Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti

 

III yazı

 

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində bildirilir ki, sözügedən ildə qanunvericiliyin təkmilləşdirilməsi vətəndaşların sərbəst hərəkət etmək hüququnun səmərəli təmin edilməsi imkanlarını daha da artırıb. Daxili İşlər Nazirliyi ilə səmərəli əməkdaşlıq prosesində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, yaşayış yeri üzrə qeydiyyatın aparılması, habelə müvafiq qanunvericilik aktları ilə mövcud sahədə müəyyən edilmiş məsələlərin həlli istiqamətində olan qanun pozuntuları ilbəil azalmaqdadır: “Milli Fəaliyyət Proqramının respublikamızın regionlarında təbliği və tətbiqi vəziyyətinin monitorinqi zamanı keçirilmiş ictimai dinləmələr prosesində prezident seçkiləri ilə əlaqədar seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması, etibarsız hesab edilən şəxsiyyət vəsiqələrinin çevik tərzdə dəyişdirilməsi işini Müvəkkil daim diqqətində saxlayıb. 2013-cü ildə şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 92 müraciət daxil olub. Həmin müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa olunub.

Müvəkkilin aidiyyəti üzrə müraciətlərindən sonra bir sıra vətəndaşlar Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55 saylı Sərəncamının tələblərinə uyğun olaraq, müvafiq polis idarələrinin inzibati binalarına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilib və onların problemi öz həllini tapıb.

Müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərin hüquqlarına gəlincə, illik məruzədə vurğulanır ki, 2013-cü ildə Müvəkkil və aparatın əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlanılma yerlərinə, Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, həmçinin həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanılma yerlərinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə, həmçinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlanılma Yerinə və İstintaq Təcridxanasına müntəzəm olaraq həm planlı, həm də əvvəlcədən xəbərdarlıq etmədən 293 baxış keçirilib.

Müvəqqəti saxlanılma yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərlə görüşərək təkbətək söhbət zamanı onların saxlanma şəraiti və onlara qarşı rəftar araşdırılıb, hüquqları izah edilib, vəkillə təmin olunması, şübhəli şəxs qismində saxlanılarkən hüquqlarının izah edilməsi, polis orqanlarında saxlanılan vaxt prokuror nəzarətinin aparılması, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olunub. Əksər müvəqqəti saxlanılma yerlərinin standartlara uyğun olması müəyyən edilib.

Qeyd edilməlidir ki, söhbət aparılan şəxslər, bir qayda olaraq, saxlanıldıqları müddət ərzində onlara qarşı insan ləyaqətini alçaldan rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin polis əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildiriblər.

Müvafiq polis orqanlarının rəhbərlərinə və müvəqqəti saxlama yerlərinin əməkdaşlarına sənədləşmə, şərait və rəftar qaydaları, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” yeni qəbul olunmuş qanunun tələbləri bir daha izah edilib, müvafiq tövsiyələr verilib. Polis orqanlarının şəxsi heyəti, o cümlədən müvəqqəti saxlanılma yerlərinin əməkdaşları ilə hüquqi maarifləndirmə işləri aparılıb, insan hüquq və azadlıqlarının təmin olunması vətəndaşlara qarşı qeyri-etik davranışının və kobudluğun yolverilməzliyi, onların fəaliyyətinin daha da təkmilləşdirilməsi, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

Şikayətlərdə öz əksini tapmış, habelə qəbulda olarkən verilmiş və ya «qaynar xətt» vasitəsilə Müvəkkilə çatdırılmış məlumatlar əsasında müvəqqəti saxlanılma yerlərinə keçirilmiş çoxsaylı baxışlar zamanı insan hüquqlarının pozulması halları aşkar edildiyi təqdirdə onların bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Baxışların nəticələri ilə bağlı kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar verilib. Bu zaman bir sıra nöqsanlar da aşkar edilib, lakin görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.

2013-cü ildə şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı 335 müraciət daxil olub. Həmin müraciətlər üzrə Müvəkkil aidiyyəti qurumlara yoxlama tapşırıqları verib, bəzi şikayətlər üzrə yerində araşdırma aparılıb, müvafiq tədbirlər görülüb, günahkar şəxslər intizam qaydasında cəzalandırılıblar. Müvəkkilin fəaliyyətə başladığı ilk illərdən onun təşəbbüsü ilə işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin, kobud rəftarın qarşısının alınmasının səmərəli təşkili məqsədilə aparatda 24 saat fəaliyyət göstərən «qaynar xətt», həmçinin hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək imkanı verən «916» nömrəli «qaynar xətt» təşkil edilib, daxil olan məlumatlar əsasında araşdırmalar aparılıb və tədbirlər görülüb. Hər il olduğu kimi, 2013-cü ildə də vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi hüququnun dövlətin məcburetmə səlahiyyətlərinə malik müvafiq qurumlarının, xüsusilə də polis orqanlarının əməkdaşları tərəfindən baş verən və ya baş verə biləcək pozulması hallarının qarşısının alınması, vətəndaşlarda hüququn aliliyinə və ədalətə olan inamın daha da artması, hüquq-mühafizə orqanlarına etimadın yüksəlməsinə yönəlmiş maarifləndirmə tədbirləri davam etdirilib.

Müvəkkilin milli preventiv mexanizm (MPM) qismində fəaliyyəti ilə bağlı illik məruzədə vurğulanır: “Respublikada fəaliyyət göstərən 244 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinin, o cümlədən penitensiar müəssisələrin, müvəqqəti saxlanılma təcridxanalarının, habelə sosial obyektlərin, ahıllar və əlillər üçün internat evlərinin və pansionatların, psixiatriya xəstəxanalarının siyahısı müəyyən edilib. MPQ azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerlərinə mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 383, o cümlədən plan üzrə 294, plandankənar isə 89 başçəkmə həyata keçirib. Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 959, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 786, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə 80-dək saxlanılan şəxslə təklikdə, həmçinin bu müəssisələrin 150-dək əməkdaşı ilə fərdi söhbətlər aparılıb. Bu zaman müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən Müvəkkilə, habelə MPQ üzvlərinə lazımi şərait yaradılıb, verilmiş tövsiyələrin icrası və pozuntuların aradan qaldırılması üzrə tədbirlər görülüb. Həmin yerlərdə saxlanılan şəxslərlə təkbətək görüş zamanı saxlanma şəraiti, rəftar və saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlər araşdırılıb, hüquqlar izah edilib. Başçəkmələr zamanı görülmüş müsbət işlərlə yanaşı, nöqsanlar da aşkar edilib, onların aradan qaldırılması, habelə bu nöqsanların və saxlanma şəraitinin yoxlanılması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət olunub.

Fikir və söz azadlığı ilə bağlı illik məruzədə vurğulanır ki, bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilib, xüsusilə də mətbuata dövlət dəstəyi davamlı olaraq artırılıb, dövlətin jurnalistlərə yüksək diqqət və qayğısının əyani sübutuna çevrilən mühüm tədbirlər görülüb, söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti ötən dövrdə də davam etdirilib.

Müvəkkil insan hüquqları mövzusunda yazan media nümayəndələrinin hüquqi maarifləndirilməsinə, bu istiqamətdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təşəbbüslərinə daim diqqətlə yanaşıb, onlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirib. Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müxtəlif vaxtlarda insan hüquqları sahəsində maarifləndirmə tədbirləri, jurnalist yazıları üzrə ənənəvi müsabiqələr keçirilib, o cümlədən 10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü münasibətilə «Hüquqlar hamı üçün!» müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Müvəkkilin ünvanına daxil olmuş müraciətlər sırasında mətbuatda dərc edilmiş, şəxsin şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulmasına, onun işgüzar nüfuzuna xələl gətirilməsinə səbəb olmuş məlumatlardan müdafiə olunması kimi hallar üzrə araşdırmalar aparılıb. Jurnalistlərə qarşı kobud rəftar hallarının yolverilməz olduğunu qətiyyətlə bildirən Müvəkkil media nümayəndələrinin hüquqlarının müdafiəsini, söz və ifadə azadlığının təmin olunmasını ötən dövrdə də nəzarətdə saxlayıb: “Milli mətbuatın inkişafı, cəmiyyət tərəfindən geniş şəkildə qəbul edilməsi, eyni zamanda hər bir media nümayəndəsinin milli maraqları şəxsi istəklərdən, təsirlərdən üstün tutması zəruridir. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, tərbiyə almasında, müstəqilliyin durmadan möhkəmlənməsində milli mətbuatın da rolu danılmazdır. Fikir və söz azadlığına malik olan hər bir şəxs, xüsusilə mətbuat nümayəndələri qarşılaşdıqları problemləri cəmiyyətə qərəzsiz və düzgün, qanunla müəyyən edilmiş qaydada və hər kəsin hüquq və azadlıqlarına hörmət prinsipinə əməl etməklə çatdırmağı bacarmalı, mövcud problemlərin həlli istiqamətində təkliflər isə reallığa əsaslanmalıdır. Milli və dini dözümlülüklə bağlı yazılara xüsusi diqqət verilməsi vacibdir. Ölkəmizin müstəqilliyi, inkişaf yolu, milli prioritetlər, vətənpərvərlik ruhunun yüksəlməsi ilə bağlı yazılara üstünlük verilməlidir. Əlaqədar dövlət qurumlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, habelə Azərbaycan Mətbuat Şurasının jurnalistlərin peşəkarlığının artırılmasına, habelə gənc jurnalist kadrların yetişdirilməsinə istiqamətlənmiş treninq və seminarlara cəlb edilməsi üzrə tədbirləri əlaqəli şəkildə davam etdirilməlidir”.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 8 oktyabr.- S.13.