Azərbaycanda vətəndaş cəmiyyəti
Qanunvericilik, faktlar, tələblər
və reallıq
Azərbaycanda müasir qeyri-hökumət təşkilatı (QHT) sektorunun yaradılması 1980-ci illərin sonlarında başlamışdır. Sovet imperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb etməyə başlayırdılar. Bakıda yaşayan ziyalılar sosial fəaliyyətlərlə məşğul olmağa meylli olan ilk şəxslər idi. Dağlıq Qarabağın erməni təcavüzü və işğalı ilə xarakterizə olunan faciəli dövrdən xalqı xilas etməyə çalışan ziyalılar öz siyasi iştirak dairələrini genişləndirir, eləcə də müxtəlif sosial təşkilatlar və xeyriyyə cəmiyyətlərini yaradırdılar. SSRİ-nın dağılmasından sonra vətəndaşları təsisatlarda birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri yarandı. İlk təşəbbüslərdən biri 15 avqust, 1989-cu ildə yaradılmış “Qarabağa Xalq Yardımı Komitəsi” olmuşdur. Həmin ilin dekabr ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılmışdır. Hər iki təşkilat Dağlıq Qarabağın müharibədən zərər çəkmiş əhalisi və məcburi köçkün düşənlər üçün maliyyə dəstəyini təmin edirdi. Həmçinin bu Komitə Azərbaycan müstəqil mətbuatının əsasını qoyan “Azərbaycan” qəzetini nəşr etmişdir. Bu qəzet alternativ ictimai fikrin təbliğ edilməsində müstəsna rol oynamışdır.
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti daha əlverişli şəraitdə inkişaf etmək imkanı əldə etdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiya həm dövlətçilik, həm də vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənədə çevrildi. Əslində müasir və beynəlxalq standartlara əsasən yaradılmış və fəaliyyət göstərən QHT-lər yalnız Azərbaycanın müstəqillik qazanmasından sonra, əsasən 1995-ci ildə
Konstitusiyanın qəbulundan sonra yaradılmışdır.
2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanun qəbul edildi və bu qanunla milli QHT platforması, Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor təsisatının yaradılması üçün hökumət, QHT-lər və ekspertlərin səyləri gücləndirildi.
Azərbaycan, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (ACİYF-Azərbaycan), Counterpart İnternational və digərləri kimi beynəlxalq təşkilatlar peşəkar sosial xidmətlər təklif edən yerli, regional, milli və beynəlxalq QHT-ləri yaratmaq üçün səylərini birləşdirdilər. Onların yaratdığı vətəndaş cəmiyyəti təşkilatları artıq bu günkü Azərbaycan cəmiyyətində üçüncü sektor kimi təmsil edilmək iqtidarında oldu. Hazırda QHT-lər ölkədə həyata keçirilən böyük layihələrə töhfələr verməklə ölkənin siyasi və sosial-iqtisadi həyatında fəal rol oynayırlar, bura Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru kəməri və Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramına cəlb olunma daxildir. 2014-cü ilin iyun ayına olan məlumata görə, təxminən 3700 QHT rəsmi qeydiyyatdan keçib, buna baxmayaraq, bunlardan təxminən 1200 QHT fəal deyil. QHT-lərin çoxu Bakıda fəaliyyət göstərir. Şəhər mərkəzlərindən kənarda QHT-lər çox fəal deyillər və kənd yerlərində yerləşən QHT-lər daha az xidmətlər təmin edir və maliyyələşdirmə ilə bağlı xeyli məhdudiyyətləri var. Ümumiyyətlə, QHT-lər Azərbaycanın hüquqi və sosial- iqtisadi inkişafına cəlb olunur. QHT-lər əsasən ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik və hüquqi dövlətin qurulması, Azərbaycanın qlobal məsələlərə inteqrasiyası, insan hüquqlarının, sosial-iqtisadi və milli-mənəvi dəyərlərin qorunması və qaçqınlar və məcburi köçkün düşmüş şəxslərin problemlərinin həllinə kömək edir. QHT-lər həmçinin Azərbaycanın dünya birliyinə inteqrasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasını və suverenliyini dəstəkləyir. Müəyyən sahələrdə inkişaf olsa da, QHT sektoru hələ də çətinliklərlə üzləşir. QHT-lərin əksəriyyəti beynəlxalq donorlar tərəfindən maliyyələşdirmədən asılıdır, buna baxmayaraq, çoxu öz maliyyələşdirmə mənbələrini dəyişdirmək üçün ciddi səylər edir. 2007-ci ildə yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq qabaqcıl təcrübələrin qəbul edilməsi üzrə xarici təşkilatlarla əməkdaşlıq etmək üçün səy nümayiş etdirir və müxtəlif donorlardan əsaslı texniki yardım alır. Fəaliyyətinin 2008-2011-ci illərində Şura müsabiqə əsasında təxminən 600 QHT-yə təxminən ümumi 10 milyon ABŞ dolları məbləğində qrant yardımı ayırmışdır. QHT-lərə dövlət dəstəyinin prioritet sahələrinə sağlamlığın qorunması, gənclərin inkişafı, təhsil, kənd yerlərində inkişaf və qaçqınlar və məcburi köçkün düşmüş şəxslərin dəstəklənməsi daxildir.
Qeydiyyatdan keçmiş QHT-lərlə yanaşı Azərbaycanda həmçinin qeydiyyatdan keçməmiş QHT-lər də fəaliyyət göstərir. Bu qeydiyyatdan keçməmiş QHT-lərin çoxu kənd yerlərindədir. Maliyyə və texniki dəstəyin çatışmazlığı Azərbaycanın kənd yerlərində xüsusilə vacib olan bu sektoru tədricən zəiflətmişdir. Kənd yerlərində QHT-lərin maliyyə dəstəyinə ehtiyacı var, lakin bundan daha da vacibi onların təşkilati inkişafda yardıma ehtiyacı olmasıdır. Maliyyələşdirməyə məhdud əlçatanlıq və ümumi zəif idarəetmə təcrübələri nəticəsində durğunluq vəziyyətində olan kənd QHT-ləri öz cəmiyyətləri üçün daha çox tələb olunan sosial, təhsil və müdafiə xidmətlərini təmin edə bilmir, bu isə öz növbəsində gələcək regional inkişafı kökündən zəiflədir.
2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (QHT-lər) (ictimai birliklər və fondlar) haqqında qanunla QHT-lər və hökumət arasında əlaqələrdə yeni mərhələ başladı. Qanunda QHT-lərin hüquqlarının dövlət müəssisələri tərəfindən müdafiə edilməsi nəzərdə tutulur. Qanunda həmçinin dövlət müəssisələri tərəfindən QHT-lərə göstərilən maliyyə və digər yardımlar nəzərə alınır. Son dövrlərdə Azərbaycanda QHT-lərin fəaliyyətinin inkişafı üçün müxtəlif hüquqi aktlar qəbul edilmişdir. Bunlar arasında “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiqi haqqında” Azərbaycan Prezidentinin 27 iyul, 2007-ci il tarixli (2288 saylı Sərəncam) Fərmanı xüsusilə əhəmiyyətlidir. Bu Sərəncam və əlaqədar Konsepsiya QHT-lərə münasibətlərin dəyişməsi və vətəndaş cəmiyyəti haqqında yeni siyasi və hüquqi şərtlərin müəyyən edilməsinin əsasını qoymuşdur. Azərbaycanın dövlət təşkilatları bir qayda olaraq konsepsiya sənədlərini hazırlayır ki, bunlar da ümumi planlaşdırma və istiqamətləndirmə sənədləridir. Konsepsiya ümumilikdə aşağıdakılardan ibarət olmuşdur:
- Azərbaycanda qeyri-hökumət sektorunun vəziyyətinin təhlili;
- QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları;
- QHT-lərə dövlət dəstəyinin prioritet sahələri;
- QHT-lərə dövlət dəstəyinin təmin edilməsinin əsas vasitələri;
- Dövlət orqanları və vətəndaş cəmiyyəti institutları
arasında əməkdaşlıq
mexanizmlərinin təkmilləşdirilməsi;
- Problemlərin həll edilməsi məqsədini
daşıyan ünvanlı
proqramlar, layihələr
və fəaliyyətlər
üçün dövlət
tərəfindən maliyyələşdirmənin
həyata keçirilməsi
üçün şərtlər.
Konsepsiyaya uyğun olaraq
QHT-lər üçün
dövlət dəstəyinin
beş növü
var:
- Məlumat dəstəyi (Azərbaycanda QHT sektorunun inkişafı haqqında kütləvi informasiya vasitələri, xüsusi
rubrikaların yaradılması,
radio və televiziya verilişləri vasitəsilə
sosial məsələlərin
həll edilməsində
QHT sektorunun fəaliyyətinin
işıqlandırılması nəzərdə tutulur.)
- Konsultativ dəstək (qanunverici və digər hüquqi-normativ aktların təfsiri, eləcə də dövlət dəstəyinin
əldə edilməsi
üçün imkanlar,
ölkədə mövcud
olan QHT-lər və digər vacib məsələlər
haqqında məsləhətlə
ifadə olunur.)
- Metodiki dəstək (metodiki tövsiyələr, materiallar, informasiya kitabçaları və digər vasitələrin işlənib hazırlanması ilə həyata keçirilir.)
- Təşkilati dəstək (QHT-lər ilə birlikdə sosial problemlərin həll edilməsi üzrə “dəyirmi masaların”, seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkili vasitəsilə təmin edilir.)
- Maliyyə dəstəyi (dövlət büdcəsinin vəsaiti vasitəsilə cəmiyyət üçün əhəmiyyətli olan problemlərin həll edilməsinə yönəldilmiş ünvanlı proqramlar, layihələr və tədbirlərin maliyyələşdirilməsini nəzərdə tutur.)
Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında 13 dekabr 2007-ci ildə Fərman imzalanıb. Azərbaycan Prezidentinin 16 aprel 2008-ci il tarixli Sərəncamına əsasən, QHT-lərə Dövlət Dəstəyi Şurasının 3 nəfər dövlət orqanlarının və 8 nəfər QHT-lərin nümayəndələrindən ibarət olan strukturu təsdiq edilib. Ümumiyyətlə, Azərbaycan hökuməti əhalinin müdafiəyə daha çox ehtiyacı olan qruplarına sosial xidmətlərin göstərilməsində və yaxşı idarəçiliyin inkişaf etdirilməsində vətəndaş cəmiyyətinin rolunun fəal olmasını nəzərdə tutur. Azərbaycan Respublikasında 2008–2015-ci illər üçün “Yoxsulluğun azaldılması və davamlı inkişaf haqqında dövlət proqramında” (YADİDP) onun həyata keçirilməsi müddətində “yerli problemlərin həll edilməsində ictimaiyyətin rolunun artırılması və ictimaiyyətin inkişafının dəstəklənməsi kimi mühüm proseslərdə” QHT-lərin daha böyük rolunun olması xüsusilə qeyd edilir
1998–2009-cu illərdə QHT-lər 17 müxtəlif istiqamətdə 40-dan artıq tədbirlə 13 dövlət proqramının həyata keçirilməsində iştirak edib. Məsələn, Avropa Sosial Xartiyasının Normalarının Tətbiqi haqqında Dövlət Proqramı, Azərbaycanda Ədliyyə Sisteminin İnkişafı haqqında Dövlət Proqramı, Azərbaycan Gəncləri üçün Dövlət Proqramı, Azərbaycan Kinosunun İnkişafı üzrə Dövlət Proqramı, Azərbaycan Respublikasında Demoqrafiya və Əhalinin Məskunlaşmasının İnkişafına dair Dövlət Proqramı və s.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 28 oktyabr.-
S.13