Mən gəlirdim
Tufarqanın elindən...
Dolğun məzmunu və ictimai mündəricəsi ilə
seçilən çoxvariantlı dastanlarımızdan biri də
«Abbas-Gülgəz»dir. Aşıq Abbas Tufarqanlının
adı ilə bağlı bu dastanın yeddi variantı yazıya
alınıb.
Dastanın ilk yazıya alınmış
variantlarından birini M.Mahmudbəyov «Abbas və Gülgəz»
adı ilə 1898-ci ildə «Kaspi» qəzetində dərc
etdirib. İkinci variantı H.Əlizadə
30-cu illərdə aşıqlardan toplayıb, qısa məzmunu
ilə şeirlərini «Aşıqlar» kitabında verib.
1961-ci ildə «Azərbaycan xalq dastanları», 1967-ci ildə
beşcildlik «Azərbaycan dastanları» kitabına
«Abbas-Gülgəz» və ayrıca «Abbas» dastanları daxil
edilib. Bununla belə «Abbas-Gülgəz»
dastanının ayrı-ayrı versiya və variantları tam
halda çap olunmayıb. Dastanın bu
variant¬ları arasında o qədər də fərq
görünmür. «Qurbani» dastanında
olduğu kimi burada da ana xətt sabit qalıb, epizodlarda və
surətlərdə müxtəliflik nəzərə
çarpır. Yalnız beşcildlik «Azərbaycan
dastanları» kitabında çap olunmuş «Abbas» adlı
müstəqil dastan «Abbas-Gülgəz» dastanından fərqlənir.
«Abbas-Gülgəz» dastanının müəllifi
haqqında da ehtimallar müxtəlifdir. Burada da birinci
ehtimala görə dastanın ilk variantının müəllifi
XVII əsrdə yaşamış Aşıq Abbas
Tufarqanlıdır. İkinci ehtimala görə,
dastan Aşıq Abbasın həyatı və şeirləri əsasında
aşıqlar tərəfindən sonralar yaradılıb.
M.H.Təhmasibin mülahizəsinə görə
Aşıq Abbas bu dastanların ilk variantlarının müəllifi
olub, sonradan ustad-şagird ənənəsi dastanları öz
zövqünə uyğunlaşdırıb. Həqiqətən də bəzi şeirlər
Abbasın olduğu halda, dastanın məzmununa uyuşmur.
Aydın hiss olunur ki, ya dastanın məzmunu dəyişdirilib,
ya da şeirlər müasirləşdirilib. Əslində isə hər ikisinə əl gəzdirilib.
«Abbas-Gülgəz» dastanının zəngin ictimai
mündəricəsi dastanın
çoxvariantlılığı və geniş
yayılması üçün zəmin yaradıb. Xatırladaq
ki, XVII əsrdə yaranan dastanlarımızın bəzilərində
elin gözəl qızlarının saraylara aparılması və
buna qarşı el şairlərinin müxtəlif səpkili
lirik və epik şeirlər söyləməsi xalq ədəbiyyatında
başlıca motivə çevrilib. Bu
silsilə ədəbi abidələr içərisində
«Abbas-Gülgəz» dastanı xüsusi yer tutur. Belə ki, Təbriz yaxınlığında Tufarqan
kəndindən olan Aşıq Abbasa qonşu obadan Gülgəz
Pərini şahi-mərdan buta verir. Abbas
butasının ardınca Təbrizə gəlir, məlum olur
ki, Şah Abbasın naibləri Pərini saraya aparıblar.
Abbas Gülgəz Pərinin arxasınca İsfahana yola
düşür... Yolda və Şah Abbasın
sarayında aşığın başına gələn
hadisələr və bu münasibətlə söylədiyi
şeirlər dastanın əsas məzmununu təşkil edir.
«Abbas-Gülgəz» dastanının inkişaf xətti dörd
mərhələdən ibarətdir: Başlanğıc
Tufarqan mərhələsi, Təbriz mərhələsi,
İsfahana səfər və İsfahan mərhələsi.
Birinci mərhələdə gənc Abbas atasını
itirib, anası ilə sənət adamlarının yanına
gedib özünə münasib peşə axtarır, oxumaq istəyir. Burada məktəb,
sənət, peşə, ticarət və məişətin
bir sıra sahələrinin təsviri başlanğıcdan
dastanın bədii mündəricəsini zənginləşdirir.
Abbas mollaxanada «əlini qulağına qoyub avazla
oxuduğu» vaxt molla onun səsini eşidib ayağını
falaqqaya qoyur. Buradan da görünür ki,
butadan əvvəl Abbasın gözəl səsi olub,
aşıqlığa meyl edib. Dastançı
aşıqlığı birdən-birə buta ilə
bağlamayıb, bunun üçün əvvəlcədən
zəmin yaradıb. Abbasın butadan sonra
saz götürüb dərin məzmunlu, dini-fəlsəfi
şeirlər söyləməsi təbii
başlanğıcı nisbətən süniləşdirir.
Ruzi-əl-məhşərdə
mövlam eşqinə,
İçmişəm kövsərdə bir cami-ləziz.
İsgəndər
axtardı, tapıb içmədi,
Xızır içdi, oldu cənabi əziz.
İkinci mərhələdə Aşıq Abbas Təbriz
aşıqları Aşıq Dostu, Aşıq Sənan və
Aşıq Hüseynlə deyişmədə imtahandan
çıxır. Şirvanlı Dostu da, Aşıq Sənan və
Aşıq Hüseyn də tarixi şəxsiyyət olub
İlyas Muşeqin «Nəğmələr məcmuəsi»ndə,
Sayat Novanın dəftərində, «Vanlı Göyçək»
dastanında xatırlanır. Bu aşıqlarla
Abbasın deyişməsi və qələbəsi onun
Batmanqılınc Məmmədin hüzuruna cəsarətlə
getməsinə səbəb olur. O, Gülgəz Pəriyə
olan məhəbbətini aşkar söyləyir.
Dastanın bu mərhələsində Abbas ciddi
imtahanlardan çıxır. Doğrudur, Abbasın
aşıqlarla deyişməsi daha çox dini səciyyə
daşıyır, lakin şeirlər bədii deyim, bədii
ümumiləşdirmə, ustad kəlamı kimi bitkin və
siqlətlidir. Dastanda Təbriz şəhərinin
zəngin mənzərələri, tarixi yerləri, meyvəli
bağları, aşıq məclisləri, sazbəndləri,
xeyirxah təbiətli adamları, dəbdəbəli
sarayları, seyvan evləri bütün zənginliyi ilə vəsf
olunub. Abbasın Təbriz haqqında tərifnaməsi bu
qədim şəhər haqqında daha dolğun təəssürat
doğurur:
Şikəstə
könlümün təbibi usta,
Bu Təbrizin sonaları necədi?
Tikilibdi
çarşıları yanaşı,
Sarayları, binaları necədi?
Batmanqılınc Məmmədin Aşıq Abbasa
razılıq verməsi, Abbasın Pəri ilə Təbriz
bağlarında keçirdiyi xoş günlər uzun
sürmür.
Sarı Xoca, Dəli Becan və Allahverdi xan
Gülgəz Pərini İsfahana aparırlar. El şairi
eli-obanı haraya çağırır:
Şah
Abbas hökmilə naməni yazır,
Qurub kəcavəni, olubdu hazır.
İsfahandan
gəldi o zalım vəzir,
Qoyma, Dəli Becan yarım apardı.
«Abbas-Gülgəz» dastanında Şah Abbasın
«böyük sürgün» siyasəti, qızların saraya
aparılması məsələsi dastanın əsas motivinə
çevrilib.
İstər dastanın süjetində, istərsə
də orada istifadə olunan şeirlərdə Şah Abbas
dövrünün ictimai-siyasi məsələləri məhəbbət
xətti ilə paralel verilib. Bir tərəfdə gəncliyin
azad duyğuları, məhəbbəti, zəngin daxili hissləri
kimi həyatın gözəl nemətlərindən dadmaq,
zövq-səfa sürmək, elin-obanın toy-düyünlərini
vəsf etmək, digər tərəfdən bütün bu
gözəlliyi buxovlayıb, bir ovuc saray dəllallarının
zövqünə qurban vermək kimi təzadlar dastanın
ictimai-bədii mündəricəsini daha da cilalayır.
Aşıq Abbas yaşadığı ictimai mühitin
zorakı təbiətinə qarşı şahi-mərdan
butasının gücünü qoyur. Aşıq Pərinin
arxasınca gedərkən yolda Aşıq Abbasın buyruq
qulları (Sarı Xoca, Dəli Becan, Allahverdixan) tərəfindən
daş-qalaq edilib su quyusuna salınır. Aşığı
iki dəfə quyudan ona buta verən «şahi-mərdan»,
Düldülün sahibi Qəmbər ağası»
çıxarıb quyunun kənarına qoyur. Buta Abbasın ikinci dəfə
salındığı zəhərli quyunu zərrin ocağa
döndərir. Beləliklə, Aşıq Abbas Şah
Abbasa özündən min əvvəl zülfüqarı ilə
islam naminə fövqəladə möcüzələr
yaratmış Əlinin «nur badəsi»ni nuş edib qələbə
çalır və sevgilisini qaytarır.
Şübhəsiz, bu cür bədii priyom
aşığın öz arzusuna çatması
üçün yalnız çıxış yolu idi. Bu orta əsr
dastanları üçün başlıca meyar olub.
Dastanın «Abbas» versiyasında qələbənin təmini
üçün başqa bir yoldan istifadə edilib. Burada Abbas
aşıqdan daha çox, qüdrətli bir qəhrəman
kimi təsvir olunub, öz sevgilisinə qılınc
gücü və tədbirlə qovuşub. Bu dastanda da Abbas Tufarqandandır. Gülgəz
Pəri onun sevgilisidir. Hadisələr də
Şah Abbasın dövrünə təsadüf edir. Şah Abbasın sifarişi ilə Aşıq Abbas
ölkəyə böyük ziyan vuran Dahadürüz
quldurbaşını öldürməlidir. Abbas anasının tədbiri ilə
Dahadürüzün dəstəsini məhv edir,
özünü də Osmanlı torpağına qədər
qovur və orada öldürür. Burada
İbrahim paşa Abbası qonaq saxlayır və ona
böyük hörmət edir. Abbas da
İbrahim paşanın qızı Gülgəz Pərini
burada görüb sevir. Abbasla Gülgəzin
sevişdiyini bilən molla paşaya xəbər verir. Sevgililər qaçıb Tufarqana gedirlər. Abbas yolda hücum edib Sarı Xocanın və Qul
Abdullanın dəstəsini dağıdır. Abdullanı öldürmək istərkən Gülgəzin
xahişi ilə onu azad edir. «Abbas-Gülgəz»
dastanından fərqli olaraq buradakı əsas qəhrəmanlar
başqa qiyafədə təsvir olunub. Buradakı
Abbas da, Gülgəz də qoçaq, igid və tədbirlidirlər.
Buna görə də ortaya çıxan maneələrə
üstün gələ bilirlər. Şah
Abbas da zülmkar kimi yox, əksinə, zülmə, quldurlara
qarşı mübarizə aparan, igidliyinə görə
Abbasa ənam verən, xeyirxahlıq mövqeyində dayanan ədalətli
şah kimi təsvir olunub. Əvvəlki
dastanlardan fərqli olaraq Aşıq Abbas Sarı Xocaya
yalvarmır. İlk həmlədə
Sarı Xocanı da, Qul Abdullanı da qoşunu ilə birlikdə
məğlub edir. Abbas özü də bu
dastanda zahirən heybətli və qorxunc təsvir olunub. Gülgəz Pəridən başqa hamı ondan
qorxur. Gülgəz də əvvəlki
mülayim, qorxaq, yalvarmaqla kifayətlənən, əlacsız
Gülgəz deyil, ağıllı, tədbirli və zirəkdir.
Burada dastançı XVII əsrdə
yayılmağa başlayan «Koroğlu» qollarının motivlərindən
bəhrələnib. Zalım və
müstəbid hakimlərə qarşı qəhrəmanlıq
motivləri ifadə edən bu qəbil dastanlar feodal
mühitində ümumi kütlənin hisslərini
oyadırdı.
Dövrümüzün ustad şair-aşığı
Mikayıl Azaflının bizə söyləyib müxtəsər
məzmununu verdiyi, «Aşıq Abbas və Koroğlu»
adlandırdığımız versiya bəhs etdiyimiz «Abbas»
dastanı ilə səsləşir. «Aşıq Abbas və
Koroğlu» versiyasında Aşıq Abbas Şah Abbasın
qoyduğu şərtə əsasən, Savalan dağında
yuva salmış quldurları məhv etməlidir. Belə bir çətin işin öhdəsindən
gələ bilməyən el aşığı çox
götür-qoydan sonra Çənlibelə gedib Koroğludan
kömək istəyir. Abbasın həqiqətən
kamil aşıq olduğunu bilən Koroğlu dəlilərlə
birlikdə Savalan dağına gedir, quldur dəstəsini
darmadağın edir. Qələbədən
xəbər tutan Şah Abbas bundan sonra Gülgəz Pərini
Aşıq Abbasa qaytarır.
Çox müxtəsər məzmununu verdiyimiz
«Aşıq Abbas və Koroğlu» dastanı ilə «Abbas»
dastanında ideya yaxınlığı aydın
görünür. Fərq burasındadır ki, «Abbas»
dastanında Abbas özü anasının tədbiri ilə dəstə
düzəldib Dahadürüzü məhv edir, «Aşıq
Abbas və Koroğlu»da isə el aşığı
Koroğludan kömək istəyir. Bizcə,
ikinci variant daha inandırıcı görünür.
«Abbas-Gülgəz» dastanının ictimai-siyasi mündəricəsi
güclü olduğundan sonralar dastanın çox müxtəlif
versiya və variantları yaranıb və yayılıb. «Abbas-Gülgəz»
dastanının yayılmasının başqa bir səbəbi
də dastanın dolğun məzmunu, həm də şeirlərin
bədii zənginliyi və kamilliyidir. Dastanda
məhəbbət motivlərinin təsvirində də, ictimai
məzmunun gerçəkliyində də dastançı Azərbaycanın
əlvan təbiətindən, rəngarəng mənzərələrindən
bəhrələnib. Məsələn, Abbas Pərinin
obasına yolu düşərkən onun babası (atası) tərəfindən
necə qonaqpərvərliklə
qarşılandığını bədii lövhələrlə
ifadə edir:
Mən gəlirdim
Tufarqanın elindən,
Yolum düşdü obasına Pərimin.
Salam
verdim, əleyk aldı salamım,
Qonaq oldum babasına Pərimin.
«Abbas-Gülgəz» dastanı XVII əsrin xalq
dastanları içərisində geniş mündəricəsi,
şeirlərinin poetik dolğunluğu ilə seçilən ədəbi
abidələrdən biridir.
Qara Namazov
professor
Xalq Cəbhəsi.-
2015.- 16 oktyabr.- S.14.