“Türk
xalqlarının bədii mədəniyyəti və ədəbiyyatı”
Alimlərimiz Kazanda beynəlxalq
konfranslarda iştirak ediblər
RF Tatarıstan Respublikasının
Kazan şəhərində “Türk xalqlarının bədii mədəniyyəti
və ədəbiyyatı:
Şərq-Qərb kontekstində”
(14-17 oktyabr 2015) adlı
IV Beynəlxalq Türkoloji
Forum keçirilib. Forum Kazan Federal Universitetinin L.Tolstoy adına Filologiya
və Mədəniyyətlərarası
Əlaqələr İnstitutu,
Qazaxıstan Respublikası
L.N.Qumilyov adına Avrasiya Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə hazırlanıb. Forum çərçivəsində
türk xalqlarının
folklorunu, dilini, ədəbiyyatını, sənətini
və mənəvi mədəniyyətinin bir
çox sahələrini
əhatə edən 4
beynəlxalq konfransı
təşkil olunub.
Tədbirdə RF-nın türk
respublikalarından və
türk xalqlarının
yaşadığı müxtəlif
bölgələrindən, Azərbaycandan, Türkiyədən,
Qazaxıstandan, Özbəkistandan,
Türkmənistandan, Qırğızıstandan
çoxsaylı elm adamları
iştirak ediblər.
Forumu giriş sözü ilə Kazan
Federal Universiteti L.Tolstoy
adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr institutunun
direktoru, professor Radif Rifkat oğlu Zamaletdinov açıb. Sonra Tatarstan Respublikası Yazıçılar Birliyinin
sədri Rafis Xaris oğlu Qurbanov müasir dövrdə ədəbiyyatın
qarşılaşdığı problemlər və cəmiyyətin həyatında
ədəbiyyatın iştirakı
məsələləri barədə
danışıb. Daha sonra
AMEA-nın Folklor institutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanovun foruma ünvanladağı təbrik
məktubu iştirakçıların
diqqətinə çatdırılıb.
Açılış iclasında
Kazan Federal Universiteti Lev Tolstoy adına Filologiya və Mədəniyyətlərarası
Əlaqələr İnstitutunun
Tatar ədəbiyyatı kafedrasının
professoru Foat Qalimullinin “Tatar ədəbiyyatı
türk xalqlarının
bədii söz mədəniyyəti kontekstində”,
AMEA Folklor İnstitutunun
şöbə müdiri,
dosent Ağaverdi Xəlilovun “Türk xalqlarının eposunda ortaq motivlər”, M.E. Yevselyev adına Mordva Dövlət Pedaqoji İnstitutunun professoru Vladimir Roqaçevin
“Mordva folklorunda tatar xalqının təsviri”, İ.N. Ulyanov adına Çuvaş Dövlət Universitetinin professoru Vitaliy Rodionovun “1960-1970-ci illər
çuvaş ədəbiyyatşünaslığında
məktəblərin mübarizəsi”,
L.Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun
Tatar ədəbiyyatı kafedrasının
professoru Əlfət Zakircanovun “Tufan Minullinin yaradıcılığında
Şərq və Qərb ədəbi estetik ənənələrinin
sintezi” adlı məruzələri iştirakçılar
tərəfindən maraqla
qarşılanıb. Bundan sonra
forum öz işini folklor, dil, ədəbiyyat
və sənət bölmələri üzrə
müəyyənləşdirilmiş iclaslarda davam etdirib. AMEA Folklor İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Folklorda komizmin estetik mahiyyəti”, şöbə
müdiri Ağaverdi Xəlilovun “Oğuz eposunun janr tərkibi
və yazılılıq
ənənəsi”, aparıcı
elmi işçi Adil Cəmilin “Ümumtürk epik düşüncəsində Kırım
tatar dastanları”, Afaq Ramazanovanın “Arzu və Qəmbər
dastanının urum variantı”, aparıcı
elmi işçi İslam Sadığın
“Şumer və Altay dastanlarında ortaq motivlər”, aparıcı
elmi işçi Qalib Sayılovun “Lirik folklorda vahid inanc sistemi”,
böyük elmi işçi Vəfa İbrahimovanın “İngilis
toyları ilə bağlı bəzi adət və inanclar” və b. məruzələr konfransın
proqramına daxil edilib. “Türk xalqlarının mədəniyyəti
və ədəbiyyatı
sahəsində sosial-humanitar
tədqiqatlar Şərq
və Qərb fəlsəfi-estetik
fikri kontekstində” adlı bölmə iclası Foklor İnstitutunun şöbə
müdiri A.Xəlilovun
sədrliyi ilə keçirilib. Bu iclasda
40-a yaxın məruzə
dinlənilib. M.X.Bakirovun sədrliyi
ilə “Türk xalqlarının folkloru və folklorşünaslığı
dünya bədii mədəniyyəti kontekstində”
adlı bölmə iclasında 30-dək məruzə
təqdim edilib. Peterburqlu soydaşımız
M.Bayramovun sədrliyi ilə keçirilən “Bədii mətn: üslub və struktur” adlı bölmə iclasında
30-dək məruzə müzakirə
edilib. Bütövlükdə, iclaslarda 150-yə qədər məruzə dinlənilib. Bütün məruzələr
iki beynəlxalq elmi indekslə seçilən məcmuədə
nəşr edilib.
Məcmuənin redaksiya heyətinə
AMEA Folklor İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü M.K.İmanov və şöbə müdiri A.S.Xəlilov daxil edilib. Bu ilk ortaq
tədbir AMEA Folklor İnstitutu ilə Kazan
Federal Universiteti arasında
bağlanmış əməkdaşlıq
müqaviləsi çərçivəsində
həyata keçirilib.
Oktyabrın 19-23-də Türkiyənin İzmir şəhərindəki
Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun
təşkilatçılığı ilə “Dədə Qorqud və türk dünyası” adlı III Beynəlxalq Türk Dünyası Mədəniyyəti Konqresi
keçirilib. 22 ölkədən 332 qonağın
qatıldığı toplantı
“Kitabi Dədə Qorqud” dastanının elm aləminə məlum olmasının 200 illiyi münasibətilə təşkil
edilib. Konqresi giriş sözüylə
Türk Dünyası
Araşdırmaları İnstitutunun
müdiri Metin Ekici açaraq 1992-ci ildən fəaliyyət göstərən institutun
gördüyü işlərdən
danışıb. Ege Universitetinin
rektoru, professor, xanım
Candəyər Yılmaz
çıxışında başçılıq etdiyi
təhsil ocağının
60 illik fəaliyyətini
dəyərləndirib. Təşkilatçı qurumların rəhbərləri
çıxış edərək
tədbirin türk dünyası üçün
önəmindən danışıblar.
Açılış mərasimində Başqırdıstan, Xakasiya,
Tuva, Qırğızıstan,
Yakutiya, Qazaxıstan, Türkiyə və Azərbaycandan olan musiqiçilərin ifaları
dinlənilib. Ölkəmizi sənətçi kimi təmsil edən tarzən Şəhriyar İmanov “Bayatı Şiraz” muğamını
səsləndirib. Konqresdə
“Kitabi-Dədə Qorqud”un türk tarixi, dili, sənəti,
mədəniyyəti, ədəbiyyatı,
musiqisi, coğrafiyası,
dövlət idarəçiliyi
və başqa sahələrə təsiri
mövzularında məruzələr
yer alıb. Azərbaycan konqresdə geniş heyətlə təmsil olunub. Toplantının
ilk günü plenar iclasında Fikrət Türkmən, Saim Sakaoğlu, Əhməd Bican Ərcilasun kimi tanınmış folklorşünas-alimlərin məruzələri
ilə bir sırada AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanovun
“Bamsı Beyrək boyunda yalançı qəhrəman problemi” adlı məruzəsi dinlənilib. Sonra M.İmanov Türk
Dünyası Araşdırmaları
İnstitutunun müdiri
Metin Ekiciyə xatirə hədiyyəsi verib. Sonrakı gün konqres
öz işini bölmə iclaslarında
davam etdirib. Ayrı-ayrı salonlarda keçirilən
toplantılarda Folklor İnstitutunun əməkdaşları
fəal iştirak ediblər. Filologiya üzrə fəlsəfə
doktoru Nailə Əsgər “Dədə Qorqud Kitabı”nda şəhərlər və
qalalar”, xarici əlaqələr bölməsinin
müdiri Əli Şamil “1926-cı ildə
“Kitabi-Dədə Qorqud”
haqqında aparılmış
bir araşdırmanın
yayımlanmamasının nədənləri”,
filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy “Kitabi-Dədə Qorqud”da dünya ağacında dəfnetmə ritualı”,
filologiya üzrə fəlsəfə doktoru Fidan Qasımova “Dədə Qorqud və kelt druidləri”,
Aynur Qəzənfərqızı
“Oğuz dastanı “Kitabi Dədə Qorqud”un izləri qıpçaq kökənli
kumukların şeirlərində
və şumer mətnlərində”,
Qumru Şəhriyar “Bəkil oğlu İmranın boyu”ndakı Bəkil simvolu ilə əkil-bəkil quşunun
qarşılaşdırılması”, filologiya üzrə elmlər doktoru Füzuli Bayat “Dədə Qorqud dəlilərinin etnopsixoloji
simvolizmi”, Soltan İmaməliyev “Azərbaycan
rəssamlığında və
heykəltəraşlığında Dədə Qorqud obrazı”, filologiya üzrə fəlsəfə
doktoru Qalib Sayılov “Dədə Qorqud eposunda islam ideologiyası” mövzularında məruzələr
ediblər. Çıxışçılara iştirak haqqında
bəlgələr təqdim
olunub. Beynəlxalq konqresə UNESCO-nun Türkiyə Milli Mərkəzi, Yunus Əmrə İnstitutu,
TÜRKSOY, Beynəlxalq Türk
Akademiyası və
“TRT Avaz” kanalı dəstək verib.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 30 oktyabr.-
S.14.