Hüquqi dövlət və vətəndaş
cəmiyyəti demokratiya ilə sıx bağlı
anlayışlardır
"Vətəndaş cəmiyyəti" dedikdə cəmiyyətin
xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi,
hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi
olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş
cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni
maraqlarının formalaşdığı,
reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr
sistemidir. Hələ XVIII-XIX əsrlərdən
başlayaraq "vətəndaş cəmiyyəti"
anlayışı insanların digər birlik formalarından
ayrıca öyrənilməyə başlanıb.
Bu cəmiyyətin
gerçəkləşməsi üç mərhələdən
keçib: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə
vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və
ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri
əhatə edən ikinci mərhələdə vətəndaş
cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və
liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində
inkişaf edib. Bu dövrdə suveren,
hüquqi, demokratik dövlətlər, parlamentlər
yaranıb, vətəndaş cəmiyyəti üzvlərinin
hüquq və azadlıqları qorunub. Vətəndaş
cəmiyyətinin inkişafında üçüncü mərhələ
müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini
əhatə edir. Bu dövrdə vətəndaş
cəmiyyəti və hüquqi dövlət bazar
iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət
ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat
azadlığı, çoxpartiyalı sistem formalaşdı.
Vətəndaş cəmiyyətini qeyri-siyasi,
iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər.
Vətəndaş cəmiyyəti dar mənada
"mülki cəmiyyət" kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət
quruluşu, dövlətin müdaxiləsinə məruz
qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti
başa düşülür. Burada azad
sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir.
XX əsrin sonlarında Şərqi Avropa və
postsovet məkanında baş verən köklü dəyişikliklər
totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin
təşkil etdiyi hüquqi dövlət quruculuğu
gedişində qanunun aliliyi, hamının qanun
qarşısında bərabərliyi, hüquqi mədəniyyət
və hüquqi savadlılıq dərəcəsinin yüksək
olması gerçəkləşir. Azərbaycanda
vətəndaş cəmiyyəti və hüquqi dövlət
quruculuğunun özünəməxsusluğu ondadır ki,
onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili
qarşılıqlı tərəfləri kimi
özünü göstərir. Vətəndaş
cəmiyyəti üzvləri üçün birgəyaşayış
qaydalarını özündə əks etdirən vətəndaş
cəmiyyəti etikası formalaşır. Vətəndaş
cəmiyyətinin struktur elementləri sahələrə
görə aşağıdakı kimi təsnif edilir: iqtisadi
sahədə qeyri-dövlət müəssisələri,
birliklər, aksioner təşkilatları, korporasiyalar,
sahibkarlıq, digər könüllü birliklər və
qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s.
Vətəndaş
cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərini
isə aşağıdakı şəkildə təsnif etmək
olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar
və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər
(kilsə, sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil
məhkəmələr, təhsil sistemi, müstəqil
kütləvi informasiya vasitələri, ictimai özünüidarə
orqanları və s. Bu sahədə sosial konfliktlərin həlli,
vətəndaşların maraqları konstitusiya və qanunlar
vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir,
konsensus mühiti yaranır.
Vətəndaş
cəmiyyətinin mənəvi sahəsinə
aşağıdakı elementləri aid etmək olar: söz,
fikir azadlığı, vicdan azadlığı, sərbəst
toplaşmaq azadlığı, məlumat azadlığı,
yaradıcılıq azadlığı, öz mövqeyini
açıq ifadə etmək azadlığı,
yaradıcı, elmi birliklərin müstəqilliyi və
dövlətdən asılı olmaması. Vətəndaş
cəmiyyətinin həm də aşağıdakı prinsiplərini
göstərmək olar:
1.
İqtisadi azadlıq, müxtəlif mülkiyyət
formaları, bazar münasibətləri.
2.
İnsan və vətəndaşların təbii
hüquqlarının qeyd-şərtsiz tanınması və
qorunması.
3. Qanun
qarşısında hamının bərabərliyi.
4.
Demokratik və legitim hakimiyyətin mövcudluğu.
5.
Hüquqi, demokratik, sosial, sivil dövlətin
formalaşması.
6. Siyasi,
ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu.
7.
Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat,
söz, fikir azadlığı.
8.
Dövlətin şəxsi və ictimai həyata müdaxilə
etməməsi, vətəndaş və dövlətin
qarşılıqlı vəzifələri, məsuliyyət
və öhdəlikləri.
9. Milli
barışıq, sinfi konsensus, kompromis,
qarşılıqlı əməkdaşlıq.
10. Şəxsiyyətin
ləyaqətli həyatını təmin edən səmərəli
sosial siyasət.
Vətəndaş cəmiyyətinin əsas subyekti insan
və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas
məqsədi şəxsiyyətin tələbatlarını
ödəmək, mənafeyini və hüquqlarını
qorumaqdır. Vətəndaş cəmiyyəti
və hüquqi dövlətin arasındakı
qarşılıqlı münasibətlərdən
danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin
üfüqi əlaqələrə və əksinə,
çevrilməsi prosesi baş verir. Demokratik
cəmiyyətlərdə vətəndaş cəmiyyəti və
hüquqi dövlət arasında sıx
qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar
azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil
şəxsiyyət kimi yetişir. Vətəndaş
cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində
geniş fəaliyyət göstərir. Bu
cəmiyyətin formalaşması zamanı bütün sahələrdə
sivilizasiyalaşma baş verir. Vətəndaş
cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən
mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən
hüquqi dövlət, demokratiya və vətəndaşların
ictimai fəallığı ilə sıx bağlıdır.
Vicdan azadlığı problemi bəşəriyyətin
inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin
aktual problemlərindəndir. Vicdan, şəxsi
və ictimai mənafeyi öz əqidəsinə uyğun
olaraq insanın hərəkət etmək bacarığı və
imkanıdır. Geniş mənada vicdan
azadlığı, vətəndaşların bu və ya digər
əməllərə (ədalət və ədalətsizlik,
yaxşı və pis) qiymət verməkdə mənsub
olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda
tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət
etməkdə azad olmaq imkanıdır. Sözün
dar mənasında, vicdan azadlığı kateqoriyası
insanların dinə münasibətə tam sərbəstliyini
nəzərdə tutur. Vicdan
azadlığı istənilən dini seçib ona riayət etmək
və heç bir dinə inanmamaq, yəni ateist mövqedə
durmaq hüququnun təmin edilməsi kimi iki vacib prinsiplə
müəyyən edilir.
AMEA
İnsan Hüquqları İnstitutu Din və İctimai Təhlükəsizlik
şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar
İbrahimovanın fikrincə, vətəndaş cəmiyyəti
hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi
olmayan, lakin vətəndaşların hüquqlarını
müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən
azad fərdlər birliyinə əsaslanır. Kantın da
dediyi kimi: "Vətəndaş cəmiyyətindəki
insanlar dövlətdən asılı deyil və tam sərbəstdirlər".
Vətəndaş cəmiyyətinin inkişafı
üç mərhələdən keçib. Üçüncü
mərhələ indi yaşadığımız müasir
dövrü əhatə edir və məhz bu mərhələdə
vətəndaş cəmiyyəti və hüquqi dövlət
bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət
anlayışı ümumbəşəri dəyərə
çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat
azadlığı, çoxpartiyalı sistem həyata
keçirildi: "Demokratiyanı siyasi sistem
formalaşdırır. Onun dayanıqlı
olması üçün isə vətəndaş
mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də
hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan
azadlığı və hüquqlarından xəbərsiz,
özünü ifadə etməkdən çəkinən, məqsədlərinə
çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən
vətəndaşlardan yarana bilməz. Əgər
bir vətəndaş öz hüquq və azadlıqlarını
bilmirsə, sosial məsuliyyətini dərk etmirsə,
hüquqlarını tələb etməkdən vaz keçirsə,
onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən
danışmağa dəyər".
G.İbrahimova
onu da deyib ki, hüquqi dövlətin formalaşması vətəndaş
cəmiyyətinin inkişafı ilə bağlıdır:
"Kanta görə, hüquqi dövlətdə qanunlar
xalqın iradəsi ilə qəbul olunur. Onun
fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas
prinsipi azadlığın hüquqi təminatçısı
olmaqdan ibarətdir. Hüquqi dövlət
konsepsiyası insanın azadlığının təzahür
sferasını müəyyənləşdirməyə
yönəlib. Dövlətin vətəndaşın
azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun
və qanunazidd kimi tanınır. Hüquqi
dövlətin yaradılmasının
formalaşdırılması insan hüquq və
azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş
qarşısında və vətəndaşın dövlət
qarşısında məsuliyyəti, qanunun nüfuzunun
yüksəldilməsi və hüquq-mühafizə
orqanlarının effektiv işi ilə əlaqələndirilir".
G.İbrahimova onu da vurğulayıb ki, vətəndaş
cəmiyyəti vətəndaşları birləşdirən
ictimai şəbəkə olmaqla dövlət vasitəsilə
deyil, vətəndaşların özü və müəssisələr
tərəfindən yaradılır, fəaliyyətdə olan
qanunlar çərçivəsində dövlətə
münasibətdə muxtar xarakter daşıyır. Vətəndaş cəmiyyəti
sivilizasiyasının müasir səviyyəsində fərdlər,
qruplar və birliklər arasında dövlət vasitəsilə
şərtlənməyən, özünəməxsus,
inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni,
hüquq və siyasi münasibətlərdir: "Hüquqi
dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən
müstəqil insan kütləsi məkanında vətəndaş
cəmiyyətinin olması mümkündür. Vətəndaş
cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir
və sərbəstlik demokratiyanı yaradan şərtlərdən
biridir və demokratik şəraitdə hüquqi dövlət
daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd
bağlılığı göz önündədir.
Kantın da dediyi kimi: "Ümumdünyəvi vətəndaş
cəmiyyətinin formalaşması demokratiyanın
yaranması deməkdir". Hüquqi dövlət
və vətəndaş cəmiyyəti demokratiya ilə sıx
bağlı anlayışlardır, biri bərqərar olmadan o
biri mümkün deyil. Fransız politoloqu
Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə
oynadığı rolu təhlil edərək bildirir ki,
demokratiya əmlakın mövcudluğunu, mülkiyyət
anlayışını bütün adamlar üçün
aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da
hər bir vətəndaşın şüuruna
çatdırır".
Cavid
Xalq Cəbhəsi.- 2015.- 10 oktyabr.-
S.13.