Şəhriyar qalasının izləri haradadır?

 

Vaxtilə Səməd Vurğun Muğanı qarış-qarış gəzib, bu yerlərdə yaddaşlarda qorunub saxlanılan və dillərdə dolaşan əfsanələri səbirlə dinləyib:

 

Görürsənmi? Türbəsində baş qaldırmış bu gəlin də

Öz döşünə qalxan çəkib, qılınc tutub sağ əlində…

Amazonka dediyimiz bu qəhrəman qadın nəsli

Qədim Muğan çöllərində çadır qurub bahar fəsli

Yurdumuzun şöhrətinə min bir cəlal yaradarmış,

Hər ürəyin bir alovu, hər ocağın odu varmış…

Yazıqlar ki, bir nişan da qalmamışdır ondan barı,

Yer altında itib-getmiş o dövranın dastanları…

 

Əhmədağa Muğanlının “Şəhriyar əfsanəsi” povesti 1969-1972-ci illərdə yazılıb. Povestin geniş şöhrət tapmamasının əsas səbəbi burada təsvir edilən hadisələrin ərəb istilası dövrü ilə bağlı olmasından irəli gəlir. Xatırladım ki, povestin yazıldığı dövrdə hürufizm təriqətinin ideoloqlarından biri Nəsimi haqqında film çəkilib, xürrəmilərin ərəblərə qarşı mübarizəsini təşkil edən Babəkin həyat və fəaliyyəti ekranlaşdırılıb. Həmin dövrdə Əhmədağa Muğanlı bu filmləri ərsəyə gətirən kinostudiyada işləyirdi...

Əhmədağa Muğanlının “Şəhriyar əfsanəsi” povesti tarixi hadisələrə yaxındır. Kitabda hadisələr qədim yaşayış məntəqələri olan Xırmanlı, Muğan, Şəhriyar və Savalanda cərəyan edir, Bolqar çayının bu tarixi yerlərdən keçdiyi söylənilir. Bəs söhbət açılan hadisələr haqqında tarix elmi hansı fikirdədir? Təəssüf ki, bu hadisələr tarixçilər tərəfindən ətraflı şəkildə araşdırılmayıb. Buna baxmayaraq, Şəhriyar qalası haqqında müəyyən bilgilər mövcuddur.

Yeri gəlmişkən, tarix elmi Biləsuvar və Şəhriyar yaşayış məntəqələrini eyniləşdirmir. Bu yaşayış məntəqələrinin qalıqları müxtəlif yerlərdədir, arxeoloji baxımdan da fərqli abidələr sayılır. Buna baxmayaraq bu abidələri oxşar inamların, oxşar birgəyaşayış tərzinin izlərini qoruyub saxlayan arxeoloji tapıntılar birləşdirir. Qədim Muğan mədəniyyətinin tərkib hissələri olan Bəcirəvan, Həməşərə, Xanəgah, Hasıllı, Göytəpə, Uzuntəpə, Üçtəpə, Çöl Ağdam, Biləsuvar, Şəhriyar, Mahmudabad və digər yaşayış məntəqələri böyük bir bölgənin hələ də tam öyrənilməmiş sirli tarixini yaşadır. Yerlə yeksan edilən və uzun müddət araşdırılmayan Muğan təpələri hansı tarixi sirləri özündə yaşadır? Bu abidələrdən tapılan arxeoloji nümunələr hansı dini baxışların aynasıdır? Araşdırmalar göstərir ki, Biləsuvar, Cəlilabad və Yardımlı ərazisindəki mədəniyyət abidələrinin əksəriyyəti atəşpərəstliklə bağlı olub. Bu tarixin yaxşı öyrənilməməsi də sonrakı islam mədəniyyətinin dominantlığı və əvvəlki mədəniyyəti qəbul etməməsi ilə bağlı olub. Lakin xalqın öz adət-ənənlərini yaşatması, milli bayramlarını bütün qadağalara baxmayaraq, qeyd etməsi tarixi bağların qırılmasının qarşısını ala bilib. Atəşpərəstlərin Novruz bayramının qorunub saxlanılması, həyat və məişətimizdə oda inamın izlərini daşıyan adətlərin yaşadılması bu iki mədəniyyətin mübarizəsi şəraitində xalqın öz mənəvi varlığını gələcək nəsillərə ötürmək baxımından qiymətlidir.

Əslində Şəhriyar qalasında nə baş verib? Bu barədə tarix elmi niyə susur?

Mərhum professor Ağayar Şükürov yazırdı ki, Cənubi Muğanda, Biləsuvar rayonu ərazisində Şəhriyar düzü adlanan sahədə yan-yana ucalan iki şəhər qalığı var. İndiyə qədər heç bir tarixçi-arxeoloqun narahat olmadığı bu iki kurqan (Gör kanı) qədim Şəhriyar şəhərinin qalıqlarıdır. 1930-1940-cı illərdə Əzizbəyov arxından aşağıda şor su arxı çəkilərkən bu ərazidə yer altında “gizlənmiş” şəhər qalığı aşkar edilib. Arx çəkilişi zamanı istifadə olunan ağır təsəttüfat texnikaları buradakı digər bir tarixi arxı – 80×80 sm hündürlüyündə olan daşlardan hörülmüş yeraltı daş arxı dağıdıb. Nəticədə arxda olan soyuq və şirin su özbaşına, qarşısı alınmadan çöllüyə yayılıb. Şəhriyar şəhərinin yerindəki qədim kəhrizdə də eyni tamlı su olur. Şəhərin belə təmiz və fasiləsiz su təchizatı ilə təmin olunması burada dayanıqlı və uzun sürən sabit yaşayışın mövcudluğundan soraq verir. Minillər boyu içməli su keyfiyyətini saxlayan kəhrizlər və arxlar Şəhriyar şəhərində yaşayanların böyük mədəniyyət sahibi olduqlarını nümayiş etdirir. Bu məsələni özünəməxsus fəlsəfi üslubda şərh edən Ağayar Şükürov yazırdı: “Qədim insanlar Savalan dağlarının bu yerlərə tərəf çevrilmiş yamaclarından yer altı ilə süzülən suların belə kəhrizlərin tikilməsi üçün mənbə olmasını hələ öz vaxtlarında müəyyənləşdirmək cəhətdən elmi təfəkkürə malik olublar. Onların sonrakı övladları tərəfindən həmin kəhrizin suyunun şor kanala qoşulması haqda yerlərdə çox danışılır. İçməli suya bu qədər ehtiyacı olan bir yerdə həm tarixi abidəyə və həm də özləri üçün çox vacib olan içməli su mənbəyinə laqeydliyi sındırıb, onları aşkar etməyin vaxtı çatıb”.

Sabir Nəsiroğlu “Sehrli diyarın sirri”, “Həməşərədən gələn səslər” və “Muğan salnaməsi” kitablarında Biləsuvarı “Muğan düzünün yaraşığı, odlar ölkəsi, əfsanəvi qəhrəmanlar yurdu, nağıllar diyarı, həmişə sirli və məğlubedilməz süvarilər ölkəsi” adlandırır. Bilyər və Suvar tayfalarının məskunlaşdığı Muğan ölkəsinin məğlubedilməz qalası “Şəhriyar şəhər yeri”nin keçmişi olduqca maraqlıdır. Tarixi sənədlər, əlyazmalar, müxtəlif tarixçilərin, səyyahların, coğrafiyaşünasların və hərbiçilərin tərtib etdikləri gündəliklər qismən də olsa, Şəhriyar qalası haqqında məlumatları özündə əks etdirir. Sabir Nəsiroğlu deyir ki, bu tarixi araşdırmaq üçün Muğanın ucu-bucağı görünməyən çöllərində salınmış müxtəlif yurd yerlərində, obalarda, çoban düşərgələrində və çəmənliklərində oldum. Qarış-qarış gəzdiyim bu gözəl yerlərdə yaşayıb, köçəri həyat sürən muğanlılardan eşidib yazdığım yüzlərlə əfsanə, rəvayət və dastanlar qədim diyarımızın keşmişindən, onun cəngavər övladlarından bəhs edir.

Şəhriyar qalasının təsviri belədir: Darvazayadək xüsusi dar keçid düzəldilmişdi. Qalaya gələn bütün cığırlar çaxmaq daşı ilə hörülmüş və bişmiş dördkünclü kərpic divar hasarları ilə əhatə olunmuşdu. Bu sərt yerlər heç kəsə baş əyməyib, doğma torpaqları yağılardan qoruyub. Deyirlər ki, bu təpə torpaq altında batıb qalmış qədim, lap qədim bir şəhərin xarabalığıdır. Onun qoynunda səhifəsi açılmamış sirli, əfsanəvi bir dastan yatır – xalqımızın hünər dastanı, qeyrət dastanı.

Biləsuvarın yaxınlığındakı Şəhriyar qalasının xarabalığında, onun mərkəz hissəsində qədim zamanlarda foedal qəsri yerləşirdi. Qalanın dörd tərəfindən gələn küçələr isə həmin qəsrə birləşirdi. Sənətkarların emalatxanaları, dükanları həmin küçələr boyu düzülmüşdü. Feodal qəsrinin ayrıca hasara alınması göstərir ki, şəhərin hakimi olan foedal nəinki çoxlu gəlirə malik idi, o həm də həmin gəliri şəhər və kənd əhalisinin istismarı hesabına topladığından malikanəsində özünü rahat hiss edə bilmirdi. Ona görə də yaşadığı qəsri ayrıca hasara almağa məcbur idi.

Feodal şəhərin əsas sahibi idi. Tarixdən bizə məlumdur ki, varlı foedallar adətən şəhərlərdə yaşayırdılar. Hər şeydən əvvəl şəhər onun torpağında yerləşirdi. Şəhərin bazarı, hamamı, dükanları, karvansarası, su mənbəyi, sənətkarların karxanaları onun əlində idi. Feodal onları sənətkarlara və tacirlərə kirayə verirdi.

Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş Həmid Tağıyev Muğanda salınmış Şəhriyar qalası haqqında maraqlı bir əfsanəni yazıya alıb. Əfsanədə deyilir: “Şəhriyar qədim zamanlarda cəh-cəlallı, gedişli-gəlişli böyük bir qala şəhəri olub. Misirdən Çinəcən olan məmləkətlərdən çoxlu tacirlər, karvanlar axışıb gəlirmiş bu qədim şəhərə. Əfsanədə hətta qeyd edilir ki, şəhərin adına “Cəlalabad”, bəzən də “Hüsniabad” deyərmişlər. Bu şəhərin özü kimi gözəl və yaraşıqlı geyimli sakinləri, ucaboy və nurlu simalı əhalisi var idi. O vaxtlar bu əhali atəşpərəst olaraq günəşə, oda sitayiş edərmişlər.

Ərəb sərkərdələri bir neçə dəfə böyük qoşunla bu şəhərə hücum ediblər, amma onu özlərinə təslim edə bilməyiblər. Axırda bunların əlindən bezmiş Əmir əl-Mömin özü qılınc çəkib Şəhriyar qalasına gəlir, onun sakinlərini döndərib müsəlman eləmək istəyir. Şəhərin əhalisi ərəb xəlifəsinə baş əymir, təslim olmaq istəmir. Həzrət əl-Mömin qəzəblənir, bir bəd dua oxuyur, bütün şəhər yerlə yeksan olur, özünün atəşpərəst əhalisi ilə birlikdə qalır suyun altında. Bununla da cəlallı, hüsniabadlı və möhtəşəm gözəl Şəhriyar qalası yer üzündən silinir. Biləsuvar torpağı ərəblərin əlinə keçir”.

Tarixi həqiqətləri yaxından öyrənmək üçün “sənədli gündəlikləri” nəzərdən keçirən Sabir Nəsiroğlu, doğrudan da maraqlı faktları üzə çıxarır. Nümunə gətirdiyim bəzi elmi fikirləri Sabir Nəsiroğlu bir yerə toplayıb. Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün “Əl-kamil-fi-t-tarix” əsərində belə yazır: “Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı. Lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər”. Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib.

Təbəri “Tarix ər-rəsul vəl-mülük” əsərinin I cildində yazır ki, Bukeyr ibn Abdulla əl-Ləysi muğanlılarla sülh müqaviləsi bağlayıb onlara aşağıdakı mühavizənaməni təqdim etdi: “Bismillahi. Bu naməni Bukeyr ibn Abdulla Muğanın əhalisinə, onların şəxsiyyətlərinin, var-dövlətlərinin, dininin və qanunlarının qorunması üçün verərək şərtləşir ki, hər bir həddi-buluğa çatmış adam bir dinar və ya onun dəyərini verməli, müsəlmanlarla səmimi rəftarda olmalı, onlara yol göstərməli və onları bir gün və bir gecə öz hesabına dolandırmalıdır. Onlar üzlərindən ərəblərin hakimiyyətini tanıyana və onlarla xeyirxahlıq münasibətində olana qədər əmin-amanlıqları təmin olunacaq. Biz də öhdəmizə götürdüyümüzü yerinə yetirəcəyik. Əgər öhdələrinə götürülənləri pozub qeyri-səmimi olarlarsa, onlara xainlərini təslim etməyənə qədər əmin-amanlıq yoxdur. Əks təqdirdə, onlar özləri xainlərlə həmfikir sayılacaqlar”.

Beləliklə, bölgədə istila və dağıntılar gücləndi. Bu hadisədən sonra Şəhriyar düzündə böyük bir qalanın və həmin ərazidə iki böyük yurd yerinin xarabalıqları sahibsiz qaldı, yağışlı və qarlı günləri ilə yanaşı, isti yay günlərini yaşamağa düçar oldu. Qızmar günəş altında ilanların mələşdiyi bu ərazidən artıq ticarət karvanları keçməyəcək, bu yerlər tacir və səyyahların ayaqlarının səslərinə həsrət qalacaq. Yüz illərlə Muğan diyarını gül-çiçəyə qərq etmiş, təm-təraqlı və dəbdəbə ilə tikilmiş Şəhriyar qalası əfsanəyə döndü. Şəhriyar qalası nağıl dünyasına qədəm qoydu. Xalqın tarix yaddaşı olan Şəhriyar qalası xarabalığa çevrildi...

 

 

Bilal Alarlı,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2015.- 15 oktybar.- S.14