Sürüklənən bəşəriyyət
qadınla yüksələcək...
Hüseyn Cavid
yaradıcılığında qadın obrazları
Tarix səhifələrində Azərbaycan qadınının qəhrəmanlıq, mərdlik, fədakarlıq sədaqəti yazılmış zəngin mədəniyyət tarixçəsi var. Bu səhifələrdə Azərbaycan qadını milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə tanınmaqdadır. Sağlam cəmiyyətin, sağlam ailənin təminatı olan qadınların Azərbaycan ədəbiyyatı salnaməsində də ayrıca yeri var.
“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”
- deyən XX əsr türk dünyasının böyük mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığında qadına olan münasibət öz ideya-məfkurə sağlamlığı ilə seçilir. Hüseyn Cavidin yaradıcılığındakı qadın dünyası onun həm dramaturgiya yaradıcılığında, həm də şeirlərində görünməkdədir.
H.Cavidin yaradıcılığa başladığı XX əsrin əvvəllərində qadın azadlığı, çadra məsələləri böyük mübahisələr yaradır, cəmiyyətdə qadına münasibət müxtəlif çalarlarda özünü göstərirdi. Yaradıcılığa şeirlə başlayan Hüseyn Cavidin “Qadın”, “Qız məktəbində”, “Şərq qadını”, “Pəmbə çarşaf”, “Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs”, “Dəniz pərisi”, “Get”, “Qəmər” kimi şeirlərində qadının xarici görkəmindən, qadının əsarət, qadının əxlaqi dəyərləri, gözəllik və sevgisindən söhbət açılır. Bu prizmadan onun qadın azadlığı, qadın mənəviyyatı, qadın haqqındakı dini-dünyəvi düşüncələrinin fəlsəfəsi orta çıxır.
“Mən gözəllikdə gözəl ruh araram,
Ruhu düşkünləri çirkin sayaram.
Qadın azadlığı, çadra probleminə H.Cavidin əsərlərində birmənalı şəkildə yanaşılmır. XX əsrin ilk rübündə bu məsələ böyük diskussiyalara səbəb olduğu bir şəraitdə din xadimləri, eləcə də bir çox ziyalılar qadının çadrasız gəzmələrini ədəbdən, islamdan kənar bir hal hesab edirlər. “Şəlalə” jurnalı 1913-cü ildə çıxan 37-ci nömrəsində yazırdı: “Qadınların açıq vəziyyətdə sokağa (küçəyə - M.H.) çıxmaları tərəqqini təlqin etsəydi, əsrlərdən bəri çıl-çılpaq gəzən Afrika zənciləri tərəqqi etmiş olardı” (“Şəlalə”, 1913, ¹ 37). Jurnal sonrakı nömrələrinin birində yazırdı: “Avropa qadınlarının açıq gəzmələri, erkəkləri evdə yox ikən erkək müsafirləri qəbul etmələri, erkəklərlə sənli-mənli konuşmaları üzündən nə qədər əxlaqsızlar vaqiə gəldiyini görüyor və eşidiyoruz” (“Şəlalə”, 1913, ¹ 40).
“Təcəttüri-nisvan”, “hürriyyəti-nisvan”, yəni qadının örtünməsi və qadının hürriyyəti məsələsinin qabarıq bir şəkildə ortaya çıxdığı XX əsrin əvvəllərində H.Cavid bu məsələyə dərindən-dərinə müdaxilə edən şeirlər yazmasa da, bir şeirində - “Pəmbə çarşaf” şeirində onun bu problemə münasibətini şairin milli və dini dəyərlərə münasibəti şəklində görə bilirik. “Pəmbə çarşaf” şeirində H.Cavid:
Bu təsəttür nasıl da cazibədar,
Bunda pək incə bir lətafət var
– deyərək qadının açıq
və ya örtülü gəzməsinə
romantik bir anlam verir.
Yaradıcılığının ilk illərində
yazdığı “qadın”
şeiri də dərin fəlsəfi və ictimai məzmun daşıyır:
Qadın!
Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın,
qalx! Uyuyan
Daima mövtlə həmduş
oluyor,
Zülalü möhnətlə həmağuş
oluyor
– deyərək qadının öz haqlarını tələb
etməsinin, ana kimi müqəddəs bir varlıq olduğunu xatırlayaraq əsarətə, həqarətə
boyun əyməməsini,
sevgili, şəfqətli
mələk olan qadın – ananın vəzifəsinin böyük
olduğu qədər
də ağır olduğunu xatırladır,
oyanıb ətrafını
seyr etməyini istəyir. Bütün vətən övladlarının
onun şəfasına
ehtiyacı olduğunu
vurğulayır. Bu şəfa onun təhsili, elmi və əxlaqıdır ki, biz bunun gözəl
nümunəsini “Qız
məktəbində” şeirində
görürük.
“Qız məktəbində”
azyaşlı Gülbahar
surəti H.Cavidin gələcək nəsil
qadın obrazlarının
nümunəsidir. Məktəbli Gülbaharın milli
dəyərləri onun
öz dilində anlayışlı bir şəkildə ifadə
edilmişdir. “Qız məktəbində”
şeiri H.Cavidin qadına ideal münasibətinin
təcəssümüdür. Qadın şərəfinin
ali nişanəsi
təmizlik, sadəlik
və maddi rifahın fövqündə
duran mənəvi-əxlaqi
dəyərdir. Qadının maddi rifahı yüksək olsa belə o, bu dəyəri üstün tutmalı, elmə-maarifə
can atmalıdır.
Hüseyn
Cavid bir-birinin ardınca “Ana” (1910), “Maral”
(1912), “Şeyx Sənan”
(1913-1914), “Uçurum” (1917), “Şeyda” (1917), “İblis”
(1918), “Afət” (1922), “Peyğəmbər”
(1923), “Topal Teymur”
(1925), “Knyaz” (1929), “Telli
saz” (1930), “Şəhla”
(1935), “Xəyyam” (1935), “İblisin
intiqamı” (1936) kimi
dram əsərləri yazır
və bu əsərlərdə zəngin
surətlər qalereyası
yaradır. Bu əsərlərdə
dramaturq H.Cavid Göyərçin (“Uçurum”),
Alagöz (“Afət”), Xumar (“Şeyx Sənan”), Maral (“Maral”), Sevda (“Xəyyam”), Rəna (“İblis”), Südabə (“Səyavuş”) kimi müxtəlif xarakterli qadın surətləri yaradıb. Hər birinin özünəxas
fərdi xarakteri olan bu qadınlar
H.Cavidin qələmində
öz mənfi və müsbət tərəfləri ilə
canlanır.
H.Cavidin “Ana” pyesinin baş qəhrəmanı Ana – Səlma
xalqımızın milli
dəyərləri əsasında
yaradılmış müsbət
qadın surətidir. Milli dəyərlərimiz
içərisində qonaq
həmişə müqəddəs
sayılmış, qonağa
hörmət, ehtiram göstərilib. Milli-mənəvi
dəyərlərimizi böyük
ehtiramla ifadə edən böyük ədib “Ana” əsərində
bu dəyərləri
yüksək poetik pafosla ümumiləşdirib,
analıq şəfqətinin
qan intiqamı duyğularını üstələyən
Səlma ana kimi alicənab bir qadın surəti yaradıb.
Ana – Səlma evinə pənah gətirən qonağın oğlunun qatili olduğunu sonra bilir. O, oğlunun qatilini ölümdən xilas edir. Bunun səbəbi qatilin
ananın ocağına
qonaq kimi pənah gətirməsidir.
Ana öz nəcibliyi
və insanlığı
ilə qatili öldürməklə deyil,
insanlığı ilə
sarsıdır. Obrazın bu
mahiyyətini biz dramaturq
H.Cavidin xalq bədii təfəkkürünə
bağlılığı ilə izah edə
bilərik. Ana sevimli oğlu Qanpoladı qətlə yetirən canini ələ vermir və heç bir vəchlə razı olmur ki, oğlunun tərəfdarları ona pənah gətirən qonağı məhv etsinlər. Ev, qonaq sahibi Səlma ana elin adətinə kəm baxa bilmir.
Çünki eldə-obada qonaq
həmişə müqəddəs
tutulub.
Ana bir tərəfdən oğlunun intiqamı ilə alışıb-yanırsa,
özünü bu xain qonağa yer verməkdə təqsirləndirirsə, digər
tərəfdən də
qonağın qanını
tökməyi vicdanına
sığışdırmır:
…Həm mültəci, həm qərib, həm müsafir,
Xayır,
vicdanım olmaz buna qadir,
Bir də hər nə yapsam bu dərdi silməz,
Məhv
olsa aləm, Qanpolad dirilməz,
Xayır, əfv etməli. Getsin də miskin,
Xəcalətdən ölsün, yerlərə keçsin…
– deyərək qatil qonağı yola salır.
Əlbəttə, əsərdə böyük
dramaturq milli ruhu və etik
prinsipləri Səlma
ananın xarakterində
və hərəkətlərində
verməklə milliliyin
spesifik təzahürünü
ifadə edib.
H.Cavidin dram əsərlərindəki bir
çox qadın surətləri təmiz əxlaqlı, zəngin hissiyyatlı, möhkəm
insani keyfiyyəti ilə seçilir. Maral, Afət, Zəhra, Göyərçin, Xumar,
Sevda kimi rəngarəng xasiyyət
və təbiətcə
bir-birindən fərqli
keyfiyyətlərə malik
qadın surətləri
yaradan H.Cavid qadını bir vətəndaş, bir ana, ruhi və
əxlaqi gözəlliyin
təmsilçisi kimi
görərək, onun
varlığına böyük
önəm verirdi. O, bir tərəfdən əri tərəfindən
unudulmuş, təhqir
olunmuş Göyərçin
(“Uçurum”), digər
tərəfdən ərini
zəhərləyən gözəl,
füsunkar, cazibəli
bir qadın olan Afət (“Afət”) kimi cani bir qadının
da ailə faciəsini qələmə
almaqla dövrün əxlaq normalarına etirazını bildirirdi.
Məsumluq, mənəvi gözəllik
heykəli olan Xumar (“Şeyx Sənan”), Xəyyamı şəxsiyyət olaraq zənginləşdirən Sevda
(“Xəyyam”) isə H.Cavidin daxili aləmi zəngin qadın surətləridir. Gözəlliyi,
məhəbbəti və
tükənməz həyat
nəşəsini Hüseyn
Cavidin qadının ismətində, əxlaqında
gördüyünü ifadə
edən Məsud Əlioğlu yazırdı:
“H.Cavidin qadın surətləri içərisində
şərə və
hiyləyə düşkün,
ehtiraslara uyub rəzalətlər törədən
mənfi qadınlara da təsadüf edilir (məsələn, “Səyavuş” əsərində
Südabə). Lakin şairin
qadın surətləri,
demək olar ki, hamısı (epizodik səpkidə verilənləri də nəzərə almaqla) müsbət qayəli, xasiyyətcə bütöv
və xaraktercə dəyişilməz məğrur
qadınlar idi. H.Cavid mənəvi gözəlliyin
rəmzi kimi qadını, qadın əxlaqını, varlığını
və qadın qəlbinin saflığını
qorumağı nəzərdə
tuturdu”.
H.Cavid “İblis” əsərində Rəna və Xavər kimi qadın tipləri yaradıb. Abdulla Şaiq “İblis” əsərindəki “fənalıqların simvolu” adlandırdığı İblis surəti ilə yanaşı qadın tipləri olan Xavər və Rəna haqqında yazırdı: “Əsərdə qadın tipləri olduqca incə və sənətli fırçalarla canlandırılıb. Xavər, Rəna – hər ikisi türk qadınlarını təmsil edən sevimli tipdir. Hər ikisinin naturu aydın və müəyyəndir. Nöqteyi-nəzərlərində ziddiyyət yox. Heç birinin ağıl ilə qəlbi, hiss ilə düşüncəsi, idrak ilə arzusu arasında ayrılıq görünmür. Hər ikisi vəzifəsinin qəhrəmanıdır. Hər ikisi bəşəri və milli qayə daşıyır. Xavər Rənaya nisbətən daha səmimi, daha idealistdir. Büllur ruhu həyatın çirkabları ilə bulaşmamış, dağ çeşmələri qədər saf və şəffaf bir qəlbə malikdir. “Həp cinayət qadın cinayətidir” – deyən Cavidi qadınlıq düşməni kimi təlqin edənlər bu qadın tiplərini, hələ Xavəri gördükdən sonra yenə də mi fikirlərində israr edəcəklər?”
Abdulla Şaiqin H.Cavidi “İblis”i yazmağa gətirib çıxaran bir yazısını da qeyd etmək yerinə düşər. A.Şaiq yazırdı: “Cavidin “İblis” faciəsini ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçirdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm.
Cavid Bakıda köhnə Nikolayevski küçəsində yerləşən “Təbriz” otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmşdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəsir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı:
“Mart hadisəsinin ikinci günü bir dəstə erməni daşnak əsgəri otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək istəmirdim. “Nə edəcəksiniz, burada edin!” – dedim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tinbaşı üzərimizə yaylım atəşi açıldıqca hamımız qorxudan yerə sərilir, bir-birimizə qısılırdıq. Sonra “qalxın!” əmri verilincə yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə, altmış nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gətirib Mayılov teatrına buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq”.
Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsir altında yazıb, iblislərin ünvanını verə bilib.
Maarifə Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2015.- 13 oktyabr.-
S.14.