“Vedililər erməni polkunu tamamilə
darmadağın etdilər”
Abbasqulu bəy
Şadlinskinin qəhrəmanlığı ilə
bağlı tarixi faktlar
1828-ci il
Türkmənçay müqaviləsindən sonra İrandan və
Türkiyədən Azərbaycan torpaqlarına kütləvi
şəkildə köçürülüb, xüsusilə
İrəvan, Naxçıvan və Qarabağ
xanlıqları ərazisində məskunlaşdırılan
ermənilər tədricən bölgədə mövqelərini
möhkəmlədib, milli ayrı-seçkilik,
separatçılıq fəaliyyəti ilə məşğul
olurlar. Tarixi şəraitin doğurduğu ilk
fürsətdə – 1905-ci ildə isə torpağında məskunlaşıb,
çörəyindən yedikləri azərbaycanlılara
qarşı soyqırımı həyata keçirirlər.
Bu soyqırımı 1917-1921-ci illərdə
özünün kulminasiya nöqtəsinə qalxır,
bütün Cənubi Qafqazı, Şərqi Türkiyəni və
Cənubi Azərbaycanı ağuşuna alır. Belə bir ağır vəziyyətdə yerlərdə
əhali öz təhlükəsizliyini təmin etmək,
özünümüdafiə dəstələri yaratmaq barədə
düşünməli olur.
İrəvan quberniyasının İrəvan qəzasının
Vedi nahiyəsinin rəisi, 32 yaşlı Abbasqulu bəy
Şadlinski də elə həmin vaxtlar Böyük Vedinin və
ətraf kəndlərin igidlərindən silahlı dəstə
yaratmağa başlayır. Xalq arasında böyük nüfuz
sahibi olan Abbasqulu bəy az vaxtda bu işin
öhdəsindən uğurla gəlir və həmin dəstə
tezliklə “Mübariz dəstə” adı ilə məşhurlaşır.
Bu, həmin Abbasqulu bəydir ki, hələ
sağlığında qəhrəmanlığına
aşıqlar şeirlər qoşub, özünün və
silahdaşlarının şəxsiyyəti və qəhrəmanlığı
haqqında el arasında çoxlu rəvayətlər
dolaşıb. Abbasqulu bəyin şəxsiyyət
və qəhrəmanlığı da böyük bir ərazidə
təsadüfən şöhrət tapmamışdı.
Gerçəkdə kim idi Abbasqulu bəy
Şadlinski və o, bu ümumxalq məhəbbətini necə
qazanmışdı?! Bu suala obyektiv cavab vermək
üçün Abbasqulu bəy Şadlinski tarixi kimliyinə
qısaca nəzər yetirmək istərdik.
1918-ci ilin ilk ayında İrəvan vilayətində erməni
daşnaklarının daha da fəallaşması Vedibasar
mahalında da sabitliyi pozur. Silahlı
daşnakların vilayətin müsəlman kəndlərinə
basqınları artıq sistemli şəkil alır. Ermənilər
kəndlərə qəfildən hücum edir, dinc əhaliyə
vəhşicəsinə divan tutur, onları
qılınçdan keçirir, var-dövlətlərini
talayıb aparır, evlərinə, mülklərinə od vurub yandırırdılar. Faciənin
miqyasını təsəvvür etmək üçün
belə bir faktı xatırlatmaq yetərincədir ki, İrəvan
hadisələri o vaxt Zaqafqaziya Seyminin 5 fevral, 7 fevral, 19 fevral
və 20 fevral 1918-ci il tarixli iclaslarında müzakirə
olunmuş və Seym vəziyyətlə yerindəcə
tanış olmaq üçün İrəvana nümayəndə
heyətləri göndərib.
Həmin dövrün əks-sədası olan hesabatlardan
biri də A.Novatskinin rəhbərliyi ilə hadisə yerlərində
olmuş Fövqəladə İstintaq Komissiyası tərəfindən
hazırlanmış arayış-məlumatdır. Həmin arayışdan məlum
olur ki, 1918-ci ilin martınadək İrəvan
quberniyasının təkçə dörd – İrəvan,
Sürməli, Eçmiədzin və Yeni Bayazid qəzalarında
ermənilər 197 müsəlman kəndini dağıdıb,
bu kəndlərdə yaşayan 135 min nəfərə qədər
əhalinin əksəriyyətini qətlə yetirib, sağ
qalanlar isə qaçıb ətraf bölgələrə –
Azərbaycan, İran və Türkiyənin müsəlman kəndlərinə
sığınıblar. Erməni fəlakəti
bütün bölgəni bürümüşdü. Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan
sonra da bu fəlakətin qarşısını almaq
mümkün olmadı.
Bölgədə tarixi vəziyyət belə idi. Lakin belə
bir tarixi vəziyyətdə bölgədə erməni
faşizminin qarşısını kəsə bilən
möhtəşəm bir qüvvə meydana
atılmışdı – Abbasqulu bəy Şadlinskinin
başçılığı ilə yaradılmış
Milli Hökumət və özünümüdafiə ordusu.
Xalq bu hərəkatı, onun ordusunu və bu
ordunun komandanını yekdilliklə qəbul etmiş,
bütün mahalın əli silah tutanları bu orduya
yazılmış, könüllü olaraq Abbasqulu bəyin sərəncamına
keçmişdilər. Artıq xalq
arasında Abbasqulu bəy haqqında rəvayətlər
dolaşmaqda idi, hamı onun gülləbatmaz olduğuna
inanırdı. Hamı onun ədalətinə,
qəhrəmanlığına güvənir və
sığınırdı. Abbasqulu bəy
bu inamı orduda yaratdığı hərbi intizam və
qanun-qayda ilə də qazanmışdı. Bütün qərarlar kollegial surətdə qəbul
olunar, qəbul olunmuş qərar hamı üçün
qanun olardı. Bu qərarların
icrasına o özü məsuliyyət daşıyardı,
heç kəs qəbul olunmuş qərara qarşı
çıxmağa, onun bir sözünü iki etməyə cəsarət
etməzdi, cəsarət edənlər müharibə
dövrünün qanunlarına uyğun olaraq dərhal və
yerindəcə cəzalanardı.
Yeni
yaradılmış qondarma Ararat daşnak hökumətinin mərkəzinin
yerləşdiyi İrəvan şəhərindən cəmi
30-35 km-lik məsafədə yerləşməyinə
baxmayaraq, ermənilər xeyli vaxt idi ki, Vedibasar mahalına
soxulmağa cəsarət etmirdilər. Lakin
Abbasqulu bəyin başçılıq etdiyi silahlı
özünümüdafiə qüvvələrinin gündən-günə
güclənməsi daşnak hökumətini artıq əməlli-başlı
narahat etməyə başlamışdı.
Vedibasar ermənilər üçün bir də ona
görə təhlükə mənbəyi idi ki, bu mahal
mühüm strateji nöqtədə – İrəvanla
Naxçıvan arasında yerləşirdi. Bu da ermənilərin
Naxçıvanı Ermənistana birləşdirmək
arzusuna ciddi maneçilik törədirdi. Halbuki
daşnaklar belə hesab edirdilər ki, daşnak lideri
H.Kaçaznuninin sözləri ilə desək, “tatar (yəni
azəri – Ə.Ə.) Şərur-Naxçıvanından
ayrılıqda Ermənistan dövləti mövcud ola bilməz”.
Digər tərəfdən, Vedibasar mahalı həm də
İrəvanla Dərələyəz-Zəngəzur
mahalları arasında yerləşməklə hər iki
istiqamətdə (İrəvan-Dərələyəz və
İrəvan-Naxçıvan) cəmləşmiş
daşnak qüvvələrinin həlledici məqamlarda bir-birlərinə
yaxınlaşmasına, birləşməsinə imkan vermirdi. Bunu nəzərə alan ermənilər 1918-1920-ci illərdə
Vedibasar üzərinə nə az-nə çox, düz
beş dəfə hücuma keçir və hər dəfə
də darmadağın edilirlər.
Türkiyədə
məğlub olub, Araz çayını keçərək
Naxçıvana soxulmuş “Van“ və “Sasun“ daşnak
alayları Andronikin əmri ilə 1918-ci ilin dekabr – 1919-cu ilin
yanvar aylarında Vedibasarın Şahablı, Qədirli,
Qaraxaç və b. kəndlərinə basqın edib burada
misli görünməmiş vəhşiliklər törədir,
dinc əhalini ayrı-ayrı binalara yığıb diri-diri
yandırırlar. Hadisə yerinə çatan
vedibasarlılar – Abbasqulu bəyin və Kərbəlayı
İsmayılın dəstələri erməniləri xeyli tələfata
uğradaraq kəndlərdən vurub çıxarırlar.
Bu hadisələr zamanı Azərbaycan aşıq sənətinin
görkəmli nümayəndələrindən biri –
Şahablı Aşıq Cəlil daşnaklar tərəfindən
əsir alınır, ondan Andronikin şərəfinə
oxuması tələb olunur. Aşıq Cəlil isə, əksinə,
üzünü Böyük Vedi kəndi tərəfə
tutub, ermənilərə dəfələrlə qan udduran
Abbasqulu bəyin şərəfinə, onu imdada
çağıran qoşma oxuyur:
Vedinin
dağları batıbdır yasa,
Andranik istəyir Vedini basa.
Bir namə
yazmışam o xan Abbasa,
Yazmışam
durmasın haraya gəlsin,
Yağı
salıb bizi araya gəlsin!
Çat
haraya, bəyim, nicat günüdür,
Vedinin
davası, qeyrət günüdür!
Bu şeirdən sonra ermənilər elə oradaña aşığı yerə
yıxıb, dilini dibindən qoparır, sonra da üstünə
neft töküb, sazı ilə birgə gərmə
qalağı içərisində diri-diri yandırırlar. Abbasqulu bəyin
hərbi uğurları o vaxt Azərbaycan Demokratik Cümhuriyyətinin
diqqət mərkəzində idi. 1919-cu ilin iyun-iyul
aylarında daşnak hökumətinin polkovnik Aprosimovun
başçılığı ilə Vedibasar mahalı
üzərinə hücumu vedililər tərəfindən
darmadağın ediləndə Azərbaycan Cümhuriyyətinin
İrəvandakı nümayəndəsi Məhəmməd
xan Təkinski buradan Bakıya - Azərbaycan hökumətinə
məlumat verərək böyük qürurla
yazmışdı: “Böyük vedililər erməni polkunu
tamamilə darmadağın etdilər və polk,
demək olar ki, bütün heyətini itirdi“.
Bu məğlubiyyətdən sonra erməni hərbi
komandanlığı Vedibasar üzərinə yeni hücum
hazırlamaq və həyata keçirmək üçün
Droya xüsusi tapşırıq və hər cür səlahiyyət
verir. Dro yaxşı təlim görmüş və
silahlanmış nizami qoşunla yanaşı, peşəkar
daşnak mauzerçilərini də hücuma cəlb edir.
O, tezliklə Vedibasar mahalına od vurub,
Böyük Vedi kəndinin külünü göyə
sovuracağı barədə daşnak hökumətinə
söz verir. Azərbaycan hökuməti
daşnakların Vedibasara bu hücumunun
qarşısını almaq üçün çox
çalışır. Ararat
Respublikasına rəsmi nota verir. Lakin
qarşı tərəf bu notanı rədd edir.
Abbasqulu bəy
İrəvandakı ingilis missiyası tərəfindən
aldadıdıb İrəvana aparılıb, burada həbs ediləndə
də Bakıdan Məhəmməd xan Təkinskiyə
teleqramlar vurulur ki, nə edirsən et, təcili
olaraq Abbasqulu bəy azadlığa çıxsın. Hətta
sovet hakimiyyətinin ilk ilində Naxçıvan erməni
işğalı təhlükəsi altında qalanda da Nəriman
Nərimanov Naxçıvanın o vaxtkı Hərbi
İnqilab Komitəsinin sədri Bahadur Vəlibəyova teleqram
vuraraq təkid edir ki, təcili Abbasqulu bəy Şadlinski
Arazın o tayından (Abbasqulu bəy 1920-ci ilin iyulundan sonra
Güney Azərbaycana mühacirət etmişdi)
Naxçıvana dəvət edilsin və ona daşnaklara
qarşı mübarizədə hər cür şərait
yaradılsın.
Əslində tarixi şəxsiyyəti və erməni
işğalçılarına qarşı apardığı
milli azadlıq mübarizəsinin xarakteri baxımından da
Abbasqulu bəy tam bir epos qəhrəmanıdır. Elin ən ağır
günlərində at belinə qalxan Abbasqulu bəy qısa
vaxtda böyük bir dəstə yaradır, təkcə
Vedibasar mahalında yox, bütün İrəvan
çuxurunda, Dərələyəzdə, Şərurda ad
çıxarır, onun dəstəsinə yaxın-uzaq ellərdən
igidlər axışıb gəlir, Abbasqulu bəy
bütün döyüşlərdən qələbə ilə
çıxır və s.
Elə buna görə də Abbasqulu bəy Şadlinski
ilə bağlı uzun müddət araşdırma
aparmış görkəmli tədqiqatçı Əli
Şamil belə qərara gəlir ki, “Ya Abbasqulu bəy
Şadlinski haqqında dastan qoşulub, ya da buna təşəbbüs
göstərilib”. Bu istiqamətdə axtarışlar aparan
Əli müəllim Abbasqulu bəylə bağlı xeyli rəvayətlər,
şeirlər və şeir parçaları ortaya
çıxarır. Toplanmış
bütün folklor mətnlərini təhlil edən Əli
Şamil haqlı olaraq belə qənaətə gəlir ki,
“Abbasqulu bəy Şadlinski haqqında dastan yaradılmasına
təşəbbüs olub. Bunun
üçün zəngin material olduğu kimi, münbit şərait
də varmış. Sovet hakimiyyətinin gəlişi
və yeritdiyi siyasət bu dastanın yaranmasını və
formalaşamasını əngəlləyib”.
Təbii ki, Əli müəllimlə razılaşmamaq
mümkün deyil. Görünür, Abbasqulu bəylə
bağlı yazılı və şifahi yaddaşlarda olan
bütün mətnlər toplandıqdan sonra bəzi mətləblərə
təzədən qayıtmaq mümkün və lazım
olacaq. Görkəmli tədqiqatçı
İsrafil Məmmədov da əsərlərində Abbasqulu bəy
Şadlinskini “sağlığında dastanlaşıb ölməzliyə
qovuşan xalq qəhrəmanı” kimi xarakterizə edib.
Mətnin, onun struktur elementlərinin
çoxvariantlığı folklorun əsas xüsusiyyətlərindən
sayıldığı kimi, Abbasqulu bəy Şadlinski ilə
bağlı şeir və rəvayətlərdə də bu
çoxvariantlılıq açıq-aydın müşahidə
olunmaqdadır.
Həm də ki, nəinki Abbasqulu bəylə
bağlı şeir və rəvayətlərdə, hətta
Abbasqulu bəyin özü ilə bağlı faktlarda da
çoxvariantlılıq baş alıb gedir. Bu çoxvariantlılıq onun ölümü ilə
bağlı da mövcud olub, mövcuddur və yəqin ki,
sonsuza qədər də davam edəcək. Bunu müşahidə edən görkəmli
yazıçı Fərman Kərimzadə özünün məşhur
“Vedinin yanı dağlar” etnoqrafik əsərində
yazırdı ki, “Abbasqulu bəyin kimin tərəfindən
öldürülməyi Vedibasarda sonu görünməyən
bir mübahisədir”.
Abbasqulu bəy
Şadlinskinin Azərbaycanın milli tarixinə
yazdığı o şanlı səhifədən bir əsrə
yaxın zaman keçməyinə baxmayaraq, onun və
silahdaşlarının şəxsiyyət və mübarizəsi
nəinki unudulmur, həm də xalq yaddaşında
dolaşır, yaşayır…
Əziz Ələkbərli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2015.- 24 oktyabr.-
S14.