“Məni ancaq ermənilər
vurar“
Behbud xan Cavanşir
İstanbulda erməni terrorçuları tərəfindən
qətlə yetirilib
1920-ci ildə Azərbaycanda Sovet höküməti
qurulduqdan sonra ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli simalarına qarşı terror aktları həyata
keçirdilər. 1920-ci ilin mayında Nəsib bəy Yusifbəyli, iyununda
Fətəli Xan Xoyski, iyulunda isə Həsən bəy
Ağayev Tiflis şəhərində erməni
terrorçuları tərəfindən qətlə yetirildilər.
Belə acınacaqlı tale yaşayan insanlardan
biri də Qarabağda Cavanşirlər nəslinin nümayəndəsi,
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin daxili
işlər naziri olmuş Behbud Xan Cavanşir idi.
Behbud Xan Cavanşir Qarabağ xanlığının əsasını
qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin
oğludur. O,
1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində
anadan olub. 1890-cı ildə alman dili təmayüllü
Tiflis realnı məktəbinə daxil olub və oranı
müvəffəqiyyətlə bitirib. 1902-ci
ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına daxil
olan Behbud xan burada neft sahəsi üzrə mükəmməl
təhsil alıb və mühəndis ixtisasına yiyələnib.
O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu
ilə bitirən ilk azərbaycanlı idi. 1906
ilin qışı, yazı və yayında daşnaklar
Şuşada və bütün Qarabağda, Naxçıvan və
İrəvanda azərbaycanlılara qarşı
soyqırım həyata keçirdilər. Avqustun ilk günlərində Şuşaya gələn
Behbud xan, Əhməd bəy Ağayevlə birgə burada
Qafqaz ümummüsəlman müdafiə komitəsini -
"Difai" partiyasını yaratdılar.
Alman
dilini mükəmməl bilən, fransız, rus, gürcü
dillərində sərbəst danışan Behbud xan ingilis
dilini də öyrənmək üçün bir il müddətində İngiltərəyə
gedir. Londonda kurs keçir. Qərbi
Avropadakı həyatı və təhsili onun ictimai-siyasi xadim
kimi formalaşmasına böyük təsir göstərir.
1907-ci ildə vətənə qayıdan Behbud
xan Bakıda Şibayevin neft mədənində baş mühəndis
vəzifəsində çalışır.
O zamanlar
neft mədənlərini mühafizə edən Bakı şəhər
polisinin əmək haqları neftdən gələn gəlirin
3 faizi hesabına ödənilirdi. Behbud xan
Cavanşir vaxtilə Almaniyadan gətirərək Qarabağda
torpaq sahələrində əkdirdiyi buğda növləri və
xüsusi damazlıq mal-qaranı, uşaqlıq dostu Əlfinin
fermer təsərrüfatına gətirilməsinə nail
olur. Qarabağda “Behbudun çörəyi”,
“Əlfinin qatığı” sözləri məhz bu səbəblə
yaranm və xalq arasında bir deyim kimi istifadə edilmişdi.
O vaxt Qarabağda yolların abadlaşdırılması,
buraya ilk avtomobilin gətirilməsi də məhz Behbud Xan
Cavanşirin adı ilə bağlıdır (Nəsibzadə
Nəsib).
Behbud xan
“Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən
biri olmaqla yanaşı həm də xalqın maariflənməsi
üçün xidmət göstərən ”Nicat”
Cəmiyyətinin üzvü idi. Bu xeyriyyə cəmiyyətləri
Azərbaycanda və Türkiyə ərazisində baş verən
hadisələrə, erməni vandalizminə biganə
qalmır, erməni zülmündən əziyyət çəkən
xalqa yardım əlini uzadırdı. Azərbaycan milli
burjuaziyası, Hacı Zeynalabidin Tağıyev başda olmaqla
Ərzurum, Kars, Van, Ərdahan bölgəsində ermənilərin
müsəlman əhaliyə qarşı təxribat və qətllərinin
qarşısını almaq üçün həm öz
nümayəndələri vasitəsiylə maddi yardım, ərzaq
göndərir, həm də Ərzurumda Azərbaycan Müsəlman
Xeyriyyə cəmiyyətlərinin şöbəsini
yaradırdılar.
Bütün
bunları görən, istər Anadoluda, istərsə də
Azərbaycanda baş verən milli qırğınların
qarşısını almağa səy göstərən
Behbud Xan 1918-ci il iyunun 17-də Fətəli
xan Xoyskinin baş nazir olduğu Azərbaycan Xalq Cümhuriyyətinin
ikinci hökümət kabinəsində daxili işlər
naziri vəzifəsini tutur. Behbud xan Cavanşirin
Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi
dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və
vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə
bir sıra əməli işlər görülür. Yeni yaradılan nazirlik və onun tərkib hissəsi
olan polis Azərbaycanda müstəqil dövlətin
formalaşması, milli maraqların qorunmasında mühüm
rol oynayır.
Behbud Xan polis əməkdaşlarının fəaliyyətinə
və qayğılarına yaxından bələd idi. Onun təqdimatı ilə
Azərbaycan hökuməti 1918-ci il iyulun
2-də Milli Şurada Gəncə quberniyasının 9 qəzasında
polis orqanlarının təsis edilməsi haqqında qərar
qəbul etdi. Hazırda qüvvədə olan “2
iyul- Polis Günü” də məhz həmin qərar əsasında
təsis edilib. Behbud Xan Cavanşirin 1918-ci
ilin iyulun 17-dən dekabrın 7-dək daxili işlər naziri
olduğu dövrdə Bakı erməni-daşnak quvvələrindən
təmizləndi və Azərbaycan Xalq Cumhuriyyətinin
paytaxtı Gəncədən Bakıya köçdü.
Daxili İşlər nazirliyi “Metropol” mehmanxanasının
binasında (indiki Nizami adına Ədəbiyyat
muzeyinin yerləşdiyi binada) fəaliyyət göstərir və
ölkənin asayişi buradan təmin olunurdu. Behbud
xan daxili işlər naziri işlədiyi dövrdə,
Bakıda İçəri Şəhərdə polis
müdavimləri hazırlayan məktəb açılır.
Məktəbdə 1200 müdavimin təhsil
alması nəzərdə tutulurdu.
1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin
hökuməti tərkibində kabinədaxili dəyişikliklərdən
sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla
yanaşı həm də ticarət və sənaye naziri vəzifəsini
yerinə yetirir. O, bu vəzifədə yerli sənayenin
inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin
xarici ölkələrlə əlaqələrinin
yaradılmasına təşəbbüs göstərir. 1918 il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti
ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi
haqqında müqavilə imzalanır. Azərbaycan
tərəfindən bu müqaviləni Behbud xan Cavanşir
imzalayır. Bu sənədlərə görə, tərəflər
arasında dəmir yolu ilə daşınan yüklər
üçün 1 il müddətində
azad tranzitə, gömrük rüsumu alınmamasına
razılıq verilir. Partiya mənsubiyyəti sarıdan bitərəf
olan Behbud xan Cavanşir 1918-ci il dekabrın
7-də Azərbaycan Parlamentinə üzv seçilir. O,
parlamentdə fəaliyyət göstərən bitərəflər
fraksiyasının üzvü olur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
bolşeviklər peşəkar mühəndis kimi tanınan və
xariclə əlaqələri olan Behbud xana toxunmurlar. Azərbaycanda
Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman
Nərimanov Behbud xanı neft-mədən avadanlığı
almaq üçün Almaniyaya göndərir. Beləcə 1921-ci ilin iyulunda həyat yoldaşı
Tamara xanım, eləcə də qardaşları Surxay və
Cümşüdlə birlikdə Behbud xan Cavanşir
İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı
olur. Əhməd bəy Ağaoğlunun qızı
Sürəyya xanım sonralar öz xatirələrində
yazır: "Atam Maltadan qayıtdıqdan sonra erməni
tanışlarından bir professor bizə gələrək
atamın adının ermənilərin qara siyahısında
olduğunu və onu xəbərdar etməyi özünə
borc bildiyini söylədi. Azərbaycanın
daxili işlər naziri olmuş Behbud xan Cavanşirin də
adının ermənilərin “qara siyahı”sında olması
xəbərini ondan aldıq”.
1921-ci il
iyulun 17-də Behbud xan həyat yoldaşı Tamara xanım və
qardaşları Cümşüd və Surxayla birgə
axşam saat 23 radələrində “Təpəbaşı”
ailə restoranından çıxıb “Pere Palas” otelinə
yönəldikləri zaman arxadan qaçaraq gələn,
şapkasını gözünün üstünə
basmış cılız, kəsik bığlı, əyri
burunlu erməninin “Mauzer” markalı tapançadan bir neçə
dəfə açdığı atəş nəticəsində
ağır yaralanır. Behbud Xanın kiçik
qardaşı Cümşüdün də üzünü
güllə mərmisi sıyırıb keçir. Bu zaman Qalatasaray karakolunun polis məmuru erməni
terrorçu Mişaq Torlakyanı yaxalayır. Behbud xan xəstəxanaya çatdırılsa da,
onun həyatını xilas etmək mümkün olmur.
Ölüm ayağında onun son sözləri belə olur:
"Mənim şəxsi düşmənim yoxdur. Məni vursa-vursa, ancaq ermənilər vurar".
Çox keçmədən Behbud xan xəstəxanada
gözlərini əbədi yumur. O, İstanbulda
Beşiktaşda Yəhya Əfəndi dərgahı qəbristanlığında
dəfn olunur.
1921-ci ilin iyulun 18-də Behbud xanın ölümündən
3 gün sonra onun dəfn mərasimi kütləvi
nümayişə çevrilir. Həmin vaxt
terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının
yerləşdiyi “Kroker” otelində saxlanılırdı.
Mişaq Torlakyan “Daşnaksütyun”
partiyasının üzvü idi və Azərbaycanda “1918-ci il
mart qırğınları”nda xüsusi fəallıq göstərmişdi.
İstanbul ingilis işğalı altında olduğundan
cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi
tribunalı tərəfindən mühakimə edildi. Qısa vaxtda
ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər
olundular. Behbud xan Cavanşir tərəfdən isə
şahidlər təəccüb və təəssüf
doğuracaq qədər az idi – cəmi 6 nəfər.
Şahidlərin sayı arasındakı kəskin
fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl
mahiyyətinin açılmasına, erməni qatilinin ifşa
edilməsinə nail oldular. Məhkəmədə ittiham
şahidi qismində ifadə verən "Azərbaycan" qəzetinin
müxbiri, ixtisasca hüquqşünas olan Şəfi bəy
Rüstəmbəyli prokuror Qribbonun, məhkəmənin sədri
Freezin suallarını inandırıcı dəlillərlə
cavablandırdı və Azərbaycan nümayəndələrinin
gərgin səyi nəticəsində prokuror daşnak
terrorçu Mişak Torlokyan üçün ölüm
hökmü tələb etdi. Lakin səhərisi
gün gözlənilmədən prokuror işdən
uzaqlaşdırıldı. Məhkəmədə
iştirak edən hüquq fakültəsinin tələbəsi
Sürəyyə xanım Ağaoğlu sonralar bu məhkəmə
prosesi haqda bunları yazır: “Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror
onun üçün ölüm cəzası istədi. Doğrusu, biz prokurordan belə qərarı gözləmirdik.
Lakin həmin prokuror 24 saatın içərisində
Türkiyədən uzaqlaşdırıldı. Onun yerinə gətirilən yeni prokuror isə
müttəhimin bəraətini istədi”.
Behbud Xan Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi
təssüf ki, erməni terrorçunun bəraət
alması ilə nəticələndi. Məhkəmə prosesində
terrorçunu az qala ”milli qəhrəman”
kimi qələmə verən ermənilər onu ingilislərin
köməyi ilə vəkili Hasuryanla birlikdə Amerikaya
qaçırdılar. Behbud xanın həyat
yoldaşı Tamara xanım isə Behbud xanın
ölümündən sonra Moskvaya getdi və repressiya illərində
Sibirə sürgün edildi.
“XX əsrin məhkəməsi” adlanan Azərbaycanın
sabiq daxili işlər naziri Behbud xan Cavanşirin məhkəmə
prosesi erməni havadarlarının təzyiqi nəticəsində
ört-basdır edildi. Cinayət cəzasız qaldı. Bu, insan haq və hüquqlarını əldə rəhbər
tutan Avropa hüquq məhkəməsi tarixində “qara ləkə”
olaraq yaddaşlarda qaldı. Bəlkə elə
bu cəzasızlığın nəticəsidir ki, XX əsrin
əvvəllərində terrorun miqyası daha da genişləndi.
Zaman ötür, illər dəyişir ancaq erməni
şovinistlərin xisləti dəyişmir. Erməni
terror təşkilatları bu gün də təhdid,
soyqırım cinayətlərindən əl çəkmirlər.
Dünyanın gözü qarşısında baş verən
Xocalı soyqırımında ermənilər 613 nəfər
dinc azərbaycanlını, 63 uşağı, 106
qadını, 70 yaşlı insanı bir neçə
saatın içində amansızlıqla qətlə yetirməklə,
vaxtilə dünyanı lərzəyə salmış
faşizmi də geridə qoyaraq dünyanın ən qəddar
milləti olduqlarını təsdiq etdilər.
Mahir Qəribov
araşdırmaçı
Xalq Cəbhəsi.-
2015.- 27 oktyabr.- S14.