“Dədə Qorqud” oğuznamələri geniş arealda yayılıb

 

“Dədə Qorqud” boyları Azərbaycan torpağı və xalqının tarixi keçmişinin ədəbi-bədii formaya salınmış hekayətləridir

 

 

 

Müasir türk xalqlarının çoxunun etnogenezisində əriməklə öz varlığına son qoyan qədim oğuz etnosu yaşadığı tarixi epoxanı bədii sözün gücü ilə əbədiləşdirməyə nail olub. Atalar sözü, məsəl, rəvayət, əfsanə və dastan şəklində yazıya köçürülərək daha çox oğuznamə adı altında təqdim olunan folklor nümunələrində ulu Tanrıya, torpağa, təbiətə, ataya, anaya, qadına, oğula, qıza, ümumilikdə ərliyi, ərdəmliyi ilə seçilən insana bənzərsiz bir sevginin şahidi oluruq ki, bu da oğuz ruhunun əzəməti, möhtəşəmliyi haqqında ətraflı bilgilər almağa imkan yaradır. Cüzi bir hissəsi dövrümüzə gəlib çatmış bu mədəni irsin ən yenilməz abidəsi titul səhifəsində ərəbcə “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan” yazılmış oğuznamələr toplusudur. Nəsildən- nəslə sözlə ötürülən bu boyların ilk yaradıcısı – düzüb-qoşanı Dədə Qorqud olsa da, artıq dövrünü başa vurmuş Oğuz zamanının qəhrəmanlıq salnaməsi, görünür, ulu əcdadlarının ruhunu yaşatmaqda olan hansısa bir xanın qurduğu məc¬lisdə sinəsi hikmət dolu ozanın dili ilə üçtelli qolça qopuzun sədaları altında söylənilir. Epos kimi yaranma, formalaşma, ilk dəfə yazıya alınma və sonradan üzü köçürülmə dövrlərinin müəyyən elementlərini özündə əks etdirən bu abidənin elm aləminə bəlli olan son ikiyüzüllük tədqiq tarixi göstərir ki, boylarda oğuz etnosunun Orta Asiya dövrü əfsanələşib, Qafqaz-Azərbaycan dövrü isə gerçək bir qat şəklində təsvir olunub. Elə buna görə də boyların məzmununda daha qədim tarixi izləri görən əksər araşdırıcılar V.V.Bartoldun “... Qorqudun adı ilə bağlı bu epik silsilə, çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi” fikrini birmənalı şəkildə qəbul edib və konkretləşdiriblər. A.Y.Yakubovskiyə görə, eposun mətnində oğuzların Sırdərya və Amudərya cayları hövzəsində yaşadıqları daha qədim, hətta XI əsrdən əvvəlki çağların həyat tərzinin heyrətedici qalıqlarını görmək mümkün olsa da, coğrafi ad sisteminə, siyası mühitinə və mədəni əhatəsinə görə onun son formalaşması Zaqafqaziya hüdudları ilə bağlıdır. M.Ergin yalnız dil və üslub baxımından deyil, ərazi baxımından da onu Azərbaycan sahəsinin əsəri sayır. X.Koroğlu “Qorqud kitabı”nın daha qədim oğuz eposu əsasında bir neçə əsr sonra yeni torpaqlara köçərək Azərbaycan türkü etnik adını alan oğuzlar tərəfindən formalaşdığını irəli sürür. Dil, tarixi, coğrafi, dini və antripoloji göstəricilər baxımından əsəri “Azərbaycan oğuznaməsi” adlandıran T.Hacıyev belə bir ümumiləşdirmə aparmağı lazım bilir: “Şübhəsiz, dastan konkret bir zaman kəsiyində yaranmadığı kimi, onu mütləq coğrafi kordinata yerləşdirmək zorakılıq sayılardı. Bu, oğuznamədir; oğuzlar tarixən müxtəlif ərazilərdə dövlətlər yaratdığından burada oğuzların tarixi coğrafiyasının izləri görünməkdədir. Oğuzların tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən bugünkü türk dövlətlərini əhatə edir. Həmin coğrafiyada çoxlu oğuznamələr yaranıb. Əlimizdə olan əsər, deyildiyi kimi, məhz Azərbaycan oğuznaməsidir”.

Beləliklə, qorqudşünaslığın gəldiyi başlıca fikir bundan ibarətdir ki, ulu Qorqudun adı ilə bağlı olan bu oğuz boyları məhz Azərbaycan torpağı və xalqının tarixi keçmişinin ədəbi-bədii formaya salınmış hekayətləridir. Lakin bu da bir danılmaz gerçəklikdir ki, xüsusilə Türkiyə və Türkmənistan respublikalarında bu abidənin məhz onlara məxsus olduğu fikri də geniş yayılıb. Fikrimizcə, tarixi baxımdan oğuz etnosu ilə bağlı olan həmin xalqların buna mənəvi haqları çatır. Hətta bu monumental söz abidəsində öz tarixi keçmişinin izlərinin axtaran qazax, qırğız və digər oğuz qarışığı olan xalqların da ona şərik gözü ilə baxmalarına təbii yanaşılmalıdır. Qorqud obrazının bir övliya, bir müdrik ozan kimi həmin xalqların rəvayət, atalar sözü və məsəllərində hələ də yaşaması bir də onu göstərir ki, ilkin mərhələdə “Dədə Qorqud” oğuznamələri daha geniş arealda yayılıb, zaman və həyat tərzinin dəyişməsi ilə variasiyalara uğrayaraq ya tamamilə yeni dastanlar şəklini alıb, ya da yaddaşlardan silinməklə epizodik məqamlarda qalıb. Bu fakt eposun “Bamsı Beyrək boyu” ilə qırğızların “Manas”, başqırd, qaraqalpaq və özbəklərin “Alpamış” dastanlarının müqayisəsi fonunda daha aydın duyulur. Xalqımızın bəxti onda gətirib ki, yaranışca bütün oğuz etnosunu əhatə edən bu epos Azərbaycan ərazisində yeni variantda formalaşmaqla yanaşı yazıya alınaraq kitablaşdırılıb. Elm aləmində “Dədə Qorqud kitabı” kimi məşhurlaşan Drezden nüsxəsi məhz qədim oğuz eposunun Azərbaycan variantıdır. Bu fikir ayrı-ayrı boyların, Vatikan və Drezden nüsxələrinin, xüsusilə də Qorqud adı ilə bağlı yazıya alınmış əski mətn nümunələrinin müqayisəli təhlili prosesində öz təsdiqini tapır ki, qorqudşünasların dönə-dönə müraciət etdikləri həmin faktları yeni baxış bucağında açıqlamağa çalışacağıq.

Mətnin məzmunu göstərir ki, sıralanma baxımından ikinci verilmiş “Qazan xanın evinin yağmalanması boyu”nun sonunda 24 sancaqdan ibarət Qalın Oğuz dövlətinin adlı-sanlı igidləri göstərdikləri hünərə uyğun səciyyələndirilərək dinləyiciyə təqdim olunur və bu təqdimat forması “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”da müəyyən ixtisarlarla yenidən təkrarlanır. Bədii təyinlər şəklində yerinə yetirilən bu cür təqdimatların real faktlara söykəndiyi onların adı ilə “Kitab”a düşmüş ayrıca boyların məzmunu ilə tam səsləşir. Məsələn, eposun ən romantik və faciəvi qəhrəmanı Bamsı Beyrək belə təqdim olunur:

“Parasarın Bayburd hisarından parlayıb uçan, apalaca gərdəginə qarşu gələn, yedi qızın umudı, Qalın Oğuz imrəncisi, Qazan bəgin inağı Boz ayğırlı Beyrək çapar yetdi, “Çal qılıcın, ağam Qazan, yetdim!” – dedi.”

Onun adı ilə düzülüb-qoşulmuş boyda bu təqdimatda getmiş informasiya bütünlüklə öz bədii həllini tapır. Yaxud qeyri-adi görünüşü və hünəri ilə seçilən Yegnək belə təqdim olunur:

“Çaya baqsa, çalımlu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, qulağı altun küpəli, Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı Qazılıq qoca oğlı bəg Yegnək çapar yetdi, “Çal qılıcın, ağam Qazan, yetdim!” – dedi.”

Yegnəgin adı ilə bağlı boyda onun bu qeyri-adi gücü atası Qazılıq qocanı on altı il əsirlikdə saxlayan Arşın oğlı Dirək üzərində əzəmətli qələbəsi ilə sübuta yetirilmiş olur. Maraqlıdır ki, görkəmli qorqudşünas T.Hacıyev bu təqdimatlardan çıxış edərək “Kitaba” düşməyən neçə-neçə oğuznamənin tarixi mövcudluğundan bəhs etməklə “Dədə Qorqud” eposunun həcmcə daha çoxsaylı olması fikrini irəli sürür. Olduqca inandırıcı yanaşmadır. Hər bir obrazın oğuz cəmiyyətində tutduğu mövqeyi və həyat tarixçəsini əks etdirən bu yığcamlaşdırılmış informasiya onların adı ilə bağlı müvafiq boyların olmasına işarədir ki, bununla dövrümüzə gəlib çatmayan digər boyların süjet xətti haqqında müəyyən məlumat əldə etmək mümkündür. Oğuz igidlərinin qəliblənmiş ifadələr şəklində bu cür təqdim olunmasına təkcə “Dədə Qorqud” eposunun mətnində deyil, həm də XV əsr tarixçisi Yazıçıoğlu Əlinin “Tarixi-ali Səlcuq” əsərindəki oğuznamə parçasında da rast gəlinir.

Ancaq hər iki mənbədə işlənmiş informativ təyinlərin təhlili göstərir ki, burada oxşar məqamlarla yanaşı, qabarıq şəkildə nəzərə çarpan fərqli məqamlar da gedib. Bu isə həmin obrazlarla bağlı variativ oğuznamə formasının movcudluğu haqqında mülahizə yürütməyə əsas verir. Həmin variantlara diqqət yetirək. “Dədə Qorqud kitabı”nda abidənin baş qəhrəmanı Qazan xan belə təqdim olunur:

“Bir gün Ulaş oğlı, Tulu quşun yavrısı, bezə-miskin umudı, Amit soyunın aslanı, Qaraçuğın qaplanı, Qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgüsi, Qalın Oğuzun dövləti, qalmış yigit arxası Salur Qazan yerindən turmışdı”.

 

Başqa bir boyda:

“Qalmış yigit arxası!

Bezə-miskin umudı!

Bayındır xanın güyəgüsi!

Tulu quşun yavrısı!

Türkistanın dirəgi!

Amit soyunın aslanı, Qaraçuğın qaplanı!

Qonur atın iyəsi, xan Uruzun babası, xanım Qazan ...”

 

 

“Topqapı oğuznaməsi” kimi tanınan Yazıçıoğlu mətnində isə bu təqdimat belə verilib: “Sarp hisar duma donlu salkum-salkum don giyen – Konur atın oynadan – yağı görsə yardımlu, düşmən görsə durumlu – Türkistanın diregi – Tülü quşun yavrusu – Kanlı kafir ellerindən adlu Horasana ad çağırdan – Akçahisarın eglik salup alan – Görklü yüzlü güzel kızların oğlanların belün süren – Kanlu kafir ellerine kan kaşandıran – Kara başların bunlu eden – Oğlancıkların ağlaşdıran – İtlerin uluşduran – Tavukların kığıldaşdıran – Ulaş oğlu Kazan Bey”. Göründüyü kimi, sonuncu təqdimatda “Kanlı kafir ellerindən adlu Horasana ad çağırdan – Akçahisarın eglik salup alan” təyinedici söz birləşmələri “Dədə Qorqud kitabı”nda Qazan xanın adı ilə bağlı heç bir boyda xatırlanmır. Bundan əlavə, “Kitab”ın XI boyunda Qazan xanın özü haqında söylədiyi soylama mətni ilə Topqapı mətni arasında da müəyyən fərqlər açıq-aydın duyulur. Topqapı mətnində həmin hissə bu məzmunda qurulub:

 

“Kuba kuba tuğlaladım er bunaldırdum buşkunumda ben Kazan

Kayın (Kanın) akar kara denizdim, er bunaldurdum cüngümde ben Kazan

Kaytabanın buğrasıydum, er bunaldurıdum

Kükredükde kapkayada anrar aslanıdım ben Kazan, er bunaldırıdum

Anradıkda Sarusazda arslan er bunaldırıdum

Sokradukda kara bulut ürkünüyidüm

Kara denizden su alup yere baran satarıdum ben Kazan

Karacuğun Cılban dağından kafir taş uçursa kaba uyluğunu dutan ben Kazanıdım…”

 

 

Asif Hacıyev

pedaqogika üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2015.- 20 oktyabr.- S.14.