Şamaxı mədəniyyətinin
keçmişini araşdırarkən...
Xatirə və qeydlərdə XIX əsrdə Şamaxıda bütünlükdə mədəniyyətin inkişafı barədə günümüzədək geniş məlumatlar gəlib çatıb. Belə maraqlı məlumatlardan biri də knyaz, rəssam Qaqarinin kətana köçürdüyü rəqqasələrin tablosudur. Bundan savayı Şamaxı rəqqasələrindən Nisə, Rəna, Sona, Səkinə, Məleykə və rəqqas Hikmətin adları çəkilən mənbələrin də günümüzədək qalması sevindirici haldır. Knyaz Qaqarinin o dövrdə çəkdiyi rəsm əsərində həm ifaçıların alətləri, həm də rəqs edən, oxuyan xanımlar aydınca görünür. Tamaşaçı keçmişə dönə bilir, onun gözləri önündə Mahmud Ağanın bənzərsiz sarayı bütün gözəlliyi ilə canlanır. Şamaxı mədəniyyətinin keçmişini araşdırarkən bir günü də musiqisiz keçməyən Mahmud Ağanın bir şəhərlə məhdudlaşmadığını, Azərbaycanın hər yerindən ustad sənətkarları ətrafına toplamasının, onları himayəyə götürməsinin şahidi oluruq.
Məşhur sənətkarların Şamaxı kimi musiqi məbədində səxavətli xeyriyyəçinin başına toplanması Azərbaycan mədəniyyətinin, Azərbaycan xalq musiqisinin inkişafında əvəzsiz rol oynayıb. Məhz bu nəcib addımlar sayəsində xalqımızın qədim mənəvi sərvəti təbliğ edilib, qorunub və geniş yayılıb. Özü də görkəmli musiqişünasın sarayına hər zaman yaxşıların yaxşısı, bir sözlə, ustad sənətkarlar dəvət olunublar. Onlar böyük ehtiramla qarşılandıqları kimi, böyük hörmətlə, hədiyyələrlə də yola salınardılar.
Mahmud Ağa Sadıqcan üçün
qızıldan tar düzəltdirmişdi. Əfsus ki, o tar bizə gəlib
çatmadı. O, Qaryağdıoğlu Cabbar
üçün də qızıldan qaval sifariş
vermişdi. Həmin qavalı Cabbar 1913-cü ildə
Şəmsi Əsədullayevin qızının toyunda Seyid
Şuşinskiyə bağışlayıb. Sonralar bu qaval da itib, gəlib bizə
çatmayıb. Mahmud Ağanın muğam ustadları,
müsabiqə qalibləri, şair və aşıqlar, rəqqasələrə
verdiyi hədiyyələrin tükənməyən
siyahısını saymaqla qurtarmaz: qızıldan
hazırlanan təsbehlər, üzüklər, saatlar, camlar,
bazubəndlər, kəmərlər, boyunbağılar, sinəbənd,
araqçın, sırğalar, qolbağlar, qızıl əsalar
və Buxara papaqları, zərli-baftalı əbalar, çərkəzi
çuxalar...
Haşiyə:
Bununla yanaşı, Mahmud Ağa müsabiqəsinin başqa
bir dəyərli tərəfi o idi ki, bu məclisdə təkcə
Azərbaycanda deyil, Təbriz, Tiflis, Dərbənd, hətta
Orta Asiyada yaşayan həmyerlilərimiz bir-birinin sənətlərinə
bələd olduqları qədər də uzun illər dostluq
edər, sənətlərini təbliğ etməklə
öyünərlərmiş. Yəni Mahmud
Ağa məclisi muğam dünyasının təsnələrini
qədim Şamaxıda bir araya cəm edə bilmişdi.
Cabbar, Mirzə Məhəmməd Həsənin «Şur»da
vurduğu xalları, Davud Səfyarov, Məşədi Zeynal zəngulələrini,
Məşədi İsi, Səttarın oxuduğu xalq
mahnılarının şirinliyini, Hacı Hüsü, Topal Məmmədqulunun
alt-üst mizrablarının
ecazkarlığını,
Malıbəyli Cümşüd, Sərənc Zeynalın,
Sadıqcanın bülbül ləhcəli ününü,
Natəvanın qəzəllərini, söz sərrafı
Seyidin şah beytlərini, Ağanın öz şirin səsindəki
məlhəmini, Bülbülcan, Aşıq İbrahim,
Aşıq Bilalın ərşə bülənd
avazının bu məclisdə şahidi olmuş, özü
də üzbəüz... Mahmud Ağanın yeni
sarayı tikiləndən sonra Şamaxının bəy-bəyzadələri,
tacir dostları daha çox məclislərə
qatılmağa başladılar. Artıq şəhərin
bütün - Şıxminaş, Sarıtorpaq, Ucarlı,
Gürcübazar, Kövşərli, İmamlı, Nar
ağacı, Meydan, Yuxarı Qalabazar, Pirani Şirvan məhəllələrinin
zəngin, varlı-karlı insanları - Hacı Kərim,
Hacı Dadaş, Zeynalov qardaşları, Azad bəy, Cavad bəy,
Rüstəm bəy, Camo bəy, Salamovlar və hətta
dövlət adamları mütəmadi olaraq məclisə
qatılır, dəyər verir, ora gələn qonaqlarla
tanış olaraq, onları evlərinə - saraylarına mehman
aparırdılar... Bu xeyirxah zənginlər
Şamaxını dağıdan zəlzələlərdən
(1859, 1902) sonra yenidən qurulmasına,
abadlaşdırılmasına, məktəblərin
yaradılmasına, karvansara və məscid
lərin
bərpasına, tikilməsinə böyük köməklik
göstəriblər. Əfsuslar ki, həmin bəy-bəyzadələrin
1902-ci il zəlzələsindən sonra
tikdikləri malikanə, saray və evlərini erməni cəlladları
zəlzələlərdən betər 1918-ci ildə yerlə-yeksan
etdilər, yandırdılar. Əsilzadələrin
bir tikilisi də qalmadı. Hətta Mahmud Ağanın nəvələrinə
yadigar qalmış mülklərinə də od
vurub yandırdılar. Onun doğmalarının
çoxu həmin faciədən sonra Şamaxıdan
köçüb getdilər; Bakıya, Moskvaya və Orta
Asiyaya səpələndilər.
Haşiyə:
Azərbaycanın çox bölgələri və eləcə
də Şamaxıda erməni cəlladlarının 1918-ci ildə
viranə qoyduğu imarətlərin xarabalıqlarının
şəkillərini professor S.Rüstəmova yaxın vaxtlarda
Parisdən böyük çətinliklə əldə edə
bilib, respublikamıza gətirib, həmin faciəli tarixi
özündə əks etdirən şəkilləri çap
edərək, oxuculara çatdıra bilib. Dağıdılmış
mülkləri görəndə insanın təpədən-dırnağa
qədər vücudu silkələnir. Qədim
Şərq üslubunda, bir-birindən yaraşıqlı
mülklər dursaydı, Şamaxı bu gün muzey-şəhər
kimi dünyanın ən məşhur və qədim muzey
şəhərlərindən biri sayılardı. Belə
olan təqdirdə Şamaxının vaxtilə mədəniyyət
mərkəzi olması barədə gələn qonaqlara
artıq söz deməyə ehtiyac da qalmazdı...
Ümumiyyətlə,
Əhməd Sultan və oğlu Mahmud Ağa musiqidən sadəcə
zövq alan, ona qulaq asan insanlardan
olmayıblar. Onlar xalq musiqisini, aşıq sənətini,
muğamlarımızı, oyun havalarını sevdikləri qədər,
bu mənəvi sərvətin qorunması, təbliği,
inkişafı üçün varından-dövlətindən
“uf demədən” keçməyə, qurban verməyə
hazır olan musiqi xiridarları idilər...
Deyirlər, Mahmud Ağa bir tərəkəmə
oğlanın gözəl səsi olduğunu eşidib, səsini
bəyənir və sənəti öyrətmək məqsədilə
onu evinə gətirir. Oğlan tez bir zamanda poeziya və
muğamları yaxşı öyrənir. Lakin o, daima açıq havaya, köçəriliyə
öyrəşdiyindən, ya da nəsə başqa bir səbəbdən
bir ildən sonra vərəm xəstəliyinə tutulur.
Mahmud Ağa onu adlı həkimlərə,
kurortlara göndərsə də, nəticəsi olmur,
oğlan vəfat edir. Mahmud Ağanın yanına gələn
tanışlarından biri deyir:
- Heyif o qədər
pulu tökdün, bir xeyri də olmadı.
Mahmud
Ağa deyir:
-
Muğamat üçün milyonlar versəm, uf demərəm.
Onda qala ki, muğamatı oxuyan gözəl səsli adam ola. Onun sağalmasına bütün
mülkümü verərdim...
Məktəbin əsas uğurlarının ən
başlıcası təkcə Şamaxı üçün
yox, bütün ölkə üzrə muğam müsabiqəsi
keçirmək olub. O muğam müsabiqələrinə Azərbaycanda
zamanına görə ən böyük ustad sənətkarlar
qatılardı və o istedadlar bir-birilərini yaxından
tanıdıqları kimi, bir-birinin ifalarını eşidib, məsləhətlər
alıb və məsləhət veriblər. Qırx
ildən artıq bu muğam məktəbinin və məktəbdə
keçirilən müsabiqələrin rəhbəri Mahmud
Ağanın özü olub. Əslində
bu təhsil ocağı adi məktəbdən daha çox bir
universitetə bənzəyirdi. XIX əsrin əvvəllərində
Rusiyanın ali təhsil sistemində
böhran yaşanırdı. Müəllim
çatışmırdı. İmperiyadan
xaricə müəllim kimi təhsil almaq üçün cəmi
100 nəfər göndərilmişdi. Mahmud
Ağanın universitetində isə zəmanəsinin ən
güclü və dahi sənətkarları, söz
xiridarları sənətin və şeirin sirlərini
davamçılarına öyrədirdi. Bu
təhsil və elm məbədinin özünəməxsus
kitabxanası var idi. Kitabxanada dövrünə
məxsus əlyazmalar, risalələr, gündəliklər, bəyazlar,
kitablar yerləşdirilmişdi. Məktəbdə
o dövrün qədim musiqi alətləri də cəmlənmişdi.
1902-ci il zəlzələsi zamanı Mahmud
Ağanın evi də dağıldı. Evdə
olan qiymətli əşyalarla yanaşı, dəyəri
heç nə ilə ölçülməyən həmin
kitab və əlyazmalar da məhv olmuşdu. Qalanlarını da erməni cəlladları 1918-ci
ildə məhv etdi.
Mahmud
Ağanın beş övladı olub. Bu övladların hamısı musiqiyə, poeziyaya bələd
gənclər idilər. Ağılları
söz kəsəndən evlərində ancaq musiqi dinləyib,
tanıdıqları və tanımadıqları məlahətli
səs sahiblərinin avazları, çalğılarına
qulaq asıblar. Özləri də mənəviyyat
sahibi kimi yetişib, böyüyüblər. XIX əsrin
90-cı illərinə kimi Əhməd Ağa və Gövhər
xanım nəvə-nəticələrin sevinci ilə
ömür sürdülər, Mahmud Ağa da nəvələrinin...
Haşiyə:
Ə.Cəfərzadənin yazdığına görə,
Mahmud Ağanın oğlanlarından Cavad bəy həm
şair imiş, həm də pəsdən səsi olub və həm
də atası kimi gözəl tar çala bilirmiş. Özü də muğamların
yol-yolacağını yaxşı bilib. Cavan
xanəndələr ondan muğamların sirrini öyrəniblər.
Bəzi yarışlara o da qatılardı.
Cavad bəy böyük şair
S.Ə.Şirvaninin oğlu Seyid Cəfər, M.Ə.Sabir və
Hadinin ən yaxın dostlarından idi. Mahmud
Ağanın qızı Bəyim xanımın da məlahətli
səsi vardı. Atasının
ölümündə dediyi ağılarla o, bütün
qadın məclisini kövrəldə bilmişdi. Bu illərdə
ailəyə ağır itki üz verdi. Ağanın anası Gövhər xanım soyuqdəymədən
qəfil xəstələndi, heç iki ay keçməmiş
dünyasını dəyişdi. Vəsiyyətinə
əsasən, əqrəbalarının uyuduğu
Şamaxının «Laləzar» qəbiristanlığında dəfn
olundu. Əhməd Sultan ömür-gün
yoldaşı, Mahmud Ağa isə ana itkisinə görə
yanıb-yaxılırdı. Ailənin ümman sevinci az bir vaxt içində əriyərək qeyb
oldu. Dalğa dalınca dalğa gəlirmiş
kimi dərd dərd üstünə qalaqlandı. Bu hadisə sən demə, ailənin faciəsinin
birinci dalğası imiş. Bir il
sonra, Mahmud Ağanın oğlu Ağa bəy azara tutuldu. Neçə yerdən həkimlər, təbiblər,
türkəçarələr dəvət olundu. Çarə tapılmadı ki, tapılmadı.
Nənəsindən il yarım sonra bir
uşaq atası olan Ağa bəy də dünyasını dəyişdi.
Ömrünün çoxunu musiqi məclislərində
keçirən, kədəri, qəm-qüssəni o qədər
də özünə yaxın qoymayan, ona boyun əyməyən
Mahmud Ağanın qara günləri başladı.
Əhməd Sultan da yaşının yüzə
yaxınlaşan çağında ömür-gün
yoldaşının itkisinin yarası qaysaqlanarkən ona nəvə
dərdi də yükləndi. Özünü bədbəxt insan
sayan Əhməd Sultan hüzrə gələn adamları
görəndə: «Əcəl mənim qismətimiydi, Böyük
Yaradan cavanlarımı apardı», - deyib ağlayardı. Mahmud Ağa nə edəcəyini bilmirdi. Oğlu Ağa bəyi də «Laləzar»da -
anasının yanında dəfn etdi. Günlər,
aylar ötdükcə Mahmud Ağa qismətilə
barışmalı oldu. Cümə
günləri əvvəl oğlu ilə anasının «Laləzar»dakı
məzarını, sonra, «Şaxəndan»da uyuyan dostu -
S.Ə.Şirvaninin məzarını ziyarət etməklə
təsəlli tapırdı.
Ağa bəyin ölümü bütün ailəni,
qohum-ərqəbanı başdan-başa sarsıtdı. Bu ağır
itki şamaxılıların çoxunu, Mahmud Ağanın
Qarabağ, Tiflis, Bakı, Naxçıvan, Gəncə, hətta
İrandakı sənətkar dostları və
tanışlarını da çox məyus etmişdi. Xatirələrdən bəlli olur ki, Mahmud
Ağanın evi bir ildən çox gəlimli-gedimli olur, ona hərə
bir yolla təsəlli verməyə
çalışırdı. Nəhayət, Ağa bəyin
ili verildi. Qonaqlı-qaralı,
çal-çağırlı saray sükuta qərq olaraq ildən
sonra da lal qaldı. Buna baxmayaq məclis üzvlərinin
- Seyid Cəfər, Mirzə Məhəmməd Həsən,
Topal Nəcəfqulu, Məbud, Camo bəy və
başqalarının ayaqları bu evdən kəsilmədi.
Onlar öz söhbətləri, söylədikləri əhvalatlarla
Mahmud Ağanı ovundurmağa, fikrini dağıtmağa
çalışırdılar... Artıq oğlunun
ölümünün ikinci ili də arxada
qaldı. Nəhayət, Mahmud Ağanın nəvə,
Əhməd Sultanın isə nəticə toyları da
başladı. Dost-tanışlar həmin
məclislərə cəm oldular. Heç kəs Mahmud
Ağaya cürət edib, - «Gəl məclisini yenidən quraq,
Ağa», - deyə bilmirdi…
Seyfəddin Qəniyev
Professor
Xalq Cəbhəsi.- 2015.- 17 oktyabr.-
S.14.