərkəzlər, 916 nömrəli «Uşaq qaynar xətti» və işgəncələrə qarşı qaynar xətt vasitəsilə, Müvəkkilin və əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışları zamanı təqdim ediblər. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114690, 2014-cü ildə isə 13150 müraciət daxil olub. Həmin müraciətlərin 74,2 %-i şikayətlərdən, 25,8%-i isə ərizələrdən ibarət olub. 2014-cü ildə aparatda və regional mərkəzlərdə ümumilikdə 2468 şəxs ilkin olaraq qəbul edilib, 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı aparatda qəbul olunub, onlara müvafiq məsləhət və izahatlar verilib.

Müvəkkil və əməkdaşlar tərəfindən aparatda, regionlarda, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali ilə görüşlər zamanı, habelə cəzaçəkmə müəssisələrində, həbsxanada, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, əlil və ahıl evlərində, internatlarda baxışlar zamanı 3.547 şəxs qəbul edilib.

Şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutların olmaması səbəbindən onların 51%-nin baxılmasından imtina edilib. Şikayətlərin 49 %-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 56,8%-i təmin olunub.

Təsisatın beynəlxalq əlaqələr sahəsində həyata keçirdiyi fəaliyyət də əhəmiyyətli olub. Bu haqda illik məruzədə vurğulanır: “Müvəkkil və təsisatın əməkdaşları 2014-cü ildə müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, geniş fikir və təcrübə mübadiləsi aparıblar. BMT və onun ixtisaslaşmış bölmələri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası və digər beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilib. Vətəndaşların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verən Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində və digər fakültələrdə “İnsan hüquqları”, həmçinin “Genderə giriş” fənninin tədrisi, həmin fakültənin magistratura pilləsində insan hüquqları üzrə kadr hazırlığı davam etdirilib. Müvəkkil və əməkdaşları tərəfindən müxtəlif ali təhsil və ixtisasartırma müəssisələrində məruzələr oxunub, interaktiv diskussiyalar aparılıb. Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda (MFP) nəzərdə tutulmuş tədbirlərin icrası işinin əlaqələndirilməsi, təbliği və tətbiqi vəziyyətinin monitorinqi və dəyərləndirilməsi, habelə hesabatların hazırlanması məqsədilə əhatəli iş 2014-cü ildə də davam etdirilib, Bakıda və regionlarda dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib.

Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə əhali qrupları arasında və icmalarda seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi və səsvermənin demokratik, azad və şəffaf keçirilməsinə xidmət edən tədbirlər təşkil edilib.

Müvəkkil Universal Dövri İcmal mexanizminin əhəmiyyətini, onun dövlətlərin insan hüquqları sahəsində götürdükləri öhdəliklərin yerinə yetirilməsini qərəzsiz formada sınamağa imkan verməsini nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən “A” statusu ilə akkreditasiya olunmuş müstəqil milli insan hüquqları təsisatı qismində bu məsələni diqqətdə saxlayıb. “A” statusuna uyğun olaraq, Paris prinsipləri çərçivəsində müstəqil fəaliyyət davam etdirilib. Müvəkkil dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə müntəzəm olaraq birgə məsləhətləşmələr keçirib, nəticədə tövsiyələrin əksəriyyətinin icrasına nail olunub.

Müvəkkil Ermənistan tərəfindən atəşkəsin müntəzəm şəkildə pozulması nəticəsində yaralanaraq əsir düşmüş və ya girov götürülmüş vətəndaşlarımızın, o cümlədən əsgərlərin azad olunması və onların qaytarılması ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciətlər edib. Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilib və ya barəsində amnistiya aktı tətbiq edilərək azadlığa buraxılıb.

2014-cü il hüquqi biliklərin yayılmasına və artırılmasına, hüquq mədəniyyətinin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirləri həyata keçirilib. «18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü» ərəfəsində bütün ölkə boyu «İnsan hüquqları aylığı» keçirilib, UNESCO-nun dəstəyi ilə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Əhali məsələləri üzrə Qahirə Konfransının, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 20 illiyinə, BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyası»nın 35-ci ildönümünə həsr edilmiş «Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu» mövzusunda keçirilmiş Ombudsmanların XII Bakı Beynəlxalq Konfransı ilə bu aylığa yekun vurulub.

Cəmiyyətdə sülh mədəniyyətinin təbliği məqsədilə «Sülh aylığı» keçirilib, təsisatın məsul işçiləri tərəfindən müxtəlif dövlət orqanlarının əməkdaşları üçün maarifləndirici məruzələr oxunmuş, vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə tədbirlər təşkil edilib, televiziya və radio kanallarında sülhə həsr edilmiş proqramlar yayımlanıb, qəzetlərdə məqalə və məlumatlar dərc edilib.

Ombudsmanının Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsində vurğulanır: “Bütövlükdə Müvəkkilin ötən il də əsas fəaliyyəti pozulan insan hüquqlarının bərpasına, habelə bu hüquqların pozulması hallarının qarşısının alınmasına yönəlib”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 7 oktyabr.- S.13