Keçmişin nağıllaşmış səsi - yastı balaban...

 

Ermənilər balabana sahib olmaq məqsədilə aləti düzəltməyi bizim ustadlardan öyrəniblər

 

Zurnanın da neçə-neçə növləri olub: asəfi-zurna, şahbazi zurna, ərəbi zurna, əcəmi zurna, qara zurna, cürə zurna s. Hər birinin oxşar cəhətləri ilə yanaşı fərqi var. Bizə daha doğma qara zurnadır. Bəs balaban necə? Yastı balabanı deyirəm. Doyunca eşitmisənmi onun səsini? Çətin ki, indiki zamanda hamı eşitsin. Gitaranın, sintezatorun meydana atıldığı bir zamanda az eşidərsən yastı balabanın səsini. Eşitməmisənsə, heyif! Yox, əgər eşitməmisənsə, o zaman səndə fikir yaranmayıb ki, deyir bu yastı balaban? O səsə qulaq kəsiləndə səndə belə hiss yaranmayıb ki, bu sehirli incə səs nakam məhəbbətə yarımçıq sevginin giley pıçıltısı deyilmi? Almayanaqlı qızların ilk görüş pıçıltısı, könül çırpıntısı, yaxud istəklisi görüşə gec gəldiyi üçün inciyən bir gözəlin nazlı, qəmzəli səsi deyilmi?

 

 

Mən aşiq göz qara,

Kababım közdə qara,

Yollarına baxmaqdan

Qalmayıb gözdə qara.

 

 

Bir mətləbi qeyd edim ki, Şirvanda heç zaman ustad sənətkarausta, bir şey çaldeməzlər. Deyərlər ki, usta, qadou alım, bir dilləndir yastı balabanı... Bu baxımdan deyək ki, muğamlarımız balabanla ifa olunanda bir ayrı aləm yaranır. Çox dinləmişəm ustad Şirvan balabançılarının ifasındaRahab”ı, “Şeştər”i, “Bayatı Kürd”i, “Segah”ı, “Zabul”u, Şur”u...Özü çeşid-çeşid... Lap bal misallı...Şəkinin balı, Göycənin balı, Qubanın balı, Şamaxının-Pirqulunun balı... Hər birinin özünə məxsus, fərqli tamı, dadı, ləzzəti var... Kalvalı Əli Dədə, İzzətalı, Həsrət, Manaf, İbrahimpaşa, Ağasəf ifası da eləcə. Onu da qeyd edək ki, bu ustadların həzin balabanında ifa olunan muğamlarımızda bir-birindən fərqlənən qəm, kədər, nisgil, yanğı, haray-həşir, sevinc insanı ağuşuna alıb lap qaranlıq dünyaya qədər aparır... Özündən inan ki, cida düşürsən. Fikirləşirsən ki, görəsən, mənin babalarım vaxt hansı dərdə, qəmə, sevincə giriftar olub ki, zümzümə edib həmin notları?

Tərəkəmə dünyası ilə aran necədir? Bilirsənmi nədir ata-babalarımızın bərəkətli dünyası - tərəkəmə dünyası? O dünyada bir qoyun ovşarı aləmi var... Qoyun ovşarının səsini xatırlayırsanmı? Bərəkətli süd sərnicə tökülən zaman yaratdığı avazaqardaşdeyilmi yastı balabanın səsi? Gecə yarısına qədər beşik başında yorğun ananın mürgü vuran kiprikləri qapana-qapana zümzümələrini eşitmisənmi? Necə üst-üstə düşür bu zümzümələr yastı balabanın səsi ilə...

 

 

A lay-lay, butam lay-lay,

Qardaşım, atam lay-lay,

İntizaram, yatasan

Mən bir yatam, lay-lay.

 

 

Son olaraq gecənin lal sükutunda çayın sakit axarının, həzin səhər yelində ağacların yarpaqlarının pıçıltısı, ilan ağızlı dəryazın yaşıl otların arası ilə şütüyərək çıxardığı səs yastı balabanın səsi deyilmi? Bir sözlə, yastı balabanın səsi keçmişin nağıllaşmış sədası, günümüzün nisgili, həm gələcəyin əziyyətlərini söyləyir günümüzə, kövrələ-kövrələ, yana-yana...

Çoxlarının dediyi kimi, musiqi başqa bir aləmdir. Özü balabanda cani-dillə ifa olunanda. Həm sənətkar gözəlliyə aşiq olanda. Fərq etməz qız gözəlliyi, bağ-bağça, şəlalə, gülüstan gözəlliyi. Təki aşiq olsun... Onda yağ kimi yayılır balabanın səsi insan oğlunun qəlbinə. Görəsən, bu aləti icad edən, onda kövrəklik, həzinlik hissləri yaradan babalarımız hansı qüdrətin sahibi olmuşlar? Tədqiqat belə nəticə hasil edir ki, xalqımızın adət-ənənələrinin tarixinin şahidi olan balaban-zurna başdan-başa demək olar ki, xalqın qanıdır, nəfəsidir, kədəridir, qəmidir, sevincidir, bir insanları birliyə, bütövlüyə, dərd-sərini unutmağa, bəyan etməyə, oğul-qız toyu tutmağa çağıran səsdir.

Elmi nəzəri ədəbiyyatda balabanzurna alətlərinin quruluşu, hazırlanması barədə istənilən qədər məlumatlar verilib: “Balaban - iki dilli nəfəsli musiqi alətidir, silindir formalı olub, uzunluğu 280-300 mm-dır. Əsasən, tut, qoz, ərik ya armud ağacından hazırlanır. Alətin başlığı kürəkilli formada olur. Başlığa, uzunluğu 100-110 mm, eni isə 20 mm qamışdan olan çüylər kəsilir qoyulur. Çüyü qorumaq üçün onun üstünə ağac futluyor qoyulur. Çalğı zamanı balabanın züyünə ehmallıca dodaqlar vasitəsilə nəm çəkilir. Alətin lüləsində 9 deşik olur. Bunlardan 8-i ön hissədə, biri isə arxa hissədə olur. Bəzən balabanda 6-7 deşik ola bilir. Bəzən arxa hissədə əlavə deşik açılır. Bunu balabanda səsin tembrini yumşaltmaqdan ötrü edirlər... Zurnaikidilli nəfəsli alətdir. Iti konus şəkilli olur. Əsasən armud, ərik ya qoz ağaclarından hazırlanır. Korpusunun uzunluğu 350-370 mm olur. Üzərində səkkiz deşik açılır onlardan biri arxa hissədə olur (yuxarıdan birinci ikinci deşiklərin arasından). Bundan başqa bir əlavə deşik də açılır ki, bu, rezonansı nizamlamaq üçündür... Çüyü qorumaq üçün onun başına “qısqac” qoyulur...

Mənbələrdə nəfəsli alətlərin hamısı kimi üç min ildən artıq yaşı olan balaban-zurna sözlərinin leksik mənası müxtəlif formada açıqlanıb; balaban sözü iki hissədən ibarətdir - bala-balaca; ban isə səs mənasını daşıyır. Zurna sözününü leksik mənası “zor səsli” kimi izah olunur. Təbii ki, sözlərin leksik mənasının başqa yozumları da mövcuddur. Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi mütəxəssislər zurna alətini qədim musiqi aləti surna ilə eynilədirirlər. Düzdür, “qədim nəfəsli surna alətinin zurnaya oxşarlığı var. Amma surna həcminə görə zurnadan böyükdür”.

Bir məsələni də qeyd eymək vacibdir ki, vaxtilə Şirvanda zurna-balaban alətlərini hazırlayan - zurna çəkənlər olub. Belə sənətkarlar haqqında ilk dəfə müəyyən məlumatlar əldə etmişik. Bu alətlər qeyd edildiyi kimi Şirvanda çox zaman ərik ağacından düzəldilib. Yaşlı sənətkarlardan bunun səbəbini soruşanda deyirlər ki, ərik ağacından çəkilən zurnalar daha çox vamlı qalır, çox qurumur. Zurna quruyanda deyirlər ki, onun səsi daha çox zilləşir. Bu məna da qoz, armudya başqa ağaclardan çəkilən zurnalar sənətkara sərf etmir.

Tədqiqatımız zamanı ötən əsrin əvvəllərindən bu yana qədim zurna-balaban düzəldən-çəkməklə məşğul olan bir çox Şirvanlı ustaların quruca adlarını da olsa öyrənə bilmişik. Əlləri qızıl olan həmin insanların – Mirzə Nəsrullah, Səlim Süleyman oğlu, Kalvalı Zülfüqar, Dülgər Tapdıq, Mənsim Baba oğlu, Dəmkeş Bayram, Xarrat Mustafa, Sədrəddin Alışan oğlu, Səlim Şahalı oğlu (oxlov, tavas. düzəldərmiş), Keçəçı Nuru (keçə, çığ, çubuğs. düzəldərmiş); eləcə də yaxın vaxtlarda Salyanda ustad sənətkar Manaf Məmmədov da çox “salğarlı zurna çəkə bilərmiş”.

Xanəndə, şair, nay çalan Sələmin oğlu qocaman sənətkar, 80 yaşını haqlayan Murad kişi maraqlı bir əhvalat danışdı: “Mən 10-12 yaşımdan anamla el məclislərinə ayaq açmışam. Şirvanın ustad aşıqları və balabançılarının çoxu ilə 40 ilə yaxın yoldaşlıq etmişəm. Mən gənc olanda Şamaxıda Mürsəl Baxış oğlu, Teymur Nəsrullah oğlu, Kürdəmirdən Balaoğlan Qaraoğlan oğlu yaxşı zurna çəkirdilər. Bundan əlavə Quba, Dəvəçidə də bir neçə zurna çəkənlər var. Ağsuda ustad balabançı Əli Dədənin nəvəsi mərhum Fikrət Əliyev də yaxşı zurna çəkirdi, özü də şagirdlər yetişdirib.

Bir şeyə indi də təəccüblənirəm. Ötən əsrdə Şamaxıda yaşayan ermənilər də zurna çəkməyə başlayıblar. Bunlara Qurgeni, Arteşi nümunə göstərə bilərəm. Bu məni təəccübləndirirdi. Məlum hadisələr zamanı yəqin etdim ki, bu namərdlər sənətimizə sahib olmaq məqsədi ilə bu aləti düzəltməyi bizim ustadlardan öyrəniblər. Yaxşı ki, vaxtında rədd olub getdilər”. Hazırda tanınmış balabançı Rasim Ələsgər oğlu da çox yaxşı balaban-zurna çəkə bilir. Deməli, bu gün ulu Şirvanımızda üç min ildən artıq yaşı olan balaban-zurna sənətinə olan sevgi-məhəbbət yerindədir. Bu müqəddəs torpaqdan zurna-balaban səsi durmadan havalanır.

 

Seyfəddin Qəniyev

Professor

Xalq Cəbhəsi.- 2015.- 29 oktyabr.- S.14.