İşgəncə metodları dindirilmə
üçün effektiv yol deyil
Dünya
alçaldıcı metodlara qarşı çıxır
Ötən
beş il ərzində aparılan və bəzilərində
terrorizmdə şübhəli bilinənlərin də yer
aldığı psixoloji tədqiqat danışmaq istəməyən
insanlardan necə məlumat almaq lazım olduğunu göstərib.
Vaşinqtonun hazırda əldə olunan nəticələri
təcrübədə yoxlamaq imkanı var. 2014-cü ilin
dekabrında keçirilən rəy sorğusuna görə,
MKİ-nin sərt dindirmə metodlarının əsaslı
olduğunu düşünənlər 59 faiz təşkil
edirdi. “Buzzfeed.com” bu məsələni
araşdırıb. Sayt yazır ki,
2013-cü ildə ABŞ-ın hərbi hava qüvvələrinin
baş təhqiqatçılarından biri olan Stiven Kleynman
şübhəli üsyançıların dindirilməsinə
nəzarət etmək üçün İraqa göndərildi.
Bağdada gəldikdən sonra işinə
başlayan Kleynman qaranlıq bir otağa daxil olur və
oturmuş hərbi təhqiqatçının
qarşısında diz çökmüş əlləri
qandallı bir məhbus görür. Hər
dəfə suala cavab verəndə nə deməsindən
asılı olmayaraq, məhbusun üzünə şillə
vurulur. Kleynmana vəziyyətin yarım
saatdır belə davam etdiyi söylənilir. Vəziyyəti görən polkovnik-leytenant Kleynman
sorğunu dayandırır. Ancaq onun
şahid olduğu əslində o vaxta qədər standart bir vəziyyət
idi.
Kleynman
sonradan “Buzzfeed News” ilə müsahibəsində demişdi:
“Daha sonra insanların çılpaq soyundurularaq uzun müddət
ayaq üstə durmağa məcbur edildiklərini
gördüm.” Kleynmanı dəhşətə
salan təkcə insan hüquqlarının pozulmasına şahid
olması deyildi. Sorğu və dindirilmələ
bağlı uzun illər təcrübəsi olan Kleynman bu
cür metodlarla nəticə əldə edilməsinin
mümkün olmadığını bilirdi.
Həmin vaxtlar bu cür alçaldıcı metodlara
qarşı çıxan təcrübəli təhqiqatçılar
gözardı edilirdi. Hərbi dəniz qüvvələrində cinayət
istintaqı xidmətində xüsusi agent kimi
çalışmış Mark Fallon o vaxtlar elmin də
onlardan yana olmadığını deyir. Fallon 2002-ci ildə terrorçu məhbusların hərbi
məhkəmə qarşına çıxarılması
üçün Quantanamo həbs düşərgəsinə
gələndə artıq hər kəsdən çox təcrübəsi
var idi. O, 1993-cü ildə Dünya Ticarət Mərkəzinin
bombalanmasına rəhbərlik etmiş Şeyx Ömər
Əbdül-Rəhmanın təqsirlədirilməsinə də
kömək etmişdir. Bununla belə, təcrübəsiz
təhqiqatçılar tərəfindən birdən-birə
hərbidə yayılmağa başlayan sərt taktikaların
tətbiq edilməsi ilə hətta Fallonun fikirləri də qəbul
edilmədi. Bu gün isə elm nəhayət
Kleynman və Fallonun tərəfindədir. Ötən beş il ərzində insanların sirlərini
üzə çıxarmaq üçün nəyin effektiv
olduğunu araşdıran bir qrup tədqiqatçı işgəncənin
düzgün metod olmadığını göstərən
sübutlar tapıb. Onların göstərdiyi
yolun isə işgəncə və zorakılıqla heç
bir əlaqəsi yoxdur. Əksinə, tədqiqatçılar
şübhəlilərin danışdırılması
üçün psixoterapiyadan üsullar götürür və
beynimizin həqiqəti yalandan ayırmaq üçün
informasiyanı necə emal etdiyini araşdırırlar.
ABŞ Konqresi bu yeni sorğu üsulunu hökumət səviyyəsində
rəsmiləşdirmək üçün yeni bir qanun qəbul
edə bilər. Bu qanunun 11 sentyabr hadisələrindən sonra yol verilən
səhvlərin təkrarlanması üçün
görünməmiş imkan yaradacağını bildirən
Fallon deyib: “Əgər o vaxtlar bu gün mümkün olan tədqiqatları
apara bilsəydim, tarixin gedişatını dəyişə
bilərdim.” 2002-ci ildə Ceyms Mitçel və
Con “Brus” Cessenin MKİ üçün işləməyə
başlamaları ilə ABŞ-ın sorğu metodlarında
dönüş oldu. Bu iki psixoloq ABŞ-ın hərbi
hava qüvvələrinin “Xilas olma, Yayınma, Müqavimət
və Qaçış” proqramı ilə pilotların
düşmən əlinə keçmələrinə
qarşı hazırlanmasında iştirak edib .
2009-cu ildə
“terrorla mübarizə”nin ilk günlərində yol verilən
zorakılıq hallarından sonra terrorçuların dindirilməsində
yeni mərhələ başlatmaq üçün Prezident
Barak Obama tərəfindən yaradılan və Federal Təhqiqat
Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon
və Dövlət Departamentindən kəşfiyyat ekspertlərini
bir araya gətirən qrup (Mühüm Məhbusların
Dindirilməsi Qrupu) “HIG” üçün bu sual mühüm
bir prioritetə çevrilmişdir. “HIG” qrupu
2012-ci ildə ABŞ-ın Liviyanın Benqazi şəhərində
yerləşən diplomatik nümayəndəliyinə
hücumda ittiham edilmiş Əhməd Əbu Xatallah və
2013-cü ildə Bostonda törədilən terror hücumunun
şübhəlilərindən biri Cövhər Tsarnayev kimi
şəxslərin sorğusunu aparmışdır. Bu
qrup 2010-cu ildən bu yana sorğu
metodlarının dəyişdirilməsinə
çalışan tədqiqatçıları da dəstəkləmişdir.
Yalan
söyləyənlərin yüksək emosional stress
altındaykən özlərini büruzə verdikləri
düşüncəsini təsdiqləyən güclü bir
sübut da yoxdur. Yalan detektoru, yəni
poliqrafların da yalan söyləyərkən ürək
döyüntüsünün tezləşməsi və tərləmə
kimi halları üzə çıxardığı
etibarlı mənbə hesab olunmur. Şübhəlilərin
dindirilməsi üzrə yeni metodların
araşdırılması zamanı stres yox, insanları hadisələr
haqqındakı məlumatları xatırlamağa kömək
edən və yalan söyləyənlərin uydurduqları
hekayələri davam etdirmələrini çətinləşdirən
sorğu üsulları ön planda tutulub. Bu
baxımdan əsas üsullardan biri psixoloq Ronald Fişer tərəfindən
hazırlanmış “koqnitiv müsahibə” üsuludur. Belə ki, bu üsulla şübhəlilərə
suallar vermək əvəzinə gözlərini
bağlayıb mühüm bir görüş zamanı
baş verənləri xatırlamaları və ya
görüşün baş tutduğu otağın eskizini
çəkmələri, hadisələrin üstündən
dəfələrlə keçmələri və önəmli
hesab edib-etməmələrindən asılı olmayaraq,
xatırladıqları hər şeyi demələri söylənilir.
Bu üsulla birbaşa sual verilməsindən fərqli
olaraq, daha çox məlumat almaq mümkün olur. Bu metodla yalan söyləyənlərlə doğru
söyləyənləri ayırmaq da mümkündür.
Belə ki, koqnitiv müsahibə zamanı
insanlar hadisələri xatırlamağa çalışarkən
doğru məlumat verirlərsə, daha uzun və ətraflı
cavablar verirlər. Yalan söyləmək
və bunu gizlətməyə çalışmaq psixoloji
baxımdan daha çətindir. Şübhəli
şəxsləri hadisələri əks istiqamətdə
danışdırmaqla da yalan söyləyib-söyləmədiklərini
daha asan aydınlaşdırmaq olar.
Yalan məlumatların aşkar edilməsi
üçün istifadə oluna biləcək digər
metodlardan biri də şübhəli şəxsə
qarşı əldə olan məlumatın sorğunun əvvəlində
istifadə edilməməsidir. Əks halda,
şübhəlinin öz hekayəsini faktlara
uyğunlaşdırması daha asan olur. Ancaq
metodların tətbiq edilməsi üçün şübhəli
ilk növbədə danışmağa
başlamalıdır. İnadkar
terrorçuların yalnız psixoloji əziyyət verildikdən
sonra danışacaqları düşüncəsi Mitçel
və Cessenin taktikalarından irəli gəlir. Tədqiqat isə göstərir ki, şübhəli
ilə qarşılıqlı əlaqə qurmaq daha
yaxşı nəticə verir. Bu məlumat
mühüm bir mənbədən, Britaniyanın hüquq-mühafizə
orqanlarının sonradan terrorizmdə təqsirli bilinən 49
şübhəli ilə aparılan sorğuların
videolarından gəlir.
Britaniyanın şübhəlilərin dindirilməsi ilə
bağlı öz keçmişi də qaranlıqdır. 1970-ci illərdə
İrlandiya Respublika Ordusu tərəfindən törədilən
bomba hücumlarından sonra yanlış qərarlar verilməsi,
Birmingemdə 21 nəfərin həlak olması ilə nəticələnən
bomba hücumlarında təqsirli bilinən 6 şəxsin 17
il həbsdə qaldıqdan sonra düzgün qərar verilməməsinin
məlum olması ilə 1991-ci ildə azadlığa buraxılmaları
kimi hallar buna misal ola bilər.
Hazırda britaniyalı təhqiqatçılar bu cür
halların qarşısını almaq üçün
ittihamedici taktikalardan istifadəni qadağan edən ciddi
sorğu qaydalarına əməl etməli və şübhəlilərin
dindirilməsi qeydə alınmalıdır. Liverpul
Universitetində çalışan psixoloq Elisonun
araşdırması göstərib ki, şübhəli şəxslə
qarşılıqlı əlaqə və anlaşma qura bilən
təhqiqatçılar daha çox məlumat əldə edə
və şübhəlilərin sorğudan yayınmaq
üçün müsahibə baxmamaq, suallara cavab verməmək
və mövzunu dəyişmək kimi taktikalardan istifadə
etmələrini minimum səviyyəyə endirə biliblər.
Elisonun irəli sürdüyü fikirlər məntiqə
zidd səslənə bilər. Belə ki,
o, şübhəlilərin susma haqqından istifadə etmələrinə
nə qədər çox imkan verilərsə, onların
danışma ehtimallarının o qədər
artdığını deyir.
Tarixin ən mühüm təhqiqatçılarından
biri ikinci dünya müharibəsi dövründə Almaniya tərəfindən
ələ keçirilmiş amerikalı pilotlatın dindirilməsini
həyata keçirən Hans-İoahim Şarfdır. Şarf
şübhəlilərə suallar vermir, sadəcə onlardan
təqdim etdiyi “faktları” bilib-bilmədiklərini demələrini
istəyirdi. Bu “faktlar”dan bəziləri
doldurmaq istədiyi boşluqlar olur və Şarf həmin məlumatların
təsdiqlənməsinin xüsusi əhəmiyyət
daşıdığını heç bir şəkildə
göstərmirdi. Onun sorğuya çəkdiyi
pilotlar da Şarfa yeni heç bir şey demədiklərini
düşünür və onun nəyi tapmağa
çalışdığını bilmirdilər.
Kleynman və Fallon indiyə qədər aparılan
araşdırmaları nəzərə alaraq, ABŞ
Silahlı Qüvvələrinin təhqiqat üzrə təlimat
sənədlərinin yenidən yazılmasının vaxtı
olduğunu fikrini irəli sürürlər. Həmin sənədlərdə
alçaldıcı metodlar qadağan edilsə də,
aparılan son tədqiqatın nəticələrini
özündə əks etdirmir. Arizona ştatının
respublikaçı senatoru Con Makkeyn tərəfindən təqdim
olunan “Milli Müdafiəyə İcazə” haqqında illik
qanuna 2016-cı il üçün edilən
düzəliş sayəsində sənədlərin yenidən
yazılması tezliklə baş tuta bilər. Qanuna
düzəliş edilməsində əsas məqsəd
MKİ də daxil olmaqla, ABŞ-ın bütün milli təhlükəsizlik
agentliklərindən təlimat sənədlərinə riayət
edilməsini tələb etməklə işgəncənin
qadağan edilməsidir. Ancaq düzəlişdə eyni
zamanda bir il ərzində təlimat sənədlərinə
yenidən baxılması da tələb edilir. Sonradan isə hər
il üç ildən bir dəyişikliklər
edilməsi nəzərdə tutulur.
Sentyabr ayında yenidən işə başlayan Konqres
qanun layihəsinin Nümayəndələr Palatası və
Senat tərəfindən irəli sürülən
versiyaları arasındakı fərqləri
uzlaşdırmalı və imzalanması üçün
Prezident Obamaya göndərməlidir. Fallon və Kleynman
Vaşinqtonun partiyalararası çəkişmələri kənara
qoyub təlimat sənədlərini yeniləyəcəyinə
ümid edir.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 17 oktyabr.-
S.11.