Uyğur ədəbiyyatı “mədəni inqilab”dan dirçəlişə doğru

 

 

 

VI yazı

 

“Mədəni inqilab” illərində uyğur səhnəsində sanballı bir əsər görünmür. Ötən illərdə yazılmış pyeslər, hətta xalq mahnıları belə “burjuaziya dövrünün ədəbiyyatı”, “sarı əsərlər” kimi adlar altında yasaqlanır, yerini “Kızıl çirak”, “Ak çaçlı kız” (Ağ saçlı qız), “Kızılbayrak ləpildəməktə” (Kızılbayrak dalğalanmaqda), “Küreş yolı” (Mücadilə yolu) gibi çoxu çincədən çevrilmiş teatr əsərləri oynanır. Araşdırmaçı Ə.Şamil bildirir ki, əsas mövzusu yapon və Çin millətçilərinə qarşı kommunistlərin mübarizəsinə, bu mübarizədə göstərdikləri qəhrəmanlıqlara, sinfi mübarizənin dünyanı xilas edəcəyinə həsr olunmuş bədii və sənətkarlıq baxımından sönük, yalnız təbliğat məqsədi daşıyan bu pyeslər özünə tamaşaçı cəlb edə bilmir. “Mədəni inqilab” 1976-cı ildə başa çatır və bundan sonra Çin kommunist partiyası “Mədəni inqilab”ı tənqid edən qərar (1978) qəbul edir, zərərçəkənlərə bəraət verilir. Lakin yaradıcı insanlar asanlıqla xofdan xilas ola bilmirlər. Buna baxmayaraq əvvəllər yazılıb səhnələşdirilmiş əsərlər yenidən tamaşaya qoyulur, yeni əsərlər yazılmağa başlanır. Zunun Qədiri, Seypidin Əzizi, Əli Əziz, Əxtəm Ömər kimi dramçılar səhnəni canlandırırlar. Məmteli Zunun, Tursun Yünüs, Tursuncan Litıp klassik irsdən yararlanaraq günün tələblərinə cavab verən əsərlər yazırlar. Zordun Sabir, Toxti Ayup, Səmət Duqaylı, Əxtəm Ömər, Turdi Samsaq, Hacı Əxmət kimi sənətkarlar psixoloji pyeslər yazmağa üstünlük verirlər. Bu dövrdə dramçılığa Cappar Qasım, Əblət Qəyum, Pərhat Abdurehim, Nurnisa Osman kimi gənclər gəlirlər. Uyğur dramçılığında tarixi dramları və zamanları bir-birinə qatan pyeslərin sayı artır. Bu da təsadüfi deyildi. Sözünü sərbəst demək imkanı tapmayan sənətkarlar tarixə üz tutmaqla təsvir etdikləri olayların baş verdiyi ölkəni və zamanı dəyişməklə fikirlərini çatdırmaq məcburiyyətində qalırlar. Başqa sözlə, milli şüuru oyatmaq üçün bu üslub onların əlində bir vasitəyə çevrilir. Xalqa doğma olan, yüzilliklərdən keçib gələn süjetlər əsasında söz deməkdə mahir olan uyğur dramçılarının yazdıqları “Qərip ilə Sənəm”, “Pərhad ilə Şirin”, “Tahir ilə Zöhrə” dramları uzun müddət səhnədən düşmür. Zunun Qədirinın “Gülnisa”, Seypidin Əzizin “Amannisa” tarixi dramı aktuallığına görə bu gün də tamaşaçı marağından uzaq deyil. Muhammətəli Zunun “Məslihət çeyi”, “Rabiyə ilə Seyiddin”, “Muqam ustazi”, “Cənubtiki cəng marşı”, Tursun Yünüsun “Qanlık yıllar”, “Muqam əcdatları”, “Dunyavı tilsimat”, Tursuncan Litıpın “Siz bizgə işinəmsiz” (Siz bizə inanırmısınız), “Qeri yigitnin toyı” (Yaşı kecmiş dəliqanlının toyu), Cappar Qasımın “Cüləmxan”, İmin Əxmədiylə birgə yazdığı “Mölçərtağ boranları” (müəlliflər bu əsərin mövzusunu Mancur sülaləsinə qarşı uyğur türklərinin məşhur Üçturpan üsyanından alıblar-Ə.Ş.), Ablet Keyumin “Vətən qurbanları”, Tursuncan Litıp və Şahidin Göhərinin birgə yazdıqları “Çin moden”, Səmət Duqaylının “Sarı ölməydu”, “Rabiyə ilə Seyiddin”, Cappar Qasımın “Vicdan suti aldıda”, Tuxti Əyupun “Qisas”, Zurddim Sabirın “Tuman”, Əxtəm Ömərin “Sırıtmaq”, “Səpqəci”, Pərhat Abdurehimin “Örkəşlə”, “Sayqü dəryası”, Hacı Əxmət Költiqin “Yürügim” əsərləri daha çox səhnələşdirilib”.

“Qərip ilə Sənəm”, “Qanlıq yıllar”, “Mölçərtağ boranları”, “Çin moden”, “Qerı yigitin toyi” pyesləri dəfələrlə ölkədə keçirilən dram teatr müsabiqələrinin mükafatlarını alır. Cumlidin “Qulam xan” operası isə “Beş min quruluş” dram mükafatına layiq görülür: “Uyğur teatrşünasları son dövr dramçılığından bəhs edərkən Muhammətəli Zunun, Tursuncan Litıp və Tursun Yünüsə xüsusi diqqət yetirirlər”.

Muhammətəli Zunun (1939, Kaşqar şəhərinin Saqiyə məhəlləsi) xırda alverlə məşğul olan bir ailədə doğulub. 1955-1958-ci illərdə sabiq Şincanq İnstitutunun dil-ədəbiyyat fakültəsində oxuyub, ali məktəbi bitirdikdən sonra uzun illər müxtəlif kəndlərdə ədəbiyyat müəllimi işləyib: “İlk yaradıcılığa şeirlə başlayan Muhammətəli klassik irsdən səmərəli bəhrələnərək ahəngdar lirik poeziya nümunələri yaradıb. “Vüsal səhəri”, “Gülmihri”, “Qucaqla, o, sənin dədən” şeirlər kitabını oxucuların mühakiməsinə verib.

Onun 80-ci illərdə çap etdirdiyi “İki oxuğucum”, “Quş məscid”, “Münapiqin ölümü” və başqa kitablarındakı nəsr nümunələri uyğurlar arasında ən çox oxunan və ən çox sevilən əsərlər sayılır. Muhəmmətəli Zunun ədəbi yaradıcılığa vicdanla yanaşan uyğur ədiblərindəndir. Hansı janrda yazmasından asılı olmayaraq əsərləri həmişə diqqət mərkəzində olur. Onun “Gömülməz izlər” faciəsi daha məşhurdur. Abdurihim Ötkürün 1910-cu illərin hadisələrini əks etdirən “İz” tarixi romanı əsasında yazılmış faciə milli qəhrəman Tümür Xəlpinin zülmkar şaha qarşı mübarizəsindən bəhs edir”.

Tursun Yünüs (1942, Yerkən bölgəsi) 1958-ci ildə orta məktəbi, 1964-cü ildə Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib, Şincanq Opera Teatrında işləyib. İlk yaradıcılığa şeirlə başlayan Tursun 1988-dən Tenqritağ kinostudiyasında çalışıb və 80-ci illərdə dramçılıqda gücünü sınayıb. “Qanlı illər”, “Muğam əcdadları” silsilə dramlarını, ”Kötülmigən toy”, “Karamət bir gün”, ”Altun böşük”, “Həsən və Hüsən” və s. əsərləri yazaraq səhnələşdirib: “Uyğurlar arasında məşhur olan 12 muğam əsasında yazdığı “Muğam əcdadları” silsilə dramlarını xalqının taleyinin bədii dillə əksi adlandırmaq olar. Diqqəti çəkən odur ki, Azərbaycanın tanınmış şair və dramaturqu Bəxtiyar Vahabzadənin yazdığı ”Muğam” poeması yalnız ad oxşarlığı ilə deyil, mövzuca da “Muğam əcdadları”na yaxındır. B.Vahabzadənin poeması əsasında da televiziya və teatr tamaşaları hazırlanıb”.

Tursuncan Litıp (1945, Urumçi) 1982-cı ildə Şincanqda Uyğur Ədəbiyyatçılar və Sənətçilər Birliyinə daxil olub, “Şincanq sənəti” jurnalında redaktor işləyib: “1983-cü ildə birpərdəlik “İzitku”, 1984-cü ildə “Toxtang toxtimat”ı komediyasını, 1986-cı ildə “Bizgə işinəmsiz”, 1990-cı ildə “Qeri yigitnin toyı” pyeslərini yazan ədibin bizə məlum olan son əsərləri ”Tangsikəş tümür xutunlar” və ”Kəçküzdiki qeribliq” adlı bir pərdəlik lirik dramlarıdır. 1990-cı ildə yazdığı “Qeri yigitnin toyı” dramında ənənəvi toy mövzusunu seçib, 1988-ci ildə operada fəaliyyətə başlayıb”.

Uyğur teatrının araşdırıcılarından Tigin Bilgə yazır: “Çağdaş Uyğur tiyatrosunun meydana gelişi ve gelişip bugünkü hale gelişmesinde, Kemberhanım, Zikri Elpetta, Hüsencan Cami, Reyhan Abliz, Aytilla Ela, Helçem Sidik, Abdulkərim Baki ve Ablimit Sadık gibi bir çok sanatçıların büyük emeği var. Özellikle, Kemberhanım ve Aytilla Elanın Uyğur folklorunu, sanatını dünyaya tanıtmada oynadığı rolu kaydetmeye değer... Uyğur tiyatro nazariyeçisi Tursun Yünüs şunu yazır: «Uyğur tiyatrosu Uyğur halkının destançılık sanatından doğmuştur ki, biz onu geliştirmede yine aynı yolu takib etmeliyiz, sakın bu yoldan çıkır da Avrupanın drama ve operacılık yoluna gitmemeliyiz. Bunun için her şeyden önce Uyğur halk destanlarının ifade kalıplarını, abartma yollarını ve ondaki genel felsefi fikirleri kavrayarak kendimize özgü bağımsız icabiyet üslubunu yaratmamız lazım”. İstər azərbaycanlı, istərsə də türkiyəli oxucu və ədəbiyyatşünasın Doğu Türküstandakı soydaşlarımızın yaratdıqları ədəbi əsərlər haqqında geniş bilgiləri olmadığına görə Sekür Turan “Uyğur türk ədəbiyyatı” məqaləsini bu sözlərlə tamamlayır: “1950-ci ildən sonra ədəbi qaynaqlar kifayət etmədiyi üçün uyğur ədəbiyyatının bu dönəmdəki inkişafından danışmaq çətindir; çünki Doğu Türküstandan çox ağır şərtlərlə gələn kitablarda Çin idarəçiliyinin güclənən siyasi və mədəni basqıları açıq bir şəkildə görsənməkdədir. Bu da geniş bir araşdırma aparmaq üçün əngəl törədir”. Sekür Turanın bu fikirlərini, məncə, Azərbaycana şamil etmək olmaz. Çünki Azərbaycanla Doğu Türküstan uzun illər eyni ideoloji cəbhədə, həm də sosialist düşərgəsi ölkələrində olduğundan gediş-gəliş, kitab mübadiləsi o qədər də çətin olmayıb. Bu gün də çətin deyil. Sintzsyan-Uyğurda bu gün yüzlərlə azərbaycanlı var. Onlar ticarət, iş üçün gediblər. Əlaqələri də sıxdır. Kaş onların yüzdə biri qədər də araşdırıcımız gedəydi. Hələlik onları əngəlləyən yoxdur”.

Araşdırmaçı bildirir ki, Çində yaşayan soydaşlarımızın sayları haqqında əlimizdə doğru bilgi yoxdur: “Rəsmi qaynaqlar isə yalnız Sincang Uyğur Muxtar Rayonunun ərazisinin 1,6 milyon kvadrat kilometr olduğunu yazır. Bu, Türkiyə Cümhuriyyətindən 2 dəfə, Azərbaycan Respublikasından isə 20 dəfə böyük bir ərazidir. Bəzi qaynaqlarda isə Doğu Türküstanın ərazisi bir milyon 828 min kvadrat kilometr göstərilir. İlk baxışda diqqəti cəlb etməyən bu fərqdəki rəqəmə nəzər salsaq görərik ki, Azərbaycan, Ermənistan, Gürcüstan respublikalarının ərazisindən xeyli böyükdür”.

Araşdırmaçı Ə.Şamil vurğulayır: “Tarixçi Eberhardın yazdığına görə, Çinin 1875-ci ildə yenidən Doğu Türküstanı işğal etməsi 10 milyon insanın məhvinə səbəb oldu. Onların arasında çoxlu istedadlı gənc şairlər, yazıçılar, sənətçilər də vardı. Ümumiyyətlə, Doğu Türküstanda daha çox şair və yazıçının gənc ikən öldüyü müşahidə olunur. Türk memarlığına uyğun tikilən binalar sökülüb yerində Çin üslubunda binalar tikildi. Türkcə olan yer adları dəyişdirilib çinliləşdirildi. Əhali çincə oxumağa və çinlilərlə evlənməyə təhrik edildi. Milli əxlaqı pozmaq üçün qumarxanalar, meyxanalar, fahişəxanalar və s. yaradıldı. Doğu Türküstan, türk və Türküstan sözlərini işlətmək, qəzet, jurnal nəşr etmək, Türkiyədən və müsəlman ölkələrindən kitab və s. gətirmək yasaqlandı. Bu da ədəbiyyatın, sənətin, mədəniyyətin inkişafında bir durğunluq yaratsa da, milli şüuru da oyatdı. Çin strateqləri əhalini assimilə etmək üçün müsəlman, türk qızlarını zorla çinli kişilərə verməyi planlaşdırdılar. Bu plana qarşı çıxanlar xalq qəhrəmanına çevrilib, həyatları bədii əsərlərin mövzusu olub. Beləliklə, ədəbiyyatı ümumbəşəri mövzulardan uzaqlaşdırıb xalqın gündəlik problemlərini əks etdirmək səviyyəsinə gətiriblər. 1911-1933-cü illəri Doğu Türküstanda “Müstəqil çinli baş valilər dönəmi” adlandırırlar. Valilərin bütün təqib və təzyiqlərə baxmayaraq, həmin illərdə ədəbiyyatda bir dirçəliş, oyanış hiss edilir.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 14 oktyabr.- S.14