Balaban-zurna aləminin üç min ilə
yaxın yaşı var
Türk dünyasında
bu alətləri dinləndirən minlərlə sənət
biliciləri olub...
Azərbaycan aşıq yaradıcılığında
özünəməxsusluğu, müxtəlif
çalarları, ifa üslubu ilə seçilən Şirvan
aşıq mühitinin öz yeri var. Şirvan aşıq
mühitinin nümayəndələrinin sorağı təxminən
XVI əsrdən Bayat Abbasla boy verir. Bu qədim diyarda da ilk
dəfə tək sazla meydana qədəm qoyan aşıq
müəyyən zaman kəsiyində balabançı ilə
yoldaşlıq etməyə başlayıb. Əsrlər
ötdükdən sonra Şirvan aşıq mühitində
yetişən sənətkarlar ətrafında xüsusi
ansanbıl təşkil edib (balabançı, dəmkeş,
nağara,qoşa nağara və xanəndə).
Buna görə də Şirvan aşıq
havaları bir qayda olaraq əsasən ritm üzərində
qurulub. Odur ki, ansablda balaban, zurna və dəmkeşlə
yanaşı nağaranın (qoşa nağara) xüsusi yeri
var. Ritmsiz Şirvan aşıq havaları demək olar ki,
yoxdur. Bir neçə Şirvan aşıq havaları -
“Şikəstə”, “Qara qafiyə”, “Güllü qafiyə”, “Kərəmi” və s. daha çox nağara
ritmi üzərində qurulub.
Şirvan aşıq mühitinin özəlliklərindən
biri də odur ki, ansamblda fəaliyyət göstərən xanəndə
həm də aşığın şagirdi hesab olunur. Bir neçə il ansamblda aşığa əsasən
yardımçı kimi ayaq verən xanəndə
aşıqdan sənətin sirlərini - saz havaları, məclis
idarə etmək qaydaları ilə yanaşı,
dastanlarımızı ifa etməyin yol-yolağacını
bütünlüklə mənimsəyir. Şirvan
aşıq mühitində balabanın sazla nə vaxtdan
“yoldaşlıq etdiyini” müəyyənləşdirmək təbii
ki, mümkün deyil. Amma Şirvanda
yaşamış şairlərin şeirlərindən, XV-XVI əsrlərdə
Şirvanda - Şamaxıda olmuş səyyah, diplomat və
şərqşünasların yol qeydləri, xatirələrindən
Şirvan balabançıları barədə ümumi şəkildə
də olsa məlumat əldə etmək mümkündür.
XV-XIX əsrlərdə
Şamaxıda olmuş, Şirvanşahlar hökmdarları ilə
görüşmüş bir çox səyyahlar, diplomatlar;
italyan səyyahı Marko Polo, ispan diplomatı Klavixo, alman səyyahı
Şilebergen Hanş, rus səyyahı Afanasi Nikitin, italya
diplomatı Ambrocco Kontarin, ingilis səyyahı Antoni Cenkinson,
alman səyyahı Adam Oleari, türk səyyahı Evliya
Çələbi, holland səyyahı Yan Streys, fransız səyyahı
Aleksandr Düma və başqaları Şərq ölkələrini
səyahətə çıxarkən qədim Şamaxıda
da olub, şəhərin gözəllikləri,
abadlığı, əhalinin həyat tərzi, sənətkarları-xanəndə,rəqqasələr,
mətbəxi, poeziya mühiti barədə gözləri ilə
gördükləri, şahidi olduqları hadisələr barədə
ətraflı məlumatlar verib, müxtəlif misalla söylədikərini
əyaniləşdiriblər. Şirvanda-Şamaxıda
fəaliyyət göstərən musiqiçilər, eləcə
də nəfəs alətləri-tütək, balaban,
şeypur, qara zurna ustadları haqqında da ümumi şəkildə
də olsa danışıblar. Məsələn,
alman səyyahı Adam Oleari 1636-cı ildə Şamaxıya gəlmiş,
üç aya qədər orada qalıb. Şamaxıda
Novruz bayramı şənliklərinin şahidi olub, nümayəndələrin
qarşılanmasında musiqiçilərin iştirakı barədə
belə yazır: “Bizim qabağımızca at üstündə
dörd musiqiçini də eşitdik. Onlar
növbə ilə, zahiri görünüşcə tütəyə
(sümsiyə) bənzəyən, uzunluğu 4 qulaca yaxın,
uc tərəfi isə enli mis alətdə
çalırdılar. Bu alət qaraney
adlanırdı. Bundan başqa sadə
tütəkçilər də vardı”.
1670-cı ildə holland səyyahı Yan Streys də
Novruz bayramında olub Şamaxıda. Şamaxılıların bayramı
xüsusi təmtaraqla keçirməsini qeyd edən səyyah
yazır: “Bütün gecəni 15 nağara, zurna, qaraney və
başqa gur səsli musiqi alətləri səslənilirdi”.
XIX əsrin 50-ci illərində Şamaxıda olmuş
Aleksandr Düma (Ata) öz yazılarında şəhərin ədəbi-mədəni
həyatı haqqında geniş məlumat verib, böyük
xeyriyyəçi Mahmud Ağa Əhmədağa oğlunun
sarayında qonaq olub, sarayda fəaliyyət göstərən
musiqiçilərin çıxışına tamaşa edib:
“Bir azdan sazəndələr məharətlərin göstərməyə
başladılar. Onlar milli musiqi alətlərində
çalırdılar. Nəfəsli musiqi
aləti-tütək, üstündə mis simlər olan və
mizrabla çalınan, bizim manqalınaya oxşar tar. Orkestr böyük səs-küylə çalsa da rəqqasələrin
diqqətlə izlədiyi və ona uyğun oynadığı
müəyyən bir ritm aydın duyulurdu”.
Ümumiyyətlə, Şirvan aşıq mühitində
uzaq keçmişdən günümüzə kimi balaban-zurna
sənətinin xüsusi yeri olub. Bu mühitdə
aşıq-xanəndə sənətinin inkişafı, təbliği
və yeni çalarlar kəsb etməsində balabançıların
böyük xidmətləri olub.
Aşıqlardan fərqli olaraq balabançılar barədə
mənbələrdə o qədər geniş məlumat demək
olar, yoxdur. Odur ki, XVII-XVIII əsrdə yaşamış sənətkarların
bir qrupunun günümüzə quruca adı gəlib
çatıb. Məşədi Məsim, Tağı
Babaşoğlu, Süleyman Hacı Səlim oğlu, Tacir
Qasım, Şikəstə Ağasadıq, Dəmkeş
İbrahim, Keçəki İsmayıl, Dabbağ Səməd,
Şikəstə Alı, Süleyman Baba oğlu, Soltan
Bağı oğlu...
Otuz ilə
yaxın apardığımız araşdırmalar nəticəsində
XIX əsrin ikinci yarısı və XX əsrdə Şirvan
bölgəsində yaşayıb-yaratmış yüz nəfərdən
artıq balaban-zurnaçılar barədə əlyazma, şəxsi
arxiv, şəxsi arxiv, ustad sənətkarların
yaddaşı və sənətkarların uzaq qohumları,
qocaman ziyalılar, həmyerlilərindən xeyli məlumat,
şəkil, sənədlər əldə etmişik. Bəzi Şirvan balabançıları barədə
müxtəlif mətbuat səhifələri və kitablarda
verilən oçerk, məqalələri istisna etsək, demək
olar, Şirvanda yaşayıb-yaratmış ustad
balabançıların ömür yoluna həsr edilmiş
ayrıca kitab tərtib edilməyib.
Mənbələrdə balaban-zurna aləminin təxminən
3 min ilə yaxın yaşı olduğu söylənilir. Təbii ki, bu
illər ərzində bu alət formadan formaya
düşüb, yeniləşib, təkmilləşib. Xalqımızın istedadlı övladlarl bu qədim
alətlərdə əsrlər boyu mahnılar bəstələyib
və ifa ediblər. Bir sözlə, uzun əsrlər
boyu türk dünyasında bu alətləri dinləndirən
minlərlə-insanlar sənət biliciləri olub...
Eləcə
də Azərbaycanımızın qədim diyarı
Şirvanda... Uzun illərin
araşdırmaları nəticəsində Şirvanda ustad
aşıqların yol yoldaşı olmuş
balabançılar haqqında müəyyən məlumatlar əldə
etmiş, şəkil, sənəd və xatirələr
toplamışıq. Qeyd etdiyimiz kimi,
Şirvan aşıq mühitinin özəllikləri
çoxdur. Həmin özəlliklərdən
biri də ondan ibarətdir ki, Şirvan aşıq
ansamblında balabanın ayrıca yeri olub. Düzdür, əsasən ritm üzərində
qurulan Şirvan aşıq havalarının ifası zamanı
nağara, qoşa nağara, da müstəsna əhəmiyyət
kəsb edir. Amma balabançı və dəmkeş
dastan söylənilən zaman daha fəal olurlar Şirvan məclislərində.
Otuz ilə yaxın Şirvanın - Şamaxı, Qobustan,
Ağsu, Kürdəmir, İsmayıllı, Hacıqabul, Ağdaş,
Göyçay və s. bölgələrində
apardığım tədqiqatın nəticəsində XIX əsrin
əvvəllərindən bu günə kimi yaşayıb
yaradıb, balaban-zurna sənətinin yaşamağı,
inkişaf və təbliğ olunmasında xüsusi yeri
olmuş yüz nəfərdən artıq sənətkar
haqqında məlumatlar əldə etmişik.
Bizə belə gəlir ki, XIX-XX əsrlərdə
Şirvan bölgəsində yaşayıb-yaradan
balabançıların həyat və
yaradıcılıqlarının araşdırılması
Şirvan aşıq mühitinin öyrənilməsi
üçün böyük əhəmiyyət kəsb edir. Tədqiqatımız
zamanı XIX əsrdə yaşamış sənətkarlardan
fərqli olaraq, XX əsrdə yaşamış
balabançılarının çoxunun doğmalarından
onların şəxsi arxivlərini də əldə
etmişik. Həmin şəxsi arxivlərdə
əsasən, “nağıl dəftərləri”, aşıq
havaları haqqında məlumatlar, müxtəlif illərin qəzet
və jurnal nüsxələri, festival, konsert proqramları, dəvətnamələr,
müxtəlif səpgili qeydlər bir əsrin dəyərli mənbələri
olduğu kimi, həm də misli-bərabəri olmayan qiymətli
incilərdir, sənədlərdir.
Heç yaz aylarında şəfəq söküləndə
ömründə bircə dəfə də olsa qara zurna
“İlan dili” çıxarıb öz səsi ilə aləmi
başına götürəndə ona qulaq asmısanmı? O səsi eşitməmisənsə,
çox heyıf! Səhərin təmiz
havasını uda-uda xəyal insanı, o musiqi sədaları
altında haralara aparır, bilirsənmi? Yəqin ki, dərd-sərin
“belin qıran ” qara zurnanın şaqraq səsini
dinlədikcə insanın ürək döyüntüsü,
hətta damarında çırpınan qanın da səsi
eşidilir. Sehirli səsi dinlədikcə
qulaqlarında Koroğlu nərəsi, Qırat kişnərtisi
cövlan etməmiş olmaz. Görəsən
zurna sədası bu aləmdə niyə belə
haraylıdır?
Nədir qara zurnanı fəğanə çəkən? Mənə görə, bu
haray aləmin yox, mənsub olduğu xalqın əsrlər
boyu azadlığı uğrunda apardığı mübarizənin,
haqsızlıqlara etirazın, döyüşlərin
harayıdır! Belə olmasaydı, xalq yadellilərə
qarşı mübarizədə qara zurnanı özünə
ilahi qüvvə hesab etməzdi. Axı igidlərimiz, ərənlərimiz
qara zurnada çalınan “Cəngi” sədalarından,
güc-qüvvət alıb döyüş meydanına
atılıblar...
Məncə,
qara zurna öz fikrini, sözünü şeirdən daha zil
deyə bilir “Cəngi” sədalarında! Şübhə yeri
qalmır! Çox zildir “Cəngi”nin sədası.
Bu zilliyə ancaq qılınc, əmud, toppuz
toqquşmaları nəfəs çatdıra bilər.
Bir də ki, yağı düşmən gülləsinə
tuş gəlib, dünyaya əlvida deyən nişanlı
övladının müsibətinə göynəyə-göynəyə
“oğul vay”,- deyən anaların ürək kövrəldən
harayı, qışqırıqları, bədahətən
çəkdiyi ağrılar. Ya da ki, Cıdır
meydanında kəhərlərin ayaqlarından par-par
parıldayan gümüşü nalların arabir daşlara
toxunduğu zaman çıxardığı səs yarada bilər
o zilliyi! Bir də dəmirçilərin zindan üstündə
yola gətirmək istədikləri polada dəyən çəkic-zindan
verə bilər o səsi!
Öz-özümə çox düşünüb, belə
suallarla çox müraciət etmişəm. Görəsən, o səsi,
o zilliyi ilk dəfə kim yaradıb, kim ifa
edib qara zurnada? “Cəngi” görəsən
hansı əsərdə, hansı döyüş himni kimi
yaradılıb və ya hansı döyüş
üçün nəzərdə tutulub? Çətindir
belə düşüncələrə, suallara dəqiq cavab
vermək. Ona görə ki, neçə-neçə
uzaq keçmişdə savaş meydanı, güləş
meydanının şahidi olub ”Cəngi” sədası
! Bir həqiqət var ki, savaş da, güləş
də, cıdır meydanı da insan oğlu yaranandan
yaranıb. Bəlkə də ilk dəfə Qobustandakı
qaval daşında ifa ediblər bu sədanı, harayı! Nə
isə bilmək çətindir “Cəngi” harayının
yaşını, yaranışını... Bir
onu bilirik ki, tarixi mənbələrdə bu havanın
sorağı lap uzaqlara gedib çıxır. Fərəhlənirik
ona görə ki, öz soydaşımız
yaratmışdı o çalğını! Şükürlər
olsun ki, ata-babalarımız uzaq əsrlərdən ta
günümüzə qədər yaşada bilmişlər
zurna sədalı “Cəngi”mizi. Hansı alətdə
çalınırsa çalınsın, məncə, “Cəngi”
zurnanın boyuna biçilib. Təkcə zurnada onun səsi
ilə sanballı, tutumlu yaratmaq olur o hay-harayı, bənzərsiz
sədanı!
Zurna çalınanda təkcə insanların
sümüyü alçı durmur, təkcə insanlar deyil,
hətta yer-göy də silkələnir, oynayır bu
haraya-çaylar da, sular da gur axır, dəniz nərə
çəkir.
Dağlar yollara cərgələnir,gül-çiçəklər
qamətini sazlayır. Çinarlar sanki bir də
şümşadlaşır, bülbüllərin cəh-cəhləri
donur, kəkliklərin qaqqıltısı da bərk dəyir
qayalara və şaqraq əks-səda verir, qurdlar da ucadan
ulayır, ceyranlar ayaq saxlayır. Bəli, insan oğlunun
nəfəsi ilə dilə gələn qara zurnanın
sirli-sehirli səsi əsil möcüzələr yaradır...
Seyfəddin Qəniyev
professor
Xalq Cəbhəsi.-
2015.- 23 oktyabr.- S.14.